Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini və prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Baş prokuroruna tövsiyə edilsin ki, öz səlahiyyəti daxilində bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 19 iyun 2001-ci il
                    № 509

 

Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyun tarixli, 509 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə

 müsabiqə keçirilməsi qaydaları haqqında
ƏSASNAMƏ

1. Ümumİ müddəalar

1.1. Bu Əsasnamə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə (bundan sonra – namizədlər) müsabiqə keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun müsabiqə keçirilir. Müsabiqə test imtahanından və söhbətdən ibarətdir.

1.3. Prokurorluq orqanlarında müvafiq vakant ştat vahidləri olduqda ildə bir dəfədən az olmamaq şərti ilə işə qəbulla əlaqədar müsabiqə elan edilir.

1.4.Müsabiqəyə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən şəxslər buraxılırlar.

1.5. Məhkəmə və hüquq mühafizə orqanlarından, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa işə keçirilən, yaxud müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər imtahandan azad oluna bilərlər. Bu halda onlarla söhbət aparılır.

2. Müsabİqə komİssİyası və onun təşkİlİ

2.1.Müsabiqənin keçirilməsi üçün Baş Prokurorluqda 7 nəfərdən ibarət Müsabiqə Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət Komissiyanın tərkibi Baş Prokurorluğun Kollegiyasında baxıldıqdan sonra Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilir.

2.2. Komissiyanın işinə nüfuzlu hüquqşünaslar, alimlər, ekspertlər və mütəxəssislər cəlb edilə bilərlər.

2.3. Komissiya zərurət olduğu hallarda səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə iclas keçirir. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə qabaqcadan məlumat verilir.

2.4. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar sədrin sonuncu səs verməsi şərti ilə açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir, iclasda iştirak edən bütün Komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Komissiyanın işinə qanunsuz müdaxilə yolverilməzdir.

3. Müsabİqənİn keçİrİlməsİ

3.1. Namizədlərin müsabiqəyə buraxılması, müsabiqənin keçirilməsinin təşkilinə dair digər məsələlər müvafiq hüquqi aktlara uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunur və rəsmi mətbuatda dərc edilir.

3.2. İmtahanın müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək məqsədi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və digər qurumlar imtahana cəlb edilə bilərlər.