Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi hallarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 11 sentyabr 2014-cü il

304

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 11 sentyabr tarixli 304 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları

 

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda - həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.

2. Tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin onların dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda - abidələrin qorunması üçün əsaslandırılmış əlavə tədbirlərin həyata keçirilməsi.