“Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.10-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. “Tikinti işlərinin dayandırılması Qaydası” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. tikinti işlərinin aparılması zamanı tarix və mədəniyyət abidələri aşkar olunduğu hallarda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş müvafiq tədqiqatlar aparılması və digər tədbirlər görülməsi müddətləri ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 may 2015-ci il

              № 533

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Tikinti işlərinin dayandırılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir.

1.2. Bu Qaydanın əsas məqsədi tikinti işləri zamanı sifarişçi və podratçı tərəfindən qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (bundan sonra – normativ sənədlər) tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuların qarşısının vaxtında alınması və aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirməkdən ibarətdir.

1.3. Bu Qayda Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından və təyinatından asılı olmayaraq bütün tikinti obyektlərinə şamil olunur. Bu Qayda Məcəllənin 79-cu maddəsinə əsasən tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə şamil olunmur.

1.4. Bu Qaydaya uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir.

1.5. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq, bu Qaydaların müddəaları Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış tikinti obyektlərinə də şamil edilir.

 

2. Tikinti işləri dayandırılmadan aşkar olunmuş pozuntuların aradan qaldırılması qaydası

 

2.1. Məcəllənin 92.1-ci maddəsinə əsasən tikinti işlərinin həyata keçirilməsi zamanı aşağıdakı pozuntu halları aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş (bundan sonra - Göstəriş) təqdim edilir:

2.1.1. tikinti işlərinin tikintiyə dair icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmadığı müəyyən edildikdə;

2.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda;

2.1.3. şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə zidd olaraq, uyğunluq sertifikatı olmayan tikinti materiallarından və məmulatlarından istifadə edildikdə;

2.1.4. Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və ya sertifikatı olmayan şəxslər tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə işlərinə cəlb edildikdə.

2.2. Tikinti işləri həyata keçirildiyi zaman bu Qaydanın 2.1-ci bəndində göstərilən hər hansı bir pozuntu halı aşkar edildikdə, bununla bağlı Müfəttişliyin ərazi nümayəndəsi tikinti obyektinə dair iki nüsxədən ibarət texniki baxış aktı tərtib edir. Texniki baxış aktında aşağıdakılar göstərilir:

2.2.1. texniki baxış aktını tərtib edən şəxsin adı, soyadı, atasının adı, vəzifəsi;

2.2.2. tikinti obyektinin ünvanı və təyinatı;

2.2.3. texniki baxış aktı tərtib olunan tikinti obyektinin sifarişçisinin, layihəçinin və podratçının (olduqda) adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda isə - onun tam adı;

2.2.4. texniki baxış aktının tərtib olunduğu tarix və vaxt;

2.2.5. icazə sənədi (tələb olunduqda) barədə məlumat;

2.2.6. müvafiq lisenziyalar barədə məlumat;

2.2.7. tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri (ekspertiza tələb olunduğu hallarda);

2.2.8. aparılmış tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat;

2.2.9. obyektin mövcud vəziyyəti barədə məlumat;

2.2.10. tikinti obyektində aşkar olunmuş hər bir pozuntunun ayrıca təsviri.

2.3. Bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tərtib olunmuş texniki baxış aktı dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən imzalanır, bir nüsxəsi vəzifəli şəxs tərəfindən sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim edilir, sifarişçi (podratçı) və ya onun məsul şəxsi isə digər nüsxədə adı, soyadı və tarix göstərilməklə, texniki baxış aktını qəbul etməsi barədə imza edir. Tikinti obyektinin sifarişçisi (podratçısı) və ya onun məsul şəxsi texniki baxış aktının nüsxəsini qəbul etməkdən imtina etdikdə, həmin aktı tərtib edən vəzifəli şəxs aktda bu barədə müvafiq qeyd edir.

2.4. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş texniki baxış aktı tərtib edildiyi gündən 4 (dörd) iş günü müddətində Müfəttişlik tərəfindən Göstəriş tərtib olunur.

2.5. Göstərişdə tikinti işlərində aşkar olunmuş hər bir pozuntunun ayrıca təsviri qeyd olunmaqla, həmin pozuntuların sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün, müvafiq işlərin həcmindən asılı olaraq, ağlabatan müddət müəyyən edilir. Göstəriş Agentliyin rəhbərliyi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Göstərişdə işin mahiyyətinə dair hallarla yanaşı, aşağıdakılar göstərilir:

2.5.1. Göstərişi imzalayan şəxsin adı, soyadı, atasının adı, vəzifəsi;

2.5.2. Göstərişin tərtib olunduğu tarix və vaxt;

2.5.3. tikinti obyektinin ünvanı və təyinatı;

2.5.4. tikinti obyektinin sifarişçisinin, layihəçinin və podratçının (olduqda) adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda isə - onun tam adı;

2.5.5. icazə sənədi (tələb olunduqda) barədə məlumat;

2.5.6. müvafiq lisenziyalar barədə məlumat;

2.5.7. tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri (ekspertiza tələb olunduğu hallarda);

2.5.8. aparılmış tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat;

2.5.9. obyektin mövcud vəziyyəti barədə məlumat;

2.5.10. bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş akt barədə məlumat;

2.5.11. tikinti obyektində aşkar olunmuş hər bir pozuntunun ayrıca təsviri;

2.5.12. tikinti obyektində aşkar olunmuş hər bir pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün müəyyən edilmiş müddət;

2.5.13. Göstərişdən şikayət verilməsi qaydası.

2.6. Göstəriş verildiyi gündən 3 (üç) iş günü müddətində vəzifəli şəxs tərəfindən sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim edilir, sifarişçi (podratçı) və ya onun məsul şəxsi isə Göstərişin surətində adı, soyadı və tarix göstərilməklə onu qəbul etməsi barədə imza edir. Tikinti obyektinin sifarişçisi (podratçısı) və ya onun məsul şəxsi Göstərişi qəbul etməkdən imtina etdikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs Göstərişin surətində bu barədə müvafiq qeyd edir. Bu halda Göstəriş sifarişli poçt göndərişi ilə onun ünvanına göndərilir. Göstəriş sifarişli poçt göndərişi ilə sifarişçiyə (podratçıya) çatdırıldığı gün həmin Göstəriş rəsmi qaydada verilmiş hesab edilir.

2.7. Sifarişçi (podratçı) ona bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq təqdim edilmiş Göstərişdə qeyd olunan pozuntuları müəyyən olunan müddətdə aradan qaldırmalı və bu barədə Müfəttişliyə yazılı məlumat verməlidir.

2.8. Müfəttişlik, bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmuş məlumatın verildiyi gündən, belə məlumat verilmədiyi hallarda isə, pozuntuların aradan qaldırılması üçün Göstərişdə müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində sifarişçinin və podratçının iştirakı ilə həmin pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır.

2.9. Bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş qaydada aparılmış yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, yoxlama aparıldığı gündən 2 (iki) iş günü müddətində Müfəttişlik sifarişçiyə (podratçıya) icrası yoxlanılmış Göstərişin icra olunmayan hissəsi ilə bağlı yenidən yazılı göstəriş (bundan sonra - Təkrar Göstəriş), pozuntuların aradan qaldırıldığı müəyyən edildikdə isə həmin müddətdə sifarişçiyə (podratçıya) bu barədə yazılı məlumat verir. Bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq məlumatın təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində Müfəttişlik sifarişçiyə (podratçıya) Təkrar Göstəriş və ya Göstərişdə nəzərdə tutulmuş pozuntuların aradan qaldırıldığı barədə yazılı məlumat vermədikdə, həmin pozuntular aradan qaldırılmış hesab olunur.

2.10. Təkrar Göstərişdə bu Qaydanın 2.5.1-2.5.9-cu və 2.5.13-cü yarımbəndlərində nəzərdə tutulanlarla yanaşı, icrası yoxlanılmış Göstərişin rekvizitləri, həmin Göstəriş üzrə aradan qaldırılmamış hər bir pozuntunun ayrıca təsviri verilməli, habelə hər bir pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün, müvafiq işlərin həcmindən asılı olaraq, ağlabatan müddət müəyyən edilməlidir. Təkrar Göstərişin tərtibi ilə bağlı əlavə tələblərə, habelə onun sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim olunması, pozuntuların aradan qaldırılıb-qaldırılmadığının yoxlanılması proseduruna bu Qaydanın 2.5-2.8-ci bəndlərinin müddəaları tətbiq olunur.

2.11. Təkrar Göstərişlə bağlı bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulan qaydada aparılmış yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs bu Qaydanın 3.1.3–3.1.5-ci yarımbəndlərində göstərilən müddətləri nəzərə almadan, bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq texniki baxış aktı tərtib edərək sifarişçiyə (podratçıya) təqdim edir, pozuntuların aradan qaldırıldığı müəyyən edildikdə isə yoxlamanın aparıldığı gündən 2 (iki) iş günü müddətində Müfəttişlik sifarişçiyə (podratçıya) bu barədə yazılı məlumat verir. Təkrar Göstərişlə bağlı yoxlamanın nəticələrinə görə texniki baxış aktı təqdim edilmədikdə, yaxud yoxlama ilə bağlı bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq məlumatın təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində Müfəttişlik sifarişçiyə (podratçıya) Təkrar Göstərişdə nəzərdə tutulmuş pozuntuların aradan qaldırıldığı barədə yazılı məlumat vermədikdə, həmin pozuntular aradan qaldırılmış hesab olunur.

2.12. Bu Qaydanın 2.4-cü və 2.9-cu bəndlərində nəzərdə tutulmuş göstərişin formasını Nazirlik müəyyən edir.

 

3. Tikinti işlərinin dayandırılması və tikinti işləri dayandırılmaqla, aşkar olunmuş pozuntuların aradan qaldırılması qaydası

 

3.1. Tikinti işləri həyata keçirilərkən aşağıdakı pozuntular aşkar olunduqda, texniki baxış aktı tərtib edilir və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir:

3.1.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə;

3.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda;

3.1.3. bu Qaydanın 2.1.1-ci yarımbəndində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı Göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 (dörd) ay müddətində aradan qaldırılmadıqda;

3.1.4. bu Qaydanın 2.1.2-ci yarımbəndində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı Göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 (bir) il müddətində aradan qaldırılmadıqda;

3.1.5. bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı Göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 (bir) ay müddətində aradan qaldırılmadıqda.

3.2. Tikinti işləri həyata keçirildiyi zaman bu Qaydanın 3.1-ci bəndində göstərilən hər hansı bir pozuntu aşkar edildikdə, bununla bağlı dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs bu Qaydanın 2.2-ci və 2.3-cü yarımbəndlərinə uyğun olaraq texniki baxış aktı tərtib edərək sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim edir. Bu Qaydanın 3.1.3–3.1.5-ci yarımbəndlərində göstərilən hər hansı bir pozuntu aşkar edildikdə, texniki baxış aktında bu Qaydanın 2.2.1–2.2.10-cu yarımbəndlərində nəzərdə tutulanlarla yanaşı, icrası yoxlanılmış Təkrar Göstərişin rekvizitləri, həmin Təkrar Göstəriş üzrə aradan qaldırılmamış hər bir pozuntunun ayrıca təsviri göstərilməlidir.

3.3. Müfəttişlik, bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş pozuntularla bağlı texniki baxış aktı əsasında, onun tərtib edildiyi gündən 4 (dörd) iş günü müddətində tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar (bundan sonra – Qərar) tərtib edir.

3.4. Qərar Agentliyin rəhbərliyi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Qərarda işin mahiyyətinə dair hallarla yanaşı, aşağıdakılar göstərilir:

3.4.1. Qərarı qəbul edən şəxsin adı, soyadı, atasının adı, vəzifəsi;

3.4.2. Qərarın qəbul olunduğu tarix və vaxt;

3.4.3. tikinti obyektinin ünvanı və təyinatı;

3.4.4. tikinti obyektinin sifarişçisinin, layihəçinin və podratçının (olduqda) adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda isə - onun tam adı;

3.4.5. icazə sənədi (tələb olunduqda) barədə məlumat;

3.4.6. müvafiq lisenziyalar barədə məlumat;

3.4.7. tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri (ekspertiza tələb olunduğu hallarda);

3.4.8. aparılmış tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat;

3.4.9. obyektin mövcud vəziyyəti barədə məlumat;

3.4.10. bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş akt barədə məlumat;

3.4.11. tikinti obyektində aşkar olunmuş pozuntu ilə bağlı verilmiş Göstərişin və Təkrar Göstərişin rekvizitləri, habelə Təkrar Göstəriş üzrə aradan qaldırılmamış hər bir pozuntunun ayrıca təsviri (Qərar bu Qaydanın 3.1.3–3.1.5-ci bəndləri əsasında qəbul edildiyi halda);

3.4.12. tikinti obyektində aşkar olunmuş və Qərarın qəbulunu şərtləndirən hər bir pozuntunun, bu pozuntuların faktiki və hüquqi hallarının ayrıca təsviri;

3.4.13. Qərarın qəbulunu şərtləndirən hər bir pozuntunun aradan qaldırılması ilə bağlı izahlı göstəriş, həmin pozuntuların aradan qaldırılması üçün müvafiq işlərin həcmindən asılı olaraq müəyyən edilmiş ağlabatan müddət;

3.4.14. Qərardan şikayət verilməsi qaydası.

3.5. Qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində vəzifəli şəxs tərəfindən sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim edilir, sifarişçi (podratçı) və ya onun məsul şəxsi Qərarın surətində adı, soyadı və tarix göstərilməklə, onu qəbul etməsi barədə imza edir. Tikinti obyektinin sifarişçisi (podratçısı) və ya onun məsul şəxsi Qərarı qəbul etməkdən imtina etdikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs Qərarın surətində bu barədə müvafiq qeyd edir. Bu halda Qərar sifarişli poçt göndərişi ilə onun ünvanına göndərilir. Göstəriş sifarişli poçt göndərişi ilə sifarişçiyə (podratçıya) çatdırıldığı gün həmin Qərar rəsmi qaydada verilmiş hesab edilir.

3.6. Qərar əsasında tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçısı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədi ilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir.

3.7. Tikinti işləri bu Qaydanın 3.1.2-ci, 3.1.3-cü və 3.1.4-cü yarımbəndlərinə əsasən dayandırıldığı hallarda sifarişçinin (podratçının) yalnız Qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işləri yerinə yetirməsinə yol verilir.

3.8. Sifarişçi (podratçı) Qərarda nəzərdə tutulmuş göstərişləri yerinə yetirməli və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırmalıdır. Həmin pozuntular aradan qaldırıldıqda, sifarişçi (podratçı) bu barədə Agentliyə yazılı məlumat təqdim etməlidir.

3.9. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 3 (üç) iş günü müddətində sifarişçinin və podratçının iştirakı ilə pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlamalıdır.

3.10. Bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda, bu barədə, hər bir pozuntu ayrıca təsvir edilməklə, bu Qaydanın 2.2-ci və 2.3-cü yarımbəndlərinə uyğun olaraq texniki baxış aktı tərtib edilir və sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim olunur. Belə halda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və Agentlik 2 (iki) iş günü müddətində sifarişçiyə (podratçıya) bu barədə yazılı məlumat verir. Yoxlama nəticəsində tikinti işlərinin dayandırılması üçün əsas olan pozuntuların aradan qaldırıldığı müəyyən olunduqda, Agentlik tikinti işlərinin davam etdirilməsinə 2 (iki) iş günü müddətində yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir.

3.11. Bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində Agentlik sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması barədə yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq vermədikdə, tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab olunur.

3.12. Bu Qaydanın 3.10-cu bəndinə uyğun olaraq qüvvədə qalan Qərarda nəzərdə tutulmuş göstərişlərin yerinə yetirilməsinin yoxlanılmasına və tikinti işlərinin dayandırılması üçün əsas olmuş pozuntuların aradan qaldırılıb-qaldırılmadığının yoxlanılmasına, habelə yoxlamanın nəticələrinə bu Qaydanın 3.8-3.10-cu bəndlərinin tələbləri tətbiq edilir.

 

4. Mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, tikinti işlərinin dayandırılması qaydası

 

4.1. Tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, tikinti işləri dərhal dayandırılır və bu barədə yerli icra hakimiyyəti orqanına məlumat verilir.

4.2. Yerli icra hakimiyyəti orqanı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində aparılan tikinti işləri ilə bağlı isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət edir.

4.3. Tikinti işlərinin davam etdirilməsi barədə qərar Agentlik tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində aparılan tikinti işləri ilə bağlı isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırmaqla qəbul edilir.

 

5. Yekun müddəalar

 

Tikinti işlərinin dayandırılması barədə qərar icra olunmadıqda, həmin tikinti obyektlərinə dair Qanunla müəyyən edilmiş tədbirlər tətbiq edilir.