Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 2 dekabr tarixli 647 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi bu Qaydalardan irəli gələn zəruri normativ-metodiki sənədləri hazırlasın və təsdiq etsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

Bakı şəhəri, 29 may 1998-ci il

                 ¹ 120

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 29 may tarixli 120 n
ömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması

Qaydaları

“Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (Bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-IQD ¹-li (əlavələr və dəyişikliklərlə birlikdə) qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Naxçıvan Muxtar Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi (bundan sonra — Antiinhisar Komitəsi) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir.

1. Antİİnhİsar qanunverİcİlİyİnİn pozulması haqqında İşlərə baxılması üçün əsas

1.1. Antiinhisar Komitəsi antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır.

Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar Komitəsinin təşəbbüsü ilə də baxıla bilər.

1.2. Antiinhisar qanunvericiliyinin pozulması haqqında müraciətlər yazılı şəkildə ərizə verməklə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq  surətdə təsdiq olunmuş surətləri əlavə olunmaqla Antiinhisar Komitəsinə təqdim edilir. Xarici dildə tərtib olunmuş sənədlər, onların Azərbaycan dilinə lazımi qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmaqla təqdim edilir. Antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar və antiinhisar qanunvericiliyinin pozulması faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir (1 nömrəli əlavə).

1.3. Antiinhisar Komitəsində antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizəyə həmin ərizənin daxil olduğu tarixdən 1 ay müddətinə baxılır.

Antiinhisar qanunvericiliyinin pozulması barədə nəticəyə gəlmək üçün qanunun pozulması əlamətlərinin əsas götürülməsinə sübut olmadıqda və ya sübutlar kifayət etmədikdə Antiinhisar Komitəsi əlavə sübutların toplanması və təhlili üçün ərizəyə baxılma müddətini əlavə olaraq bir aya qədər uzada bilər. Müddət artırıldıqda Antiinhisar Komitəsi ərizəçiyə  yazılı şəkildə məlumat verməlidir. Zəruri hallarda Antiinhisar Komitəsi qanun pozuntusu əlamətlərinin mövcudluğunu və ya olmadığını sübuta yetirmək məqsədilə yerlərdə yoxlama aparılmasını həyata keçirə bilər. Yoxlama zamanı Komitənin əməkdaşlarına xidməti vəsiqələrdən əlavə xüsusi formada yoxlama vəsiqəsi (2 nömrəli əlavə) verilir. Yoxlama zamanı Komitənin əməkdaşlarının yoxlama vəsiqələrində göstərilən obyektlərə maneəsiz daxil olmaq antiinhisar qanunvericiliyinə əməl olunması ilə bağlı sənədlər və materiallarla tanış olmaq və məsul şəxslərdən izahatlar almaq hüquqi var. Yoxlama nəticəsində arayış və aşkar olunmuş qanun pozuntuları barədə akt (3 nömrəli əlavə) tərtib olunur.

1.4. Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olunmadıqda Antiinhisar Komitəsi qanun pozuntularının olmaması barədə bu Qaydaların 1.3 bəndində göstərilən müddətdə ərizəyə yazılı şəkildə məlumat verməlidir.

1.5. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə Antiinhisar Komitəsinin antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyası tərəfindən bu Qaydaların ikinci bölməsində müəyyən olunmuş qayda əsasında baxılır. Qanun pozuntusuna yol vermiş şəxsin yerləşdiyi ərazi (yaşayış yeri) və ya qanun pozuntusunun baş verdiyi ərazidə işlərə müvafiq ərazi orqanı tərəfindən ona verilmiş səlahiyyətlər dairəsində bu Qaydalara uyğun şəkildə baxıla bilər.

2. Antİİnhİsar qanunverİcİlİyİnİn pozulması haqqında İşlərə baxılması və bu barədə qərarların (göstərİşlərİn) qəbul edİlməsİ qaydası

2.1. Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar Komitəsinin sədri tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır.

2.2. Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar Komitəsinin adından çıxış edir.

2.3. Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar (4 nömrəli əlavə) qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir.*

2.4. Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar Komitəsinin tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır.

İşə baxılarkən yaranmış və izahı üçün xüsusi biliklər tələb olunan məsələlərin aydınlaşdırılması məqsədi ilə Komissiya ekspert və mütəxəssislər cəlb edə bilər. Ekspert və mütəxəssislər rəy vermək üçün işin materialları ilə tanış ola bilərlər.

2.5. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işə Komissiya tərəfindən qanunun pozulması əlamətləri üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan üç ay müddətinə baxılır. Zəruri hallarda işə baxılması müddəti Komissiya tərəfindən həmin müddətin qurtardığı vaxtından altı aydan çox olmayaraq uzadıla bilər.

2.6. İşə Komissiyanın iclasında baxılır və bu barədə protokol tərtib edilir. Protokol Komissiyanın sədri tərəfindən imzalanır.

Komissiyanın iclası Komissiyanın sədri tərəfindən aparılır. Komissiyanın iclasında işə baxılması sədr tərəfindən elə aparılmalıdır ki, işdə baxılan halların ən geniş  təhlili və qiymətləndirilməsi, antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və qarşısının alınması, işdə iştirak edən şəxslərin hüquqlarına və qanuni mənafelərinə riayət olunması təmin edilsin.

2.7. İşə baxılması aşağıdakı hallarda müddəti göstərilməklə təxirə salına bilər:

tərəflərdən hər hansı birinin öz nümayəndəsinin işə baxılmasında iştirakının uyğun sənədlərdə təsdiq olunmuş üzürlü səbəblərdən iclasa gəlmək imkanı olmadığı haqqında əsaslandırılmış vəsatəti daxil olduqda;

əlavə sübutlar əldə edilməsi üçün zərurət yarandıqda;

Komissiyanın fikrinə görə işə baxılmasında iştirakı məcburi olan ekspertlərin işə cəlb edilməsi zərurəti yarandıqda;

işə baxılmasına mane olan digər hallarda.

İşə baxılması təxirə salınarkən işə baxılması müddətinin axımı kəsilmir, lakin işə baxılması əvvəldən başlanır.

2.8. İş üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər:

Antiinhisar Komitəsində, məhkəmədə və ya başqa istintaq orqanlarında baxılmaqda olan digər işin nəticələrinin Komissiyada işə baxılması üçün əhəmiyyəti olduqda;

ekspertiza aparılması və ya müstəqil təşkilatın mütəxəssisinin rəyinin alınması zərurəti yarandıqda.

İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra iş üzrə icraat təzələnir.

İşə baxılma müddətinin axımı onun dayandırılması zamanı kəsilir və iş üzrə icraat təzələndiyi gündən davam edilir.

2.9. İşə baxılmasının təxirə salınması, onun icraatının dayandırılması, yaxud təzələnməsi ilə bağlı Komissiyanın sədri və üzvləri tərəfindən imzalanmış qərar (5, 6, 7 nömrəli əlavələr) çıxarılır və üç günün müddətinə tərəflərə və digər maraqlı şəxslərə göndərilir.

2.10. Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar Komitəsinın qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir.

Tərəflər, həmçinin işdə iştirak edən şəxslər aşağıdakı hüquqlara malikdirlər:

iş qaldırıldığı gündən işin materialları ilə (kommersiya sirri kəsb edən məlumatlar istisna olunmaqla) tanış olmaq;

sübutlar təqdim etmək;

sübutların tədqiqində iştirak etmək;

işə baxılmasında iştirak edən digər şəxslərə, o cümlədən ekspertlərə və mütəxəssislərə suallar vermək;

vəsatət vermək;

Komissiyaya yazılı və şifahi izahatlar vermək.

2.11. İşə mahiyyəti üzrə tərəflərin (onların nümayəndəsinin) iştirakı olmadan, yalnız həmin şəxslərə işə baxıldığı yer və vaxt haqqında vaxtında lazımi qaydada xəbər verildiyi haqqında məlumatlar olduğu və onların işin təxirə salınması barədə əsaslandırılmış vəsatət təqdim etmədiyi hallarda baxıla bilər.

2.12. Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar (8 nömrəli əlavə) qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir.

Komissiya tərəfindən qərar yalnız komissiya üzvlərinin iştirakı və sadə səs çoxluğu ilə qəbul edilir. Sədr və Komissiyanın üzvləri səsvermədən imtina edə bilməzlər. Səsvermə zamanı Komissiyanın sədri axırıncı səs verir.

Qərarın “lehinə” vəəleyhinə” verilən səslərin sayı bərabər olduqda Komissiya sədrinin səsi həlledici hesab olunur.

Qəbul olunmuş qərar işə baxılandan dərhal sonra elan olunur. Bu zaman iclasda yalnız qərarın nəticə hissəsi elan oluna bilər.

Qərar Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Əgər Komissiyanın üzvü qərardan razı deyilsə, o, qərarı imzalayır və bu barədə xüsusi rəyini yazılı şəkildə ifadə edir. Xüsusi rəy işin materiallarına qoşulur.

Qərar elan olunduğu vaxtdan qüvvəyə minir.

2.13. İşə baxılarkən təsərrüfat subyektlərinin rəhbərləri, fərdi sahibkarlar və icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən cinayət əlamətli əməllərə yol verildiyi aşkar olunduqda Komissiya işin materiallarının müvafiq dövlət orqanlarına göndərilməsi barədə qərar qəbul edir. Bu halda verilmiş materialların surəti Antiinhisar Komitəsində saxlanılır.

2.14. İşin icraatına onun mahiyyəti üzrə qərar çıxarılmamışdan aşağıdakı hallarda xitam verilə bilər:

antiinhisar qanunvericiliyinin pozulmasına yol vermiş şəxs qanun pozuntusunu könüllü surətdə aradan qaldırdıqda;

antiinhisar qanunvericiliyinin pozulması faktlarının mövcudluğu Komissiya tərəfindən təsdiq olunmadıqda.

İşin icraatına xitam verilməsi haqqında qərar (9 nömrəli əlavə) Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır, bu Qaydaların 2.3 bəndində müəyyən olunmuş qaydada və müddətdə tərəflərə və işdə iştirak edən maraqlı şəxslərə göndərilir.

2.15. Komissiyanın əsaslandırılmış qərarı qəbul edildiyi vaxtdan on gün ərzində tərəflərə göndərilir, yaxud imza almaqla təqdim edilir.

2.16. Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş (10 nömrəli əlavə) on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar Komitəsinin sədri və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir.

2.17. Göstərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir.

Göstərişin vaxtında icra edilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər.

Göstərişin vaxtında icra edilməməsi — onun icrasından yayınma və ya qismən icra olunması, yaxud müəyyən olunmuş müddətdə icra olunmaması kimi başa düşülür.

2.18. Komissiyanın sədri tərəfindən göstərişin yerinə yetirilməsinə nəzarət onun üzvlərindən birinə həvalə olunur və bu barədə protokolda qeyd edilir.

2.19. Göstəriş almış şəxsin göstərişin icra müddətinin qurtarmasına 10 gün qalanadək göndərdiyi əsaslandırılmış vəsatət üzrə Antiinhisar Komitəsi göstərişin icra müddətinin 6 aydan çox olmamaq şərti ilə uzadılması haqqında qərar qəbul edə bilər.

2.20. Antiinhisar Komitəsinin qərar və göstərişlərinin yerlərdə icrasına aidiyyəti olan ərazidə onun ərazi orqanları onlara həvalə olunmuş hüquqlar dairəsində nəzarət edirlər.

2.21. Antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş aktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstəriş yerinə yetirilmədikdə, Antiinhisar Komitəsi həmin aktların bütövlüklə  və ya qismən etibarsız hesab edilməsi, yaxud antiinhisar qanunvericiliyinin pozulması baş verən ana qədərki vəziyyətin bərpa olunmasının məcburi həyata keçirilməsi haqqında ərizə ilə məhkəmə orqanlarına müraciət edə bilər.

Digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstəriş icra edilmədikdə Antiinhisar Komitəsi müqavilənin məcburi bağlanması, yaxud müqavilələrin tamamilə və ya qismən etibarsız sayılması haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər.

Antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilmədikdə Antiinhisar Komitəsi qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər.

3. Antİİnhİsar qanunverİcİlİyİnİn pozulmasına görə bazar subyektlərİnə cərİmələrİn və malİyyə sanksİyalarının tətbİq edİlməsİ qaydası

3.1. Antiinhisar Komitəsi antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir:

a) Antiinhisar Komitəsinin göstərişləri vaxtında icra olunmadıqda;

b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə;

c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə;

ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə.

3.2. Bazar subyektlərinə antiinhisar qanunvericiliyinin pozulmasına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edilməsi haqqında işlərə baxılması, bu bölmədə nəzərdə tutulan hallar istisna olunmaqla, bu Qaydaların ikinci bölməsində müəyyən edilmiş qaydada kollegial şəkildə həyata keçirilir.

3.3. Bazar subyektlərinə cərimə tətbiq edilməsi və ya maliyyə sanksiyası tətbiq edilməsi üçün işlərə baxılmasına aşağıdakılar əsas ola bilər:

antiinhisar orqanlarının göstərişlərinin icra olunmaması və antiinhisar qanunvericiliyinə əsasən antiinhisar orqanlarına təqdim edilməli olan vəsaitlərin, ərizələrin, sənədlərin və digər məlumatların təqdim olunmaması haqqında informasiyanı əks etdirən sənədlər;

antiinhisar orqanlarının qanuni tələblərinin vaxtında yerinə yetirilməməsi;

düzgün olmayan məlumatların təqdim edilməsi.

3.4. Göstərişin icrasına nəzarət edən Komissiya üzvü, onun icra müddətinin qurtardığı gündən başlayaraq 10 gündən gec olmamaqla Antiinhisar Komitəsinin göstərişinin icra edilməməsini əhatə edən məlumatlar olan sənədləri Komissiyanın sədrinə təqdim edir. Komissiyanın sədri, bu Qaydaların 2.3 bəndində nəzərdə tutulmuş qaydada və müddətdə cərimə və ya maliyyə sanksiyası tətbiq olunması haqqında iş qaldırılması barədə qərar çıxarır.

3.5. Bazar subyektləri tərəfindən bu qaydaların 3.1 bəndinin “b”, “c”, “ç” yarımbəndlərində göstərilən hərəkətlərə yol verilməsini sübut edən sənədlər 10 gün müddətinə cərimə və ya maliyyə sanksiyalarının tətbiqi üzrə işə baxılması haqqında Komissiya yaradılması barədə əmr verilməsi üçün Antiinhisar Komitəsinin sədrinə təqdim olunur.

3.6. Bazar subyektlərinə cərimə və ya maliyyə sanksiyaları tətbiq edilməsi haqqında işə Komissiya iş qaldırılması haqqında qərar çıxarıldığı gündən sonrakı bir ay müddətində baxır. Müstəsna hallarda bu müddət 15 gündən çox olmayaraq artırıla bilər.

3.7. Cərimə və ya maliyyə sanksiyalarının tətbiqi haqqında işlərə baxılmasının nəticəsində Komissiya müvafiq qərar (11 nömrəli əlavə) qəbul edir və qərar Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır.

Cərimə və maliyyə sanksiyalarının tətbiqi haqqında qərar 10 günün müddətində bu Qaydaların 2.3 bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir.

Cərimə və maliyyə sanksiyalarının yerinə yetirilməsi haqqında göstəriş verilir. Göstəriş Antiinhisar Komitəsinin sədri və ya onun müavini tərəfindən imzalanır və bu Qaydaların 2.3 bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir.

3.9. Cərimə və ya maliyyə sanksiyalarının tətbiqi üçün əsas olmadıqda Komissiya işin icraatına xitam verilməsi haqqında qərar (12 nömrəli əlavə) çıxarır. Qərar Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır.

3.10. Antiinhisar qanunvericiliyinin pozulmasına görə təsərrüfat subyektlərinə tətbiq edilən cərimələr və maliyyə sanksiyaları bu haqda qərarlar qəbul edildiyi vaxtdan 30 gün müddətinə mübahisəsiz dövlət büdcəsinə ödənilir.

İcra hakimiyyəti orqanları və bazar subyektləri antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş cərimələri və maliyyə sanksiyalarını ödəmədikdə  və ya qismən ödədikdə Antiinhisar Komitəsi cərimənin və ya maliyyə sanksiyalarının, həmçinin cərimənin ümumi məbləğinin, yaxıd onun ödənilməmiş hissəsinin hər gecikdirilmiş günə görə 1%-i məbləğində peniyanın ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.

3.11. Cərimə və maliyyə sanksiyalarının tətbiqi bazar subyektlərini (onların rəhbərlərini) antiinhisar orqanlarının qərarlarını və göstərişlərini icra etmək və ya antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş tələbləri yerinə yetirmək və digər hərəkətləri icra etmək vəzifəsindən azad etmir.

3.12. Bazar subyekti tərəfindən Antiinhisar Komitəsinin göstərişi icra olunmadıqda, Komissiya cərimə və ya maliyyə sanksiyası tətbiq edir və iş üzrə qəbul olunmuş qərara əsasən yeni müddət təyin edərək təkrar göstəriş verir. Təkrar göstəriş icra olunmadıqda Komissiyanın bu Qaydalara uyğun olaraq yenidən cərimə tətbiq edilməsi barədə işə baxılmasına qayıtmaq hüququ var.

3.13. Antiinhisar Komitəsi bazar subyektlərinə cərimə və maliyyə sanksiyaları tətbiq edilməsi haqqında qərarların uçotunu aparır.

4. Antİİnhİsar Komİtəsİnİn qərarlarından və göstərİşlərİndən şİkayət verİlməsİ qaydası

4.1. İcra hakimiyyəti orqanları, bazar subyektləri (onların vəzifəli şəxsləri) və vətəndaşlar, o cümlədən fərdi sahibkarlar, mövcud qanunvericiliyə uyğun olaraq antiinhisar orqanlarının antiinhisar qanunvericiliyinin pozulması haqqında işi mahiyyət üzrə həll edən qərarlarının və göstərişlərinin tam və ya qismən etibarsız sayılması, cərimə tətbiq edilməsi və maliyyə sanksiyaları tətbiq edilməsi haqqında qərarların ləğv edilməsi barədə ərizə ilə məhkəmə orqanlarına şikayət vermək hüququna malikdirlər.

Antiinhisar orqanlarının qərarlarından və göstərişlərindən, iddia müddəti aid edilməyən tələblər istisna olunmaqla, çıxarıldığı gündən altı ay müddətinə şikayət verilə bilər.

4.2. Antiinhisar orqanlarının işi mahiyyəti üzrə həll edən qərarlarından və göstərişlərindən məhkəmə orqanlarına şikayət verildikdə həmin qərar və göstərişlərin icrası yalnız məhkəmə orqanının əsaslandırılmış qərarı ilə dayandırıla bilər.

4.3. Antiinhisar Komitəsinin kollegiyası Naxçıvan MR Antiinhisar Komitəsinin mövcud qanunvericiliyin və ona verilmiş səlahiyyətlərin pozulmasına yol verməklə qəbul etdiyi qərar və göstərişləri ləğv edə bilər.

Naxçıvan MR Antiinhisar Komitəsinin mövcud qanunvericiliyin və ona verilmiş səlahiyyət hədlərinin pozulmasına yol verməklə qəbul etdiyi qərar və göstərişlər Antiinhisar Komitəsinin kollegiyası tərəfindən ləğv edilir.

5. İcra hakİmİyyətİ orqanlarının və bazar subyektlərİnİn rəhbərlərİnə (vəzİfəlİ şəxslərİnə) və vətəndaşlara, o cümlədən fərdİ sahİbkarlara cərİmə tətbİq edİlməsİ qaydası

5.1. İcra hakimiyyəti orqanlarının və bazar subyektlərinin rəhbərləri (vəzifəli şəxsləri) və fərdi sahibkarlar, antiinhisar qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının inzibati hüquqpozmalar haqqında Məcəlləsində müəyyən olunmuş qaydada inzibati məsuliyyət daşıyırlar.

5.2. İcra hakimiyyəti orqanlarının və bazar subyektlərinin vəzifəli şəxslərinə və vətəndaşlara, o cümlədən fərdi sahibkarlara, antiinhisar qanunvericiliyinin pozulmasına görə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsinin 2-ci bəndinə uyğun tətbiq edilən cərimələr bu barədə qərar qəbul olunan vaxtdan 30 gün müddətinə dövlət büdcəsinə ödənilir.

5.3. İcra hakimiyyəti orqanlarının və bazar subyektlərinin vəzifəli şəxsləri və fərdi sahibkarlar, antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş cərimələri ödəmədikdə və ya qismən ödədikdə Antiinhisar Komitəsi (ərazi orqanı) cərimənin, həmçinin cərimənin ümumi məbləğinin, yaxud onun ödənilməmiş hisssəsinin hər gecikdirilmiş günə görə 1%-i məbləğində peniyanın ödənilməsi barədə məhkəməyə müraciət edə bilərlər.

 

 

* Qeyd. İş üzrə tərəflər — ərizə verən və antiinhisar qanunvericiliyini pozan şəxslər hesab edilir.