“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

 Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 23, maddə 996; 1993, ¹ 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 251; 2003, ¹ 12, I kitab, maddə 677; 2005, ¹ 4, maddə 291; 2006, ¹ 10, maddə 846; 2007, ¹ 3, maddə 213; 2008, ¹ 6, maddələr 452, 472; 2009, ¹ 1, maddə 4, ¹ 5, maddə 312, ¹ 7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə 174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992) 2-ci maddəsində “Tərəqqi” medalı;” sözlərindən sonra aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” yubiley medalı;”.

 Maddə 2. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

 Maddə 3. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 oktyabr 2012-ci il

                ¹ 422-IVQD


Azərbaycan Respublikasının 2012-ci il

1 oktyabr tarixli 422-IVQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı haqqında

 

ƏSASNAMƏ

 

 

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştiraka görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Tərəqqi” medalından sonra taxılır.

 


Azərbaycan Respublikasının 2012-ci il

1 oktyabr tarixli 422-IVQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

1. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.

2. Medalın ön tərəfinin üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsinin fonunda “20 il” sözləri həkk olunmuşdur. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunmuşdur. Medalda çevrə boyunca “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi” sözləri yazılmışdır.

3. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli “AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ” sözləri, aşağı hissədə “1991 2011” rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur.

4. Bütün yazılar və təsvirlər qabarıqdır.

5. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.

6. Xara lentin üzərində ardıcıl sıralanan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən mavi, qırmızı və yaşıl rəngli bərabər ölçüdə üfüqi zolaqlar, kənarlarında isə 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Lentin üst hissəsinə eni 4 mm olan qızılı təbəqə bərkidilir.

7. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37mm x 10mm ölçüdə qəlib əlavə edilir.