Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin

 

QƏRAR

 

15

 

Bakı şəhəri 23 noyabr 2012-ci il

 

İnvestisiya fondunun depozitarı tərəfindən pul hesablarının açılması, aparılması və pul köçürmələrinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

İnvestisiya fondları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 353 nömrəli Fərmanını və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnaməni əsas tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

QƏRARA ALIR:

 

1. İnvestisiya fondunun depozitarı tərəfindən pul hesabların açılması, aparılması və pul köçürmələrinin həyata keçirilməsi Qaydaları təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (F.Rəhimli) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr R.Aslanlı

 


 

 

Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar 15

23 noyabr 2012-ci il

 

Sədr

 

_____________________

R.Aslanlı

 

İnvestisiya fondunun depozitarı tərəfindən pul hesablarının açılması,

aparılması və pul köçürmələrinin həyata keçirilməsi

Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1 Bu Qaydalar İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnaməyə əsasən hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən investisiya fondunun depozitarı tərəfindən investisiya fondları üçün pul hesablarının açılması, aparılması və pul köçürmələrinin həyata keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarla müəyyən edilən pul hesabları investisiya fondları və depozitarlar üçün açılır.

1.3. İnvestisiya fondları pul hesablarını açarkən depozitarı seçməkdə müstəqildirlər, lakin hər bir investisiya fondunun, onun aktivlərinin ölkədən kənarda yerləşdiyi hallar istisna olmaqla, yalnız bir depozitarı ola bilər.

1.4. Depozitar investisiya fondları üçün ayrıca pul hesablarının açılmasını və öz aktivlərini investisiya fondlarının aktivlərindən ayrı-ayrılıqda saxlanılmasını təmin etməlidir.

1.5. İnvestisiya fondunun depozitarı (bundan sonra - depozitar) - depozitar fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığa (lisenziyaya) malik olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısıdır.

 

2. Depozitar tərəfindən açılan pul hesabları

 

2.1. Depozitar fondun aktivlərinin uçotu və saxlanılması, habelə aktivlərlə bağlı əməliyyatlar üzrə hesablaşmaların aparılması məqsədi ilə investisiya fondları üçün cari pul hesablarının açılması, aparılması və pul köçürmələrini həyata keçirir.

2.2. Səhmdar investisiya fondunun səhmlərinin yerləşdirilməsi, paylı investisiya fondun formalaşdırıldığı müddət ərzində əldə edilmiş pul vəsaitləri yalnız banklarda depozit şəklində və (və ya) qısamüddətli dövlət qiymətli kağızlarına yerləşdirilə bilər.

2.3. Cari pul hesabları səhmdar investisiya fondunun səhmlərinin, paylı investisiya fondunun isə paylarının yerləşdirilməsi zamanı əldə edilmiş pul vəsaitlərinin saxlanılması və aktivlərlə bağlı əməliyyatlar üzrə hesablaşmaların aparılması məqsədi ilə açılır.

2.4. Cari pul hesabı investisiya fondunun adı göstərilməklə, idarəçinin adına açılır və fondun onun idarəçiliyində olması barədə məlumatı özündə əks etdirir.

2.5. İnvestisiya fondlarının pul hesabları üzrə ödəniş tapşırıqları depozitara idarəçi tərəfindən təqdim edilir. Ödəniş tapşırıqları ödəniş təyinatı dəqiq göstərilməklə qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilir.

2.6. Depozitar idarəçi tərəfindən təqdim edilən ödəniş tapşırıqlarının yoxlanılması və icrasını qanunvericiliyə müvafiq qaydada həyata keçirilir.

2.7. Depozitar Azərbaycan Respublikası Banklararası Hesablaşmalar Sisteminə daxil olan üzv olduqda:

2.7.1. investisiya fondlarının pul vəsaitlərinin idarəedilməsi üzrə əməliyyatlar depozitarın Mərkəzi Bankdakı müxbir hesabı vasitəsilə aparılır;

2.7.2. hər bir investisiya fondunun pul vəsaitlərinin hərəkəti və qalıqlarının uçotu məqsədi ilə daxili informasiya sistemində idarəçinin adına ayrıca cari pul hesabı açır;

2.7.3. hər valyuta üzrə bir cari pul hesabı açır. Bir investisiya fondu üzrə eyni valyutada bir neçə cari pul hesabın açılması yolverilməzdir;

2.7.4. fondun pul vəsaitlərinin yerləşdirilməsinə dair idarəçi tərəfindən verilən tapşırıqların qanunvericiliyə, investisiya bəyannaməsinə və fondun qaydalarına uyğunluğunu yoxlayır və icra edir. İdarəçi tərəfindən verilən tapşırıqların yoxlanılması, onların icrasından imtina şərtləri depozitar və investisiya fondun idarəçisi arasında bağlanmış müqavilədə əks etdirilir.

2.8. Depozitar Azərbaycan Respublikası Banklararası Hesablaşmalar Sisteminə üzv olmayan depozitar olduqda:

2.8.1. investisiya fondunun pul vəsaitlərinin idarə edilməsi Mərkəzi Depozitarda açılmış müxbir hesab vasitəsi ilə həyata keçirilir;

2.8.2. daxili informasiya sistemində hər bir investisiya fondu üçün bir pul qalıqlarının qeydiyyatı hesabı açır. Bir investisiya fondu üzrə eyni valyutada bir neçə pul qalıqlarının qeydiyyatı hesabının açılması yolverilməzdir;

2.8.3. investisiya fondunun pul vəsaitlərinin yerləşdirilməsinə dair idarəçi tərəfindən verilən ödəniş tapşırığının qanunvericiliyə, investisiya bəyannaməsinə və fondun qaydalarına uyğunluğunu yoxladıqdan sonra Mərkəzi Depozitara müraciət edir. İdarəçi tərəfindən verilən tapşırıqların yoxlanılması, onların depozitar tərəfindən icrasından imtina şərtləri depozitar və investisiya fondun idarəçisi və ya səhmdar investisiya fondu arasında bağlanmış müqavilədə əks etdirilir.

2.9. Mərkəzi Depozitar hər bir depozitar üçün öz daxili informasiya sistemində hər valyuta üzrə bir müxbir hesab açır. Mərkəzi Depozitar depozitarların pul vəsaitlərinin yerləşdirilməsi və idarə edilməsi məqsədilə Mərkəzi Bankda müxbir hesab açır. Mərkəzi Depozitar pul vəsaitlərinin uçotunu öz daxili informasiya sistemində müxbir hesablar üzrə aparır.

2.10. İnvestisiya fondunun depozitarda olan pul vəsaitlərinin depozitarın öz öhdəliklərinin və üçüncü şəxslərin öhdəliklərinin icrasının təminatı kimi istifadə edilməsi yolverilməzdir.

2.11. İnvestisiya fondları üçün açılmış hesablar üzrə əməliyyatların aparılması Azərbaycan Respublikasının bank fəaliyyətinə dair qanunvericiliyi ilə tənzimlənir.

2.12. Depozitarın ləğvi zamanı idarəçi investisiya fondunun yeni depozitarının seçilməsi və təsdiq edilməsi proseduru bitənədək investisiya fonduna depozitar xidmətlərinin göstərilməsi məqsədi ilə Mərkəzi Depozitarla müvəqqəti müqavilə bağlayır və həmin depozitarın investisiya fondları üçün açılmış cari pul hesablarından vəsaitlər (hər bir investisiya fondunun vəsaitlərinin qalıqları barədə məlumatı göstərməklə) Mərkəzi Depozitarın hesabına köçürülür. Mərkəzi Depozitar öz daxili informasiya sistemində investisiya fondlarının vəsaitlərinin uçotunu hesablar üzrə ayrı-ayrılıqda aparır.

 

3. Pul hesablarının açılması

 

3.1. Səhmdar investisiya fondları üçün cari pul hesablarının açılması məqsədilə depozitara aşağıdakı sənədlər təqdim olunur:

3.1.1. müvafiq qaydada doldurulmuş, imza və möhür nümunələrini təsdiq edən Ərizə - Anket (Əlavə 1);

3.1.2. səhmdar investisiya fondunun nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

3.1.3. səhmdar investisiya fondunun dövlət qeydiyyatına alınması haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

3.1.4. səhmdar investisiya fondunun emissiya prospektinin surəti;

3.1.5. səhmdar investisiya fondunun səhm buraxılışının dövlət qeydiyyatına dair sənədinin surəti;

3.1.6. səhmdar investisiya fondunun bəyannaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

3.1.7. səhmdar investisiya fonduna verilmiş lisenziyanın notariat qaydasında təsdiq olunmuş surəti;

3.1.8. idarəçinin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

3.1.9. idarəçinin dövlət qeydiyyatına alınması haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surəti;

3.1.10. idarəçiyə verilmiş lisenziyanın notariat qaydada təsdiq olunmuş surəti;

3.1.11. səhmdar investisiya fondu ilə idarəçi arasında səhmdar investisiya fondunun investisiya məqsədləri üçün nəzərdə tutulmuş aktivlərinin idarə edilməsi haqqında notariat qaydada təsdiq olunmuş müqavilənin surəti.

3.2. Paylı investisiya fondları üçün cari pul hesablarının açılması məqsədilə depozitara aşağıdakı sənədlər təqdim olunur:

3.2.1. müvafiq qaydada doldurulmuş, imza və möhür nümunələrini təsdiq edən Ərizə - Anket (Əlavə 1);

3.2.2. idarəçi tərəfindən paylı investisiya fondunun yaradılması haqqında qərarın notariat qaydada təsdiq edilmiş surəti;

3.2.3. idarəçi tərəfindən qəbul edilmiş və dövlət qeydiyyatına alınmış paylı investisiya fondunun idarə edilməsi qaydalarının notarial qaydada təsdiq olunmuş surəti;

3.2.4. paylı investisiya fondunun idarəçi tərəfindən qəbul edilmiş investisiya bəyannaməsinin notariat qaydada təsdiq olunmuş surəti;

3.2.5. idarəçinin nizamnaməsinin notariat qaydada təsdiq olunmuş surəti;

3.2.6. idarəçinin dövlət qeydiyyatına alınması haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surəti;

3.2.7. idarəçiyə verilmiş lisenziyanın notariat qaydada təsdiq olunmuş surəti;

3.2.8. idarəçinin paylı investisiya fondunun aktivlərinin idarə edilməsi üzrə idarəetmə müqaviləsinin notariat qaydada təsdiq olunmuş surəti.

3.3. Depozitarda açılan hesab üzrə sərəncam vermək hüququ digər şəxslərə həvalə edildikdə, yeni Ərizə -Anket təqdim olunur.

3.4. Depozitarlar tərəfindən Mərkəzi Depozitarda müxbir hesablarının açılması zamanı aşağıdakı sənədlər təqdim olunur:

3.4.1. müvafiq qaydada doldurulmuş, imza və möhür nümunələrini təsdiq edən Ərizə - Anket (Əlavə 1);

3.4.2. depozitarın nizamnaməsinin notariat qaydada təsdiq edilmiş surəti;

3.4.3. dövlət qeydiyyatına alınması haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surəti;

3.4.4. depozitara verilmiş lisenziyanın notariat qaydada təsdiq olunmuş surəti.

3.5. Bu Qaydaların 2.12-ci bəndində nəzərdə tutulmuş hallarda müxbir hesabın açılması üçün ləğvetmə komissiyası və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər şəxslər tərəfindən Mərkəzi Depozitara aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

3.5.1. müvafiq qaydada doldurulmuş, imza və möhür nümunələrini təsdiq edən Ərizə-Anket (Əlavə 1);

3.5.2. depozitarın könüllü ləğvi və ləğvetmə komissiyasının yaradılması haqqında müvafiq idarəetmə orqanının qərarı (qərarda hesab üzrə sərəncam hüququ olan şəxslər göstərilməlidir);

3.5.3. depozitarın məcburi ləğvi və ya müflis elan edilməsi, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş şəxsin təyin edilməsi barədə məhkəmənin qərarı;

3.5.4. bu Qaydaların 3.1.-ci və 3.2.-ci bəndləri ilə müəyyən olunmuş və investisiya fondlarına aid olan sənədlər toplusu.

3.6. Bu Qaydalarla müəyyən edilən pul hesablarının açılması depozitar ilə hesab sahibi arasında bağlanılan pul hesabı müqaviləsi ilə rəsmiləşir. Pul hesabı müqaviləsi depozitarın rəhbər vəzifəli şəxsinin və ya müvəkkil edilmiş şəxsin imzası ilə rəsmiləşdirilir.

3.7. Depozitar aşağıdakı hallarda pul hesabı müqaviləsinin bağlanmasından imtina edir:

3.7.1. pul hesabının açılması üçün tələb olunan sənədlər qanunvericiliyin tələblərinə cavab vermədikdə;

3.7.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

3.7.3. hesab sahibinin xidmətə qəbul olunmasına depozitarın imkanı olmadıqda və ya buna Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilmədikdə;

3.7.4. pul hesabının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməliyyatların aparılması üçün istifadə ediləcəyi barədə əsaslı şübhələr olduqda;

3.7.5. məhkəmənin qərarı ilə.

3.8. Bu Qaydaların 3.7.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, hesabın açılmasından depozitar imtina etdikdə, ərizə verən şəxsə onun tələbi ilə imtinanın səbəbləri yazılı surətdə bildirilməlidir. Bu halda depozitar hesabın açılması üçün təqdim edilən sənədlərin surətlərini özündə saxlayır.

 

4. Depozitarın investisiya fondunın pul hesablarının

aparılması ilə bağlı vəzifələri

 

4.1. Depozitar investisiya fondlarının pul hesablarının aparılması ilə bağlı aşağıdakı vəzifələrə malikdir:

4.1.1. investisiya fondlarına məxsus pul vəsaitlərini, onlara dair hüquqları təsdiq edən sənədlərin əslini qəbul etmək və saxlamaq;

4.1.2. investisiya fondlarına məxsus pul vəsaitləri ilə əqdlərin bağlanılması investisiya bəyannaməsi, fondun qaydaları, emissiya prospekti, bu Qaydalar, Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etdikdə və ya pul hesabının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməliyyatların aparılması üçün istifadə ediləcəyi barədə əsaslı şübhələr olduqda qanunvericiliyə müvafiq tədbirlər görmək;

4.1.3. investisiya fondlarına məxsus pul vəsaitlərinin dəyərinin, onlarla aparılan əməliyyatların uçotunu aparmaq;

4.1.4. qanunvericilikdə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqanlarının qərarı əsasında pul hesablarına həbs qoymaq;

4.1.5. bu Qaydaların 4.1.2-ci bəndi ilə nəzərdə tutulmuş səlahiyyətlərin icrası ilə əlaqədar pul hesabları üzrə pul əməliyyatlarını dayandırmaq;

4.1.6. investisiya fondu və ya idarəçi tərəfindən təqdim edilən sənədlərə əsasən pul hesablarında saxlanılan pul vəsaitlərini öhdəliklərlə yüklü etmək, onları yüklülükdən azad etmək və yüklülük faktlarının uçotunu aparmaq.

 

5. Pul hesablarının bağlanması

 

5.1. Pul hesabı müqaviləsinin ləğvi pul hesabının bağlanması üçün əsasdır.

5.2. Pul hesabı müqaviləsi aşağıdakı hallarda ləğv edilir:

5.2.1. investisiya fondu depozitarını dəyişdikdə və bu barədə əvvəlki depozitara qanunvericilikdə nəzərdə tutulmuş təsdiqedici sənədlər təqdim edildikdə;

5.2.2. pul hesabı müqaviləsində nəzərdə tutulmuş digər hallarda;

5.2.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda depozitarın müraciəti və ya məhkəmənin qərarı ilə.

5.3. İdarəçinin ərizəsinə əsasən pul hesabı başqa depozitara keçirildikdə hesabın rəsmiləşdirilməsinə dair bütün sənədlər depozitarda saxlanılır, lakin hesab sahibinin hesabına qarşı tələblər siyahısı üzrə hesabı qəbul edən depozitara poçt vasitəsilə, bildirişli sifariş məktubu ilə və ya rəsmi təqdimetmə yolu ilə çatdırılır. Depozitarların müvəkkil şəxsləri tərəfindən tərtib olunmuş təhvil-təslim aktı hesabın açılmasına dair hüquqi sənədlər qovluğunda saxlanılır. Müştəri başqa depozitarın xidmətinə keçdikdə bağlanan hesabın qalığı həmin depozitara köçürülməlidir.

5.4. Depozitarların müxbir hesabları aşağıdakı hallarda bağlanılır:

5.4.1. depozitarın müraciətinə əsasən;

5.4.2. depozitar fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə;

5.4.3. məhkəmənin qərarı ilə.

 


 

İnvestisiya fondunun depozitarı tərəfindən pul hesablarının açılması, aparılması və pul köçürmələrinin həyata keçirilməsi Qaydalarına Əlavə 1

 

 

ƏRİZƏ ANKET

 

_____________________________________________________________________________

(investisiya fondunun, idarəçinin, depozitarın tam adı)

_____________________________________________________________________________

 

________________________ hesabının açılmasını xahiş edirəm. Bu növ hesabın açılması
(hesabın növü)

üçün aşağıda göstərilən sənədləri və məlumatları təqdim edirəm:

 

1. TAM ADI _______________________________________________________________

 

2. QISALDILMIŞ ADI _______________________________________________________

 

3. HÜQUQİ ŞƏXS KİMİ DÖVLƏT QEYDİYYATINA ALINMASI HAQQINDA ŞƏHADƏTNAMƏ

Seriya ________ _______________ Verilib _____ _______________ __________ il

Qeydiyyata almış orqanın adı

_________________________________________________________________________

 

4. HÜQUQİ ÜNVANI __________________________________________________________________________

 

5. FAKTİKİ ÜNVAN __________________________________________________________________________

 

6. BANK REKVİZİTLƏRİ __________________________________________________________________________

7. VERGİ ÖDƏYİCİSİNİN UÇOTA ALINMASI HAQQINDA ŞƏHADƏTNAMƏNİN NÖMRƏSİ __________________________________________________________________________

 

8. TELEFON(LAR):

_____________________________________________________________________________

FAKS

 

9 HESABA SƏRƏNCAM VERMƏK HÜQUQU OLAN ŞƏXSLƏRİN SİYAHISI:

 

S.A.A

İMZA NÜMUNƏSİ

ŞƏXSİYYƏTİ eynələşdirən MƏLUMATLAR

TELEFON

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

10. SƏNƏDLƏRİN ALINMASI FORMASI: _______________________________________________________________

(şəxsən, poçtla)

 

11. MÖHÜRÜN NÜMUNƏSİ:

 

 

 

 

 

 

 

 

Anketi ilkin imza etmək hüququ olan şəxs imzalayır. Təqdim olunmuş informasiyanın tamlığına və düzgünlüyünə görə imza edən şəxs məsuliyyət daşıyır. Anket göstəriciləri dəyişdikdə, bu barədə yazılı surətdə məlumat təqdim olunmalıdır.

 

M.Y. İMZA:

 

___________________ / _______________ / _________________