Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 12 yanvar 2015-ci il

4

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir.

1.2. Reyestr tikilən, istismar edilən, sökülən tikinti obyektləri barədə və ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi məqsədi ilə planlaşdırılacaq ərazidə tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı, habelə həmin ərazidə yerləşən torpaq sahələrində onların dəyərini əhəmiyyətli şəkildə artıran dəyişikliklər edilməsi ilə bağlı qadağaların qeydiyyatını aparmaqdan ibarətdir.

1.3. Bu Qaydalar aşağıdakıları müəyyən edir:

1.3.1. Reyestrə daxil edilən tikinti obyektlərinə dair məlumatları və onların tərkibini;

1.3.2. məlumatların Reyestrə təqdim edilməsini;

1.3.3. məlumatların Reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini;

1.3.4. məhdudiyyət və qadağaların qeydiyyatını.

1.4. Reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir.

1.5. Reyestrə daxil edilən məlumatlar Milli arxiv fondu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq saxlanılır.

 

2. Reyestrin aparılmasının məqsədi

 

2.1. Reyestrin aparılmasında məqsəd yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir.

 

3. Reyestrə daxil edilən məlumatların tərkibi

 

3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır:

3.1.1. tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən:

3.1.1.1. obyektin tikintisinə icazənin surəti;

3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması;

3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat;

3.1.1.6. Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi.[1]

3.1.2. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilir:

3.1.2.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları;

3.1.2.2. tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası;

3.1.2.3. tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi;

3.1.2.4. tikinti obyektinin istismar təyinatı;

3.1.2.5. tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki);

3.1.2.6. Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi;

3.1.2.7. tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı.

3.1.3. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi).

3.1.4. Yerli icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri.

3.1.5. Məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektlərinin tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin surəti.[2]

 

4. Təqdim edilən sənəd və məlumatların Reyestrə daxil edilməsi və kodlaşdırılması

 

4.1. Reyestr respublikanın inzibati ərazi vahidləri üzrə kağız üzərində və elektron daşıyıcılarda aparılır.

4.2. Yerli icra hakimiyyəti orqanı tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş yerli icra hakimiyyəti orqanına göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır.[3]

4.2-1. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə yerli icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Reyestrin internet səhifəsində yerləşdirilir. [4]

4.2-2. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində yerli icra hakimiyyəti orqanına göndərir və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Reyestrə göndərə və ya bilavasitə təqdim edə bilər.

4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş yerli icra hakimiyyəti orqanına əsaslandırılmış imtina məktubu göndərilir. Yerli icra hakimiyyəti orqanı çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir.

4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.

4.5. Reyestr kitabı keyfiyyətli kağızdan hazırlanır, möhkəm cildlənir və qaytanlanır.

4.6. Reyestrdə qeydə alınmış tikintilərə verilən kodlar aşağıdakı kimi formalaşır:

4.6.1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin tərtib etdiyi İnzibati-ərazi bölgüsü təsnifatına əsasən inzibati ərazi kodu;

4.6.2. tikinti yerləşdiyi torpaq sahəsinin mülkiyyət forması (dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət olması);

4.6.3. bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu;

4.6.4. Reyestr kitabında qeydə alındığı nömrə və bu nömrənin verildiyi ay və il.

Məsələn: 30900002-1-1101-000001/0112

burada : 30900002- Sumqayıt inzibati-ərazi bölgüsü təsnifatına əsasən inzibati ərazi kodu; 1-tikinti yerləşən torpaq sahəsinin mülkiyyət növü yəni dövlət mülkiyyəti; 1101-bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu - yəni çoxmənzilli çoxmərtəbəli yaşayış binası; 000001- reyestr kitabında qeydə alındığı nömrə; 0112-isə tikintinin qeydə alındığı ay və ildir (2012-ci il yanvar).

4.7. Tikinti obyektinin istismarına icazə verilməsinə dair qərar qəbul edildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, yerli icra hakimiyyəti orqanları bu Qaydaların 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş sənədləri 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir və 3 (üç) iş günü müddətində bu məlumatlar Reyestrin internet səhifəsində yerləşdirilir. [5]

4.8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci, yerli icra hakimiyyəti orqanları isə 95.4-cü maddələrinə müvafiq olaraq sökülməsinə dair qərar qəbul edilmiş tikintilər barədə məlumatları müvafiq qərar qəbul etdikləri tarixdən 10 (on) gün müddətində Reyestrə təqdim edirlər. Bu məlumatlar tikinti Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir.

 

5. Yekun müddəa

 

5.1. Bu Qaydalara Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla dəyişiklik edilə bilər.

 


 

 

Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarına

Əlavə

 

 

 

Azərbaycan Respublikası

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

 

Tikintilərin Dövlət Reyestri

Tikinti obyektlərinə verilən koda dair

Şəhadətnamə

 

 

Seriya AZE _________

 

 

Verilir___________________________________________________________________________

(kod təqdim edilən hüquqi və ya fiziki şəxsin adı və ünvanı)

________________________________________________________________________________

(tikintinin adı və ya təyinatı)

________________________________________________________________________________

(tikinti yerləşdiyi ünvan)

________________________________________________________________________________

(tikintinin Dövlət Reyestrində qeydəalınma nömrəsi və tarixi)

________________________________________________________________________________

(tikintiyə verilən kodun nömrəsi və tarixi)

 

Müəssisənin (təşkilatın) rəhbəri _________________________________

(imzası adı və soyadı)

 

M.Y.

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       31 mart 2017-ci il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 04 aprel 2017-ci il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 514)

2.       20 iyul 2018-ci il tarixli 313 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti 24 iyul 2018-ci il, 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, II kitab, maddə 1646)

3.       23 fevral 2019-cu il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 26 fevral 2019-cu il, 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 2, maddə 358)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 fevral 2019-cu il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 26 fevral 2019-cu il, 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 2, maddə 358) ilə Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının 3.1.1.5-ci yarımbəndinin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.1.1.6-cı yarımbənd əlavə edilmişdir.

 

[2] 31 mart 2017-ci il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 04 aprel 2017-ci il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 514) ilə Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının 3.1.5-ci yarımbənddən , tikintisi başa çatmış sözləri çıxarılmışdır və həmin yarımbənddə memarlıq-planlaşdırma bölməsinin sözləri yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin sözləri ilə əvəz edilmişdir.

 

[3] 20 iyul 2018-ci il tarixli 313 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti 24 iyul 2018-ci il, 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, II kitab, maddə 1646) ilə Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının 4.2-ci bəndində 10 (on) gün sözləri 3 iş günü sözləri ilə əvəz edilmişdir.

 

[4] 31 mart 2017-ci il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 04 aprel 2017-ci il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 514) ilə Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarına yeni məzmunda 4.2-1-ci və 4.2-2-ci bəndlər əlavə edilmişdir.

 

[5] 31 mart 2017-ci il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 04 aprel 2017-ci il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 514) ilə Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarına 4.7-ci bəndə qərar qəbul edildiyi gündən sözlərindən sonra , habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, sözləri əlavə edilmişdir.