Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, 9, maddə 564; 2001, 5, maddə 298, 11, maddələr 676, 698; 2002, 1, maddə 9, 8, maddə 463; 2003, 8, maddə 424; 2004, 2, maddə 57, 11, maddə 901; 2005, 4, maddə 277, 10, maddə 874, 11, maddə 993; 2006, 12, maddə 1027; 2007, 6, maddə 560, 11, maddələr 1053, 1091; 2008, 2, maddə 49, 6, maddələr 453, 463, 7, maddə 602; 2009, 2, maddə 47, 4, maddə 210, 12, maddə 948; 2010, 7, maddə 598; 2011, 2, maddə 71, 4, maddə 255, 6, maddə 469, 12, maddə 1097; 2012, 5, maddə 402, 7, maddə 671; 2013, 4, maddələr 362, 363, 7, maddə 795, 11, maddələr 1295, 1298; 2014, 4, maddələr 343, 346, 5, maddə 467, 11, maddə 1352; 2015, 1, maddə 2, 2, maddələr 76, 79, 105) aşağıdakı məzmunda 9-1-ci maddə əlavə edilsin:

Maddə 9-1. Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi

I. Avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

II. Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.

III. Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər aşağıdakı hallarda tikilməlidir:

1. avtomagistrallarda - bu Qanunun 9-1-ci maddəsinin I və II hissələri nəzərə alınmaqla;

2. digər avtomobil yollarında - nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda.

IV. Bu Qanunun 9-1-ci maddəsinin III hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir..

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 aprel 2015-ci il

1261-IVQD