Heyvanlar aləmi obyektlərinin və onların əldə edilməsi həmçinin dövlət uçotuna alınması, heyvanlar aləmi obyektlərinin dövlət kadastrının aparılması və heyvanlar aləmi obyektlərinin dövlət monitorinqinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 186 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Heyvanlar aləmi obyektlərinin və onların əldə edilməsi həcminin dövlət uçotuna alınması, heyvanlar aləmi obyektlərinin dövlət kadastrının aparılması və heyvanlar aləmi obyektlərinin dövlət monitorinqinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninə, “Azərbmeşə” İstehsalat Birliyinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Elmlər Akademiyası ilə birlikdə heyvanlar aləmi obyektlərinin uçotunun və kadastrının aparılmasına dair təlimatlara, kadastr məlumatının tərkibini, uçot sənədlərinin formalarını, onların doldurulmasına dair metodik göstərişlərini, habelə heyvanlar aləmi obyektləri üzrə monitorinqin aparılmasına dair təlimatları hazırlayıb 3 ay müddətinə təsdiq etsinlər.

3. “Heyvanların və onların istifadəsinin dövlət uçotunun və heyvanlar aləminin dövlət kadastrının aparılması Qaydası haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 29 may tarixli 179 nömrəli qərarı qüvvədə düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 3 may 2001-ci il
№ 89

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 3 may tarixli 89 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 Heyvanlar aləmi obyektlərinin və onların əldə edilməsi həcminin

dövlət uçotuna alınması, heyvanlar aləmi obyektlərinin dövlət

kadastrının aparılması və heyvanlar aləmi obyektlərinin 

dövlət monitorinqinin həyata keçirilməsi

Qaydaları

1. Ümumİ müddəalar

 1.1. Bu Qaydalar «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və «Heyvanlar aləmi haqqında» Azərbaycan  Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 186 nömrəli  Fərmanına əsasən heyvanlar aləmi obyektlərinin və onların əldə edilməsi həcminin dövlət uçotuna alınması, heyvanlar aləmi obyektlərinin  dövlət kadastrının aparılması və heyvanlar aləmi obyektlərinin dövlət monitorinqinin həyata keçirilməsi qaydalarını müəyyən edir.

 1.2. Heyvanlar aləminin mühafizəsini təmin etmək və ondan səmərəli istifadəni təşkil etmək üçün heyvanlar aləminin obyektləri və onların  əldə edilməsinin həcmi dövlət uçotuna alınır, habelə heyvanlar aləmi obyektlərinin dövlət kadastrı aparılır.

 Heyvanlar aləmi obyektlərinin dövlət kadastrı heyvanlar aləminin inkişafını və səmərəli istifadəsini təmin etmək məqsədilə sistemləşdirilmiş  və mütəmadi təzələnən məlumatların məcmuəsidir, həmçinin heyvan növlərinin coğrafi yayılması, onların sayı, yaşayış mühitinin vəziyyəti,  təsərrüfat istifadəsi və başqa zəruri məlumatlar haqqında topludur.

 1.3. Heyvanlar aləmi obyektlərinin dövlət monitorinqi - heyvanlar aləmi obyektlərinin yayılmasına, sayına, fiziki vəziyyətinə, onların yaşayış  mühitinin strukturuna, keyfiyyətinə və sahəsinə müntəzəm müşahidə sistemidir. Heyvanlar aləmi obyektlərinin dövlət monitorinqi bu  bəndin birinci hissəsində göstərilən parametrlərdə baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, həmin  dəyişikliklərin inkişafının proqnozlaşdırılması və zərərli təsirin qarşısının alınması heyvanlar aləmi obyektlərinin vəziyyətinin sabitliyini və  onlardan istifadəni elmi əsaslarla təmin etmək məqsədilə keçirilir.

2. Heyvanlar aləmİ obyektlərİnİn və onların əldə

edİlməsİ həcmİnİn dövlət uçotuna alınması, heyvanlar

aləmİ obyektlərİnİn dövlət kadastrının aparılması

və heyvanlar aləmİ obyektlərİnİn dövlət

monİtorİnqİnİn həyata keçİrİlməsİ

 2.1. Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan  bölməsində daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan obyektlərinin dövlət uçotuna alınması (bundan sonra uçot) dövlət kadastrının  aparılması (bundan sonra kadastr) və dövlət monitorinqinin həyata keçirilməsi (bundan sonra monitorinq) digər təbii sərvətlərə dair dövlət  monitorinqinə və kadastrlarına uyğun və müqayisəli prinsipdə aparılır.

 Heyvanlar aləmi obyektlərinin kadastr məlumatının tərkibi, uçot sənədlərinin formaları, onların doldurulması qaydaları metodik göstərişlər  əsasında aparılır. Metodik göstərişlər Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan  Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni, «Azərbmeşə» İstehsalat Birliyi və  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Elmlər Akademiyası ilə birlikdə hazırlanır.

 Heyvanlar aləmi obyektləri üzrə monitorinq Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi,  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni, «Azərbmeşə» İstehsalat Birliyi  və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Elmlər Akademiyası ilə birlikdə hazırlanmış  Təlimat əsasında aparılır.

 Heyvanlar aləminin monitorinqi ətraf mühitin dövlət monitorinq sisteminin tərkib hissəsidir. Heyvanlar aləminin dövlət kadastrı isə Dövlət  ekoloji kadastrın tərkib hissəsidir.

 2.2. Heyvanlar aləmi obyektlərinin uçotunun, kadastrının və monitorinqinin təşkili və aparılması aşağıdakı təşkilatlar tərəfindən həyata  keçirilir:

 ov obyektlərinə aid edilən, həmçinin ov və balıqçılıq obyektlərinə aid edilməyən və Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil  edilmiş vəhşi heyvan növləri üzrə Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi;  ev heyvanlarının və bitki (meşə ziyanvericilərindən başqa) ziyanvericilərinin xüsusi siyahısına daxil edilmiş heyvan növləri üzrə –  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;  balıqçılıq obyektlərinə daxil edilmiş vəhşi heyvan növləri üzrə «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni;  meşə ziyanvericilərinin xüsusi siyahısına daxil edilmiş vəhşi heyvan növləri üzrə - «Azərbmeşə» İstehsalat Birliyi;  insan sağlamlığı üçün təhlükəli olan xüsusi siyahıya daxil edilmiş vəhşi heyvan növləri (qrup növlər) üzrə – Azərbaycan  Respublikasının Səhiyyə Nazirliyi.

 Yuxarıda adı çəkilən icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində heyvanlar aləmi obyektlərinin dövlət uçotunu, kadastrını və  monitorinqini Azərbaycan Respublikasının Elmlər Akademiyası ilə birlikdə (xüsusi elmi tədqiqatların aparılması üçün zərurət olduqda)  aparırlar.

 2.3. Heyvanlar aləmi obyektlərinin istifadəçiləri heyvanlar aləmi obyektlərinin və onların əldə edilməsi həcminin uçotunu aparmalı və bu  barədə olan məlumatları (hər il olmaqla) heyvanlar aləmi obyektləri üzrə uçotun təşkilinə və aparılmasına cavabdeh olan və 2.2 bənddə  göstərilən təşkilatlara təqdim etməlidirlər.

 2.4. Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Kənd  Təsərrüfatı Nazirliyi, «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni, «Azərbmeşə» İstehsalat Birliyi və Azərbaycan Respublikasının  Səhiyyə Nazirliyi heyvanlar aləmi obyektlərinə dair məlumatları (coğrafi yayılması, onların sayı, yaşayış mühitinin vəziyyəti, təsərrüfat  istifadəsi və s.) təhlil edərək müvafiq uçot və kadastrın yekun hesabatını hazırlayıb, dövri surətdə çap olunmasını təşkil etməlidirlər.

 2.5. Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Kənd  Təsərrüfatı Nazirliyi, «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni, «Azərbmeşə» İstehsalat Birliyi, Azərbaycan Respublikasının  Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Elmlər Akademiyası vəhşi heyvan növləri üzrə uçot kadastrı və monitorinqi ilə əlaqədar  bütün işləri onlar üçün ayrılmış büdcə hesabı daxilində həyata keçirməlidirlər.

 2.6. Heyvanlar aləmi obyektlərinə dair kadastrın aparılması üçün hesabatların düzgün tərtib olunmasına, vaxtında verilməsinə və  saxlanılmasına Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Azərbaycan Respublikasının  Kənd Təsərrüfatı Nazirliyinin, «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin, «Azərbmeşə» İstehsalat Birliyinin və Azərbaycan  Respublikasının Səhiyyə Nazirliyinin və onlara tabe olan təşkilatların rəhbərləri məsuliyyət daşıyırlar.