Azərişıq Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərişıq Açıq Səhmdar Cəmiyyətində (bundan sonra Cəmiyyət) səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirmək aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

1.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

1.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

1.1.2. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;

1.1.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

1.1.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi; [1]

1.1.5. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

1.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

1.2.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

2. Müəyyən edilsin ki, Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 may 2015-ci il

1206

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 26 fevral 2016-cı il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 27 fevral 2016-cı il, 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 345)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 fevral 2016-cı il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 27 fevral 2016-cı il, 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 345) ilə 1.1.4-cü yarımbəndində bağlanmasına razılıq verilməsi sözləri , eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi sözləri ilə əvəz olunmuşdur.