AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

 

KOLLEGİYA QƏRARI

 

10-N

 

Bakı şəhəri 14 oktyabr 2015-ci il

 

Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydalarının təsdiq edilməsi barədə

 

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1141-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1022 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası məqsədi ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"nin 19-cu bəndinə əsasən Kollegiya

 

QƏRARA ALIR:

 

1. Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A. Əliyev).

3. Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydalarının müddəalarının öyrənilməsi, mütəşəkkil və dürüst icrası üzrə lazımi tədbirlərin görülməsi təmin edilsin (T.Musayev, İ.Məmmədov).

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 2007-ci il 27 iyul tarixli 32-T nömrəli əmrin (2007-ci il 24 avqust tarixli 3359 nömrəli şəhadətnamə) 1-ci bəndi və 2009-cu il 02 iyun tarixli 20-T nömrəli əmrin (2009-cu il 23 iyun tarixli 3453 nömrəli şəhadətnamə) 2-ci bəndi ləğv edilsin.

5. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 

 


 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2015-ci il 14 oktyabr tarixli 10-N nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 14-cü maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 9.14-cü bəndindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulunun və uçotunun aparılması qaydalarını müəyyən edir.

1.2. Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi (bundan sonra Baş idarə) tərəfindən aparılır.

1.3. Dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar, ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə dövri mətbu nəşrləri təsis etmək hüququna malikdirlər.

1.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər, dövlət qeydiyyatından keçməyən, yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər və siyasi partiyalar mətbu nəşr təsis edə bilməzlər.

1.5. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində mətbu nəşr təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür).

1.6. Qanunun 14-cü maddəsinin altıncı hissəsində və 21-ci maddəsində göstərilən, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallardan başqa xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin mətbu nəşrləri maliyyələşdirməsinə yol verilmir.

 

2. Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu

 

2.1. Mətbu nəşr təsis etmək istəyən hüquqi, fiziki şəxs və ya onların səlahiyyətli nümayəndəsi nəşrin çapından 7 gün əvvəl bu Qaydalarla müəyyən edilmiş formaya uyğun (1 və 2 -li əlavələr) iki nüsxədə tərtib olunmuş ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra Nazirlik) rəsmi müraciət etməyə borcludur.

2.2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.2.1. mətbu nəşr fiziki şəxs tərəfindən təsis olunduqda onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.2.2. mətbu nəşr hüquqi şəxs tərəfindən təsis olunduqda hüquqi şəxsin (kommersiya və dini qurumlar olduqda) nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

2.2.3. mətbu nəşrin redaktorunun (baş redaktorunun) şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.2.4. mətbu nəşrin redaktorunun (baş redaktorunun) ali təhsilini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

2.2.5. mətbu nəşrin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə edildikdə buna dair həmin qurumların rəhbəri tərəfindən imzalanmış yazılı razılığı;

2.2.6. mətbu nəşrin adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları əks etdirildikdə buna dair həmin şəxslərin yaxın qohumlarının (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) və ya vərəsələrinin yazılı icazəsi;

2.2.7. səlahiyyətli şəxsin səlahiyyətini təsdiq edən sənədin surəti;

2.2.8. dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi.[1]

2.3. Təsisçi fiziki şəxs olduqda ərizədəki imzası notariat qaydasında təsdiq edilməlidir. Təsisçi hüquqi şəxs olduqda ərizə qanuni təmsilçi və ya səlahiyyətli şəxs tərəfindən imzalanır və hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir.

2.4. Ərizədə əks olunan məlumatların düzgünlüyünə müraciət edən şəxs məsuliyyət daşıyır.

2.5. Ərizənin hər iki nüsxəsi dəftərxanada qeydiyyata alınır və onlara qəbul edilmə tarixi yazılır.

2.6. Mətbu nəşrin uçotu üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmətlərin göstərilməsi Nazirlik tərəfindən müəyyən edilmiş reqlamentə uyğun olaraq həyata keçirilir.

 

3. Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərə baxılması qaydası

 

3.1. Ərizə daxil olduqdan sonra onun bu Qaydalara uyğun tərtib edilməsi və 2.2-ci bənddə nəzərdə tutulmuş sənədlərin əlavə edilməsi yoxlanılır.

3.2. Eyni və ya oxşar adlı mətbu nəşrlərin buraxılışının qarşısını almaq məqsədilə ərizə qəbul edilərkən eyni və ya oxşar adlı mətbu nəşrin mövcudluğu araşdırılmalı, belə hal aşkar olunduqda bu barədə ərizəçiyə məlumat verilərək bunun Qanuna müvafiq olaraq yolverilməzliyi izah edilməlidir.

3.3. Müraciətə baxılarkən Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması və ya bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərinin tələbləri ilə uyğunsuzluq halları aşkar olunduqda müraciət edən şəxsə 5 gün müddətində onların aradan qaldırılması barədə müvafiq izah verilir.

3.4. Bu Qaydaların 3.3-cü bəndində qeyd edilən nöqsanlar aşkar edilmədikdə mətbu nəşr mətbu nəşrlərin reyestrinə (bundan sonra-reyestr) daxil edilir və ərizənin hər iki nüsxəsinə mətbu nəşrin reyestrə daxil edilməsini təsdiq edən ştamp vurulur.

3.5. Ştampın üzərində mətbu nəşrin reyestrə daxil edilmə nömrəsini və tarixini əks etdirən qeyd aparılır.

Ərizənin bir nüsxəsi təsisçinin ünvanına poçt vasitəsilə və ya elektron formada əldə etmək istədiyi halda elektron imza ilə təsdiq olunmaqla onun elektron poçt ünvanına göndərilir. Eyni zamanda təsisçinin arzusu ilə həmin nüsxə fərdi qaydada ona təqdim edilə bilər. Bu halda təsisçi sənədlərin təhvili jurnalında (3 -li Əlavə) sənədi aldığını imzası ilə təsdiq edir.

3.6. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi vahid reyestrin aparılması məqsədilə uçota alınmış mətbu nəşrlər və onlarla bağlı reyestrdə edilmiş bütün dəyişikliklər barədə hər yarım il üzrə Nazirliyə məlumat təqdim edir.

 

4. Mətbu nəşrlərin uçotunun aparılması

 

4.1. Mətbu nəşrlərin kağız və elektron formada tərtib olunan reyestrinin aparılmasını Baş idarə təşkil edir.

4.2. Baş idarə rəisi tərəfindən reyestrin aparılması üzrə məsul əməkdaş müəyyən edilir. Reyestrə məlumatların daxil edilməsini həyata keçirən məsul əməkdaş reyestr məlumatlarının təhrif edilməsinə görə məsuliyyət daşıyır.

4.3. Kağız formasında olan reyestr məlumatları illər üzrə tərtib edilən reyestr kitabında (4 -li əlavə) yazılır.

4.4. Mətbu nəşrin uçota alınması barədə məlumat müvafiq ərizə daxil olduğu gündən etibarən 5 gün müddətində reyestrə daxil edilir. Məlumatlar ərizələrin daxil olma ardıcıllığına və qeydiyyat nömrələrinə uyğun olaraq reyestrə daxil edilir.

4.5. Reyestr kitabında aşağıdakı məlumatlar əks etdirilir:

4.5.1. mətbu nəşrin adı, reyestr nömrəsi, reyestrə daxil edildiyi tarix, məqsədi, dövriliyi, hüquqi ünvanı və digər aidiyyəti məlumatlar (telefon və faks nömrəsi, elektron ünvanı və s.);

4.5.2. fiziki şəxs olan təsisçilərin və baş redaktorun adı, soyadı, atasının adı, vətəndaşlığı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi, yaşadığı ünvan;

4.5.3. hüquqi şəxs olan təsisçilərin (redaksiyanın) adı, dövlət qeydiyyatına alındığı tarix, qeydiyyat nömrəsi və dövlət qeydiyyatını həyata keçirən orqanın adı, təsisçiləri, hüquqi ünvanı, qanuni təmsilçisi;

4.5.4. mətbu nəşrin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə edildikdə buna dair yazılı razılığı vermiş qurumun vəzifəli şəxsinin adı, vəzifəsi və razılığı əks etdirən məktubun tarixi və nömrəsi;

4.5.5. mətbu nəşrin adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları əks etdirildikdə buna dair yazılı icazə vermiş yaxın qohumların və ya vərəsələrin adı, soyadı, atasının adı, qohumluq dərəcəsi.

4.6. Reyestr kitabının kağız və elektron variantları arasında uyğunsuzluq aşkar edildikdə, kağız varianta üstünlük verilir.

4.7. Reyestr kitabında yol verilmiş yanlışlıq yalnız əlavə qeydlər edilməklə aradan qaldırılır, qüvvəsini itirmiş qeydlərin üzərindən xətt çəkilir, qeydin aparılması tarixi göstərilir, adı və soyadı qeyd olunmaqla reyestri tərtib edən məsul əməkdaş tərəfindən imzalanır.

4.8. Hər bir mətbu nəşr barəsində təqdim edilmiş sənədlər müvafiq qovluqda reyestr kitabındakı sıra ardıcıllığı ilə nömrələnməklə tikilir və saxlanılır.

4.9. Reyestr məlumatları açıqdır.

 

5. Dəyişikliklərin reyestrə daxil edilməsi

 

5.1. Reyestrə daxil edilmiş məlumatlar dəyişdiyi halda həmin məlumatların reyestrə daxil edilməsi üçün təsisçi və ya səlahiyyətli şəxs tərəfindən Nazirliyə müraciət olunur.

5.2. Dəyişikliyin reyestrə daxil edilməsi üçün təsisçi və ya səlahiyyətli şəxs tərəfindən imzası bu Qaydaların 2.3-cü bəndinə uyğun olaraq təsdiq olunmuş ərizə ilə müraciət (5 və 6 -li əlavələr) edilir. Ərizə iki nüsxədə təqdim olunur.

5.3. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

5.3.1. mətbu nəşrin təsisçilərinin tərkibi dəyişildiyi halda:

5.3.1.1. təsisçilikdən çıxmaq və təsisçiliyə daxil olmaq barədə ərizədə fiziki şəxsin imzası notariat qaydasında, hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası isə həmin hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir;

5.3.1.2. yeni təsisçi fiziki şəxsdirsə onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

5.3.1.3. yeni təsisçi hüquqi şəxsdirsə hüquqi şəxsin (kommersiya və dini qurumlar olduqda) nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

5.3.2. mətbu nəşrin redaktoru (baş redaktoru) dəyişildiyi halda bu Qaydaların 2.2.3-cü və 2.2.4-cü bəndlərində qeyd olunmuş sənədlər.

5.4. Sənədlərə mətbu nəşrin təsis edilməsi barədə təsisçiyə verilmiş və üzərində reyestrə daxil edilməni təsdiq edən ştamp vurulmuş əvvəlki ərizənin nüsxəsi də əlavə olunur. Həmin nüsxədə ştampın üzərindən mürəkkəbli qələmlə xətt çəkilərək mətbu nəşrin arxiv sənədlərinə tikilir.

5.5. Dəyişikliklə bağlı təqdim olunmuş sənədlər bu Qaydalara uyğun tərtib olunduğu halda dəyişiklik müraciətin daxil olduğu gündən etibarən 5 gün müddətində reyestrə daxil edilir və bu barədə reyestr kitabında qeyd aparılır.

5.6. Dəyişikliyi özündə əks etdirən ərizənin hər iki nüsxəsində məsul əməkdaş tərəfindən ştamp vurulmaqla onların ilkin reyestr nömrəsi və uçota alınma tarixi əks etdirilir. Həmin sənədin bir nüsxəsi təsisçinin ünvanına poçt vasitəsilə və ya elektron formada əldə etmək istədiyi halda elektron imza ilə təsdiq olunmaqla onun elektron poçt ünvanına göndərilir. Eyni zamanda təsisçinin arzusu ilə həmin nüsxə fərdi qaydada ona təqdim edilə bilər. Bu halda təsisçi sənədlərin təhvili jurnalında (3 -li Əlavə) sənədi aldığını imzası ilə təsdiq edir.

 

6. Mətbu nəşrin reyestrə daxil edilməsini təsdiq edən ərizənin dublikatının və ya surətinin verilməsi

 

6.1. Mətbu nəşrin reyestrə daxil edilməsini təsdiq edən ştamp vurulmuş ərizə itirildikdə və ya yararsız hala düşdükdə təsisçinin və ya səlahiyyətli nümayəndəsinin arzusu ilə onun dublikatı və ya surəti verilir.

6.2. Bu halda təsisçi və ya səlahiyyətli şəxs tərəfindən imzası bu Qaydaların 2.3-cü bəndinə uyğun təsdiq olunmuş ərizə ilə Nazirliyə müraciət edilir. Ərizə bu Qaydalarla müəyyən edilmiş formada (1 və 2 -li əlavələr) iki nüsxədə tərtib olunur.

6.3. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

6.3.1. sənədin itirilməsi barədə mətbuatda dərc edilmiş elan;

6.3.2. sənədin tapılmaması barədə müvafiq daxili işlər orqanı tərəfindən verilmiş arayış.

6.4. Yararsız hala düşdükdə ərizəyə yalnız həmin sənəd əlavə edilir.

6.5. Ərizənin dublikatı verildikdə sənədin üzərində Dublikat sözünü əks etdirən ştamp vurulur.

6.6. Təsisçinin ərizəsinə əsasən sənədin surəti verildikdə isə onun üzərində iri hərf ilə Surət sözünü əks etdirən ştamp vurulur.

 

7. Mətbu nəşrlərin fəaliyyətinin dayandırılması və ona xitam verilməsi

 

7.1. Mətbu nəşrlərin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

7.2. Mətbu nəşrin təsisçisinin arzusu ilə istehsalının və yayımının müvəqqəti dayandırılması üçün təsisçinin imzası bu Qaydaların 2.3-cü bəndinə uyğun təsdiq olunmuş ərizə ilə müraciət edilir. Ərizədə mətbu nəşrlərin istehsalının və yayımının müvəqqəti dayandırılma müddəti və səbəbi qeyd edilməlidir.

7.3. Mətbu nəşrlərin istehsalının və yayımının müvəqqəti dayandırılması ilə bağlı təqdim olunmuş sənədlərə Baş idarə tərəfindən baxılaraq, müvafiq qeyd 5 gün müddətində reyestrə daxil edilir və bu barədə reyestr kitabında qeyd aparılır.

7.4. Aşağıdakı hallarda Baş idarə tərəfindən mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır:

7.4.1. əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə;

7.4.2. kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə. [2]

7.5. Mətbu nəşrlərin təsisçisinin arzusu ilə istehsalına və yayımına xitam verildiyi halda təsisçinin imzası bu Qaydaların 2.3-cü bəndinə uyğun təsdiq olunmuş ərizə ilə müraciət edilir. Mətbu nəşrin təsis edilməsi barədə təsisçiyə verilmiş və üzərində reyestrə daxil edilməni təsdiq edən ştamp vurulmuş ərizə təsisçidən alınır və həmin nüsxədə ştampın üzərindən mürəkkəbli qələmlə xətt çəkilərək mətbu nəşrin arxiv sənədlərinə tikilir.

7.6. Aşağıdakı hallarda Baş idarə tərəfindən mətbu nəşrin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılır.

7.6.1. kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda;

7.6.2. kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə.

7.7. Mətbu nəşrin təsisçisi Nazirliyə rəsmi müraciət etmədən yayıldıqda, yaxud mətbu nəşrin təsis edilməsi barədə təqdim edilmiş məlumatların yanlış olması və ya mətbu nəşrin buna hüququ olmayan şəxslər tərəfindən təsis edilməsi haqqında sonradan məlumat daxil olduqda Baº idarə həmin nəşrin fəaliyyətinə xitam verilməsi barədə müvafiq məhkəmə qarşısında məsələ qaldırır.

7.8. Mətbu nəşrin istehsalına və yayımına təsisçinin və ya məhkəmənin qərarı ilə xitam verildiyi halda həmin mətbu nəşr reyestrdən çıxarılır və bu barədə reyestr kitabında qeyd aparılır. Reyestrdən çıxarılmış mətbu nəşrin reyestr nömrəsi silinmir və digər mətbu nəşrə verilmir.

 

 


 

 

Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydalarına 1 -li əlavə

(fiziki şəxslər üçün müəyyən edilmişdir)

 

 

 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə

 

ƏRİZƏ

 

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mətbu nəşr təsis etmək və __ _______20 il tarixdən etibarən həmin nəşrin çapına başlamaq arzusundayam.

Bununla əlaqədar qeyd edilən Qanunun 14-cü maddəsinə müvafiq olaraq aşağıdakı məlumatları bildirirəm:

1. Mətbu nəşrin adı: _____________________________________________________________

2. Məqsədi: ____________________________________________________________________

3. Dövriliyi: ____________________________________________________________________

4. Hüquqi ünvanı: ______________________________________________________________

_______________________________________________________________________________

5. Təsisçinin adı, soyadı, atasının, adı, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, yaşadığı ünvan:__________________________________________

_______________________________________________________________________________

6. Təsisçinin fəaliyyət qabiliyyəti: _________________________________________________

7. Təsisçinin cəza çəkməsi: _______________________________________________________

8. Redaktorun (baş redaktorun) adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, yaşadığı ünvan:

_______________________________________________________________________________

9. Redaktorun (baş redaktorun) vətəndaşlığı və təhsili: ______________________________

_______________________________________________________________________________

Ərizədə göstərilən məlumatların düzgünlüyünü təsdiq edirəm və məzmunu ilə tanış olduğumu bildirirəm.

İmza: ____________________________________ /____________________________________ /

(imza notariat qaydasında təsdiq edilir) (adı, soyadı, atasının adı)

 

Qoşma:________________________________________________________________________

(təqdim edilən sənədlər barədə məlumat vərəqlərin sayı göstərilməklə)

 

Əlaqə telefonları: _______________________________________________________________

 

elektron ünvanı: ________________________________________________________________

 

Tarix: ___ _____________ 20 il

 

 

 


 

 

Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydalarına 2 -li əlavə

(hüquqi şəxslər üçün müəyyən edilmişdir)

 

 

 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə

 

ƏRİZƏ

 

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mətbu nəşr təsis etmək və __ _______20 il tarixdən etibarən həmin nəşrin çapına başlamaq arzusundayam.

Bununla əlaqədar qeyd edilən Qanunun 14-cü maddəsinə müvafiq olaraq aşağıdakı məlumatları bildirirəm:

 

1. Mətbu nəşrin adı: _____________________________________________________________

2. Məqsədi: _____________________________________________________________________

3. Dövriliyi: ____________________________________________________________________

4. Hüquqi ünvanı: _______________________________________________________________

5. Təsisçinin adı, qeydiyyat nömrəsi və tarixi, dövlət qeydiyyatını həyata keçirən orqanın adı və hüquqi ünvanı, qanuni təmsilçisinin adı, soyadı, atasının adı:

_______________________________________________________________________________

6. Təsisçi olan hüquqi şəxsin təsisçisi (təsisçiləri)_____________________________________

7. Redaktorun (baş redaktorun) adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi yaşadığı ünvan:__________________________________________

8. Redaktorun (baş redaktorun) vətəndaşlığı və təhsili: _______________________________

_______________________________________________________________________________

Ərizədə göstərilən məlumatların düzgünlüyünü təsdiq edirəm və məzmunu ilə tanış olduğumu bildirirəm.

 

İmza: ___________________________________ /____________________________________

(imza hüquqi şəxsin möhürü ilə təsdiq edilir) (adı, soyadı, atasının adı)

Qoşma: ________________________________________________________________________

(təqdim edilən sənədlər barədə məlumat vərəqlərin sayı göstərilməklə)

 

Əlaqə telefonları: _______________________________________________________________

 

elektron ünvanı: ________________________________________________________________

 

Tarix: ___ _______________ 20 il

 

 

 


 

 

Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydalarına 3 -li əlavə

 

 

Mətbu nəşrlərin uçotunun aparılmasına dair sənədlərin təhvili jurnalı

 

Sıra N-si

Mətbu nəşrin adı

Müraciətin daxil olduğu tarix və daxil olma nömrəsi

İcra vəziyyəti haqqında qeydlər

Təhvil verilməsi barədə qeydlər

 

 

 

 

 

 

 


 

 

Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydalarına 4 -li əlavə

 

Mətbu nəşrlərin uçotunun aparılmasına dair reyestr kitabı

 

a) reyestr -si

b) reyestrə daxil edilmə tarixi

c) mətbu nəşrin adı

d) məqsədi

e) dövriliyi

f) hüquqi ünvanı

g) əlaqə telefonu

h) digər məlumatlar (faks nömrəsi, elektron ünvanı və s.)

i) təsisçi haqqında məlumat (fiziki şəxs olduqda adı, soyadı, atasının adı, vətəndaşlığı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi, yaşadığı ünvan;

hüquqi şəxs olduqda adı, dövlət qeydiyyatına alındığı tarix, qeydiyyat nömrəsi və dövlət qeydiyyatını həyata keçirən orqanın adı, təsisçiləri, hüquqi ünvanı, qanuni təmsilçisi)

j) redaktor (baş redaktor) haqqında məlumat (adı, soyadı, atasının adı, vətəndaşlığı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi, yaşadığı ünvan)

k) reyestrə daxil edilən digər məlumatlar dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə edilməsinə dair yazılı razılığı vermiş qurumun vəzifəli şəxsinin adı, vəzifəsi və razılığı əks etdirən məktubun tarixi və nömrəsi;

l) mətbu nəşrin adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları əks etdirildikdə buna dair yazılı icazə vermiş yaxın qohumların və ya vərəsələrin adı, soyadı, atasının adı, qohumluq dərəcəsi

 

 

Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydalarına 5 -li əlavə

(fiziki şəxslər üçün müəyyən edilmişdir)

 

 

 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə

 

ƏRİZƏ

 

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ____-ci il tarixdə ____ nömrə ilə Ədliyyə Nazirliyində uçota alınmış mətbu nəşrdə __ _______20 il tarixdən etibarən dəyişiklik etmək istəyirəm.*

Bununla əlaqədar qeyd edilən Qanunun 14-cü maddəsinə müvafiq olaraq aşağıdakı məlumatları bildirirəm:

1. Mətbu nəşrin adı: _____________________________________________________________

2. Məqsədi: ____________________________________________________________________

3. Dövriliyi: ____________________________________________________________________

4. Hüquqi ünvanı: _______________________________________________________________

_______________________________________________________________________________

5. Təsisçinin adı, soyadı, atasının, adı, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, yaşadığı ünvan:__________________________________________

_______________________________________________________________________________

6. Təsisçi olan hüquqi şəxsin təsisçisi (təsisçiləri)_____________________________________

7. Redaktorun (baş redaktorun) adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi yaşadığı ünvan:__________________________________________

_______________________________________________________________________________

8. Redaktorun (baş redaktorun) vətəndaşlığı və təhsili: _______________________________

_______________________________________________________________________________

Ərizədə göstərilən məlumatların düzgünlüyünü təsdiq edirəm və məzmunu ilə tanış olduğumu bildirirəm.

 

İmza: ___________________________________ /____________________________________ /

(imza notariat qaydasında təsdiq edilir) (adı, soyadı, atasının adı)

Qoşma: _________________________________________________________________________

(təqdim edilən sənədlər barədə məlumat vərəqlərin sayı göstərilməklə)

Əlaqə telefonları: _______________________________________________________________

 

elektron ünvanı: _______________________________________________________________

 

Tarix: ___ _____________ 20 il

 

*Qeyd: Dəyişiklik edilən məlumatların mövcud və yeni variantı göstərilməlidir.

 

 


 

 

Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydalarına 6 -li əlavə

(hüquqi şəxslər üçün müəyyən edilmişdir)

 

 

 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə

 

ƏRİZƏ

 

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ____-ci il tarixdə ____ nömrə ilə Ədliyyə Nazirliyində uçota alınmış mətbu nəşrdə __ _______20 il tarixdən etibarən dəyişiklik etmək istəyirəm.*

Bununla əlaqədar qeyd edilən Qanunun 14-cü maddəsinə müvafiq olaraq aşağıdakı məlumatları bildirirəm:

1. Mətbu nəşrin adı: _____________________________________________________________

2. Məqsədi: ____________________________________________________________________

3. Dövriliyi: ____________________________________________________________________

4. Hüquqi ünvanı: ______________________________________________________________

5. Təsisçinin adı, qeydiyyat nömrəsi və tarixi, dövlət qeydiyyatını həyata keçirən orqanın adı və hüquqi ünvanı, qanuni təmsilçisinin adı, soyadı, atasının adı:

_______________________________________________________________________________

6. Təsisçi olan hüquqi şəxsin təsisçisi (təsisçiləri)____________________________________

7. Redaktorun (baş redaktorun) adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi yaşadığı ünvan:__________________________________________

8. Redaktorun (baş redaktorun) vətəndaşlığı və təhsili: ______________________________

_______________________________________________________________________________

Ərizədə göstərilən məlumatların düzgünlüyünü təsdiq edirəm və məzmunu ilə tanış olduğumu bildirirəm.

 

İmza: ___________________________________ /___________________________________

(imza hüquqi şəxsin möhürü ilə təsdiq edilir) (adı, soyadı, atasının adı)

 

Qoşma:_________________________________________________________________________

(təqdim edilən sənədlər barədə məlumat vərəqlərin sayı göstərilməklə)

 

Əlaqə telefonları: _______________________________________________________________

 

elektron ünvanı: _______________________________________________________________

 

Tarix: ___ ______________ 20 il

 

*Qeyd: Dəyişiklik edilən məlumatların mövcud və yeni variantı göstərilməlidir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 12 fevral 2016-cı il tarixli 6-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı
  2. 24 aprel 2018-ci il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 fevral 2016-cı il tarixli 6-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə 2.2.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.2.8-ci yarımbənd əlavə edilmişdir.

 

[2] 24 aprel 2018-ci il tarixli 13-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2015-ci il 14 oktyabr tarixli 10-N nömrəli qərarı ilə təsdiq edilmiş Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydalarının 7.4.2-ci yarımbəndinə həmin əməli sözlərindən sonra inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir sözləri əlavə edilmişdir.