Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

QƏRAR

 

04

 

Bakı şəhəri 27 yanvar 2016

 

İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında Qaydaların təsdiq edilməsi barədə

 

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

Q Ə R A R A A L I R:

1. İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında Qaydalar təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Qiymətli kağızların qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr Rüfət Aslanlı


 

 

Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar 04

27 yanvar 2016-cı il

 

Sədr

______________________

Rüfət Aslanlı

 

İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında Qaydalar

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanununun 8.13-cü, 8.15-ci və 11.2-ci maddələrinə müvafiq olaraq hazırlanmışdır və investisiya qiymətli kağızlarına abunə yazılışına və yerləşdirilməsinə dair qaydaları müəyyən edir.

1.2. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi kütləvi təklif və ya qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir.

1.3. Tədavüldə olan investisiya qiymətli kağızlarının kütləvi təklifi bu Qaydaların tələblərinə uyğun həyata keçirilir.

 

2. Kütləvi təklif edilən investisiya qiymətli kağızlarına abunə yazılışı

 

2.1. Kütləvi təklif edilən investisiya qiymətli kağızlarına anderrayter tərəfindən abunə yazılışı investisiya qiymətli kağızlarının yerləşdirilməsindən əvvəl həyata keçirilir. Kütləvi təklif edilən istiqrazlar, abunə yazılışı keçirilmədən, emitentin qərarı ilə fond birjasında hərrac vasitəsi ilə yerləşdirilə bilər.

2.2. Qiymətli kağızlara abunə yazılışının keçirilməsi müddəti 3 aydan çox olmamalıdır.

2.3. Abunə yazılışının başlanması haqqında məlumat emissiya prospektində və ya informasiya memorandumunda açıqlanmalıdır.

2.4. Qiymətli kağızlara abunə yazılışı investorlar tərəfindən sifarişin anderrayterə təqdim etməklə həyata keçirilir.

2.5. Qiymətli kağızlara abunə yazılmaq üçün sifariş iki nüsxədə hazırlanmalı və ən azı aşağıdakı məlumatları özündə əks etdirməlidir:

2.5.1. qiymətli kağızların qeydiyyat nömrəsi, növü, nominal dəyəri, investor tərəfindən təklif edilən alış qiyməti;

2.5.2. investor tərəfindən sifariş edilən qiymətli kağızların miqdarı;

2.5.3. investor haqqında məlumatlar (fiziki şəxslər üçün adı, soyadı, yaşadığı və qeydiyyatda olduğu ünvan, telefon nömrəsi, hüquqi şəxslər üçün adı, olduğu yer, telefon nömrəsi).

2.6. Abunə yazılışı üçün sifariş investor tərəfindən imzalanmalıdır. Hüquqi şəxslərin təqdim etdikləri sifariş onların səlahiyyətli şəxsi tərəfindən imzalanmalı və möhürlənməlidir.

2.7. Sifariş anderraytera təqdim edilərkən onun üzərində anderrayterin səlahiyyətli şəxsi tərəfindən sifarişin qəbul edildiyi tarix, vaxt, qeydiyyat nömrəsi, sifarişi qəbul edən şəxsin adı, soyadı qeyd edilir və anderrayter tərəfindən uçota alınır.

2.8. Əgər emissiya prospektində və ya emissiya haqqında qərarda ayrı qayda nəzərdə tutulmayıbsa investorlar abunə yazılışı üçün sifarişləri imzaladıqdan sonra onların geri çağırılmasını tələb edə bilməzlər (Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikası Qanununun 10.6-cı maddəsində nəzərdə tutulan hal istisna olmaqla).

 

3. İnvestisiya qiymətli kağızlarının kütləvi təklif üsulu ilə yerləşdirilməsi

 

3.1. Abunə yazılışı başa çatdıqdan sonra 5 iş günü ərzində emitent və yerləşdirməni həyata keçirən anderrayter qiymətli kağızların yerləşdirilməsinə başlamalıdırlar.

3.2. Abunə yazılışı başa çatdıqdan sonra 2 iş günü ərzində emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini elan etməli və abunə yazılmış şəxslərə bu barədə yazılı bildiriş göndərməlidirlər. Abunə yazılışının qiyməti emissiya prospektində və ya informasiya memorandumunda müəyyən edilmədikdə, həmin qiymət yerləşdirmənin başlanmasına ən azı 5 iş günü qalmış açıqlanır.

3.3. Bu Qaydaların 3.2-ci bəndində qeyd edilmiş müddət ərzində anderrayter uçota alınmış sifarişləri fond birjasının ticarət sisteminə daxil etməlidir.

3.4. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi müddəti başlandığı tarixdən etibarən 7 iş günündən çox olmamalıdır.

3.5. Yerləşdirmə müddəti ərzində investorlar qiymətli kağızların dəyərini emissiya prospektində müəyyən edilmiş və klirinq təşkilatının üzvü olan bankda açılmış müvəqqəti cari hesabına köçürməlidirlər.

3.6. İnvestorlar tərəfindən ödənilmiş pul vəsaitləri bu Qaydaların 3.5-ci bəndində qeyd edilən yığım hesabında saxlanılır və həmin vəsaitlərin istifadəsinə yerləşdirmə başa çatdıqdan və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən emissiyanın və ya kütləvi təklifin yekunları haqqında hesabat təsdiq edildikdən sonra yol verilir.

3.7. Mərkəzi depozitar investisiya qiymətli kağızlarının dəyəri investorlar tərəfindən ödənilməsi haqqında məlumatları bu Qaydaların 3.5-ci bəndində göstərilmiş bankdan aldıqdan sonra növbəti gün ərzində qiymətli kağızları investorların depo hesablarına köçürülməsi əməliyyatını həyata keçirir və həmin hesabda Komitə tərəfindən emissiyanın və ya kütləvi təklifin yekunları haqqında hesabat təsdiq edilənədək dondurur.

3.8. Kütləvi təklif olunan əlavə səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:

3.8.1. ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;

3.8.2. digər investorlar arasında səhmlərin yerləşdirilməsi.

3.9. Səhmdarlar səhmdar cəmiyyətinin səhmlərini almaqda üstünlük hüququna malik olduqda, həmin səhmlərin cəmiyyətin nizamnamə kapitalında səhmdarların malik olduqları paya mütənasib şəkildə yerləşdirilməsi Mərkəzi Depozitar və anderrayter tərəfindən yoxlanılır.

3.10. Səhmlərin yerləşdirilməsi zamanı investorlar tərəfindən eyni qiymət ilə təqdim edilən sifarişlərdə qiymətli kağızlara tələbat təklifdən çox olduğu təqdirdə qiymətli kağızlar investorlar arasında onların sifarişlərində göstərilmiş səhmlərin miqdarına uyğun olaraq mütənasib miqdarda yerləşdirilir.

3.11. Təklif edilən qiymətli kağızlar anderrayter tərəfindən öhdəlik götürməklə yerləşdirildikdə və yerləşdirmə müddəti ərzində qiymətli kağızlar tam yerləşdirilmədikdə anderrayter yerləşdirmə müddəti başa çatdıqdan sonra 1 iş günü ərzində yerləşdirilməmiş qiymətli kağızların dəyərini emitentə bu Qaydaların 3.5-ci bəndində göstərilmiş hesaba ödəməlidir.

3.12. İstiqrazlar, abunə yazılışı keçirilmədən, fond birjasında hərrac vasitəsi ilə yerləşdirildikdə, istiqrazların yerləşdirilməsinə başlanılması tarixinə ən azı 2 iş günü qalmış emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini və hərracın keçirilməsi şərtlərini elan etməli və fond birjasına bu barədə yazılı bildiriş göndərməlidirlər. İstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətə buraxılmasından sonra başlanılır.

3.13. Emissiya prospektində hərracın keçirilməsi şərtləri barədə aşağıdakı məlumatlar əks olunmalıdır:

3.13.1. hərracın keçirilməsi tarixi;

3.13.2. qiymətli kağızların qeydiyyat nömrəsi;

3.13.3. təklif olunan istiqrazların məbləği;

3.13.4. bir istiqrazın satış qiyməti.

3.14. Yerləşdirilmə günü sifarişlərin qəbulu üçün elan olunmuş müddət ərzində birja üzvləri istiqrazların alınması üçün sifarişləri fond birjasına təqdim edirlər.

3.15. Sifarişdə aşağıdakılar göstərilir:

3.15.1. qiymətli kağızların qeydiyyat nömrəsi;

3.15.2. rəqabətli sifarişlər üçün - sifarişin faizlə ifadə olunmuş qiyməti və qiymətli kağızların miqdarı;

3.15.3. qeyri-rəqabətli sifarişlər üçün əqd üzrə nəzərdə tutulmuş məbləğ.

3.16. Hərracda sifarişlərin qəbulu müddəti bitdikdən sonra 1 iş günü ərzində emitent və ya anderrayter təqdim edilmiş sifarişlər üzrə hərracda təmin olunacaq istiqrazların həcmini və qiymət əvvəlcədən elan olunmadığı təqdirdə, onların minimal (kəsmə qiymətini) müəyyənləşdirir.

3.17. Hərrac zamanı investorlar tərəfindən eyni qiymət ilə təqdim edilən sifarişlərdə istiqrazlara tələbat təklifdən çox olduğu təqdirdə, istiqrazlar sifarişlərin icrası şərtlərinə müvafiq olaraq investorlar arasında sifarişlərdə göstərilmiş istiqrazların miqdarına mütənasib miqdarda yerləşdirilir.

3.18. Hərrac zamanı bərabər qiymət şərtləri ilə verilmiş sifarişlərin həcmi bu qiymət üzrə təklif olunan istiqrazların həcmindən çox olduqda sifarişlər emissiya prospektində qeyd edilmiş kəsmə qiymətlə sifarişlərin icrası şərtinə müvafiq olaraq mütənasib qaydada və ya vaxta görə icra edilir.

3.19. Hərrac zamanı pul vəsaitləri investorlar tərəfindən bu Qaydaların 3.5-ci bəndində müəyyən edilmiş hesaba ödənilir.

3.20. Hərrac vasitəsilə istiqrazların dəyərinin ödənilməsi, istiqrazların investorların depo hesablarına köçürülməsi və emitent tərəfindən əldə edilmiş pul vəsaitlərinin istifadə edilməsi bu Qaydaların 3.5-ci, 3.6-cı və 3.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

4. Qapalı yerləşdirmə üsulu ilə investisiya qiymətli kağızlarının yerləşdirilməsi

 

4.1. İnvestisiya qiymətli kağızlarının qapalı yerləşdirilməsi fond birjası vasitəsi ilə və ya fond birjasından kənar həyata keçirilir.

4.2. Qapalı yerləşdirmə zamanı əqdlər investisiya şirkəti vasitəsi ilə bağlanılır.

 

5. İnvestisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifin yekunları haqqında hesabatın təsdiq edilməsi

5.1. Qiymətli kağızların yerləşdirilməsi başa çatdıqdan sonra emitent 10 iş günü ərzində bu Qaydaların 1 saylı Əlavəsinə uyğun olaraq Komitəyə qiymətli kağızların emissiyasının və ya kütləvi təklifin yekunları haqqında hesabatı və yerləşdirilmiş qiymətli kağızların sayı barədə Mərkəzi Depozitar tərəfindən verilən arayışı təqdim etməlidir.

5.2. Komitə tərəfindən qiymətli kağızların emissiyasının və ya kütləvi təklifin yekunları haqqında hesabata 15 gün müddətində baxılır və təsdiq edilməsindən imtina üçün bu Qaydaların 5.4-cü bəndində göstərilən əsaslar olmadıqda hesabat təsdiq edilir və bu barədə emitentə bu Qaydaların 2 saylı Əlavəsinə uyğun olaraq qiymətli kağızların dövlət reyestrindən Çıxarış verilir.

5.3. Bu Qaydaların 5.1-ci bəndində göstərilən hesabat Komitə tərəfindən təsdiq etdikdən sonra bu Qaydaların 3.5-ci bəndində nəzərdə tutulan müvəqqəti cari hesab bağlanılır və hesabda olan pul vəsaitləri emitentin hesabına köçürülür (kütləvi təklif edilən investisiya qiymətli kağızları üçün).

5.4. İnvestisiya qiymətli kağızlarının emissiyasının və kütləvi təklifinin yekunları haqqında hesabata baxarkən qiymətli kağızların emissiyası və ya kütləvi təklifi şərtlərinin, habelə Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikası Qanununun II fəslinin tələblərinin pozulması faktı müəyyən olunduqda, Komitə əsasları göstərilməklə aşağıdakı qərarlardan birini qəbul etməlidir:

5.4.1. pozuntuya yol vermiş şəxslərin həmin pozuntuları müəyyən edilən vaxt ərzində aradan qaldırması barədə;

5.4.2. yol verilmiş pozuntuların aradan qaldırılması mümkün olmadıqda, həmin investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatın təsdiq edilməsindən imtina barədə.

5.5. Bu Qaydaların 5.4.1-ci yarımbəndində nəzərdə tutulan qərar qəbul edildiyi halda, pozuntuya yol vermiş şəxs Komitənin müəyyən etdiyi vaxt ərzində həmin pozuntuların aradan qaldırılması barədə hesabatı, müvafiq təsdiqləyici sənədlər əlavə olunmaqla, Komitəyə təqdim etməlidir. Komitə həmin hesabatdan pozuntuların aradan qaldırıldığını müəyyən etdikdə, investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təsdiq edir, pozuntuların aradan qaldırılmadığı və ya ümumiyyətlə bu barədə hesabat təqdim olunmadığı halda, bu Qaydaların 5.4.2-ci yarımbəndində nəzərdə tutulan qərarı qəbul edir.

5.6. Bu Qaydaların 5.4.2-ci yarımbəndində nəzərdə tutulan qərar qəbul edildiyi halda, emitent investisiya qiymətli kağızlarının yerləşdirilməsindən və satılmasından daxil olmuş vəsaitin on iş günü ərzində investorlara qaytarılmasını təmin edir və bunun nəticələri barədə Komitəyə məlumat təqdim edir.

5.7. İnvestisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabat Komitə tərəfindən təsdiq edildiyi andan həmin emissiyaya daxil olan, lakin yerləşdirilməyən qiymətli kağızlar dövriyyədən çıxarılmış hesab edilir.


 

İnvestisiya qiymətli kağızlarına abunə

yazılışı və yerləşdirilməsi haqqında Qaydalar a

Əlavə 1

İNVESTİSİYA QİYMƏTLİ KAĞIZLARININ EMİSSİYASININ YEKUNLARI HAQQINDA HESABAT

 

Emitentin tam adı: ....

 

Anderrayterin tam adı və lisenziyasının nömrəsi .

 

İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət

qeydiyyat nömrəsi və tarixi: .......................

 

İnvestisiya qiymətli kağızlarının növü: ..............

 

İnvestisiya qiymətli kağızlarının nominal dəyəri və miqdarı: ..

(rəqəm və yazı ilə)

 

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsinin

başlanma və başa çatma tarixləri:

 

Yerləşdirilmiş investisiya qiymətli kağızların miqdarı: .

(rəqəm və yazı ilə)

 

Qiymətli kağızlar üçün emitent və/və ya

anderrayterlər tərəfindən müəyyən edilmiş qiymət: ..

(rəqəm və yazı ilə)

 

Yerləşdirilməməsi səbəbindən dövriyyədən çıxarılacaq

qiymətli kağızların sayı:...........

(rəqəm və yazı ilə)

 

 

Səlahiyyətli şəxs /Adı, soyadı və imzası/

M. Y.

 

 

 


 

İnvestisiya qiymətli kağızlarına abunə

yazılışı və yerləşdirilməsi haqqında Qaydalar a

Əlavə 2

QİYMƏTLİ KAĞIZLARIN DÖVLƏT REYESTRİNDƏN ÇIXARIŞ

 

Emitentin adı:..................................................................................................................................

 

Qiymətli kağızların növü: .............................................................................................................

 

Qiymətli kağızın nominal dəyəri: ................................................................................................

(rəqəm və yazı ilə)

 

Yerləşdirilmiş qiymətli kağızların miqdarı: ............................................................................

(rəqəm və yazı ilə)

 

Qiymətli kağızlar buraxılışının qeydiyyat nömrəsi: ...............................................................

 

Qiymətli kağızların emissiyasının yekunları

haqqında hesabatın təsdiq edildiyi tarix: .................................................................................

 

Həmin qeydiyyat nömrəsi olan yerləşdirilmiş

qiymətli kağızların ümumi miqdarı: .............................................................................................

(rəqəm və yazı ilə)

 

_______________________________________________________

(Məsul şəxsin vəzifəsi) (Məsul şəxsin adı, soyadı və imzası)

 

M.Y.