2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının kənd təsərrüfatının və kənd təsərrüfatına xidmət edən sahələrin inkişafı ilə bağlı həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatının dinamikası, strukturu, inkişaf meyilləri, maddi texniki bazası haqqında ətraflı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2015-ci il iyunun 1-dən 30-dək Azərbaycan Respublikasında sorğu yolu ilə iyunun 1-i vəziyyətinə kənd təsərrüfatının siyahıyaalınması keçirilsin.

2. 2015-ci ilin kənd təsərrüfatının siyahıyaalınmasının proqram layihəsini, təşkilati və metodoloji məsələlərini, siyahıyaalma materiallarının işlənməsi texnologiyasını sınaqdan keçirmək məqsədi ilə 2014-cü ilin iyun ayı ərzində Quba rayonunda sınaq siyahıyaalınması keçirilsin.

3. Kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq işlərinin aparılması, onun keçirilməsi, materialların işlənib yekunlaşdırılması və nəticələrinin nəşr edilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və yerli statistika orqanlarına həvalə edilsin.

4. Müəyyən edilsin ki, kənd təsərrüfatının siyahıyaalınması mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfatlarda aparılır.

5. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesablamalar əsasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq, onun keçirilməsi, materiallarının işlənməsi, yekunlarının təhlil olunması və nəşr edilib yayılması üçün zəruri olan avadanlıq və digər texniki vasitələrin alınmasını, cəlb ediləcək işçilərin əməyinin ödənilməsini və digər təşkilati məsələlərin həll edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-2015-ci illərin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulsun.

6. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlığı, onun keçirilməsini, materiallarının işlənməsini və yekunlarının nəşr edilməsini təmin etmək məqsədi ilə 2014-2015-ci illər üzrə təsdiq edilmiş ştat cədvəlinə əsasən hər il müvəqqəti işçilər cəlb etməyə icazə verilsin.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdimatına əsasən kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi üçün cəlb ediləcək işçilərin əməyinin ödənilməsi məbləğlərini və qaydalarını 2 ay müddətində hazırlayıb təsdiq etsin.

8. Məşğulluq xidmətlərində iş axtaran və işsiz kimi qeydə alınmış ali və orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisləri, kənd təsərrüfatı ixtisası üzrə təhsil alan ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və digər peşə ixtisası olan vətəndaşlar kənd təsərrüfatının siyahıyaalınmasına və sınaq siyahıyaalınmasına cəlb edilsin və bu məqsədlə:

8.1. siyahıyaalma keçirilən müddətdə hər sayıcı üçün 100 təsərrüfat müəyyən edilsin və əlavə olaraq 5 faiz miqdarında ehtiyat sayıcı nəzərdə tutulsun;

8.2. hər 10 sayıcıya 1 təlimatçı-nəzarətçi təyin edilsin.

9. Müəyyən edilsin ki, kənd təsərrüfatının siyahıyaalınmasına və sınaq siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üçün cəlb edilən şəxslər aşağıdakı müddətlərdə müvəqqəti işə qəbul edilirlər:

9.1. sayıcılar 30 təqvim günü;

9.2. təlimatçı-nəzarətçi 45 təqvim günü;

9.3. siyahıyaalınma materiallarını kompüterlərə daxil edəcək mütəxəssislər 180 təqvim günü.

10. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri və onların yerli ərazi nümayəndəlikləri:

10.1. kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi zamanı yerli statistika orqanlarına lazımi kömək göstərsinlər;

10.2. adları və ünvanları göstərilməklə, yaşayış məntəqələrinin ərazisində yerləşən bütün kateqoriyalardan olan kənd təsərrüfatlarının dəqiqləşdirilmiş siyahısını yerli statistika orqanlarına təqdim etsinlər və onların tamlığına nəzarəti həyata keçirsinlər.

11. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıqla və onun keçirilməsi ilə bağlı mütəmadi olaraq xüsusi verilişlər təşkil etsin və siyahıyaalınma ilə əlaqədar həyata keçirilən tədbirlərin geniş işıqlandırılmasını təmin etsin.

12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq dövründə və onun keçirildiyi vaxtda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə lazımi kömək göstərsinlər.[1]

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 28 dekabr 2013-cü il

357

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1418) ilə 12-ci hissədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri Əmlak Məsələləri Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.