Balıqçılıq haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Bu Qanun Azərbaycan Respublikasında balıqçılığın, o cümlədən akvakulturanın təşkilinin, idarə edilməsinin balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.[1]

 

I fəsil

Ümumi müddəalar

 

Maddə 1. Əsas terminlər və anlayışlar[2]

 

Bu Qanunda istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir:

balıqçılıq - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi;

balıqçılıq su obyektləri - balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, ovlanması, toplanması və akvakultura üçün istifadə edilən təbii və ya süni yaradılmış su hövzələri;

balıq və digər su bioresursları - balıqçılıq su obyektlərində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq, digər su heyvanları və bitkilərinin, onların məhsullarının, o cümlədən kürülərinin və sürfələrinin, toxumlarının mütləq kütləsi;

balıqartırma - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni yolla artırılması, yetişdirilməsi və bərpası üzrə fəaliyyət;

balıqyetişdirmə - süni yaradılmış balıqçılıq su obyektlərində mayalanmış balıq kürüsünün inkubasiyası, körpə balıqların və digər su bioresurslarının bəslənməsi və yetişdirilməsi;

balıq və digər su bioresurslarının bərpası - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının təbii ehtiyatlarının tükənməsinin qarşısını almağa yönələn tədbirlər;

akvakultura - balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyət;

balıqmühafizə - təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının qorunmasına, onların ovunun tənzimlənməsinə, bərpasına və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə nəzarət;

balıq məhsulu - balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən balıqçılıq obyektləri;

balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti - balıq və digər su bioresurslarının bəslənməsi, yetişdirilməsi, saxlanması üçün xüsusi olaraq yaradılmış və tənzimlənən şəraitə malik nohurlar, hovuzlar, su təchizatı sistemi olan sənaye qurğuları, göl və dəniz qəfəsləri, balıqyetişdirməyə uyğunlaşdırılmış digər yerlər;

balıqçılıq təsərrüfatı meliorasiyası - balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə balıqçılıq su obyektlərinin çirklənməsinin, zibillənməsinin və lillənməsinin qarşısının alınmasına, sərt gövdəli su bitkilərindən təmizlənməsinə, suların aerasiyası, habelə balıq və digər su bioresurslarının məskunlaşdığı, qidalandığı, nəsil artırdığı, yetişdiyi və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılmasına yönələn tədbirlər;

balıq və digər su bioresurslarının iqlimləşdirilməsi - balıq və digər su bioresurslarının bu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılması.

 

Maddə 2. Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi[3]

 

Balıqçılıq haqqında qanunvericilik bu Qanundan, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir.[4]

Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə əlaqədar meydana çıxan su, torpaq, əmlak, ətraf mühitin mühafizəsi, balıq məhsulunun minimum keyfiyyətinin idarə olunması və digər münasibətlər bu Qanun nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.[5]

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi qaydaları bu Qanunla yanaşı, Azərbaycan Respublikasının su qanunvericiliyi, Azərbaycan Respublikası ilə Xəzəryanı dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələr və digər beynəlxalq hüquq normaları əsasında tənzimlənir.[6]

Sərhəd su obyektlərində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi qaydaları su və dövlət sərhəddi haqqında Azərbaycan Respublikasının qanunvericilik aktları, tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla bu Qanunla tənzimlənir.[7]

 

Maddə 3. Balıq və digər su bioresursları üzərində mülkiyyət[8]

 

Balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.

Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur.

Bələdiyyə mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətindədir.

Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur.

 

Maddə 4. Balıqçılıq fəaliyyətinin obyektləri və subyektləri[9]

 

Ərzaq və xammal kimi istifadə edilə bilən və mühafizə olunan balıq və digər su bioresursları, onların məhsulları balıqçılıq obyektləridir.[10]

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, mühafizəsi, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan hüquqi və fiziki şəxslər balıqçılıq fəaliyyətinin subyektləridir.[11]

 

Maddə 5. Balıqçılıq subyektlərinin uçotu[12]

 

Balıqçılıq subyektlərinin uçotu müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 6. Balıqçılıq əhəmiyyətli su obyektləri[13]

 

Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün istifadə edilən aşağıdakı su hövzələri balıqçılıq su obyektləridir:[14]

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;

çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti;[15]

dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən yerüstü su obyektləri.

Su obyektlərinin balıqçılıq ehtiyatları üçün istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

II fəsil

Balıqçılıq sahəsində dövlətin vəzifələri

 

Maddə 7. Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri[16]

 

Balıqçılıq sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi;

balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hövzəçilik prinsipi əsasında idarə edilməsi;

balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsi;

balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsi;

balıqçılıq sahəsində idarəetmə funksiyaları ilə balıq və digər su bioresurslarının istifadəsi funksiyalarının ayrılması;

balıq və digər su bioresurslarından istifadənin qanunla müəyyən edilən hallar istisna olmaqla, ödənişli olması;

balıq və digər su bioresurslarının ov həcmi müəyyən edilərkən ekoloji, sosial, iqtisadi amillərin, o cümlədən balıq məhsulunun istehsalı və satışı haqqında məlumatların nəzərə alınması;

qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejiminin müəyyən edilməsi, onların ovunun məhdudlaşdırılması və ya qadağan edilməsi;

akvakulturanın davamlı inkişafı məqsədi ilə ekoloji, iqtisadi və sosial maraqların elmi cəhətdən əsaslandırılmış uyğunluğunun təmin edilməsi;

akvakultura təsərrüfatının layihələndirilməsi və tikintisində balıqçılıq su obyektləri sahələrinin qonşu ərazilərin təbii və sosial-iqtisadi xüsusiyyətləri ilə uzlaşdırılması;

akvakultura təsərrüfatının yarada biləcəyi zərərli təsirlərin istisna edilməsi.

 

Maddə 8. Balıqçılıq sahəsində dövlətin vəzifələri[17]

 

Balıqçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

balıqçılıq sahəsində dövlət siyasətini həyata keçirmək;

balıqçılıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;

balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək;

balıq və digər su bioresurslarının artırılması, bərpası, mühafizəsi, iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı monitorinqi, kadastrı və meliorasiyası işlərini təşkil etmək;

Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejimi və xüsusi mühafizə olunan su sahələrini (akvatoriyalarını) müəyyən etmək;

balıqçılıq sahəsində texniki normativ hüquqi aktları, balıqçılığın inkişafının elmi əsaslarını hazırlamaq və təsdiq etmək;

balıq və digər su bioresurslarının ovu və toplanmasının limitlərini (kvotalarını) müəyyən etmək və tənzimlənməsini həyata keçirmək;

balıq və digər su bioresurslarının vəziyyətinə təsir edən müəssisələrin, texniki qurğuların, digər su təsərrüfatı və energetika obyektlərinin tikintisi, yenidən qurulması layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanmış ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizasını keçirmək;[18]

balıqçılıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.

 

III fəsil

Balıq və digər su bioresurslarından istifadə[19]

 

Maddə 9. Balıq və digər su bioresurslarından istifadə formaları[20]

 

Balıq və digər su bioresurslarından istifadə aşağıdakı formalarda həyata keçirilir:

balıq və digər su bioresurslarının ovu və toplanması (bundan sonra balıq və digər su bioresurslarının ovu);

akvakultura.

Balıq və digər su bioresurslarının ovu aşağıdakı məqsədlər üçün həyata keçirilir:

balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu;

balıq və digər su bioresurslarının akvakultura üçün ovu;

balıq və digər su bioresurslarının elmi-tədqiqat, təhsil, maarifləndirmə və nəzarət üçün ovu;

balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün ovu.

İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıqovlama bileti əsasında həyata keçirilir.

Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu ödənişlidir.

Balıq və digər su bioresurslarının ovu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.

Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilir.

Ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Balıq və digər su bioresurslarının ovuna aşağıdakı kvota növləri tətbiq edilir:

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar;

başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar;

elmi-tədqiqat və nəzarət məqsədilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;

təhsil və maarifləndirmə məqsədilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;

akvakultura məqsədilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;

balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar.

Balıq və digər su bioresurslarının ovu üçün kvotaların balıqçılıq subyektləri arasında bölünmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 10. Balıq və digər su bioresurslarının sənaye ovu[21]

 

Dövlət mülkiyyətində olan balıqçılıq su obyektləri və ya onların bir hissəsi, Azərbaycan Respublikasının Su Məcəlləsində və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada balıq və digər su bioresurslarının sənaye ovu üçün istifadəyə verilir.[22]

Balıq və digər su bioresurslarının sənaye ovu üçün ayrılmış dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin sahili boyu ov alətlərinin təmiri və qurulması, gəmilərin və qayıqların yan alması, habelə yaşayış və istehsalat təyinatlı binaların yerləşdirilməsi məqsədilə, su qanunvericiliyində müəyyən edilmiş qaydada quru zolaqlar (vətəgə sahələri) ayrılır.[23]

Balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müqavilə ilə sərhədləri bilinən vətəgə sahələri ayrılır.

Vətəgə sahələrinin ayrılması haqqında müqavilədə ovlanan balıq və digər su bioresurslarının miqdarı, növləri və ölçüləri, balıq tutmaq üçün qadağan olunan ov alətləri, texniki vasitələr, digər qaydalar və şərtlər müəyyən edilir.[24]

Sənaye balıq ovu ödənişlidir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş balıqovlama biletləri əsasında həyata keçirilir.[25]

Balıq və digər su bioresurslarının sənaye ovu üçün ayrılmış balıqçılıq su obyektlərindən və ya onların müəyyən hissələrindən istifadə edən hüquqi və fiziki şəxslər vətəgə sahələrini çirklənmədən və zibillənmədən qorumalı, ov alətlərinin qurulduğu yerləri lazımi sanitariya vəziyyətində saxlamalıdırlar.[26]

Balıq və digər su bioresurslarının sənaye ovu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında həyata keçirilir.[27]

 

Maddə 11. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu[28]

 

Balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur.[29]

Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən Azərbaycan Respublikasının Su Məcəlləsinə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər.[30]

Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya onların müəyyən hissəsinin ayrılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.[31]

Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu su obyektlərinin istifadəçiləri və mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir.[32]

İdman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarı və ölçüləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada məhdudlaşdırıla bilər.

İdman və həvəskar ov nəticəsində ovlanan balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.

Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün ayrılmış balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının kütləvi qırğınına səbəb ola bilən zəhərli, kimyəvi və partlayıcı maddələrin, habelə qadağan olunmuş ov alətlərinin tətbiqi qadağan olunur.[33]

Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında həyata keçirilir.[34]

 

Maddə 12. Akvakultura[35]

 

Akvakultura balıqçılıq su obyektlərində bioloji və texnoloji əsaslandırma əsasında həyata keçirilir. Akvakulturanın həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Balıqçılıq su obyektlərində akvakulturanın həyata keçirilməsi üçün akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyata alınır. Bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulur.

Bioloji və texnoloji əsaslandırmada akvakultura təsərrüfatının məqsədi, yerləşmə sxemi, bu fəaliyyəti həyata keçirmək üçün tələb olunan və iqlimləşdirilən balıq və digər su bioresurslarının növləri, onların bioloji xüsusiyyətləri və əldə olunma mənbəyi, tətbiq olunacaq texnologiyalar və balıqçılıq meliorasiyası işləri, balıq məhsulu istehsalının həcmi, istifadə ediləcək su obyektinin xarakteristikası, obyektdəki suyun həcmi və balıq tutumu, enerji sərfiyyatı, istifadə ediləcək yem növləri, tullantıların növləri və miqdarı əks etdirilir. Bioloji və texnoloji əsaslandırmanın nümunəvi forması və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Akvakultura üçün bioloji və texnoloji əsaslandırma nərəkimilərə münasibətdə 25 illik, başqa növ balıq və digər su bioresurslarına münasibətdə isə 10 illik müddətə hazırlanır.

Akvakulturanın istiqaməti dəyişdirildikdə, təsərrüfat yenidən qurulduqda və ya genişləndirildikdə bioloji və texnoloji əsaslandırmaya müvafiq dəyişikliklər edilir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun və akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan xüsusi qurğuların və texnologiyaların təsnifatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Akvakultura təsərrüfatında istehsal edilən balıq məhsulunun ümumi həcmindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada akvakultura subyektləri bioloji və texnoloji əsaslandırma hazırlamaqdan azad edilirlər.

Əmtəə məhsulu istehsalı və rekreasiya məqsədilə törədici balıqların və onların sürülərinin yaradılması, saxlanması, istifadəsi, uçotu akvakultura subyektləri tərəfindən həyata keçirilir.

Balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici balıqların və onların sürülərinin yaradılması, saxlanması və istifadəsi üzrə texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

Balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici balıqların və onların sürülərinin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Akvakultura üçün endemik, genetik modifikasiya olunmuş və toksik balıq və digər su bioresurslarından istifadəyə yol verilmir.

Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.

 

Maddə 13. Balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi

 

Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər.

Balıq məhsulları “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq qablaşdırılır və etiketləşdirilir.[36]

Ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir.[37]

Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr şəhərlərdə və Xəzər dənizinin sahillərində balıq məhsullarının satışı üzrə ixtisaslaşdırılmış bazarların təşkili üçün müvafiq torpaq sahələri ayırırlar.

İxtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Balıq məhsullarının idxal və ixracı “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.[38]

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa şərtlər nəzərdə tutulmamışdırsa, balıq məhsullarının idxal və ixrac edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir.[39]

 

Maddə 14. Balıq və digər su bioresurslarından istifadə hüququnun əldə edilməs[40]

 

Balıq və digər su bioresurslarından istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilir.

Balıq və digər su bioresurslarından istifadənin xüsusi icazə tələb edən növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[41]

 

Maddə 15. Balıqçılıq fəaliyyəti subyektlərinin hüquqları[42]

 

Balıqçılıq fəaliyyəti subyektləri aşağıdakı hüquqlara malikdirlər:

sahibkarlıq fəaliyyətini müstəqil qurmaq;

qanunvericilikdə nəzərdə tutulmuş qaydada ovlanmış və istehsal edilmiş məhsullara sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək;

əmtəə məqsədilə yetişdirmək üçün balıqartırma müəssisələrindən körpə balıqlar almaq;[43]

balıqmühafizə orqanlarından balıq və digər su bioresurslarının ovu üçün balıqovlama bileti və icazə vərəqələri tələb etmək;[44]

balıqçılıq əhəmiyyətli su obyektlərinin sahili boyu quru zolaqlardan istifadə etmək və onlara təhkim edilmiş vətəgə sahələrində balıq və digər su bioresurslarının ovu alətləri, texniki vasitələri saxlamaq, quraşdırmaq, müvəqqəti yaşayış və istehsalat təyinatlı binalar tikmək;[45]

mülkiyyətlərində və ya istifadələrində olan torpaqlarda yerləşən nohurlardan, axmazlardan, gölməçələrdən akvakultura üçün istifadə etmək;[46]

balıqçılıq sahəsində keçirilən konfranslarda, simpoziumlarda, sərgilərdə və hərraclarda iştirak etmək və müvafiq orqanlardan müəyyən olunmuş qaydada elmi, texnoloji, statistik və digər məlumatlar almaq;[47]

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

Maddə 16. Balıq və digər su bioresurslarından istifadə hüquqlarının dayandırılması[48]

 

Balıqçılıq fəaliyyəti subyektlərinin balıq və digər su bioresurslarından istifadə hüquqları aşağıdakı hallarda dayandırılır:[49]

balıq və digər su bioresurslarının istifadəsindən könüllü imtina edildikdə;[50]

balıqçılıq üzrə sahibkarlıq fəaliyyəti dayandırıldıqda;

balıq və digər su bioresurslarından istifadə hüququ başa çatdıqda;

balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr verilmədikdə;

balıqçılıq su obyektlərində ətraf mühitin mühafizəsi, sanitariya qaydaları pozulduqda və su obyektlərindən başqa məqsədlər üçün istifadə edildikdə;[51]

balıqçılıq su obyektlərində müqavilə şərtləri pozulduqda və ya bu sahələr qeyri-qanuni olaraq başqa şəxslərin istifadəsinə verildikdə;[52]

balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi mütəmadi olaraq pozulduqda.

Balıq və digər su bioresurslarından istifadə hüquqlarının dayandırılması müvafiq hallarda məhkəmənin və müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir.

 

Maddə 17. Balıqçılıq fəaliyyəti subyektlərinin vəzifələri[53]

 

Balıqçılıq fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır:

balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək;

balıq və digər su bioresurslarından balıqovlama biletində, bioloji və texnoloji əsaslandırmada göstərilən müddətlər, ölçülər və növlər hüququnda istifadə etmək;[54]

balıq və digər su bioresurslarının məskunlaşdığı təbii şəraitə mənfi təsir göstərə bilən yeni balıq və digər su bioresursları növlərinin , digər su heyvanları və bitkilərinin mühitə uyğunlaşdırılmasına yol verməmək;[55]

balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının məhsuldarlığının yüksəldilməsinə yönəldilən balıqçılıq təsərrüfatı meliorasiyası işləri aparmaq;[56]

balıqçılıq su obyektlərində suyun keyfiyyətinin müvafiq standartlara uyğun olmasını təmin etmək;[57]

satışa çıxarılan balıq və digər su heyvanları məhsullarına, onların mənşəyini, keyfiyyətini, növünü və həcmini əks etdirən müşayiətedici sənədlər təqdim etmək;[58]

müvafiq icra hakimiyyəti orqanının yazılı göstərişlərinə əməl etmək;

balıqçılıq fəaliyyəti üzrə sanitariya, baytarlıq, fitosanitar və karantin qaydalarına riayət etmək;[59]

bioloji və texnoloji əsaslandırmada nəzərdə tutulmayan balıq və digər su bioresursları növlərindən və balıq yemləri standartlarına uyğun olmayan yemlərdən istifadə etməmək;[60]

müəyyən edilmiş qaydada uçot-hesabat işləri aparmaq və müvafiq orqanlara məlumat vermək;

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV fəsil

Balıq və digər su bioresurslarının artırılması, bərpası və mühafizəsi[61]

 

Maddə 18. Balıq və digər su bioresurslarının artırılması və bərpası[62]

 

Balıq və digər su bioresurslarının artırılması və bərpası balıqçılıq su obyektlərində onların növlərinin təbii ehtiyatlarının qorunub saxlanması və akvakulturanın inkişafının təmin edilməsi məqsədilə aparılır.[63]

Balıq və digər su bioresurslarının artırılması və bərpası ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və bu işlərin aparılması üçün müvafiq texniki imkanları olan hüquqi və fiziki şəxslər tərəfindən, bioloji və texnoloji əsaslandırma əsasında həyata keçirilir.[64]

Dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması və bərpası müvafiq icra hakimiyyəti orqanı ilə bağlanan müqavilə əsasında həyata keçirilir.[65]

Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş, habelə nərə cinsli və digər qiymətli vətəgə əhəmiyyətli balıq növlərinin artırılması və bərpası müvafiq elmi-tədqiqat müəssisələrinin alimlərinin və yüksək ixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir. Bu proqramların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.[66]

Süni yolla istehsal edilmiş və balıqçılıq su obyektlərinə buraxılmış balıq körpələri müvafiq qaydada uçota alınır.[67]

Balıq və digər su bioresurslarının artırılması və bərpası müvafiq qaydada təsdiq edilmiş təlimatlara uyğun olaraq həyata keçirilir.

 

Maddə 19. Balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması[68]

 

Balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə balıqçılıq su obyektlərində balıqçılıq təsərrüfatı meliorasiyası, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi həyata keçirilir.

Balıqçılıq təsərrüfatı meliorasiyası işləri ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və bu işlərin aparılması üçün müvafiq texniki imkanları olan hüquqi və fiziki şəxslər tərəfindən bioloji və texnoloji əsaslandırmaya uyğun olaraq həyata keçirilir.

Balıqçılıq təsərrüfatı meliorasiyası balıqçılıq su obyektlərinin hidroloji və hidrokimyəvi rejimlərinin optimallaşdırılması, süni kürüləmə yerlərinin salınması və qurulması, ötürücü kanalların və balıq buraxılışı qurğularının tikilməsi, əhəmiyyətsiz növlərin sayının azaldılması, eləcə də balıq və digər su bioresurslarının xammal bazasının formalaşdırılması üçün əlverişli şəraiti təmin edən digər tədbirlər sayəsində həyata keçirilir.

Balıqçılıq təsərrüfatı meliorasiyası akvakultura subyektinin vəsaiti hesabına aparılır.

Təbii balıqçılıq su obyektlərində balıqçılıq təsərrüfatı meliorasiyası müvafiq icra hakimiyyəti orqanın nəzarəti altında həyata keçirilir.

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsindən əvvəl iqlimləşdirilən növlərin bioloji xarakteristikasını, balıqçılıq su obyektinin balıq qəbulu tutumunu və iqlimləşdirilmənin iqtisadi səmərəsini əks etdirən göstəricilər bioloji və texnoloji əsaslandırmaya daxil edilir.

Balıq və digər su bioresursları genofondunun mühafizəsi məqsədilə təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada həyata keçirilə bilər.

Balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının akvakultura məqsədilə istifadəsi bioloji və texnoloji əsaslandırmaya uyğun həyata keçirilir.

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq aparılır.

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Balıqçılıq təsərrüfatı meliorasiyası, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

 

Maddə 20. Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri[69]

 

Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri aşağıdakılardır:

balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsini təmin etmək;

balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi, mühafizəsi və qorunması sahəsində hüquqpozmaların qarşısını almaq və onları aradan qaldırmaq;

akvakulturanın inkişafını təmin edən dövlət, regional və yerli proqramlar hazırlamaq;

akvakultura subyektlərinin bu Qanunun tələblərinə uyğun fəaliyyət göstərməsinə köməklik etmək;

balıq və digər su bioresurslarının ovunun, habelə akvakultura subyektinin fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi hallarını və qaydasını müəyyən etmək.

Təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının qorunmasına, onların ovunun tənzimlənməsinə, bərpasına və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə, habelə akvakultura qaydalarına riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

Maddə 21. Dövlət balıqmühafizə xidmətinin hüquq və vəzifələri[70]

 

Dövlət balıqmühafizə xidmətinin aşağıdakı hüquqları vardır:

balıqçılıq subyektlərinin balıq və digər su bioresurslarının ovu üçün verilmiş balıqovlama biletini, onların fəaliyyətinin balıqovlama biletində müəyyən edilən şərtlərə uyğunluğunu yoxlamaq, balıqovlama biletində müəyyən edilən şərtlərin pozulması və ya balıqovlama bileti olmadan fəaliyyət göstərilməsi hallarında bu Qanunda nəzərdə tutulmuş tədbirlər görmək;[71]

Azərbaycan Respublikasının daxili sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, sərhəd su obyektlərində balıq və digər su bioresurslarını qeyri-qanuni balıq ovlayan, o cümlədən xarici dövlətlərə məxsus gəmiləri, qayıqları, başqa üzən qurğuları saxlamaq və yoxlamaq;[72]

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulması ilə balıq və digər su bioresurslarının ovunu həyata keçirən gəmiləri müvəqqəti saxlamaq və onlar barədə qanunvericilikdə və beynəlxalq hüquqda nəzərdə tutulmuş tədbirlər görmək;[73]

balıq və digər su bioresurslarının qeyri-qanuni balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərin su nəqliyyatı vasitələrini saxlamaq;[74]

balıq və digər su bioresurslarının artırılması, barpası və istifadə sahəsində inzibati xətalar barədə müəyyən edilmiş qaydada protokollar tərtib etmək, cərimələmək, digər tədbirlər görmək;[75]

balıq ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində cinayət və ya inzibati hüquqpozma törətmiş şəxsləri saxlamaq, onları hüquq və mühafizə orqanlarının sərəncamına vermək;[76]

qanunvericiliyə uyğun olaraq balıqçılıq su obyektlərində nəqliyyat vasitələrini saxlamaq, yoxlamaq, zəruri hallarda saxlanılanların şəxsiyyətini müəyyənləşdirmək;[77]

qanunvericiliklə müəyyən edilmiş qaydada xidmət etdikləri ərazidə yerləşən balıq və digər su bioresurslarının ovlanması və artırılması ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə balıqçılıq su obyektləri ətrafında yerləşən sənaye, energetika, kənd təsərrüfatı və digər obyektlərə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmaq və balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsini yoxlamaq;[78]

balıq və digər su bioresurslarının ovu ilə məşğul olan fiziki və hüquqi şəxslərə qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək;[79]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Balıq və digər su bioresurslarının qeyri-qanuni ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərin əldə etdikləri balıq məhsulları və ov alətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada müsadirə edilə bilər.[80]

Dövlət balıqmühafizə xidmətinin vəzifəli şəxslərinin xüsusi geyim forması daşıması, xidməti silah saxlaması və gəzdirməsi Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilir.

Dövlət balıqmühafizə xidmətinin vəzifəli şəxsləri yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada fiziki güc, xüsusi vasitə və odlu silah tətbiq edə bilərlər.

Dövlət balıqmühafizə xidmətinin vəzifələri aşağıdakılardır:[81]

balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsini təmin etmək;

balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi, mühafizəsi və qorunması sahəsində hüquqpozmaların qarşısını almaq və onları aradan qaldırmaq;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda inzibati xətalar haqqında işlərə baxmaq və ya onları baxılması üçün məhkəməyə göndərmək;

balıqçılıq haqqında qanunvericiliyin pozulmasına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada balıq və digər su bioresurslarının ovunun məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi üçün tədbirlər görmək.

 

Maddə 22. Dövlət akvakultura xidmətinin hüquq və vəzifələri[82]

 

Dövlət akvakultura xidmətinin hüquqları aşağıdakılardır:

akvakultura təsərrüfatlarına xidməti vəsiqəni təqdim etməklə daxil olmaq və balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsini yoxlamaq;

akvakultura subyektlərindən akvakultura üçün bioloji və texnoloji əsaslandırmanı tələb etmək;

fəaliyyətin bioloji və texnoloji əsaslandırmanın tələblərinə uyğunluğunu araşdırmaq;

akvakultura subyektlərinə qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Dövlət akvakultura xidmətinin vəzifələri aşağıdakılardır:

akvakulturanın inkişafını təmin edən dövlət, regional və yerli proqramların hazırlanmasında iştirak etmək;

akvakultura subyektlərinə bioloji və texnoloji əsaslandırmanın hazırlanması ilə bağlı məsləhətlər vermək;

akvakultura subyektlərinin bu Qanunun tələblərinə uyğun fəaliyyət göstərməsinə müvafiq köməklik göstərmək;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada akvakultura subyektinin fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi üçün tədbirlər görmək.

 

V fəsil

Balıq və digər su bioresurslarının məskunlaşdığı mühitin mühafizəsi[83]

 

Maddə 23. Balıq və digər su bioresurslarının məskunlaşdığı mühitin mühafizəsinə tələblər[84]

 

Balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə, balıqçılıq su obyektlərinə və sahilboyu zolaqlara (zonalara) zərərli təsir göstərə bilən müəssisələrin, qurğuların, digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istifadəsini həyata keçirən hüquqi və fiziki şəxslər balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yerdəyişməsi və qışlaması üçün əlverişli şərait yaratmalı, onların məskunlaşma və nəsilartırma mühitinin toxunulmazlığını təmin etməlidirlər.[85]

Qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası və qorunması üçün mühüm balıqçılıq su obyektlərində və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin hüquqları balıqçılığın mənafeyi hesabına məhdudlaşdırıla bilər. Belə su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.[86]

 

Maddə 24. Balıqçılıq əhəmiyyətli su obyektlərinin çirklənmədən, zibillənmədən və dayazlaşmadan qorunması[87]

 

Balıqçılıq əhəmiyyətli su obyektlərinin çirklənmədən, zibillənmədən və dayazlaşmadan qorunması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan edilir:

müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan balıqların kürütökmə yerlərində bənd çəkmək və dağılmış bəndləri bərpa etmək;

müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında və kanallarda qalaqlar yaratmaq və ya su axınının qarşısını kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;

balıqçılıq su obyektlərinin üzərindəki qar və buz örtüyünü radioaktiv və zəhərli-kimyəvi maddələrlə, gön-dəri, ağac və neft emalı məhsulları ilə çirkləndirmək və zibilləndirmək, onların tullantılarını balıqçılıq su obyektlərinə axıtmaq;[88]

dibdərinlətmə və dibtəmizləmə işləri zamanı qazılmış torpağı balıqların kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq.

Balıqçılıq əhəmiyyətli su obyektlərinə sənaye, kommunal, məişət, drenaj və digər tullantı sularının axıdılması Azərbaycan Respublikasının su qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

Maddə 25. Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları[89]

 

Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları uzunmüddətli təsiri ilə su obyektlərinin ekosistemində dəyişikliklərə gətirib çıxarmayan antropogen təsirin yol verilən həddinin həcmi və bu obyektə və ya onların sutoplayıcı sahəsinə axıdılan, yaxud daxil ola bilən zərərli maddələrin yol verilən həddinin miqdarı əsasında müəyyən edilir.

Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları və onların təsdiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 26. Balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı monitorinqi[90]

 

Balıqçılıq təsərrüfatı monitorinqi balıqçılıq su obyektlərində baş verən neqativ proseslərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, bu proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, həyata keçirilən balıqmühafizə tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədilə suların hidroloji, ixtioloji və hidrogeoloji göstəricilərinə müntəzəm müşahidə sistemindən ibarətdir.[91]

Balıqçılıq su obyektlərinin balıqtəsərrüfatı monitorinqi ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sisteminin tərkib hissəsidir.[92]

Balıqçılıq su obyektlərinin balıqtəsərrüfatı monitorinqi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aparılır.

 

Maddə 27. Balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı kadastrı[93]

 

Balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı kadastrı balıqçılıq əhəmiyyətli su obyektləri, onların su rejimi, balıq və digər su bioresursları, bu ehtiyatlardan istifadə və istifadəçilər barədə məlumatların məcmusudur.[94]

Balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı kadastrı dövlət ekoloji kadastrın tərkib hissəsidir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır.

 

Maddə 28. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən obyektlərin dövlət ekoloji ekspertizası[95]

 

Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

Balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edən müəssisələr, qurğular və digər obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

 

Maddə 29. Su təsərrüfatı obyektlərinin istismarına dair tələblər

 

Balıqçılıq əhəmiyyətli su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektləri aşağıdakı şərtlərə əməl edilməklə istismar oluna bilər:[96]

su bəndlərinin dövrəsində, balıqların kürütökmə yerlərinə keçidini təmin edən, balıqburaxıcı qurğular quraşdırıldıqda;

balıq və digər su bioresurslarının çoxalma, kürütökmə, qışlama dövründə su anbarlarında suların səviyyəsi tələb olunan həddə saxlanıldıqda;

hidrotexniki, sugötürücü və suburaxıcı qurğular, irriqasiya sistemləri balıqqoruyucu qurğularla təchiz edildikdə;

balıqların kürütökmə və qışlama yerlərində, habelə balıq körpələrinin toplandığı sahələrdə sugötürücü və suburaxıcı qurğular yerləşdirilmədikdə;

kommunal-təsərrüfat, neft-mədən, neft-kimya, neftayırma və balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə zərərli təsir edən digər sənaye obyektlərinin istismarı ekoloji tələblərə cavab verdikdə;

çayların aşağı hissəsində balıq və digər su bioresurslarının artırılmasına münasib şərait yaratmaq məqsədilə su anbarlarının alt hissəsinə kifayət həcmdə su buraxıldıqda.

Balıqçılıq əhəmiyyətli su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istifadəyə verilməsi müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.

 

Maddə 30. Su mühafizə zonaları

 

Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.

Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.

Qiymətli balıq növlərinin kürütökmə yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada balıq və digər su bioresurslarının xüsusi mühafizə rejimi tətbiq edilir.[97]

Xəzər dənizinin (gölünün) və digər balıqçılıq su obyektlərinin sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin kəsilməsi, qırılması və kökündən çıxarılması, qəbiristanlıqların, heyvandarlıq fermalarının, düşərgələrinin, zibilxanaların yerləşdirilməsi, habelə su qanunvericiliyi ilə müəyyən edilmiş digər fəaliyyət növləri qadağan edilir.[98]

Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadə qaydaları Azərbaycan Respublikasının su qanunvericiliyi ilə müəyyən edilir.

 

VI fəsil

Balıqçılığın iqtisadi tənzimlənməsi

 

Maddə 31. Balıqçılığın iqtisadi tənzimlənməsinin əsas prinsipləri

 

Balıqçılığın iqtisadi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

balıq və digər su bioresurslarından istifadəyə ödəmələr, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr;[99]

balıq və digər su bioresurslarının artırılmasının, bərpasının, mühafizəsinin və balıqçılığın elmi təminatının dövlət büdcəsi və büdcədənkənar ödəmələr hesabına maliyyələşdirilməsi;[100]

balıq və digər su bioresurslarına vurulan zərərin kompensasiyası;[101]

balıq və digər su bioresurslarının səmərəli istifadəsi, bərpası və mühafizəsinin stimullaşdırılması;

akvakulturanın iqtisadi stimullaşdırılması;

akvakultura məhsulunun rəqabət qabiliyyətini təmin etmək məqsədilə fiskal siyasətin həyata keçirilməsi.[102]

 

Maddə 32. Balıq və digər su bioresurslarından istifadəyə ödəmələr və qeyri-qanuni ova cərimələr [103]

 

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadə ödənişlidir.[104]

Dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından ödənişli istifadənin məqsədi balıq və digər su bioresurslarının öyrənilməsinə, artırılmasına, bərpasına və mühafizəsinə yönəldilən dövlət xərclərini ödəmək, balıq və digər su bioresurslarından səmərəli istifadə olunmasına və mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yatarmaq və balıqçılığın inkişafına investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir.[105]

Dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr balıq və digər su bioresurslarının növündən, onların ovu üsullarından, ov alətlərinin və texniki vasitələrin növündən, habelə su obyektlərinin təyinatından asılı olaraq differensiallaşdırılır.[106]

Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə ödəmələr bu maddənin üçüncü hissəsində göstərilənlər nəzərə alınmaqla həmin müqaviləyə uyğun həyata keçirilir.[107]

Dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə güzəştlərin tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu Qanunun 32-ci maddəsi akvakultura təsərrüfatlarına şamil edilmir.[108]

 

Maddə 33. Balıq və digər su bioresurslarının artırılmasının, bərpasının, mühafizəsinin və balıqçılığın elmi təminatının maliyyələşdirilməsi[109]

 

Balıq və digər su bioresurslarının artırılmasının, bərpasının, mühafizəsinin, balıqçılığın elmi təminatının və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək məqsədilə su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu yaradılır.

Fond müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və fəaliyyəti həmin orqan tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.

Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və balıqçılıq təsərrüfatı meliorasiyası işləri Fondun vəsaitləri və dövlət vəsaiti hesabına maliyyələşdirilir.

Nərə cinsli balıqların və digər qiymətli balıq növlərinin artırılması və bərpası dövlət tərəfindən stimullaşdırılır.

Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıqartırma, balıqyetişdirmə və balıqçılıq təsərrüfatı meliorasiyası işləri balıqçılıq su obyektlərinin mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçiləri tərəfindən maliyyələşdirilir. Balıqçılığın elmi təminatı məqsədli proqramlar əsasında dövlət vəsaiti və Fondun vəsaiti hesabına müvafiq elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilir.

 

Maddə 34. Balıq və digər su bioresurslarına vurulan zərərin ödənilməsi[110]

 

Təsərrüfat obyektlərinin tikintisindən, istismarından, habelə balıqçılıq su obyektlərində müxtəlif fəaliyyət növlərindən balıq və digər su bioresurslarına dəyən zərərli təsirin qarşısının alınması mümkün olmadıqda balıq və digər su bioresurslarına vurulan zərər təqsirkar şəxslər tərəfindən kompensasiya edilir.[111]

Kompensasiya vəsaitləri balıq və digər su bioresurslarının artırılmasına, bərpasına, habelə balıqmühafizə və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə yönəldilir.[112]

 

Maddə 35. Balıq və digər su bioresurslarının mühafizəsi və akvakulturanın stimullaşdırılması [113]

 

Azərbaycan Respublikasının qanunvericiliyində balıq və digər su bioresurslarının mühafizəsi və akvakultura sahələrində məqsədli investisiya, qiymət, kredit və vergi siyasəti həyata keçirilir.[114]

Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi balıq və digər su bioresurslarının artırılması, bərpası və mühafizəsinin stimullaşdırılmasına yönəldilir.[115]

Akvakultura ilə məşğul olan fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda və qaydada vergi azadolmaları və güzəştləri tətbiq edilir.[116]

 

VII fəsil

Beynəlxalq əməkdaşlıq

 

Maddə 36. Xəzər dənizində (gölündə) balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlıq[117]

 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları Xəzər dənizinin (gölünün) bioloji ehtiyatlarının öyrənilməsində, suların ekoloji, hidroloji, hidrogeoloji, texnoloji normalarının hazırlanmasında və zərərli təsirin qarşısının alınmasında, habelə balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsində iştirak edirlər və məlumatlar mübadiləsini həyata keçirirlər.

Xəzər dənizində (gölündə) balıq və digər su bioresurslarının artırılması, bərpası və istifadəsinin kvotaları Xəzəryanı dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələr əsasında müəyyən edilir.[118]

 

Maddə 37. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xarici dövlətlərin su hövzələrində balıq və digər su bioresurslarından istifadə hüququ[119]

 

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri xarici dövlətlərin su hövzələrində və dünya okeanının açıq sahələrində balıq və digər su bioresurslarından istifadə edə bilərlər.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən xarici dövlətlərin su hövzələrində və dünya okeanının açıq sahələrində ovlanmış və emal edilmiş balıq məhsulları idxal məhsulları hesab edilmir.

Xarici dövlətlərin su hövzələrində və dünya okeanının açıq sahələrində balıq və digər su bioresurslarından istifadə qaydaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə digər beynəlxalq hüquq normaları ilə müəyyən edilir.[120]

 

Maddə 38. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının su hövzələrində balıq və digər su bioresurslarından istifadə hüququ[121]

 

Xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının su hövzələrində balıq və digər su bioresurslarından istifadə edə bilərlər.

Xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə hüququnu Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edirlər.

Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 39. Beynəlxalq müqavilələr

 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi üzrə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.[122]

 

VIII fəsil

Balıqçılıq fəaliyyəti üzrə mübahisələrin həlli və qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

Maddə 40. Balıqçılıq haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin etibarsızlığı

 

Balıqçılıq haqqında qanunvericiliyin tələblərini pozmaqla bağlanmış əqdlər etibarsızdır.

 

Maddə 41. Balıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

Balıqçılıq haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada mülki, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Xarici dövlətlərin su hövzələrində balıqçılıq haqqında qanunvericiliyi pozmuş Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə , sazişlərinə, habelə digər beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyət daşıyırlar.[123]

Azərbaycan Respublikasının balıqçılıq su obyektlərində balıqçılıq haqqında qanunvericiliyi pozmuş xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.[124]

 

Maddə 42. Balıqçılıq fəaliyyəti üzrə mübahisələrin həlli[125]

 

Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 27 mart 1998-ci il

                 ¹ 457-IQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 241)

2.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2 , maddə 57)

3.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938)

4.       27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959)

5.       28 oktyabr 2014-cü il tarixli 1092-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, ¹ 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1366)

6.       3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə 988)

7.       12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, ¹ 181)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə Preambulada “balıqçılığın” sözündən sonra “, o cümlədən akvakulturanın” sözləri əlavə edilmişdir, “və balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilmişdir.

 

[2] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 1. Əsas terminlər və anlayışlar

Bu Qanunda istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir:

balıqçılıq — su hövzələrində balıqların, digər su heyvanları və bitkilərinin artırılması, bərpası, yetişdirilməsi, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönəldilmiş bioloji,biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi;

balıqartırma — su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, habelə balıqyetişdirmə texnologiyasının bioloji əsaslarının öyrənilməsi;

balıqyetişdirmə — balıq körpələrinin süni göl və nohurlarda əmtəə məqsədilə satış çəkisinə qədər intensiv yetişdirilməsi və bəslənməsi;

balıqmühafizə — balıqların, digər su heyvanları və bitkilərinin mühafizə olunmasına, qorunmasına, onların ovunun tənzimlənməsinə, artırılmasına, bərpasına və balıq təsərrüfatı meliorasiyası işlərinə nəzarət;

balıq ehtiyatları — su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi;

su heyvanları və bitkiləri — suda yaşayan bütün növ suitilər, xərçəngkimilər, tısbağalar, zooplanktonlar, fitoplanktonlar, bentik orqanizmslər və digər su heyvanları və yosunları;

balıq təsərrüfatı meliorasiyası — su hövzələrinin çirklənməsinin, zibillənməsinin və lilləşməsinin qarşısının alınması, sərt gövdəli su bitkilərindən təmizlənməsi, suların aerasiyası, habelə balıqların, digər su heyvanları və bitkilərinin məskunlaşdığı, qidalandığı, nəsil artırdığı və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılması.

 

[3] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə ikinci, üçüncü və dördüncü hissələrdə “və balıq ehtiyatlarının” sözləri “, balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilmişdir.

 

[4] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, ¹ 181) ilə 2-ci maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

 

[5] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə ikinci hissədə “təbiəti mühafizə” sözləri “ətraf mühitin mühafizəsi, balıq məhsulunun keyfiyyətinin idarə olunması” sözləri ilə əvəz edilmişdir.

12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, ¹ 181) ilə 2-ci maddənin ikinci hissəsinə “məhsulunun” sözündən sonra “minimum” sözü əlavə edilmişdir.

 

[6] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə üçüncü hissədə “müqavilələr, sazişlər, razılaşmalar” sözləri “beynəlxalq müqavilələr” sözləri ilə əvəz edilmişdir.

 

[7] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə dördüncü hissədə “dövlətlərarası müqavilələri və sazişləri, digər beynəlxalq hüquq normaları” sözləri “tərəfdar çıxdığı beynəlxalq müqavilələr” sözləri ilə əvəz edilmişdir.

 

[8] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 3. Balıq ehtiyatları üzərində mülkiyyət

Azərbaycan Respublikasında balıq ehtiyatları hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.

 

[9] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 4-cü maddənin adından və ikinci hissədən “fəaliyyətinin” sözü çıxarılmışdır.

 

[10] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 4-cü maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Ərzaq və xammal kimi istifadə edilən balıqlar, digər su heyvanları və bitkiləri, onların kürüsü, sürfələri və digər məhsulları balıqçılıq fəaliyyətinin obyektləridir.

 

[11] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 4-cü maddənin ikinci hissəsində “balıq ehtiyatlarının” sözləri “balıqçılıq obyektlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[12] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 5-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 5. Balıqçılıq fəaliyyəti subyektlərinin uçotu və dövlət qeydiyyatı

Balıqçılıq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu və hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

[13] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 6-cı maddənin adından “əhəmiyyətli” sözü çıxarılmışdır.

 

[14] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 6-cı maddənin birinci hissəsinin birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Balıq ehtiyatlarının yetişdirilməsi, artırılması və ovlanması üçün istifadə edilən aşağıdakı su hövzələri balıqçılıq əhəmiyyətli su obyektləridir:

 

[15] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 6-cı maddənin birinci hissəsinin üçüncü abzasında “və sututarlar” sözləri “, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti” sözləri ilə əvəz edilmişdir.

 

[16] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 7. Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri

Balıqçılıq sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

balıq ehtiyatlarının artırılması, bərpası, istifadəsi və mühafizəsi üzərində dövlət nəzarəti;

balıq ehtiyatlarının artırılması, istifadəsi və mühafizəsinin hövzəçilik prinsipi əsasında idarə edilməsi;

balıq ehtiyatlarının məskunlaşdığı mühitin mühafizəsi;

balıq ehtiyatlarından istifadənin limitləşdirilməsi;

balıq ehtiyatlarının artırılması, istifadəsinin tənzimlənməsi, mühafizəsi və elmi təminatı sahəsində idarəetmə funksiyaları ilə balıqyetişdirmə, balıq ovu və balıq məhsullarının istehsalı funksiyalarının ayrılması.

 

[17] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 8-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 8. Balıq ehtiyatlarının artırılması, istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri

Balıq ehtiyatlarının artırılması, istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

balıq ehtiyatlarının mühafizəsi və istifadəsi sahəsində normativ hüquqi aktlar qəbul etmək;

balıq ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirmək;

balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək;

balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi, mühitə uyğunlaşdırılması, su obyektlərinin balıqtəsərrüfatı monitorinqi, kadastrı və meliorasiyası işlərini təşkil etmək;

Qırmızı Kitaba daxil edilmiş balıq növlərinin, su heyvanlarının və bitkilərinin qorunması üçün xüsusi rejimin, ixtioloji və müvəqqəti qoruqların yaradılmasını, xüsusi qorunan akvatoriyaların ayrılmasını təşkil etmək;

balıq ehtiyatlarının artırılması, istifadəsi və mühafizəsi sahəsində normativ-metodiki bazanı, standartları, normaları, qaydaları və balıqçılığın inkişafının elmi əsaslarını hazırlamaq və təsdiq etmək;

balıq ehtiyatlarından istifadə limitlərinin müəyyən edilməsini və balıq ovunun tənzimlənməsini həyata keçirmək;

balıq ehtiyatlarının vəziyyətinə təsir edən müəssisələrin, texniki qurğuların, digər su təsərrüfatı və energetika obyektlərinin tikintisi, yenidən qurulması layihələrinin dövlət balıqtəsərrüfatı ekspertizasının keçirilməsini təşkil etmək;

balıq ehtiyatlarının tədqiqi, arılması, istifadəsi və mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;

balıq ehtiyatlarının artırılması, istifadəsi və mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

[18] 3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə 988) ilə 8-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında “dövlət balıqçılıq təsərrüfatı ekspertizasının keçirilməsini təşkil etmək” sözləri “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanmış ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizasını keçirmək” sözləri ilə əvəz edilmişdir.

 

[19] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə III fəslin adında “ehtiyatlarından” sözü “və digər su bioresurslarından” sözləri ilə əvəz edilmişdir.

 

[20] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 9-cu maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 9. Balıq ehtiyatlarından istifadə formaları

Balıq ehtiyatlarından istifadə aşağıdakı formalarda həyata keçirilir:

balıqların və digər su heyvanlarının sənaye, həvəskar və idman ovu;

balıqların, digər su heyvanları və bitkilərinin əmtəə məqsədilə yetişdirilməsi;

balıq ehtiyatlarının vəziyyətinin tədqiqi və balıq ovu limitlərinin müəyyən edilməsi üçün balıq və digər su heyvanlarının elmi- tədqiqat və nəzarət məqsədilə ovlanması;

balıqların və digər su heyvanlarının təbii mühitə uyğunlaşdırılması və köçürülməsi məqsədilə ovlanması.

 

[21] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 10-cu maddənin adında “Sənaye balıq ovu” sözləri “Balıq və digər su bioresurslarının sənaye ovu” sözləri ilə əvəz edilmişdir.

 

[22] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 10-cu maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Balıq ehtiyatlarının sənaye üsulu ilə ovlanması üçün vətəgə əhəmiyyətli su obyektləri və ya onların bir hissəsi, su qanunvericiliyində nəzərdə tutulmuş qaydada balıqçılıq ehtiyatları üçün istifadəyə verilir.

 

[23] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 10-cu maddənin ikinci, üçüncü, altıncı və yeddinci hissələrində “Sənaye balıq ovu” sözləri “Balıq və digər su bioresurslarının sənaye ovu” sözləri ilə əvəz edilmişdir və ikinci hissədə “ayrılmış” sözündən sonra “dövlət mülkiyyətində olan balıqçılıq” sözləri, “zolaqlar” sözündən sonra “(vətəgə sahələri)” sözləri əlavə edilmişdir.

 

[24] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 10-cu maddənin dördüncü hissəsində “balıqların” sözü “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilmişdir, “balıq tutmaq üçün” sözləri çıxarılmışdır.

 

[25] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 10-cu maddənin beşinci hissəsi ləğv edilmişdir.

 

[26] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 10-cu maddənin altıncı hissəsində “sututarlarından” sözü “balıqçılıq su obyektlərindən” sözləri ilə əvəz edilmişdir.

 

[27] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 10-cu maddənin yeddinci hissəsində “təsdiq edilmiş təlimatlar” sözləri “müəyyən edilən qaydalar” sözləri ilə əvəz edilmişdir.

 

[28] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 11-ci maddənin adında, birinci, üçüncü, yeddinci və səkkizinci hissələrdə “İdman və həvəskar balıq ovu” sözləri “Balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilmişdir.

 

[29] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 11-ci maddənin birinci hissəsində “fərdi” sözü “şəxsi” sözü ilə, “balıq və digər su heyvanlarının ovlanmasını” sözləri “ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini” sözləri ilə əvəz edilmişdir.

 

[30] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 11-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Qoruqlar, balıqartırma vətəgələri və təsərrüfatları istisna olmaqla, bütün sututarlardan qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət etməklə idman və həvəskar balıq ovu üçün istifadə edilə bilər.

 

[31] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 11-ci maddənin üçüncü hissəsində “sututarların” sözü “mülkiyyətində olan balıqçılıq su obyektlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[32] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 11-ci maddənin dördüncü, beşinci və altıncı hissələri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Ayrıca istifadədə, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan su obyektlərində idman və həvəskar balıq ovu, su obyektlərinin istifadəçiləri və mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir.

İdman və həvəskar balıq ovu müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş icazə vərəqələri əsasında həyata keçirilir.

Təbiəti mühafizə, balıqçılıq, ovçuluq, idman və digər cəmiyyətlərin, təşkilatların və mülkiyyətçilərin istifadəsində olan sututarlarda idman və həvəskar balıq ovuna icazə vərəqələri su obyektlərinin mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən verilir.

 

[33] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 11-ci maddənin yeddinci hissəsində “su hövzələrində balıq ehtiyatlarının” sözləri “balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilmişdir.

 

[34] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 11-ci maddənin səkkizinci hissəsinin əvvəlinə “Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində” sözləri əlavə edilmişdir, “təsdiq edilmiş təlimatlar” sözləri “müəyyən edilən qaydalar” sözləri ilə əvəz edilmişdir.

 

[35] 27 iyun 2014-cü il tarixli 1015-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu Respublika” qəzeti, 13 avqust 2014-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8, maddə 959) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 12. Əmtəə məqsədilə balıq yetişdirmə

Əmtəə məqsədilə balıqyetişdirmə təbii su hövzələrində və xüsusi layihələr əsasında yaradılmış göllərdə və nohurlarda müvafiq texnologiyalar əsasında həyata keçirilir.

Əmtəə məqsədilə balıqyetişdirmə ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətləri bu Qanunla yanaşı, Azərbaycan Respublikasının su, torpaq, əmlak və digər qanunvericilik aktları ilə tənzimlənir.

 

[36]