Azərbaycan Turizm və Menecment Universitetinin
yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında
turizm, menecment və digər xidmət sahələrində
müşahidə olunan sürətli inkişafı,
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasını, Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyasını nəzərə alaraq və
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
Turizm İnstitutunun bazasında ali təhsilin bütün
pillələrində turizm və menecment sahələri
üzrə kadr hazırlığını həyata
keçirən Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində
Azərbaycan Turizm və Menecment Universiteti yaradılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.1. Bu Sərəncamın
1-ci hissəsi ilə yaradılmış Azərbaycan Turizm
və Menecment Universitetinin nizamnaməsinin layihəsini
üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu Sərəncama
uyğunlaşdırılmasına dair təkliflərini
hazırlayıb üç ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə üç ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.5. Azərbaycan Turizm və
Menecment Universitetinin təhsilin bütün pillələrini
əhatə edən, turizm və menecment sahələri
üzrə kadr hazırlayan aparıcı təhsil
mərkəzi kimi fəaliyyətinin
maliyyələşdirilməsi və maddi-texniki
təminatı, o cümlədən müvafiq tədris
şəhərciyinin yaradılması ilə bağlı
təklifləri iki ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 22 dekabr 2014-cü il
¹ 945