“Tikintilərin
Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi,
həmin məlumatların təqdim edilməsi və reyestrin
aparılması Qaydaları”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının
1.6.26-cı yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Tikintilərin Dövlət
reyestrinə daxil edilən məlumatların tərkibi, həmin
məlumatların təqdim edilməsi və reyestrin
aparılması Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
Azərbaycan
Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 12 yanvar 2015-ci il
¹ 4
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il
12 yanvar tarixli 4 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Tikintilərin
Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi,
həmin məlumatların təqdim edilməsi və reyestrin
aparılması
QAYDALARI
1. Ümumi
müddəalar
1.1. Tikintilərin
Dövlət reyestrinə (bundan
sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin
məlumatların təqdim edilməsi və reyestrin
aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının
1.6.26-cı yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə
hazırlanmışdır və şəhərsalma və
tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin
tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların
tərkibini, həmin məlumatların təqdim edilməsi və
reyestrin aparılması qaydalarını tənzimləyir.
1.2. Reyestr tikilən,
istismar edilən, sökülən tikinti obyektləri barədə
və ərazi planlaşdırılmasının sabitliyinin təmin
edilməsi məqsədi ilə planlaşdırılacaq ərazidə
tikinti niyyətinin həyata keçirilməsi ilə
bağlı, habelə həmin ərazidə yerləşən
torpaq sahələrində onların dəyərini əhəmiyyətli
şəkildə artıran dəyişikliklər edilməsi
ilə bağlı qadağaların qeydiyyatını
aparmaqdan ibarətdir.
1.3. Bu Qaydalar
aşağıdakıları müəyyən edir:
1.3.1. Reyestrə daxil
edilən tikinti obyektlərinə dair məlumatları və onların tərkibini;
1.3.2. məlumatların
Reyestrə təqdim edilməsini;
1.3.3. məlumatların
Reyestrə daxil olunmasından imtina edilməsini və imtina
edilmənin əsaslarını və müddətini;
1.3.4. məhdudiyyət və
qadağaların qeydiyyatını.
1.4. Reyestrin
aparılması Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən
büdcə vəsaiti
hesabına həyata keçirilir.
1.5. Reyestrə daxil edilən
məlumatlar “Milli arxiv fondu haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq
saxlanılır.
2. Reyestrin
aparılmasının məqsədi
2.1. Reyestrin
aparılmasında məqsəd – yerli icra hakimiyyəti
orqanı və ya bələdiyyə tərəfindən nəzərdə
tutulmuş qadağa və məhdudiyyətləri, tikilən,
istismar edilən və sökülən tikintiləri qeydə
almaqla, onların istifadəsi, planlaşdırılmasına
dair dövlət orqanlarını və bələdiyyələri,
hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla
təmin etməkdən ibarətdir.
3. Reyestrə
daxil edilən məlumatların tərkibi
3.1. Reyestrə daxil edilən
məlumatların tərkibi aşağıdakılardır:
3.1.1. tikintiyə icazə
verən yerli icra hakimiyyəti orqanı tərəfindən
Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə
dair sənəd və məlumatlar, o cümlədən:
3.1.1.1. obyektin tikintisinə
icazənin surəti;
3.1.1.2.
sifarişçinin torpaq sahəsi üzərində
mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq
edən sənədin surəti;
3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin
müfəssəl planından çıxarış və ya
təsdiq edilmiş şəhərsalma əsaslandırılması;
3.1.1.4. tikinti layihəsinin
memarlıq-planlaşdırma bölməsi;
3.1.1.5. tikinti
obyektinin əsas texniki göstəriciləri,
yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin
koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində
nəzərdə tutulan sənədlərdə göstərilmədiyi
hallarda), situasiya planı və
təyinatı barədə məlumat.
3.1.2. Tikinti obyektinin
istismarına icazə verilməsi ilə bağlı
aşağıdakı məlumatlar yerli icra hakimiyyəti
orqanı tərəfindən
Reyestrə təqdim edilir:
3.1.2.1. tikinti obyektinin
ünvanı və onun döngə nöqtələrinin
koordinatları;
3.1.2.2. tikinti obyektinin
istismarına icazə verən orqanın adı və
ünvanı, eləcə də həmin orqanın vəzifəli
şəxsinin adı, soyadı, vəzifəsi və
imzası;
3.1.2.3. tikinti obyektinin
istismarına icazə verildiyi tarix və icazənin nömrəsi;
3.1.2.4. tikinti obyektinin
istismar təyinatı;
3.1.2.5. tikinti obyektinin əsas
texniki göstəriciləri (layihə üzrə və
faktiki);
3.1.2.6. Reyestr tərəfindən
tikinti obyektinə verilmiş kodun nömrəsi;
3.1.2.7. tikinti obyektinin
şəhərsalma və tikintiyə dair normativ sənədlərin
tələblərinə və tikinti layihəsinə uyğun
inşa edilməsini və tikintiyə dövlət nəzarətinin
həyata keçirilməsinin başa çatmasını əks
etdirən istismara hazırlıq aktı.
3.1.3. Sökülməsi
nəzərdə tutulan tikinti obyektləri barədə məlumat
(ünvanı, ümumi sahəsi
və həcmi).
3.1.4. Yerli icra hakimiyyəti
orqanı və ya bələdiyyələr tərəfindən
ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin
tətbiqi ilə bağlı sənədlərin surətləri.
3.1.5. Məlumatlandırma
icraatının tətbiq olunduğu, tikintisi başa
çatmış tikinti obyektlərinin tikinti layihəsinin
memarlıq-planlaşdırma bölməsinin surəti.
4. Təqdim
edilən sənəd və məlumatların Reyestrə daxil
edilməsi və kodlaşdırılması
4.1. Reyestr
respublikanın inzibati ərazi vahidləri üzrə
kağız üzərində və elektron
daşıyıcılarda aparılır.
4.2. Yerli icra hakimiyyəti
orqanı tikintiyə icazə verdiyi tarixdən 10 (on) gün
müddətində bu Qaydaların
3.1.1-ci yarımbəndində nəzərdə
tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar
Reyestr kitabında qeydə alınır, 3 (üç) iş
günü müddətində elektron bazaya daxil edilməklə,
tikinti obyektinə kod verilir və
bu barədə bu Qaydalara Əlavədə göstərilən
Şəhadətnamə məlumatları təqdim etmiş
yerli icra hakimiyyəti orqanına göndərilir. Kağız
və elektron daşıyıcılarda qeydə
alınmış göstəricilər bir-birinə uyğun
olmalıdır. Fərq aşkar edilərsə, kağız
üzərində olan yazılara üstünlük verilir.
Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd
və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə
həmin tikintilərdə müvafiq dəyişikliklər
edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar
aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin
yazılı göstərişi əsasında Reyestrdə
müvafiq dəyişikliklər aparılır.
4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd
olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə
təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə
alınmır və bu barədə 3 (üç) iş
günü müddətində
məlumatları təqdim etmiş yerli icra hakimiyyəti
orqanına əsaslandırılmış imtina məktubu
göndərilir. Yerli icra hakimiyyəti orqanı
çatışmayan sənəd və məlumatları
imtina məktubunu aldığı tarixdən 5 (beş) iş
günü müddətində Reyestrə təqdim edir.
4.4. Reyestrin
yaranmasından əvvəl tikintisinə
başlanılmış, lakin
istismarına icazə verilməmiş tikinti obyektlərinə
dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə
tutulan məlumat və sənədlər
yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən
Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.
4.5. Reyestr kitabı
keyfiyyətli kağızdan hazırlanır, möhkəm
cildlənir və qaytanlanır.
4.6. Reyestrdə qeydə
alınmış tikintilərə verilən kodlar
aşağıdakı kimi formalaşır:
4.6.1. Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin tərtib etdiyi “İnzibati-ərazi bölgüsü təsnifatı”na əsasən
inzibati ərazi kodu;
4.6.2. tikinti yerləşdiyi
torpaq sahəsinin mülkiyyət forması (dövlət
mülkiyyəti, bələdiyyə mülkiyyəti,
xüsusi mülkiyyət olması);
4.6.3. bina və
qurğuların funksional təyinatına görə təsnifatı
üzrə kodu;
4.6.4. Reyestr kitabında
qeydə alındığı nömrə və bu nömrənin
verildiyi ay və il.
Məsələn:
30900002-1-1101-000001/0112
burada : 30900002-
Sumqayıt inzibati-ərazi
bölgüsü təsnifatına əsasən inzibati ərazi
kodu; 1-tikinti yerləşən torpaq sahəsinin mülkiyyət
növü – yəni dövlət mülkiyyəti; 1101-bina və
qurğuların funksional təyinatına görə təsnifatı
üzrə kodu - yəni çoxmənzilli çoxmərtəbəli
yaşayış binası; 000001- reyestr kitabında qeydə
alındığı nömrə; 0112-isə tikintinin qeydə
alındığı ay və ildir (2012-ci il yanvar).
4.7. Tikinti obyektinin istismarına icazə verilməsinə
dair qərar qəbul edildiyi gündən yerli icra hakimiyyəti
orqanları bu Qaydaların 3.1.2-ci yarımbəndində nəzərdə
tutulmuş sənədləri 5
(beş) iş günü müddətində Reyestrə təqdim
edir və 3 (üç) iş günü müddətində
bu məlumatlar Reyestrin internet səhifəsində yerləşdirilir.
4.8. Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə
nəzarət Dövlət Agentliyi Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
95.2-ci, yerli icra hakimiyyəti orqanları isə 95.4-cü maddələrinə
müvafiq olaraq sökülməsinə dair qərar qəbul
edilmiş tikintilər barədə məlumatları
müvafiq qərar qəbul etdikləri tarixdən 10 (on)
gün müddətində Reyestrə təqdim edirlər. Bu məlumatlar
tikinti Reyestr kitabında qeydə alınır, 3 (üç)
iş günü müddətində elektron bazaya daxil edilir.
5. Yekun
müddəa
5.1. Bu Qaydalara Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırılmaqla dəyişiklik edilə bilər.
|
“Tikintilərin Dövlət
reyestrinə daxil edilən məlumatların tərkibi, həmin
məlumatların təqdim edilməsi və reyestrin
aparılması Qaydaları”na Əlavə |
|
|
|
|
Azərbaycan
Respublikası Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi Tikintilərin Dövlət
Reyestri Tikinti obyektlərinə
verilən koda dair Şəhadətnamə |
||
|
Seriya
AZE ¹_________ |
|
|
|
|
Verilir___________________________________________________________________________ (kod təqdim
edilən hüquqi və ya fiziki şəxsin adı və
ünvanı) ________________________________________________________________________________ (tikintinin
adı və ya təyinatı) ________________________________________________________________________________ (tikinti
yerləşdiyi ünvan) ________________________________________________________________________________ (tikintinin
Dövlət Reyestrində qeydəalınma nömrəsi və
tarixi) ________________________________________________________________________________ (tikintiyə
verilən kodun nömrəsi və tarixi) Müəssisənin
(təşkilatın) rəhbəri
_________________________________ (imzası
adı və soyadı) M.Y. |
||