Azərişıq Açıq Səhmdar Cəmiyyəti haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakıelektrikşəbəkə Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Azərişıq Açıq Səhmdar Cəmiyyəti adlandırılsın.

2. Müəyyən edilsin ki, Azərişıq Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. iki ay müddətində:

3.1.1. Azərbaycan Respublikasının ərazisində Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin Azərişıq Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və Azərenerji Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların Azərişıq Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün;

3.1.2. Azərenerji Açıq Səhmdar Cəmiyyətinin və Azərişıq Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.3. Azərenerji Açıq Səhmdar Cəmiyyətinin və Azərişıq Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərenerji Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 3.1.1-ci yarımbəndində göstərilənlərin yerinə yetirilməsi üçün tədbirlər görsün.

5. Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikasında bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan funksiyaları Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi həyata keçirir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 fevral 2015-ci il

1045