Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını tə`min etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə mə`lumat versin;

Azərbaycan Respublikasının balıqçılıq haqqında qanunvericiliyinin pozulmasına görə məs`uliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin yeddinci hissəsində, 11-ci maddəsinin səkkizinci hissəsində, 25-ci maddəsinin ikinci hissəsində, 32-ci maddəsinin yeddinci hissəsində, 38-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin üçüncü və beşinci hissələrində, 16-cı maddəsinin ikinci hissəsində, 20-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin birinci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin ikinci hissəsinin yeddinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbalıq Dövlət Balıqçılıq Təsərrüfatı Konserni həyata keçirir;

həmin Qanunun 11-ci maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin səkkizinci abzasında, 29-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini müvafiq olaraq Azərbalıq Dövlət Balıqçılıq Təsərrüfatı Konserni və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirirlər;

həmin Qanunun 23-cü maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini müvafiq olaraq Azərbalıq Dövlət Balıqçılıq Təsərrüfatı Konserni və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi həyata keçirirlər;

həmin Qanunun 35-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

həmin Qanunun 11-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Ovçuluq Cəmiyyəti həyata keçirir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 13 iyun 1998-ci il

722