Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı şəhərinin Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730 ədəd, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175 ədəd, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 ədəd və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 ədəd, ümumilikdə sayı 1093 olan vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilsin.

2. Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov

 

Bakı şəhəri, 11 noyabr 2015-ci il

358