AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

Q/01-14

 

Bakı şəhəri, 15 aprel 2014-cü il

 

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlamentin təsdiq edilməsi barədə

 

Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydalarının 9.2-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin 16-cı bəndinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyası QƏRARA ALIR:

1. Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlament təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat idarəsinin rəisi (H.Hüseynov) bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

 

 

Kollegiyanın sədri,

Nazir

Elmar Məmmədyarov

 


 

 

Azərbaycan Respublikası

Xarici İşlər Nazirliyinin Kollegiyasının

15 aprel 2014-cü il tarixli Q/01-14 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı:

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu.

 

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin elektron qaydada qəbul edilməsini, araşdırılmasını və cavablandırılmasını əhatə edir.

 

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununun 7-ci və 10-cu maddələri;

- Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin 8.24-cü və 8.25-ci bəndləri;

- Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydalarının 2 - 7-ci bəndləri;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş Elektron xidmət növlərinin Siyahısının 1.3-cü bəndi.

 

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra Nazirlik).

 

1.5. Elektron xidmətin digər icraçıları:

Yoxdur.

 

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Qismən.

 

1.7. Elektron xidmətin icra müddəti:

Müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 (bir) ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 (on beş) gün ərzində baxılır.

Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müraciətə baxılma müddəti müstəsna hallarda ən çoxu 1 (bir) ay uzadıla bilər və bu barədə müraciət edən şəxsə məlumat verilir.

Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılır.

 

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin cavablandırılması.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü:

İnteraktiv.

 

2.2. Elektron xidmət üzrə ödəniş:

Ödənişsiz.

 

2.3. Elektron xidmətin istifadəçiləri:

Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

 

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://mfa.gov.az/?options=content&id=245&language=az

 

2.5. Elektron xidmət barədə məlumatlandırma:

http://www.mfa.gov.az/files/file/Inzibati%20reglament%202013.pdfhttp://mfa.gov.az/index.php, katiblik@mfa.gov.az, telefon: +994 (12) 596 90 00

 

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətdən istifadə edilməsi üçün heç bir sənəd tələb olunmur.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırılmır.

 

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

 

3.2.1. sorğunun formalaşdırılması:

Sorğunun formalaşdırılması üçün istifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən elektron ünvana daxil olaraq, adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer barədə məlumatları göstərməklə, müraciəti sərbəst formada doldurur.

 

3.2.2. sorğunun qəbulu:

Sorğu bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvana daxil olduğu gün istifadəçinin elektron poçt ünvanına müraciətin daxil olması barədə bildiriş göndərilir.

 

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun icraata qəbulu:

İstifadəçi tərəfindən təqdim edilmiş sorğu bu reqlamentin 3.2.1-cı yarımbəndində göstərilən məlumatlar qeyd olunduqda icraata qəbul olunur.

 

3.3.2. sorğunun yerinə yetirilməsindən imtina halları:

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanunun 7-ci maddəsinə əsasən müraciəti qəbul etməkdən imtina qadağandır. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununun 7-ci maddəsinə müvafiq olaraq, anonim sorğulara baxılmır.

 

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat və məsul şəxs haqqında məlumat:

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sorğuları Nazirliyin elektron sistemi vasitəsilə qəbul edilir. Nazirliyin Ümumi katibliyi həmin elektron sistemi idarə edir və sorğuların qəbul edilməsinə cavabdehlik daşıyır.

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydalarına uyğun olaraq qeydiyyata alınır və baxılması üçün Nazirliyin müvafiq struktur bölməsinə ünvanlandırılır.

Sorğunun icrası üçün həmin sorğuda qeyd olunan məsələyə aidiyyəti olan struktur bölmənin rəhbəri və ya onu əvəz edən şəxs məsuliyyət daşıyır.

 

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu və yerinə yetirilmə müddəti:

Sorğu sistemə daxil olduqdan sonra icraya yönləndirilməsi barədə istifadəçiyə dərhal bildiriş göndərilir. Sorğu qeydə alınaraq, Nazirliyin müvafiq struktur bölməsinə ünvanlandırılır. Nazirliyin müvafiq struktur bölməsi tərəfindən sorğunun Nazirliyin səlahiyyətinə aid olub-olmaması araşdırılır.

Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır.

 

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:

Yoxdur.

 

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və sorğunun cavablandırılması qaydası:

İcraata qəbul olunmuş sorğuya dair aparılan araşdırmaların nəticəsi barədə istifadəçinin elektron poçt ünvanına cavab məktubu göndərilir.

 

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Nazirliyin Ümumi katibliyi xidmətin yerinə yetirilməsinə nəzarət edir.

 

3.5.1. nəzarət forması:

Kargüzarlıq.

 

3.5.2. nəzarət qaydası:

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları ilə müəyyən edilmiş qaydada.

 

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

 

3.6.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

İstifadəçi elektron xidmətlə bağlı razılaşmadığı istənilən məsələ barədə inzibati qaydada və Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyinə əsasən məhkəməyə şikayət verə bilər.

 

3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayət ərizəsi İnzibati icraat haqqında Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-IIQ nömrəli Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 

3.6.3. şikayətin baxılma müddəti:

Şikayətə İnzibati icraat haqqında Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-IIQ nömrəli Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.