Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin «Seleksiya nailiyyətləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 1997-ci il 17 yanvar tarixli 538 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş nazirinin müavini

A.ABBASOV

 

Bakı şəhəri, 19 may 1997-ci il

                 № 51

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 may tarixli 51 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında

Əsasnamə

 

1. Bu Əsasnamə Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi şərtlərini və qaydalarını müəyyən edir.

2. Seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnaməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilir.

3. Patent almaq üçün ərizəni seleksiya nailiyyətlərini yaradan tərəf Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verir.

4. Patent almaq üçün ərizə verilməsi hüququ ilk növbədə seleksiya nailiyyətinin müəllifinə və ya onun hüquqi varisinə verilir.

5. Patent üçün ərizə vermək hüququ müəllifin ərizəsində göstərilən başqa şəxsə də verilə bilər. Belə halda müəllifin ərizəsi patent verilməsi barədə qərar qəbul edilməzdən əvvəl Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə daxil olmalıdır.

6. Seleksiya nailiyyəti müştərək yaradılıbsa, yaxud ərizəçilər müəllifin hüquqi varisləridirsə, onda ərizə bir neçə şəxs tərəfindən verilir və onların arasında münasibətlər bağlanmış müqavilə ilə tənzimlənir.

7. Seleksiya nailiyyəti xidməti vəzifəsini yerinə yetirən şəxs tərəfindən əldə edilibsə, bağlanmış müəlliflik müqaviləsində başqa şərtlər olmadığı halda, patent almaq üçün sifarişi onu işə götürən tərəf verir.

8. Xarici dövlətlərin hüquqi şəxsləri və vətəndaşları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə seleksiya nailiyyətinə patent almaq üçün sifariş verə bilərlər. Bu zaman patentin verilməsi üçün sifariş Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

9. Hər seleksiya nailiyyəti üçün ayrıca sifariş verilir.

10. Seleksiya nailiyyətinə patent almaq üçün təqdim olunan ərizə fiziki şəxs tərəfindən verilirsə sifariş imzalanır, hüquqi şəxs olanda isə sifariş müəssisənin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Sifariş bir neçə şəxs tərəfindən verilən halda həmin sənəd bu şəxslər tərəfindən imzalanır. Sifarişi imza edən şəxslərin soyadı, adı və atasının adı dəqiq yazılmalıdır.

11. Patent almaq üçün aşağıdakı sənədlər təqdim olunur:

§               seleksiya nailiyyətlərinə patent verilməsi üçün ərizə;

§               seleksiya nailiyyətlərinin təsvirini və əlamətlərini əks etdirən anket;

§               tələb olunan rüsumların ödənişi haqqında qəbz;[1]

§               seleksiya nailiyyəti nümunəsinin Azərbaycan Respublikasının Milli Genbankında saxlanmağa qəbulu haqqında arayış;

§               genetik pasport.

12. Seleksiya nailiyyətlərinə patent almaq üçün təqdim olunmuş ərizə və ona aid olan bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində və yaxud başqa dildə təqdim oluna bilər. Həmin sənədlər başqa dildə təqdim olunarsa, bu zaman ərizəyə sənədlərin Azərbaycanın dövlət dilində tərcüməsi əlavə olunur.

Patent almaq üçün lazım olan bütün sənədlər makinada, botaniki terminlər isə latınca yazılmalıdır.

13. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin rəsmi bülletinində seleksiya nailiyyətlərinin qeydiyyatı, istifadəsi və mühafizəsinə dair aşağıdakı məlumatlar dərc edilir:

14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi il ərzində seleksiya nailiyyətlərinə patent almaq üçün sifariş qəbul edir. Bitkilər və tut ipəkqurdu üzrə sifarişlər il ərzində aşağıdakı müddətdə qəbul edilir:

15. Seleksiya nailiyyətinə müəllif tərəfindən təklif olunmuş və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul edilmiş ad verilir. Seleksiya nailiyyətinin adı, onu müəyyənləşdirməyə imkan verməklə bərabər oxşar botaniki və zooloji növə aid mövcud adlardan fərqlənməli, qısa, aydın olmalı, yalnız rəqəmlərdən ibarət olmamalıdır. Digər xarici dövlətlərə seleksiya nailiyyətinə görə patent almaq üçün ərizə verilərsə, seleksiya nailiyyətinin adı dəyişdirilmir. Seleksiya nailiyyətinin adı yuxarıda göstərilən şərtlərə uyğun gəldikdə Kənd Təsərrüfatı Nazirliyinin təklifi ilə verilmiş ad bir ay müddətində dəyişdirilməlidir.

16. Seleksiya nailiyyətlərinə patent almaq üçün sənədlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində qeydiyyatdan keçirilir və bir ay müddətində ilkin ekspertiza aparılır.

Müəyyən olunmuş müddətdə ərizəçi sənədlərdə əlavələr, düzəlişlər və dəqiqləşdirmələr edə bilər.

İlkin ekspertiza zamanı ərizəçinin günahı üzündən sənədlərdə lazımi dəqiqləşmələr aparılmadıqda və çatışmayan sənədlər təqdim olunmadıqda ərizəyə baxılmır və bu barədə sifarişçiyə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məlumat verilir.

17. Sifarişin ilkin ekspertizası keçirildikdən sonra seleksiya nailiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təlimatına uyğun olaraq onun yeniliyinə görə ekspertizası aparılır.

Seleksiya nailiyyəti yeniliyin şərtlərinə uyğun gəlmirsə sınaqdan çıxarılır.

18. Patent almaq üçün ekspertizadan keçmiş seleksiya nailiyyətlərinin Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq təlimatlara uyğun sınağı aparılır. Sınaq təcrübələri qoymaq üçün sifarişçi təmənnasız olaraq tələb olunan miqdarda və vaxtında toxum, əkin materialları və damazlıq ehtiyatlarını təqdim etməlidir. Həmin seleksiya nailiyyətləri aşağıdakı tələbləri ödəməlidir:

seleksiya nailiyyəti sifariş verilənə qədər Azərbaycan Respublikasının ərazisində tarla bitkiləri üçün bir il, üzüm sortları, dərman və bəzək bitkiləri, meyvə və meşə ağacları, heyvan cinsləri üçün dörd il, xarici ölkə ərazisində isə müvafiq olaraq dörd və altı il müddətində heç bir fiziki və hüquqi şəxslərə satılıb və ya verilməyibsə seleksiya nailiyyəti yeni hesab olunur.

seleksiya nailiyyəti dövlət reyestrinə qeydiyyatda olan mövcud seleksiya nailiyyətindən kəmiyyət və keyfiyyət göstəricilərinə görə bir və ya bir neçə əlamətlərinə görə fərqlənməlidir.

seleksiya nailiyyətinin əlamətləri çoxaldılma xüsusiyyətlərinə görə bəzi fərqlər istisna olmaqla genotip və fenotip cəhətcə oxşar olmalıdır. Seleksiya üsullarından, mutasiya və digər səbəblərindən asılı olaraq (sortcins-populyasiyaları istisna olmaqla) sortun və cinsin dəyişkənliyi iki faizdən artıq olmadıqda və eyniliyi müəyyən edildikdə seleksiya nailiyyətləri oxşar hesab edilir.

seleksiya nailiyyəti o zaman sabit hesab edilir ki, dəfələrlə artırıldıqda və artırılma mərhələlərinin sonunda da onun əsas əlamətləri sabit və dəyişməz qalsın və öz təsvirinə uyğun olsun.

19. Ərizəçi ekspertiza və sınağın nəticələrinə dair verilən qərar ilə razılaşmadıqda üç ay müddətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu məqsəd üçün yaradılmış apelyasiya komissiyasına müraciət edə bilər.

20. Bu Əsasnamənin 18-ci maddəsində göstərilən şərtlərin tələblərinə cavab verən seleksiya nailiyyətlərinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilmiş mütəxəssislərin, sifarişçisinin və digər marağı olan tərəflərin iştirakı ilə ekspertiza və sınağın nəticələrinə baxılır və patent verilməsi haqda qərar qəbul edilir. Seleksiya nailiyyətinin yaradılmasında bir neçə müəllif iştirak edibsə onların adına bir patent verilir.

Qəbul edilmiş qərar Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə rəsmiləşdirilir və həmin seleksiya nailiyyəti Dövlət reyestrində qeydə alınır.

21. Dövlət reyestrində qeydiyyata alınmış seleksiya nailiyyətinin müəlliflərinə müəlliflik şəhadətnaməsi verilir. Əgər seleksiya nailiyyəti bir neçə şəxs tərəfindən yaradılıbsa, onlar müəllif hesab olunur və hər birinə müəlliflik şəhadətnaməsi verilir. Müəlliflik şəhadətnaməsi müəlliflərə patent sahibindən bağlanmış qarşılıqlı müqavilə əsasında yeni seleksiya nailiyyətindən istifadəyə görə mükafat almağa müstəsna səlahiyyət verir.

22. Seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin formaları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilir.

23. Patentlərin və müəlliflik şəhadətnamələrin verilməsi və icra olunması zamanı qarşıya çıxan bu və ya digər məsələlərin həll edilməsində Azərbaycan Respublikasının «Seleksiya nailiyyətləri haqqında» Qanunu və bu Əsasnamə rəhbər tutulur.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 may 2013-cü il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 02 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 570)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 may 2013-cü il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 02 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 570) ilə 11-ci hissəsinin dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda beşinci və altıncı abzaslar əlavə edilmişdir.