Bakı Yanğın-Texniki məktəbinin yaradılması barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Daxili işlər orqanlarının yanğından mühafizə xidmət sahəsi üzrə mütəxəssislərə olan ehtiyacını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Tədris Mərkəzi bazasında “Yanğına qarşı mühafizənin təşkili və texnikası” ixtisası üzrə orta ixtisas təhsili verən Bakı Yanğın Texniki Məktəbi yaradılsın.

2. Yaradılan Bakı Yanğın-Texniki məktəbinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçün Yanğından mühafizə və Qəza xilasetmə işləri üzrə ixtisaslaşdırılmış orta-ixtisas təhsilli mütəxəssislərin hazırlanması hər il 75—100 nəfər qəbul edilməklə 2 il əyani, 3 il qiyabi təhsil müddəti müəyyən edilsin .

Bakı Yanğın-Texniki məktəbinə daxili işlər orqanları əməkdaşları, eləcə də müddətli hərbi xidmət keçməsindən asılı olmayaraq, ümumi orta (xüsusi orta) təhsilli, şəxsi və iş keyfiyyətinə, fiziki cəhətcə sağlamlığına görə daxili işlər orqanlarında işləməyə yararlı çağırış yaşına qədər oğlanlar respublika orta ixtisas məktəblərinə tələbə qəbulu qaydalarına müvafiq olaraq qəbul olunurlar.

Məktəbi bitirən şəxslərə Yanğın-Texniki ixtisası verilməklə, Azərbaycan Respublikası orta ixtisas təhsil ocaqları üçün müəyyən olunmuş nümunədə diplom təqdim edilir.

3. Bakı Yanğın-Texniki məktəbi ləğv edilən Yanğından Mühafizə Tədris Mərkəzinin funksiyalarını üzərinə götürərək əməkdaşların ilkin, yenidən hazırlıq və ixtisasartırma kurslarını keçməsini təmin edir.

4. Bakı Yanğın-Texniki məktəbinin təşkili 96 nəfər daimi ştat vahidi həcmində həyata keçirilsin.

5. Bakı Yanğın-Texniki məktəbinin rəhbər və rəis heyətlərinin vəzifə maaşları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idarələrinin müvafiq əməkdaşlarının vəzifə maaşlarına, xüsusi rütbəsi olmayan professor-müəllim və tədris yardımçı heyətinin vəzifə maaşları isə Azərbaycan Respublikası xalq təhsili ocaqlarında qüvvədə olan müvafiq vəzifə maaşlarına bərabər həcmdə müəyyənləşdirilsin.

Bakı Yanğın-Texniki məktəbinə pedaqoji işə qəbul olunan “Elmlər namizədi” və “Elmlər doktoru” dərəcəsi olan şəxslərin əvvəlki elmi-pedaqoji iş stajı daxili işlər orqanlarında xidmət illəri kimi hesab edilsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı Yanğın-Texniki məktəbinin saxlanılması üçün hər il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə lazımi vəsaitin ayrılmasını nəzərdə tutsun.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 1997—2000-ci illərdə yeni tipli tədris korpusunun və hərbi fiziki poliqonunun layihələşdirilib tikilməsini həyata keçirsin.

Azərbaycan Respublikası İqtisadiyyat və Maliyyə nazirlikləri bu məqsədlər üçün lazımi vəsaitin planlaşdırılmasını və ayrılmasını nəzərdə tutsun.

 

Baş nazir  F.QULİYEV

 

Bakı şəhəri, 29 may 1996-cı il

                 № 68