Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 8 yanvar 2013-cü il

1

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 8 yanvar tarixli 1 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası (bundan sonra - Qayda) Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında (bundan sonra - diplomatik nümayəndəlik) diplomatik xidmət əməkdaşlarına işlədikləri dövrdə təmsilçilik xərclərinin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Diplomatik nümayəndəliyin təmsilçilik xərcləri üzrə maliyyələşdirmə aparılarkən, onun mövcud vakant ştatları nəzərə alınır və bu vakant ştatların müqabilində xərclərin maliyyələşdirilməsi azaldılır.

1.3. Təmsilçilik xərcləri hər il diplomatik nümayəndəliyin təsdiq edilmiş xərclər smetasının müvafiq xərc maddəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilir.

1.4. Bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş tədbirlər diplomatik nümayəndəliyin rəhbərinin iqamətgahında, nümayəndəliyin  binasında, xüsusi olaraq icarəyə götürülən yerlərdə, ictimai-iaşə obyektlərində və digər yerlərdə həyata keçirilir.

 

2. Təmsilçilik xərclərinin istifadəsi istiqamətləri

 

2.1. Təmsilçilik xərcləri səlahiyyətlərinin icrası ilə bağlı diplomatik nümayəndəliklərin əməkdaşları tərəfindən aşağıdakı istiqamətlərə yönəldilir:

2.1.1. ikitərəfli və çoxtərəfli işgüzar görüşlərin keçirilməsi, müxtəlif ictimai-iaşə obyektlərində dəvət olunan qonaqların qəbulu, ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması, otaqların icarəyə götürülməsi, masanın bəzədilməsi üçün birdəfəlik istifadə olunan əşyaların alınması, qabların və yemək servis dəstlərinin icarəyə götürülməsi və alınması;

2.1.2. diplomatik nümayəndəliyin rəhbərinin razılığı ilə diplomatik xidmət əməkdaşının mənzilində təşkil olunan işgüzar ziyafətlərin keçirilməsi;

2.1.3. Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci bəndlərində göstərilən məqsədlər üçün cəlb edilmiş tərcüməçilərin xidmət haqlarının ödənilməsi;

2.1.4. hədiyyələrin (suvenir, güllər və s.) alınması və onların qablaşdırılması;

2.1.5. dəvətnamələrin və təbrik açıqcalarının alınması və göndərilməsi;

2.1.6. diplomatların və onların ailə üzvlərinin mədəni tədbirlərdə iştirakı;

2.1.7.  diplomatik xidmət əməkdaşına və onun ailə üzvlərinə tədbirlərdə iştirak üçün tələb olunan müvafiq nümayəndəlik libasının icarəyə götürülməsi və ya alınması;

2.1.8. vizit kartlarının hazırlanması.

 

3. Təmsilçilik xərclərinin ödənilməsi və vəsaitlərin istifadə edilməsi

 

3.1. Diplomatik xidmət əməkdaşlarının əməkhaqlarına faizlə müəyyən edilmiş təmsilçilik xərcləri ayda bir dəfə hər bir diplomatik nümayəndəliyin əməkdaşı tərəfindən müvafiq qaydada aylıq hesabat forması təqdim edildikdən sonra (təyinatın birinci ayı istisna olmaqla), diplomatik nümayəndəliyin mühasibatlığı tərəfindən əməkhaqqı aldığı müvafiq xarici valyutada ödənilir.

3.2. Əməkdaş tərəfindən əvvəlki ayda (aylarda) istifadə edilməmiş və ya qismən istifadə edilmiş təmsilçilik xərcinin qalığı sonrakı aylarda istifadə edilə bilər (bir dəfəyə istifadə edilən xərc təmsilçilik xərcinin 3 aylıq məbləğindən çox olmamalıdır).

3.3. Bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş  məqsədlər üçün xərclər təqdim olunan təsdiqedici sənədlər (hesablar, çeklər və s.) əsasında ödənilir.

 

4. Təmsilçilik xərclərinin hesabat formasının tərtib və təqdim edilməsi

 

4.1. Təmsilçilik xərcləri ilə bağlı hesabat bu Qaydanın əlavəsi ilə müəyyən edilən formaya uyğun olaraq hər bir diplomatik xidmət əməkdaşı tərəfindən hər ay təsdiqedici sənədlər (hesablar, çeklər və s.) əsasında tərtib olunur və diplomatik nümayəndəliyin mühasibatlığına təqdim edilir.

4.2. Diplomatik xidmət əməkdaşı əvvəlki ayın hesabatını növbəti ayın 5-nə qədər təqdim edir.

4.3. Diplomatik xidmət əməkdaşı ödənilmiş təmsilçilik xərcinin istifadəsinə dair hesabatı təqdim etmədikdə, növbəti ay ona təmsilçilik xərclərinin ödənilməsi dayandırılır.

4.4. Təmsilçilik xərclərinin ödənilməsi ilə bağlı hər bir diplomatik xidmət əməkdaşı tərəfindən tərtib olunan hesabat formaları maliyyə hesabatları ilə birlikdə diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilir.

 

5. Yekun müddəalar

 

5.1. Diplomatik xidmət əməkdaşlarına müəyyən edilmiş təmsilçilik xərcləri yalnız bu Qaydada qeyd edilmiş istiqamətlərə yönəldilməlidir. Diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərcləri üçün müəyyən edilmiş vəsaitin diplomatik nümayəndəliyin və ya konsulluğun xərclər smetasının digər xərc maddələrindən ödənilməsi yolverilməzdir.

5.2. Təmsilçilik xərclərinin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin istifadəsinə, habelə bu Qaydanın müddəalarının pozulmasına görə diplomatik nümayəndəliyin əməkdaşı və aidiyyəti diplomatik nümayəndəliyin rəhbəri məsuliyyət daşıyırlar.

 

 


 

Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydasına əlavə

 

Razılaşdırılmışdır:

_____________________________________________________________________________

(diplomatik nümayəndəliyin və ya konsulluğun rəhbərinin adı, soyadı, atasının adı)

_____________________________________________________________________________

(diplomatik nümayəndəliyin və ya konsulluğun adı)

 

_______ ilin _________________ayı üzrə diplomatik xidmət əməkdaşlarına ayrılmış təmsilçilik xərclərinin ödənilməsinə dair aylıq

 

HESABAT FORMASI

 

(valyuta ilə)

Ayın əvvəlinə qalıq

Ay ərzində müəyyən edilmiş təmsilçilik xərci

Ay ərzində təmsilçilik xərci üzrə

 

Ayın sonuna istifadə edilməmiş təmsilçilik xərci

Qeyd

xərclərin istiqaməti

məbləği

ödənilib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi:

-

 

 

 

Hesabata əlavə olunmuş sənədlərin sayı ______ ədəd

 

Tərtib etdi: ________________________________________________ _________________

(diplomatik xidmət əməkdaşının adı, soyadı, atasının adı, vəzifəsi) (imza)

 

Hesabat yoxlanıldı:_________________________________________ _________________

məsul şəxsin adı, soyadı, atasının adı, vəzifəsi) (imza)

 

____________________

(tarix)