Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 97.5-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 noyabr 2014-cü il

349

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra Məcəllə) 97.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir.

1.2. Tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir.

1.3. Bu Qaydaların müddəaları, Məcəllənin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb edilməyən obyektlər istisna olunmaqla, bütün tikinti obyektlərinə, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə də şamil olunur.

1.4. Tikinti fəaliyyətinin bütün subyektləri, mülkiyyət formasından asılı olmayaraq, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin tikinti obyektlərinə (xüsusi rejimli obyektlərə - müvafiq qaydada razılıq alındıqdan sonra) maneəsiz daxil olmasını, dövlət nəzarətinin həyata keçirilməsi üçün onlara müvafiq şəraitin yaradılmasını, tikintiyə aid tələb olunan sənədlərin təqdim edilməsini və tikintidə aşkarlanmış pozuntuların Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını təmin etməlidirlər.

1.5. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra Nazirlik) tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra Agentlik) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra Müfəttişlik) vasitəsilə həyata keçirilir.

1.6. Agentlik və Müfəttişlik tikinti obyektinin sökülməsi zamanı söküntü işlərinin texniki təhlükəsizlik və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarəti həyata keçirir.

1.7. Bu Qaydaların tələbləri tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir.

 

2. Tikintiyə dövlət nəzarətinin təşkili

 

2.1. Mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir.

2.2. Tikintiyə icazə verən müvafiq yerli icra hakimiyyəti orqanı icazə barədə qərarı, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə xüsusi nişanı sifarişçiyə təqdim etdikdən sonra 3 (üç) iş günü müddətində həmin obyektin tikintisinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək üçün bu barədə Agentliyə məlumat verməlidir.[1]

2.3. Məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan Məcəllənin 80.4-cü maddəsi ilə müəyyən olunmuş müddətdə tikinti obyektlərinin layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə irad olmadıqda və ya belə irad olduğu təqdirdə, həmin irad aradan qaldırıldığı hallarda, müvafiq yerli icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 (üç) iş günü müddətində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında Müfəttişliyə məlumat verməlidir. [2]

2.4. Tikintiyə dövlət nəzarəti (bundan sonra dövlət nəzarəti) tikinti-quraşdırma işlərinə başlanılması barədə Agentliyə məlumat verildiyi tarixdən tikinti-quraşdırma işləri tam başa çatdığı və bu Qaydaların 2.21-ci bəndinə əsasən istismara hazırlıq aktının (tikinti-quraşdırma işlərinə dair) tərtib olunduğu tarixə qədər olan müddətdə Müfəttişlik tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. Dövlət nəzarətinin həyata keçirilməsi prosesində hər bir tikinti obyektinə aid olan sənədlərin bir nüsxəsi Müfəttişlikdə saxlanılır.

2.5. Barəsində məlumatlandırma icraatının tətbiq olunduğu mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən* və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə dövlət nəzarəti onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsi istiqamətində həyata keçirilir. [3]

* Qeyd. Binaların ümumi hündürlüyü 0 (sıfır) səviyyəsindən sonuncu mərtəbənin örtüyünün altına qədər olan məsafə kimi qəbul edilir.

2.5-1. Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinə münasibətdə dövlət nəzarəti yalnız özülün quraşdırılması mərhələsində həyata keçirilir.[4]

2.6. Dövlət nəzarəti prosesində aşağıdakılar müəyyən edilməlidir:

2.6.1. tikinti obyektinin inşası zamanı tikinti ərazisinin mühafizəsi, torpaq-qazma işlərinin yerinə yetirilməsindən başlayaraq, obyektin özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin (xarici və daxili xətlərin), mühəndis sistemləri və avadanlıqlarının quraşdırılması, tikinti sahəsinin abadlaşdırılması və infrastruktur obyektləri üzrə işlərin yerinə yetirilməsində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması;

2.6.2. tikinti obyektinin yenidən qurulması, bərpası və əsaslı təmiri zamanı obyektdə hazırlıq işlərinin aparılması, onun yükdaşıyan konstruksiya elementlərinin (özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının) gücləndirilməsi və (və ya) yenisi ilə əvəz edilməsi, obyektin (onun hissələrinin) parametrlərinin (əlavə tikililər daxil olmaqla) dəyişdirilməsi, eləcə də mühəndis-kommunikasiya və texnoloji avadanlıqların dəyişdirilməsi yolu ilə onların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üzrə işlərin yerinə yetirilməsində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması.

2.7. Tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğunun müəyyən edilməsi üçün dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən aşağıdakılar araşdırılır:

2.7.1. bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə dair şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması;

2.7.2. podratçı tərəfindən aparılan tikinti-quraşdırma işlərinin lisenziyanın əlavəsində göstərilən işlərə uyğunluğu, tikintidə texniki, müəllif və daxili əməliyyat nəzarətlərinin həyata keçirilməsi, yerinə yetirilmiş işlərə dair ümumi və xüsusi iş jurnallarının aparılması, eləcə də sonradan üstü örtülən işlərin, məsul konstruksiyaların, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin müayinəsi və ya sınaq aktlarının tərtib edilməsinə əməl olunması;[5]

2.7.3. tikintidə texniki, müəllif və daxili əməliyyat nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması və bununla bağlı görülmüş işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu.

2.8. Dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxsin tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. Tikinti məmulatının və (və ya) tikinti hissələrinin sınaq nümunələrinin yoxlanılması ilə bağlı xərclər Məcəllənin 102.3-cü maddəsində müəyyən edilmiş qaydada ödənilir. Dövlət nəzarəti zamanı peşə sahələrinə aid işlərin müvafiq peşəkarlıq sertifikatına malik şəxslər tərəfindən yerinə yetirilməsi yoxlanılır.

2.9. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilərkən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan hər hansı tikinti-quraşdırma işlərinin aparılması aşkar edildikdə, həmin obyektin sökülməsi barədə Agentlik tərəfindən Məcəllənin 95-ci maddəsində müəyyənləşdirilmiş qaydada müvafiq qərar qəbul edilir.

2.10. Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyi, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektlərinin tikildiyi müəyyən edildikdə, həmin tikinti obyektlərində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Agentlik tərəfindən Məcəllənin 92-ci maddəsində müəyyənləşdirilmiş qaydada qərar qəbul edilir. [6]

2.11. Tikintisinə icazə verilmiş obyektlərə dövlət nəzarəti hər bir tikinti obyekti üçün Müfəttişlik tərəfindən Tikintidə Dövlət Nəzarəti Jurnalı (Əlavə) açılmaqla aparılır. Tikintidə Dövlət Nəzarəti Jurnalı bu Qaydaların 2.2-ci bəndində göstərilən məlumata və obyektin sifarişçisinin tikinti-quraşdırma işlərinə başlamazdan 10 (on) gün əvvəl Müfəttişliyə təqdim etdiyi aşağıdakı sənədlərə əsasən açılır:

2.11.1. tikintiyə icazənin surəti;

2.11.2. sifarişçi ilə podratçı arasında bağlanılmış müqavilənin surəti (Məcəllənin 47.2-ci maddəsinə uyğun olaraq sifarişçi podratçının funksiyalarını tam öz üzərinə götürdüyü hallar istisna olmaqla);

2.11.3. podratçının və (və ya) Məcəllənin 47.2-ci maddəsinə uyğun olaraq, sifarişçi podratçının funksiyalarını tam və ya qismən öz üzərinə götürdüyü hallarda isə podratçı kimi sifarişçinin lisenziyasının surəti;[7]

2.11.4. sifarişçi ilə layihəçi arasında müəllif nəzarətinin aparılması üçün bağlanılmış müqavilənin surəti (Məcəllənin 47.2-ci maddəsinə uyğun olaraq sifarişçi layihəçinin funksiyalarını tam öz üzərinə götürdüyü hallar istisna olmaqla);

2.11.5. müəllif nəzarətinin aparılması üçün məsul şəxslərin təyin edilməsi barədə əmrin surəti;

2.11.6. texniki nəzarətin aparılması üçün məsul şəxslərin təyin edilməsi barədə əmrin surəti;

2.11.7. iş icraçısının (sahə rəisinin) peşəkarlıq sertifikatının (diplomunun), müvafiq əmrin və əmək müqaviləsinin surəti;

2.11.8. daxili əməliyyat nəzarətinin aparılması üçün məsul şəxslərin təyin edilməsi barədə əmrin surəti;

2.11.9. tikintidə istifadə olunan materialların keyfiyyətini yoxlayacaq akkreditasiya olunmuş laboratoriyalar haqqında məlumat.

2.12. Tikintisinə icazə tələb olunan, sahəsi və həcmi kiçik (bir mərtəbəsinin sahəsi 150 kvadratmetrdən, tikintinin ümumi həcmi isə 1200 kubmetrdən artıq olmayan), aşırımlarının uzunluğu 6 metrdən böyük olmayan birmərtəbəli və ikimərtəbəli iaşə, ticarət, sosial, təsərrüfat təyinatlı obyektlərin, habelə Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinin, eləcə də məhəllədaxili yolların, kommunikasiya (elektrik, qaz, su, kanalizasiya və rabitə) xətlərinin tikintisinə başlamaq üçün Tikintidə Dövlət Nəzarəti Jurnalı açılmır.[8]

2.13. Tikintidə Dövlət Nəzarəti Jurnalında tikinti ərazisinin mühafizəsi və torpaq-qazma işlərindən başlayaraq son abadlaşdırma işlərinədək obyektin tikintisinin ayrı-ayrı mərhələlərinin texnoloji proseslərə bölünməklə ardıcıllığı müəyyən edilir. Sifarişçi (podratçı) tərəfindən tikinti-quraşdırma işləri Tikintidə Dövlət Nəzarəti Jurnalında müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilməlidir. Müfəttişliyin rəhbərliyi tərəfindən bu ardıcıllığa uyğun olaraq, birinci mərhələnin icrası təsdiq olunduqdan sonra tikinti-quraşdırma işlərinə başlanıla bilər.

2.14. Tikinti obyektində tikintiyə aid sənədləşmənin yerinə yetirilməsinə və görülən işlərə dövlət nəzarəti fərdi qaydada, Tikintidə Dövlət Nəzarəti Jurnalında bu barədə müvafiq qeydlər aparılmaqla (bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla) həyata keçirilir.[9]

2.15. Tikintinin hər bir növbəti mərhələsi üzrə yerinə yetirilmiş inşaat işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərə və tikinti layihəsinə uyğunluğu barədə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs obyektdə işin gedişatını ləngitməmək məqsədi ilə hər bir mərhələ üzrə işlər başa çatan zaman tikinti obyektinə çağırış almadan vaxtlı-vaxtında dövlət nəzarətini həyata keçirir, bu mərhələlər üzrə işlərin başa çatmasını nəzarətdə saxlayır, ona görə cavabdehlik daşıyır və Tikintidə Dövlət Nəzarəti Jurnalında müvafiq qeydlər aparır. Obyektdə növbəti mərhələ üzrə tikinti-quraşdırma işlərinin davam etdirilməsinə razılığın verilməsi Agentliyin əmri ilə regionlar üzrə təyin olunmuş vəzifəli şəxslər tərəfindən həyata keçirilir.

2.16. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs obyektdə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yol verilmiş hər hansı pozuntu və çatışmazlıqlar aşkar etdikdə, Tikintidə Dövlət Nəzarəti Jurnalında müvafiq qeydlər aparmaqla (bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla) həmin pozuntuların və çatışmazlıqların aradan qaldırılmasını sifarişçidən (podratçıdan) yazılı şəkildə tələb edir.[10]

2.17. Hər mərhələ üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yol verilmiş pozuntu və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sifarişçi Müfəttişliyə bu barədə yazılı məlumat verməlidir. Yükdaşıyan konstruksiyalarında aşkar olunmuş pozuntular gücləndirilmə, bərpa və digər üsullarla aradan qaldırıldıqda həmin işlər aktla təsdiq olunmalı və yuxarıda qeyd olunan yazılı məlumata əlavə edilməlidir.

2.18. Bu Qaydaların 2.17-ci bəndində nəzərdə tutulmuş məlumatın daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən pozuntuların aradan qaldırılması ilə bağlı yerinə yetirilmiş işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu müəyyən edilir. Bu tədbirlərin nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən edildikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən bu barədə Tikintidə Dövlət Nəzarəti Jurnalında müvafiq qeydlər aparılır və bundan sonra bu Qaydaların 2.15-ci bəndinə uyğun olaraq obyektdə növbəti mərhələ üzrə tikinti-quraşdırma işləri davam etdirilə bilər.

2.19. Dövlət nəzarəti prosesində hər hansı obyektdə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı Məcəllənin 92.1.1-92.1.4-cü maddələrinə əsasən tikinti-quraşdırma işlərini dayandırmadan aradan qaldırılması mümkün olan pozuntular aşkar edildikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən həmin pozuntular barədə Tikintidə Dövlət Nəzarəti Jurnalında müvafiq qeydlər aparılmaqla (bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla), onların təxirə salınmadan aradan qaldırılması sifarişçidən (podratçıdan) yazılı şəkildə tələb olunur. Həmin pozuntular aradan qaldırılmadıqda, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxsin tərtib etdiyi texniki baxış aktına əsasən Müfəttişlik Məcəllənin 92.1-ci və 92.2-ci maddələrində nəzərdə tutulmuş qaydada icrası məcburi olan yazılı Göstərişin verilməsi barədə Agentlik qarşısında məsələ qaldırır.[11]

2.20. Tikinti obyektində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı Məcəllənin 92.4.1-92.4.5-ci maddələrində göstərilən pozuntular aşkarlandıqda, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxsin hər bir pozuntu ayrıca təsvir olunmaqla tərtib etdiyi müvafiq akt əsasında Müfəttişlik tərəfindən müvafiq tədbirin görülməsi üçün Agentliyə müraciət edilir və Agentlik Məcəllənin 92.4-cü və 92.5-ci maddələrində nəzərdə tutulmuş qaydada həmin obyektdə tikinti-quraşdırma işlərinin dayandırılması barədə müvafiq qərar qəbul edir. Həmin qərarın surəti icra üçün sifarişçiyə, tikinti ərazisinə nəzarət etmək üçün müvafiq yerli icra hakimiyyəti və yerli polis orqanlarına göndərilir.

2.21. Obyektdə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq istismara hazırlıq aktı tərtib olunur. Həmin akt sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və tikinti obyektinin istismarına icazənin verilməsi barədə sifarişçinin müraciətinə əlavə olunaraq, müvafiq yerli icra hakimiyyəti orqanına təqdim edilir. İstismara hazırlıq aktının forması Nazirlik tərəfindən təsdiq edilir.

 

3. Dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətləri

 

3.1. Dövlət nəzarətini həyata keçirən orqan öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı səlahiyyətlərə malikdir:

3.1.1. tikinti obyektinə və tikinti ərazisinə maneəsiz daxil olmaq;

3.1.2. obyektin xaricdən görünən hissəsində onun əsas göstəricilərini əks etdirən məlumat lövhəsinin və xüsusi nişanın olmasını yoxlamaq;[12]

3.1.3. tikinti ilə bağlı zəruri məlumatları, tikinti sənədlərini (şəhadətnamələr, sertifikatlar, aktlar və s.) tələb etmək;

3.1.4. tikinti fəaliyyətinin subyektləri tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, tikinti layihəsinə əməl edilməsinə nəzarət etmək, o cümlədən tikintidə aşkarlanmış pozuntuların Məcəllədə və bu Qaydalarda nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını tələb etmək;

3.1.5. tikintidə sifarişçi tərəfindən texniki nəzarətin, layihəçi tərəfindən müəllif nəzarətinin və podratçı tərəfindən daxili əməliyyat nəzarətinin aparılmasına nəzarət etmək;

3.1.6. tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti-quraşdırma işlərinin dayandırılması və zəruri hallarda obyektin sökülməsi, habelə lisenziyanın dayandırılması və ya ləğv edilməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq;[13]

3.1.7. tikintidə istifadə olunan inşaat materiallarının, məmulatların və konstruksiyaların normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sertifikatların olmasına nəzarət etmək, habelə inşaat materiallarından, hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq;

3.1.8. Məcəllədə nəzərdə tutulmuş peşə sahələrinə aid işləri yerinə yetirən şəxslərin müvafiq peşəkarlıq sertifikatına malik olmasını yoxlamaq;

3.1.9. tikinti obyektində inzibati məsuliyyətə səbəb olan pozuntular aşkar edildikdə, həmin pozuntulara yol vermiş şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmək və müvafiq qərarın çıxarılması üçün Agentlik qarşısında məsələ qaldırmaq;

3.1.10. tikinti və ya tikinti materialları və məmulatı ilə bağlı təhlükə barədə ictimaiyyəti məlumatlandırmaq;

3.1.11. tikintidə baş verən qəzaların səbəblərini araşdırmaq.

 


Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarına

 

ƏLAVƏ

 

TİKİNTİDƏ DÖVLƏT NƏZARƏTİ JURNALI

________________________________________________________________________________________________________________________

 

TƏSDİQ EDİRƏM

Azərbaycan Respublikası Fövqəladə Hallar

Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət

Dövlət Agentliyinin Baş Dövlət Tikinti

Müfəttişliyinin rəisi_______________________

______ ______________________20 _____- il

 

Tikinti obyekti üzrə əsas məlumatlar

 

Tikinti obyektinin adı və təyinatı:

 

 

 

 

Ünvanı:

 

 

Sifarişçisi və onun qeydiyyat ünvanı:

 

 

Layihəçisi, onun qeydiyyat ünvanı və lisenziyanın nömrəsi və tarixi:

 

 

 

 

Layihəçisi, onun qeydiyyat ünvanı və lisenziyanın nömrəsi və tarixi:

 

 

 

Müəllif nəzarətini həyata keçirən:

 

 

 

(vəzifəsi, adı və soyadı)

 

 

 

Sifarişçi tərəfindən texniki nəzarəti həyata keçirən:

 

 

 

(vəzifəsi, adı və soyadı)

 

 

 

Podratçı tərəfindən daxili əməliyyat nəzarətini həyata keçirən:

 

 

 

(vəzifəsi, adı və soyadı)

 

 

 

İstifadə olunan materialların keyfiyyətinə nəzarəti həyata keçirən:

 

 

 

 

(təşkilatın qeydiyyat ünvanı, lisenziyası və bu təşkilatın məsul şəxsinin vəzifəsi, adı və soyadı)

 

Dövlət nəzarətini həyata keçirən Baş Dövlət Tikinti (BDT) Müfəttişliyinin vəzifəli şəxsi:

 

 

 

(vəzifəsi, adı və soyadı)

 

 

 

Jurnalın başlanma tarixi:

 

 

 

 

Qeydlər:

 

1. Tikintidə Dövlət Nəzarəti (TDN) Jurnalı, tikinti obyekti üzrə sifarişçi tərəfindən bütün tələb olunan sənədləşmələr yerinə yetirilərək, tikintiyə İcazə, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə xüsusi nişan alındıqdan sonra BDT Müfəttişliyində tərtib olunaraq sifarişçiyə təhvil verilir.[14]

2. TDN Jurnalı olmadan tikinti obyektində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi qadağandır. Bu qadağaya əməl olunmaması sifarişçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsasdır.

3. TDN Jurnalı tikinti obyektində sifarişçinin məsul nümayəndəsində daimi səliqəli vəziyyətdə saxlanılmalıdır. BDT Müfəttişliyinin vəzifəli şəxsinin tələbi ilə müvafiq qeydlər aparılması üçün ona təqdim edilməlidir. Jurnalın itirilməsi və ya məhv edilməsi məsul şəxsin qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunması üçün əsasdır.

Sifarişçinin nümayəndəsi: ______________________________________________________________________________________________

(vəzifəsi, adı, soyadı və imzası)

 

________________________________________________________________________________________________________________________

M.Y.

 

Tikinti obyektində tikinti-quraşdırma işlərinə dövlət nəzarəti aşağıdakı mərhələlərlə aparılır:

 

1. Tikintidə Dövlət Nəzarəti Jurnalında, obyektin təyinatı, xüsusiyyəti, texnoloji prosesləri, həcmi, hündürlüyü və digər bu kimi parametrləri nəzərə alınmaqla, sifarişçi tərəfindən tikinti-quraşdırma işlərinin mərhələlərlə yerinə yetirilməsinə dair tərtib olunmuş bölgü siyahısına uyğun olaraq qeydlər aparılır.

2. Tikinti obyektləri kompleksində bina və qurğuların təyinatı, xüsusiyyəti, texnoloji prosesləri nəzərə alınaraq, hər bir obyekt üçün ayrıca olaraq Tikintidə Dövlət Nəzarəti Jurnalı açıla bilər.

3. Növbəti mərhələdə tikinti-quraşdırma işlərinin davam etdirilməsinə razılıq, yalnız əvvəlki mərhələdə yerinə yetirilmiş tikinti işlərinin layihəyə uyğunluğu təsdiqləndiyi halda verilir.

4. Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərinə, tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq, obyektin istismara hazırlıq aktı tərtib olunur.

 

QEYDİYYAT VƏRƏQƏSİ

 

Sıra N-si

Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin adları

Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə dair daxili əməliyyat, texniki və müəllif nəzarətlərinin aparılması, təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi, sonradan üstü örtülən işlərin aktlarının və sınağın nəticələrinin qeyd olunması yoxlanılaraq, vizual baxış keçirilərək aşkarlanmış pozuntular və çatışmazlıqlar, onların aradan qaldırılması müddəti

Qeydiyyatı

aparan vəzifəli

şəxs

Qeydiyyatla tanış olan sifarişçinin, podratçının nümayəndələri

Göstərişlərin yerinə yetirilməsini təsdiq edən:

 

a) sifarişçinin nümayəndəsi;

b) iş icraçısı

QEYDLƏR

1

2

3

4

5

6

7

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 7 noyabr 2016-cı il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1803)
  2. 7 aprel 2017-ci il tarixli 1332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 aprel 2017-ci il, 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 546)
  3. 1 may 2019-cu il tarixli 664 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 2 may 2019-cu il, 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 816)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 may 2019-cu il tarixli 664 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 2 may 2019-cu il, 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 816) ilə Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının 2.2-ci bəndində sözü , tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə sözləri ilə əvəz edilmişdir.

 

[2] 7 aprel 2017-ci il tarixli 1332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 aprel 2017-ci il, 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 546) ilə Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının 2.3-cü bəndində 3 (üç) ay müddətində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə sözləri Məcəllənin 80.4-cü maddəsi ilə müəyyən olunmuş müddətdə tikinti obyektlərinin layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə sözləri ilə əvəz edilmişdir.

 

[3] 7 aprel 2017-ci il tarixli 1332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 aprel 2017-ci il, 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 546) ilə Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının 2.5-ci bəndində yalnız həmin tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə sözləri onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə sözləri ilə əvəz edilmişdir.

 

[4] 1 may 2019-cu il tarixli 664 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 2 may 2019-cu il, 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 816) ilə Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarına yeni məzmunda 2.5-1-ci bənd əlavə edilmişdir.

 

[5] 7 noyabr 2016-cı il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1803) ilə 2.7.2-ci yarımbənddə xüsusi razılığın (lisenziyanın) sözləri lisenziyanın sözü ilə əvəz edilmişdir.

 

[6] 7 aprel 2017-ci il tarixli 1332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 aprel 2017-ci il, 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 546) ilə Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının 2.10-cu bənddə yaşayış evinin sözləri tikinti obyektlərinin sözləri ilə əvəz edilmişdir.

 

[7] 7 noyabr 2016-cı il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1803) ilə 2.11.3-cü yarımbənddə xüsusi razılığının (lisenziyasının) sözləri lisenziyasının sözü ilə əvəz edilmişdir.

 

[8] 1 may 2019-cu il tarixli 664 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 2 may 2019-cu il, 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 816) ilə Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının 2.12-ci bəndinə obyektlərin, sözündən sonra habelə Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinin, sözləri əlavə edilmişdir və həmin bənddə tikintisi üçün sözləri tikintisinə başlamaq üçün sözləri ilə əvəz edilmişdir.

 

[9] 1 may 2019-cu il tarixli 664 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 2 may 2019-cu il, 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 816) ilə Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının 2.14-cü bəndinə qeydlər aparılmaqla sözlərindən sonra (bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[10] 1 may 2019-cu il tarixli 664 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 2 may 2019-cu il, 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 816) ilə Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının 2.16-cı bəndinə qeydlər aparmaqla sözlərindən sonra (bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla) sözləri, (podratçıdan) sözündən sonra isə yazılı şəkildə sözləri əlavə edilmişdir.

 

[11] 1 may 2019-cu il tarixli 664 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 2 may 2019-cu il, 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 816) ilə Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının 2.19-cu bəndinin birinci cümləsinə qeydlər aparılmaqla sözlərindən sonra (bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla) sözləri, (podratçıdan) sözündən sonra isə yazılı şəkildə sözləri əlavə edilmişdir.

 

[12] 1 may 2019-cu il tarixli 664 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 2 may 2019-cu il, 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 816) ilə Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının 3.1.2-ci yarımbəndindən və xüsusi nişanın sözləri çıxarılmışdır.

 

[13] 7 noyabr 2016-cı il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1803) ilə 3.1.6-cı yarımbənddə lisenziya fəaliyyətinin sözləri lisenziyanın sözü ilə əvəz edilmişdir.

 

[14] 1 may 2019-cu il tarixli 664 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 2 may 2019-cu il, 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 816) ilə Tikintidə dövlət nəzarəti jurnalında Qeydlərin 1-ci hissəsində sözü , tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə sözləri ilə əvəz edilmişdir.