“Tikinti işlərinin
dayandırılması Qaydası”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin 92.10-cu maddəsinə uyğun olaraq qərara alıram:
1. “Tikinti işlərinin dayandırılması
Qaydası” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.4. tikinti işlərinin
aparılması zamanı tarix və mədəniyyət abidələri
aşkar olunduğu hallarda “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə nəzərdə tutulmuş müvafiq tədqiqatlar
aparılması və digər tədbirlər görülməsi
müddətləri ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.5. bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may
2015-ci il
¹ 533
|
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmişdir |
Tikinti işlərinin
dayandırılması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
(bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun
olaraq hazırlanmışdır və Azərbaycan
Respublikasının ərazisində həyata keçirilən
tikinti, əsaslı təmir, yenidənqurma və bərpa
işləri (bundan sonra – tikinti işləri) zamanı
pozuntuların qarşısının vaxtında
alınması, aradan qaldırılması və Məcəllədə
nəzərdə tutulmuş hallarda tikinti işlərinin
dayandırılması ilə bağlı prosedurları və
mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan
sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir.
1.2. Bu Qaydanın əsas məqsədi
tikinti işləri zamanı sifarişçi və
podratçı tərəfindən qanunvericiliyin, şəhərsalma
və tikintiyə dair normativ sənədlərin (bundan sonra –
normativ sənədlər) tələblərinə riayət
olunmasını təmin etməkdən, insanların həyatı,
sağlamlığı və əmlakı üçün
potensial təhlükə yarada biləcək pozuntuların
qarşısının vaxtında alınması və aradan
qaldırılması üçün müvafiq tədbirləri
həyata keçirməkdən ibarətdir.
1.3. Bu Qayda Azərbaycan
Respublikasının ərazisində mülkiyyət
formasından və təyinatından asılı olmayaraq
bütün tikinti obyektlərinə şamil olunur. Bu Qayda Məcəllənin
79-cu maddəsinə əsasən tikintisinə icazə tələb
olunmayan tikinti obyektlərinə, habelə reklam qurğularına şamil olunmur.[1]
1.4. Bu Qaydaya uyğun olaraq, Nazirlik öz
səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyi (bundan sonra - Agentlik) və
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi
(bundan sonra – Müfəttişlik) vasitəsilə həyata
keçirir.
1.5. “Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun
olaraq, bu Qaydaların müddəaları Məcəllənin
qüvvəyə minməsindən əvvəl tikintisi
başlanılmış və başa
çatdırılmamış tikinti obyektlərinə də
şamil edilir.
2. Tikinti işləri
dayandırılmadan aşkar olunmuş pozuntuların aradan
qaldırılması qaydası
2.1. Məcəllənin 92.1-ci maddəsinə
əsasən tikinti işlərinin həyata keçirilməsi
zamanı aşağıdakı pozuntu halları aşkar
edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla
müvafiq akt tərtib edilir və tikinti işlərini
dayandırmadan onların aradan qaldırılması barədə
sifarişçiyə (podratçıya) icrası məcburi
olan yazılı göstəriş (bundan sonra - Göstəriş)
təqdim edilir:
2.1.1. tikinti işlərinin tikintiyə
dair icazəyə, məlumatlandırma icraatının tətbiq
olunduğu hallarda isə tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin,
dam örtüklərinin planlarından, kəsiklərdən və
fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin
baş planı bölmələrinə uyğun aparılmadığı
müəyyən edildikdə; [2]
2.1.2. tikinti obyektinin təhlükəsizliyinə
və etibarlılığına təhlükə yaradan
qüsurlar müəyyən edildikdə və həmin
qüsurları digər tikinti işlərini dayandırmadan
aradan qaldırmaq mümkün olduqda;
2.1.3. şəhərsalma və tikinti
qanunvericiliyinin tələblərinə zidd olaraq, uyğunluq
sertifikatı olmayan tikinti materiallarından və məmulatlarından
istifadə edildikdə;
2.1.4. Məcəllənin 51-ci maddəsində
nəzərdə tutulmuş peşə sahələri üzrə
müvafiq ixtisası və ya sertifikatı olmayan şəxslər
tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə
işlərinə cəlb edildikdə.
2.2. Tikinti işləri həyata
keçirildiyi zaman bu Qaydanın 2.1-ci bəndində göstərilən
hər hansı bir pozuntu halı aşkar edildikdə, bununla
bağlı Müfəttişliyin ərazi nümayəndəsi
tikinti obyektinə dair iki nüsxədən ibarət texniki
baxış aktı tərtib edir. Texniki baxış
aktında aşağıdakılar göstərilir:
2.2.1. texniki baxış aktını tərtib
edən şəxsin adı, soyadı, atasının adı,
vəzifəsi;
2.2.2. tikinti obyektinin ünvanı və
təyinatı;
2.2.3. texniki baxış aktı tərtib
olunan tikinti obyektinin sifarişçisinin, layihəçinin və
podratçının (olduqda) adı, soyadı,
atasının adı, hüquqi şəxs olduqda isə - onun
tam adı;
2.2.4. texniki baxış aktının tərtib
olunduğu tarix və vaxt;
2.2.5. icazə sənədi (tələb
olunduqda) barədə məlumat;
2.2.6. müvafiq lisenziyalar barədə məlumat;
2.2.7. tikinti layihəsinə dair ekspertiza
rəyinin rekvizitləri (ekspertiza tələb olunduğu
hallarda);
2.2.8. aparılmış
tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat;
2.2.9. obyektin mövcud vəziyyəti barədə
məlumat;
2.2.10. tikinti obyektində aşkar
olunmuş hər bir pozuntunun ayrıca təsviri.
2.3. Bu Qaydanın 2.2-ci bəndinə
uyğun olaraq tərtib olunmuş texniki baxış aktı
dövlət nəzarətini həyata keçirən vəzifəli
şəxs tərəfindən imzalanır, bir nüsxəsi
vəzifəli şəxs tərəfindən
sifarişçiyə (podratçıya) və ya onun məsul
şəxsinə təqdim edilir, sifarişçi
(podratçı) və ya onun məsul şəxsi isə digər
nüsxədə adı, soyadı və tarix göstərilməklə,
texniki baxış aktını qəbul etməsi barədə
imza edir. Tikinti obyektinin sifarişçisi
(podratçısı) və ya onun məsul şəxsi
texniki baxış aktının nüsxəsini qəbul etməkdən
imtina etdikdə, həmin aktı tərtib edən vəzifəli
şəxs aktda bu barədə müvafiq qeyd edir.
2.4. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə
tutulmuş texniki baxış aktı tərtib edildiyi gündən
4 (dörd) iş günü müddətində Müfəttişlik
tərəfindən Göstəriş tərtib olunur.
2.5. Göstərişdə tikinti
işlərində aşkar olunmuş hər bir pozuntunun
ayrıca təsviri qeyd olunmaqla, həmin pozuntuların
sifarişçi (podratçı) tərəfindən aradan
qaldırılması üçün, müvafiq işlərin
həcmindən asılı olaraq, ağlabatan müddət
müəyyən edilir. Göstəriş Agentliyin rəhbərliyi
tərəfindən imzalanır və möhürlə təsdiq
edilir. Göstərişdə işin mahiyyətinə dair
hallarla yanaşı, aşağıdakılar göstərilir:
2.5.1. Göstərişi imzalayan şəxsin
adı, soyadı, atasının adı, vəzifəsi;
2.5.2. Göstərişin tərtib
olunduğu tarix və vaxt;
2.5.3. tikinti obyektinin ünvanı və
təyinatı;
2.5.4. tikinti obyektinin
sifarişçisinin, layihəçinin və
podratçının (olduqda) adı, soyadı,
atasının adı, hüquqi şəxs olduqda isə - onun
tam adı;
2.5.5. icazə sənədi (tələb
olunduqda) barədə məlumat;
2.5.6. müvafiq lisenziyalar barədə məlumat;
2.5.7. tikinti layihəsinə dair ekspertiza
rəyinin rekvizitləri (ekspertiza tələb olunduğu
hallarda);
2.5.8. aparılmış
tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat;
2.5.9. obyektin mövcud vəziyyəti barədə
məlumat;
2.5.10. bu Qaydanın 2.2-ci bəndində
nəzərdə tutulmuş akt barədə məlumat;
2.5.11. tikinti obyektində aşkar
olunmuş hər bir pozuntunun ayrıca təsviri;
2.5.12. tikinti obyektində aşkar
olunmuş hər bir pozuntunun sifarişçi
(podratçı) tərəfindən aradan
qaldırılması üçün müəyyən
edilmiş müddət;
2.5.13. Göstərişdən şikayət
verilməsi qaydası.
2.6. Göstəriş verildiyi gündən
3 (üç) iş günü müddətində vəzifəli
şəxs tərəfindən sifarişçiyə
(podratçıya) və ya onun məsul şəxsinə təqdim
edilir, sifarişçi (podratçı) və ya onun məsul
şəxsi isə Göstərişin surətində
adı, soyadı və tarix göstərilməklə onu qəbul
etməsi barədə imza edir. Tikinti obyektinin
sifarişçisi (podratçısı) və ya onun məsul
şəxsi Göstərişi qəbul etməkdən imtina
etdikdə, dövlət nəzarətini həyata keçirən
vəzifəli şəxs Göstərişin surətində
bu barədə müvafiq qeyd edir. Bu halda Göstəriş
sifarişli poçt göndərişi ilə onun
ünvanına göndərilir. Göstəriş sifarişli
poçt göndərişi ilə sifarişçiyə
(podratçıya) çatdırıldığı gün
həmin Göstəriş rəsmi qaydada verilmiş hesab
edilir.
2.7. Sifarişçi (podratçı)
ona bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq təqdim
edilmiş Göstərişdə qeyd olunan pozuntuları
müəyyən olunan müddətdə aradan
qaldırmalı və bu barədə Müfəttişliyə
yazılı məlumat verməlidir.
2.8. Müfəttişlik, bu Qaydanın
2.7-ci bəndində nəzərdə tutulmuş məlumatın
verildiyi gündən, belə məlumat verilmədiyi hallarda isə,
pozuntuların aradan qaldırılması üçün
Göstərişdə müəyyən edilmiş müddətin
başa çatdığı gündən ən geci 3 iş
günü ərzində sifarişçinin və
podratçının iştirakı ilə həmin
pozuntuların aradan qaldırılıb-qaldırılmadığını
yoxlayır.
2.9. Bu Qaydanın 2.8-ci bəndində nəzərdə
tutulmuş qaydada aparılmış yoxlama nəticəsində
pozuntuların aradan qaldırılmadığı və ya tam
aradan qaldırılmadığı müəyyən edildikdə,
yoxlama aparıldığı gündən 2 (iki) iş
günü müddətində Müfəttişlik
sifarişçiyə (podratçıya) icrası
yoxlanılmış Göstərişin icra olunmayan hissəsi
ilə bağlı yenidən yazılı göstəriş
(bundan sonra - Təkrar Göstəriş), pozuntuların aradan
qaldırıldığı müəyyən edildikdə isə
həmin müddətdə sifarişçiyə
(podratçıya) bu barədə yazılı məlumat
verir. Bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq məlumatın
təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində
Müfəttişlik sifarişçiyə
(podratçıya) Təkrar Göstəriş və ya
Göstərişdə nəzərdə tutulmuş
pozuntuların aradan qaldırıldığı barədə
yazılı məlumat vermədikdə, həmin pozuntular
aradan qaldırılmış hesab olunur.
2.10. Təkrar Göstərişdə bu
Qaydanın 2.5.1-2.5.9-cu və 2.5.13-cü yarımbəndlərində
nəzərdə tutulanlarla yanaşı, icrası
yoxlanılmış Göstərişin rekvizitləri, həmin
Göstəriş üzrə aradan qaldırılmamış
hər bir pozuntunun ayrıca təsviri verilməli, habelə hər
bir pozuntunun sifarişçi (podratçı) tərəfindən
aradan qaldırılması üçün, müvafiq işlərin
həcmindən asılı olaraq, ağlabatan müddət
müəyyən edilməlidir. Təkrar Göstərişin
tərtibi ilə bağlı əlavə tələblərə,
habelə onun sifarişçiyə (podratçıya) və
ya onun məsul şəxsinə təqdim olunması,
pozuntuların aradan
qaldırılıb-qaldırılmadığının
yoxlanılması proseduruna bu Qaydanın 2.5-2.8-ci bəndlərinin
müddəaları tətbiq olunur.
2.11. Təkrar Göstərişlə bağlı
bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulan
qaydada aparılmış yoxlama nəticəsində
pozuntuların aradan qaldırılmadığı və ya tam
aradan qaldırılmadığı müəyyən edildikdə,
dövlət nəzarətini həyata keçirən vəzifəli
şəxs bu Qaydanın 3.1.3–3.1.5-ci yarımbəndlərində
göstərilən müddətləri nəzərə
almadan, bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq texniki
baxış aktı tərtib edərək sifarişçiyə
(podratçıya) təqdim edir, pozuntuların aradan
qaldırıldığı müəyyən edildikdə isə
yoxlamanın aparıldığı gündən 2 (iki) iş
günü müddətində Müfəttişlik
sifarişçiyə (podratçıya) bu barədə
yazılı məlumat verir. Təkrar Göstərişlə
bağlı yoxlamanın nəticələrinə görə
texniki baxış aktı təqdim edilmədikdə, yaxud
yoxlama ilə bağlı bu Qaydanın 2.8-ci bəndinə
uyğun olaraq məlumatın təqdim edildiyi gündən 5
(beş) iş günü ərzində Müfəttişlik
sifarişçiyə (podratçıya) Təkrar Göstərişdə
nəzərdə tutulmuş pozuntuların aradan
qaldırıldığı barədə yazılı məlumat
vermədikdə, həmin pozuntular aradan
qaldırılmış hesab olunur.
2.12. Bu Qaydanın 2.4-cü və 2.9-cu bəndlərində
nəzərdə tutulmuş göstərişin
formasını Nazirlik müəyyən edir.
3. Tikinti işlərinin
dayandırılması və tikinti işləri
dayandırılmaqla, aşkar olunmuş pozuntuların aradan
qaldırılması qaydası
3.1. Tikinti işləri həyata
keçirilərkən aşağıdakı pozuntular
aşkar olunduqda, texniki baxış aktı tərtib edilir və
onun əsasında Agentlik tikinti işlərinin
dayandırılması barədə qərar qəbul edir:
3.1.1. tikintiyə icazənin tələb
olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan
tikildikdə;
3.1.2. tikinti obyektinin təhlükəsizliyinə
və etibarlılığına təhlükə yaradan
qüsurlar müəyyən edildikdə və həmin
qüsurları digər tikinti işlərini dayandırmadan
aradan qaldırmaq mümkün olmadıqda;
3.1.3. bu Qaydanın 2.1.1-ci yarımbəndində
müəyyən edilən pozuntularla bağlı təqdim
edilmiş ilk yazılı Göstərişdə nəzərdə
tutulan pozuntular ən geci 4 (dörd) ay müddətində
aradan qaldırılmadıqda;
3.1.4. bu Qaydanın 2.1.2-ci yarımbəndində
müəyyən edilən pozuntularla bağlı təqdim
edilmiş ilk yazılı Göstərişdə nəzərdə
tutulan pozuntular ən geci 1 (bir) il müddətində aradan
qaldırılmadıqda;
3.1.5. bu Qaydanın 2.1.3-cü və
2.1.4-cü yarımbəndlərində müəyyən edilən
pozuntularla bağlı təqdim edilmiş ilk yazılı
Göstərişdə nəzərdə tutulan pozuntular ən
geci 1 (bir) ay müddətində aradan
qaldırılmadıqda.
3.2. Tikinti işləri həyata
keçirildiyi zaman bu Qaydanın 3.1-ci bəndində göstərilən
hər hansı bir pozuntu aşkar edildikdə, bununla
bağlı dövlət nəzarətini həyata keçirən
vəzifəli şəxs bu Qaydanın 2.2-ci və 2.3-cü
yarımbəndlərinə uyğun olaraq texniki baxış
aktı tərtib edərək sifarişçiyə
(podratçıya) və ya onun məsul şəxsinə təqdim
edir. Bu Qaydanın 3.1.3–3.1.5-ci yarımbəndlərində
göstərilən hər hansı bir pozuntu aşkar edildikdə,
texniki baxış aktında bu Qaydanın 2.2.1–2.2.10-cu
yarımbəndlərində nəzərdə tutulanlarla
yanaşı, icrası yoxlanılmış Təkrar Göstərişin
rekvizitləri, həmin Təkrar Göstəriş üzrə
aradan qaldırılmamış hər bir pozuntunun ayrıca təsviri
göstərilməlidir.
3.3. Müfəttişlik, bu Qaydaların
3.1-ci bəndində nəzərdə tutulmuş pozuntularla
bağlı texniki baxış aktı əsasında, onun tərtib
edildiyi gündən 4 (dörd) iş günü müddətində
tərəfindən tikinti işlərinin
dayandırılması barədə qərar (bundan sonra – Qərar)
tərtib edir.
3.4. Qərar Agentliyin rəhbərliyi tərəfindən
imzalanır və möhürlə təsdiq edilir. Qərarda
işin mahiyyətinə dair hallarla yanaşı,
aşağıdakılar göstərilir:
3.4.1. Qərarı qəbul edən şəxsin
adı, soyadı, atasının adı, vəzifəsi;
3.4.2. Qərarın qəbul olunduğu
tarix və vaxt;
3.4.3. tikinti obyektinin ünvanı və
təyinatı;
3.4.4. tikinti obyektinin
sifarişçisinin, layihəçinin və
podratçının (olduqda) adı, soyadı,
atasının adı, hüquqi şəxs olduqda isə - onun
tam adı;
3.4.5. icazə sənədi (tələb
olunduqda) barədə məlumat;
3.4.6. müvafiq lisenziyalar barədə məlumat;
3.4.7. tikinti layihəsinə dair ekspertiza
rəyinin rekvizitləri (ekspertiza tələb olunduğu
hallarda);
3.4.8. aparılmış
tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat;
3.4.9. obyektin mövcud vəziyyəti barədə
məlumat;
3.4.10. bu Qaydanın 3.1-ci bəndində
nəzərdə tutulmuş akt barədə məlumat;
3.4.11. tikinti obyektində aşkar
olunmuş pozuntu ilə bağlı verilmiş Göstərişin
və Təkrar Göstərişin rekvizitləri, habelə Təkrar
Göstəriş üzrə aradan qaldırılmamış
hər bir pozuntunun ayrıca təsviri (Qərar bu Qaydanın
3.1.3–3.1.5-ci bəndləri əsasında qəbul edildiyi
halda);
3.4.12. tikinti obyektində aşkar
olunmuş və Qərarın qəbulunu şərtləndirən
hər bir pozuntunun, bu pozuntuların faktiki və hüquqi
hallarının ayrıca təsviri;
3.4.13. Qərarın qəbulunu şərtləndirən
hər bir pozuntunun aradan qaldırılması ilə
bağlı izahlı göstəriş, həmin
pozuntuların aradan qaldırılması üçün
müvafiq işlərin həcmindən asılı olaraq
müəyyən edilmiş ağlabatan müddət;
3.4.14. Qərardan şikayət verilməsi
qaydası.
3.5. Qərar qəbul edildiyi gündən
3 (üç) iş günü müddətində vəzifəli
şəxs tərəfindən sifarişçiyə
(podratçıya) və ya onun məsul şəxsinə təqdim
edilir, sifarişçi (podratçı) və ya onun məsul
şəxsi Qərarın surətində adı, soyadı və
tarix göstərilməklə, onu qəbul etməsi barədə
imza edir. Tikinti obyektinin sifarişçisi
(podratçısı) və ya onun məsul şəxsi Qərarı
qəbul etməkdən imtina etdikdə, dövlət nəzarətini
həyata keçirən vəzifəli şəxs Qərarın
surətində bu barədə müvafiq qeyd edir. Bu halda Qərar
sifarişli poçt göndərişi ilə onun
ünvanına göndərilir. Göstəriş sifarişli
poçt göndərişi ilə sifarişçiyə
(podratçıya) çatdırıldığı gün
həmin Qərar rəsmi qaydada verilmiş hesab edilir.
3.6. Qərar əsasında tikinti işləri
dayandırıldığı müddətdə tikintinin
podratçısı (podratçısı
olmadığı hallarda sifarişçisi)
üçüncü şəxslərin həyatının
və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini
təmin etmək məqsədi ilə tikinti
meydançasında mühafizə tədbirləri görməlidir.
3.7. Tikinti işləri bu Qaydanın
3.1.2-ci, 3.1.3-cü və 3.1.4-cü yarımbəndlərinə
əsasən dayandırıldığı hallarda
sifarişçinin (podratçının) yalnız Qərarda
müəyyən edilən pozuntuların aradan
qaldırılması ilə bağlı işləri yerinə
yetirməsinə yol verilir.
3.8. Sifarişçi (podratçı) Qərarda
nəzərdə tutulmuş göstərişləri yerinə
yetirməli və tikinti işlərinin
dayandırılmasına əsas olmuş pozuntuları aradan
qaldırmalıdır. Həmin pozuntular aradan
qaldırıldıqda, sifarişçi (podratçı) bu
barədə Agentliyə yazılı məlumat təqdim etməlidir.
3.9. Dövlət nəzarətini həyata
keçirən vəzifəli şəxs bu Qaydanın 3.8-ci bəndində
nəzərdə tutulmuş məlumatın təqdim edildiyi
gündən 3 (üç) iş günü müddətində
sifarişçinin və podratçının
iştirakı ilə pozuntuların aradan
qaldırılıb-qaldırılmadığını
yoxlamalıdır.
3.10. Bu Qaydanın 3.9-cu bəndində nəzərdə
tutulmuş yoxlama nəticəsində göstərişlərin
yerinə yetirilmədiyi və tikinti işlərinin
dayandırılmasına əsas olmuş pozuntuların aradan
qaldırılmadığı müəyyən olunduqda, bu
barədə, hər bir pozuntu ayrıca təsvir edilməklə,
bu Qaydanın 2.2-ci və 2.3-cü yarımbəndlərinə
uyğun olaraq texniki baxış aktı tərtib edilir və
sifarişçiyə (podratçıya) və ya onun məsul
şəxsinə təqdim olunur. Belə halda tikinti işlərinin
dayandırılması haqqında qərar qüvvədə
qalır və Agentlik 2 (iki) iş günü müddətində
sifarişçiyə (podratçıya) bu barədə
yazılı məlumat verir. Yoxlama nəticəsində tikinti
işlərinin dayandırılması üçün əsas
olan pozuntuların aradan qaldırıldığı müəyyən
olunduqda, Agentlik tikinti işlərinin davam etdirilməsinə 2
(iki) iş günü müddətində yazılı
razılıq verir və belə razılıq tikinti işlərinin
dayandırılması haqqında qərarın qüvvədən
düşməsini ehtiva edir.
3.11. Bu Qaydanın 3.8-ci bəndində nəzərdə
tutulmuş məlumatın təqdim edildiyi gündən 5
(beş) iş günü müddətində Agentlik
sifarişçiyə (podratçıya) tikinti işlərinin
dayandırılması haqqında qərarın qüvvədə
qalması barədə yazılı məlumat və ya tikinti
işlərinin davam etdirilməsinə yazılı
razılıq vermədikdə, tikinti işlərinin
dayandırılması barədə qərar qüvvədən
düşmüş hesab olunur.
3.12. Bu Qaydanın 3.10-cu bəndinə
uyğun olaraq qüvvədə qalan Qərarda nəzərdə
tutulmuş göstərişlərin yerinə yetirilməsinin
yoxlanılmasına və tikinti işlərinin
dayandırılması üçün əsas olmuş
pozuntuların aradan
qaldırılıb-qaldırılmadığının
yoxlanılmasına, habelə yoxlamanın nəticələrinə
bu Qaydanın 3.8-3.10-cu bəndlərinin tələbləri tətbiq
edilir.
4. Mədəni irs obyektlərinin
əlamətləri aşkar edildikdə, tikinti işlərinin
dayandırılması qaydası
4.1. Tikinti zamanı mədəni irs
obyektlərinin əlamətləri aşkar edildikdə, tikinti
işləri dərhal dayandırılır və bu barədə
yerli icra hakimiyyəti orqanına məlumat verilir.
4.2. Yerli icra hakimiyyəti orqanı “Tarix
və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsini təmin
etmək məqsədi ilə aidiyyəti üzrə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, tabeliyindəki dövlət
qoruqlarının ərazilərində aparılan tikinti
işləri ilə bağlı Dövlət Turizm Agentliyinə, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqları ərazisində aparılan tikinti
işləri ilə bağlı isə Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət
edir. [3]
4.3. Tikinti işlərinin davam etdirilməsi
barədə qərar Agentlik tərəfindən Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə, tabeliyindəki dövlət
qoruqlarının ərazilərində aparılan tikinti
işləri ilə bağlı Dövlət Turizm Agentliyi ilə, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqları ərazisində aparılan tikinti
işləri ilə bağlı isə Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə
razılaşdırmaqla qəbul edilir.
5. Yekun müddəalar
Tikinti işlərinin
dayandırılması barədə qərar icra
olunmadıqda, həmin tikinti obyektlərinə dair Qanunla
müəyyən edilmiş tədbirlər tətbiq edilir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 6 noyabr 2018-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 7 noyabr 2018-ci il, ¹
251,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
11, maddə 2240) ilə “Tikinti işlərinin
dayandırılması Qaydası”nın 1.3-cü bəndinin
ikinci cümləsinə “obyektlərinə”
sözündən sonra “, habelə
reklam qurğularına” sözləri əlavə
edilmişdir.
[2] 7 aprel 2017-ci il tarixli 1333 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti,
8 aprel 2017-ci il, ¹ 72, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 4, maddə 547) ilə
“Tikinti işlərinin
dayandırılması Qaydası”nın 2.1.1-ci yarımbəndində
“memarlıq-planlaşdırma
bölməsinə” sözləri “yalnız zirzəmilərin, mərtəbələrin,
dam örtüklərinin planlarından, kəsiklərdən və
fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin
baş planı bölmələrinə” sözləri ilə
əvəz edilmişdir.
[3] 6 iyul 2018-ci il tarixli 176 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyul 2018-ci il, ¹
148, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹7, I kitab, maddə
1462) ilə “Tikinti
işlərinin dayandırılması Qaydası”nın 4.2-ci
və 4.3-cü bəndlərindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında” sözləri çıxarılmışdır.
3 may 2019-cu il tarixli 673 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 may 2019-cu il, ¹
98, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə
825) ilə “Tikinti işlərinin dayandırılması
Qaydası”nın 4.2-ci bəndinə “Nazirliyinə” sözündən sonra “, tabeliyindəki dövlət
qoruqlarının ərazilərində aparılan tikinti
işləri ilə bağlı Dövlət Turizm Agentliyinə”
və 4.3-cü bəndinə “Nazirliyi
ilə” sözlərindən sonra “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində
aparılan tikinti işləri ilə bağlı Dövlət
Turizm Agentliyi ilə” sözləri əlavə
edilmişdir.