Sərbəst toplaşmaq azadlığı haqqında

Azərbaycan Respublİkasının Qanunu

I fəsil

 Ümumİ müddəalar

Maddə 1. Sərbəst toplaşmaq azadlığı

 I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə təmin edilir.  Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir.

 II. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız  keçməsi üçün müvafiq tədbirlər görür.

Maddə 2. Əsas anlayışlar

 I. Bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin xüsusi məqsədlə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür  toplantı aşağıdakı formalarda ola bilər:

 1) «yığıncaq» — şəxslərin hər hansı məsələni birlikdə müzakirə etmək və həmin məsələyə dair qərar qəbul etmək məqsədilə  toplaşmasıdır;

 2) «mitinq» — toplaşmış şəxslərin ümumi fikirlərini ifadə etmək və (və ya) ümumi çağırışlar etmək, tələblər irəli sürmək üçün keçirilən  kütləvi tədbirdir;

 3) «nümayiş» — bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərinin ifadəsidir;

 4) «küçə yürüşü» — müəyyən marşrutla hərəkət edən bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərinin  ifadəsidir;

 5) «piket» — ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərini ifadə edən şəxslərin nümayişdə iştirak edənlərdən daha kiçik bir  qrupunun müəyyən yerdə toplaşmasıdır.

Maddə 3. Sərbəst toplaşmaq azadlığının tətbiqi

 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində təsbit edilmiş sərbəst toplaşmaq azadlığı beynəlxalq hüquq prinsiplərinə  uyğun olaraq bu Qanun əsasında tətbiq edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik  hüququna təminat verir.

Maddə 4. Bu Qanunla nizamlanmayan toplantılar

 I. Aşağıdakı yerlərdə keçirilən dinc toplantılar bu Qanunla tənzimlənmir:

 şəxslərin xüsusi mülkiyyətində, icarəsində və ya başqa növ qanuni istifadəsində olan yerlərdə;  ictimai tədbirlərin keçirilməsi üçün xüsusi olaraq ayrılmış qapalı yerlərdə.

 II. Toplantıların aşağıdakı formaları bu Qanunla tənzimlənmir:

 toy və dəfn mərasimləri;  bayram və matəm tədbirləri;  dini mərasimlər.

 Toy və dəfn mərasimlərindən, bayram və mətam tədbirlərindən, dini mərasimlərdən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket  keçirilməsi üçün istifadə etmək qadağandır.

 III. Bu maddənin I və II hissələrində nəzərdə tutulmuş dinc toplantıların hər bir iştirakçısı Azərbaycan Respublikası qanunvericiliyinin  ümumi tələblərinə riayət etməlidir.

II fəsil

 Toplantılar təşkİl edİlməsİ qaydaları

Maddə 5. Toplantının keçirilməsi barədə xəbərdarlıq

 I. Bu Qanunun 2-ci maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti  orqanını  qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş  toplantının keçiriləcəyi gündən azı 5 gün əvvəl təqdim edilməlidir.

 II. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır:

 1) keçirilməsi nəzərdə tutulmuş toplantının adı;

 2) toplantının məqsədi;

 3) toplantının keçirilmə yeri və vaxtı;

 4) iştirakçıların təxmini sayı;

 5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer);

 6) toplantı təşkilatçılarının adı, soyadı, atasının adı və ünvanı;

 7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix;

 8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı.

 III. Toplantı təşkilatçılarının hamısı yazılı xəbərdarlığı imzalamalıdırlar.

 IV. Təsadüfi toplantılar üçün yazılı xəbərdarlığın təqdim edilməsi tələb olunmur. Təsadüfi toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində  müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.

Maddə 6. Toplantının təşkilatçısı

 I. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti  orqanına  təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən şəxsdir.

 II. 18 yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər dinc  toplantının təşkilatçısı ola bilməzlər.

 III. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi məqsədi olan dinc toplantının təşkilatçısı ola bilməzlər.

 IV. Toplantı keçirmək təklifini irəli sürən siyasi partiya, ictimai birlik, həmkarlar ittifaqı təşkilatı və ya təşəbbüs qrupu həmin tədbirin  təşkilatçısını təyin etməlidir.

 V. Toplantının təşkilatçıları və ya onların nümayəndələri toplantıda şəxsən iştirak etməlidirlər. Bu mümkün olmadıqda təşkilatçılar və ya  onların nümayəndələri toplantıya gələ bilməyəcəkləri barədə müvafiq icra hakimiyyəti orqanına tədbirin başlanmasına azı 3 saat qalmış məlumat verməli, eyni zamanda toplantı iştirakçılarını xəbərdar etməlidirlər. Bu halda  toplantı keçirilə bilməz.

III fəsil

 Dİnc toplantının məhdudlaşdırılması və ya qadağan edİlməsİ əsasları və qaydası

Maddə 7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər

 I. Sərbəst toplaşmaq azadlığına hər hansı məhdudiyyət yalnız Qanunla və demokratik cəmiyyətdə zəruri olan aşağıdakı mənafelərin  qorunması məqsədilə qoyula bilər:

 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün;

 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün;

 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün;

 4) əhalinin sağlamlığının mühafizəsi üçün;

 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün;

 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

 II. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığı müxtəlif formalarda, o cümlədən toplantı vaxtının və yerinin  dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.

 III. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib  olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır.

 IV. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin  qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır.

Maddə 8. Toplantının qadağan edilməsi və ya dayandırılması

 I. Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çığırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən tonlantılar qadağan edilir.

 II. Müharibəni təbliğ edən toplantılar qadağan edilir.

 III. Siyasi məqsədlə dinc toplantı keçirmək aşağıdakı hallarda qadağan edilir:

 1) Azərbaycan Respublikası prezidentinin seçkiləri (ölkə ərazisində), Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkiləri  (ölkə ərazisində), Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkiləri (Naxçıvan Muxtar Respublikasının ərazisində),  bələdiyyə seçkiləri (müvafiq şəhər və rayonun ərazisində) gününə 24 saat qalmışdan seçki günü səsvermə məntəqələri bağlananadək;

 2) referendumun keçirildiyi günə 24 saat qalmışdan səsvermə məntəqələri bağlananadək;

 3) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərə hazırlıq dövründə və  onların keçirildiyi günlərdə həmin tədbirin keçirildiyi şəhər və rayonların ərazilərində.

 IV. Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin I hissəsində müəyyən edilmiş məhdudiyyətlər  nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının  sərəncamı ilə qadağan edilə bilər.

 V. Zəruri hallarda toplantı bu Qanunun 7-ci maddəsinin I hissəsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla müvafiq icra  hakimiyyəti orqanının  sərəncamı ilə dayandırıla bilər.

 VI. Bu maddənin IV və V hissələrinə uyğun olaraq toplantının qadağan edilməsi və ya dayandırılması son zərurət tədbiri sayılır və yalnız bu  Qanunun 7-ci maddəsində müəyyən edilmiş məhdudiyyətlər kifayət etmədikdə tətbiq edilir.

Maddə 9. Dinc toplantının keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi

 I. Dinc toplantının keçiriləcəyi yerə məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur.

 II. Əgər toplantı təşkilatçılarının yazılı xəbərdarlığında göstərilmiş yerdə və vaxtda başqa bir tədbirin keçirilməsi təyin edilibsə, müvafiq icra  hakimiyyəti orqanı  təşkilatçılara başqa vaxtın və yerin müəyyən edilməsi üçün imkan  verməlidir. Dəyişdirilmiş vaxt və yer haqqında yazılı xəbərdarlıq tədbirlərin yeni tarixinə azı 3 gün qalmış müvafiq icra hakimiyyəti orqanına  təqdim edilməlidir.

 III. Aşağıdakı yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin keçirilməsi qadağandır:

 1) Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 300 metr  radius çərçivəsində;

 2) dəmiryolu, neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik xətlərin keçdiyi ərazilərdə;

 3) xüsusi dövlət tədbirlərinin keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılmış yerlərdə;

 4) hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 300 metrdən yaxın olan yerlərdə;

 5) azadlıqdan məhrum etmə yerlərinin, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 300 metrdən yaxın  olan yerlərdə.

 IV. Siyasi məzmunlu toplantılar ziyarətgahlarda, ibadətgahlarda və qəbristanlarda keçirilə bilməz.

 V. Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən  obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.

 VI. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı  xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün ayrılmış yerlərin  siyahısı yerli mətbuatda dərc edilir və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya nümayiş üçün ayrılmış yerlərin  birini seçə bilərlər.

 VII. Küçə yürüşünün təşkilatçıları onun marşrutunu müvafiq icra hakimiyyəti orqanı  ilə  razılaşdırmalıdırlar.

 VIII. Toplantı yay vaxtının tətbiqi dövründə saat 8-00-dan 19-00-dək, ilin digər dövründə isə saat 9-00-dan 17-00-dək keçirilə bilər. Keçirilən  hər bir toplantının vaxtı müvafiq icra hakimiyyəti orqanı  ilə razılaşdırılmalıdır.

Maddə 10. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması

 Toplantı haqqında bu Qanunun 7—9-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının  bütün qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 2 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır.  Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.

Maddə 11. Şikayət hüququ

 Bu Qanunun 7—9-cu maddələrində nəzərdə tutulmuş bütün qərarlardan müvafiq məhkəməyə şikayət verilə bilər. Şikayətə məhkəmə  tərəfindən 3 gün müddətində baxılmalıdır. Məhkəmənin bu cür şikayətlərə dair qərarlarından yuxarı məhkəmələrə şikayət verilə bilər.

IV fəsil

 Toplantıların keçİrİlməsİ qaydası

Maddə 12. Dinc toplantı təşkilatçılarının hüquq və vəzifələri

 I. Bu Qanunun 7-ci maddəsində göstərilən hallardan başqa, dinc toplantının keçirilməsinə dair hazırlıq işlərinə məhdudiyyətlər qoyula  bilməz.

 II. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı təşkilatçıların şifahi və yazılı fikir və söz azadlığı vardır. Bu  azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq  hüquq normalarına uyğun məhdudlaşdırıla bilər.

 III. Toplantının təşkilatçıları tədbirin dinc və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun olaraq  keçirilməsini təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.

 IV. Toplantı təşkilatçılarının onları fərqləndirən açıq-aşkar görünən nişanı olmalıdır.

 V. Toplantı təşkilatçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura  bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya  pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.

 VI. Bu Qanunun 8-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş hallarda qadağan olunmuş toplantının təşkilatçısı toplantının qadağan  edilməsi barədə onun iştirakçılarını xəbərdar etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidir.

 VII. Bu Qanunun 8-ci maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda sərəncamla dayandırılmış toplantının təşkilatçısı bu sərəncamın  yerinə yetirilməsi üçün bütün mövcud imkanlardan istifadə etməlidir.

 VIII. Toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Lakin toplantının təşkilatçıları dövlət tərəfindən təmin olunan  təhlükəsizlik tədbirləri hüdudlarından çıxan toplantının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əvəzi ödənilmək şərti ilə əlavə polis  qüvvələrinin cəlb olunması barədə müraciət edə bilərlər.

Maddə 13. Dinc toplantı iştirakçılarının hüquq və vəzifələri

 I. Dinc toplantıda işitrak edən hər bir şəxs bu Qanunun 7-ci və 8-ci maddələrinə uyğun qoyulmuş məhdudiyyətlərə və şərtlərə əməl etməlidir.

 II. Şəxslər toplantıda könüllü iştirak edirlər. Heç kəs toplantıda iştirak etməyə məcbur edilə bilməz. Kimi isə toplantıda iştirak etməyə  məcbur edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

 III. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı iştirakçıların şifahi və yazılı fikir və söz azadlığı vardır. Bu  azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq  hüquq normalarına uyğun məhdudlaşdırıla bilər.

 IV. Toplantı zamanı iştirakçılar ictimai qaydanın qorunmasına köməklik göstərməli və təşkilatçıların, habelə müvafiq icra hakimiyyəti  orqanı nümayəndələrinin qanuni tələblərinə əməl etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.

 V. Qanuni toplantının iştirakçısı həmin toplantıda iştirak etməsinə görə sonradan hüquqi məsuliyyətə cəlb edilə bilməz. Yalnız hüquq  pozuntusuna yol vermiş qanuni toplantının iştirakçıları hüquqi məsuliyyətə cəlb edilə bilərlər.

 VI. Toplantı iştirakçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura  bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya  pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.

 VII. Toplantının iştirakçıları bu Qanunun 8-ci maddəsinin V hissəsində və 14-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş hallarda  müvafiq icra hakimiyyəti orqanının , toplantı təşkilatçılarının və ya təşkilatçıların  nümayəndələrinin toplantının dayandırılması haqqında qərarından sonra dağılışmalıdırlar.

Maddə 14. Toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının səlahiyyətləri

 I. Toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:

 1) toplantının təhlükəsizliyini təmin etmək məqsədi ilə yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin keçirilməsinə bir  gün qalmış toplantı yerini yoxlamaq;

 2) bu Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş toplantılar istisna olmaqla keçirilməsi barədə qabaqcadan yazılı  xəbərdarlıq verilməyən toplantını zəruri hallarda dayandırmaq;

 3) yazılı xəbərdarlıqda göstərilən şərtlərə uyğun keçirilməyən toplantını zəruri hallarda dayandırmaq;

 4) toplantıya odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən  daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya  pirotexnika məmulatları, güclü təsir edən zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallarla gəlmiş şəxsləri saxlamaq  və tədbirin keçirildiyi yerdən uzaqlaşdırmaq;

 5) bu maddənin 4-cü bəndində nəzərdə tutulmuş əşya və ya maddələri gəzdirməsi barədə əsaslı şübhə doğuran adamlara şəxsi baxış  keçirmək.

 II. Bu Qanunun 8-ci maddəsinin I—III hissələrində nəzərdə tutulmuş qadağanların və 7-ci maddəsində, habelə 8-ci maddəsinin IV və V  hissələrində nəzərdə tutulmuş sərəncamların icrası ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:

 1) toplantının dayandırılması və dağılışması barədə təşkilatçılara və iştirakçılara məlumat vermək;

 2) toplantının təşkilatçılarına və iştirakçılarına toplantının dayandırılması və iştirakçıların dağılışması üçün bütün mövcud imkanlardan  istifadə etmək barədə əmr vermək;

 3) toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda onlara qarşı güc tətbiq ediləcəyi  barədə təşkilatçıları və iştirakçıları xəbərdar etmək;

 4) toplantının dayandırılması və iştirakçıların dağılışması üçün müvafiq güc tətbiq etmək;

 5) toplantını dayandırmaq və dağılışmaq barədə əmri yerinə yetirməyən şəxsləri saxlamaq.

 III. Bu maddədə nəzərdə tutulmuş hallarda polis orqanları qayda-qanunu bərpa etmək məqsədi ilə son dərəcə zəruri olan müvafiq  vasitələrdən istifadə etməlidirlər.

 IV. Toplantı zamanı ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək və insanların təhlükəsizliyini təmin etmək üçün daxili  qoşunlardan istifadə edilə bilər.

 V. Toplantının bu maddədə nəzərdə tutulan hallarda güc tətbiq edilməklə dağıdılması zamanı polis işçiləri və daxili qoşunlar əl-qolu  bağlama vasitələrindən, qalxanlardan, dəyənəklərdən, su atan vasitələrdən, xüsusi təyinatlı qazlardan, rezin güllələrdən və bu məqsədlər  üçün nəzərdə tutulmuş digər xüsusi vasitələrdən istifadə edə bilərlər.

 VI. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş polis orqanlarının səlahiyyəti bu Qanunla məhdudlaşdırılmır.

Maddə 15. Toplantının təşkilatçıları ilə polis orqanları arasında əməkdaşlıq

 Polis orqanları və toplantının təşkilatçıları əməkdaşlıq etməlidirlər. Polis orqanları təşkilatçılara sərbəst toplaşmaq hüququnu həyata  keçirməkdə bacardıqca kömək etməli, eyni zamanda toplantının təşkilatçıları polis orqanlarına ictimai asayişin qorunmasında kömək  göstərməli və onların qanuni tələblərinə əməl etməlidirlər.

V fəsil

 Yekun müddəaları

Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət

 Bu Qanunun 8-ci maddəsinin I—III hissələrinin, 12-ci maddəsinin III, V, VI və VII hissələrinin, 13-cü maddəsinin VI hissəsinin  pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.

Maddə 17. Bu Qanunun qüvvəyə minməsi

 Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

 Bakı şəhəri, 13 noyabr 1998-ci il

№ 537-IQ