AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT

KOMİTƏSİNİN QƏRARI

 

02

 

Bakı şəhəri 21 yanvar 2016-cı il

 

İnvestisiya qiymətli kağızları ilə alğı-satqı əqdlərinin bağlanması Qaydalarının təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

 

Q Ə R A R A A L I R:

 

1. İnvestisiya qiymətli kağızları ilə alğı-satqı əqdlərinin bağlanması Qaydaları təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Tədavülün tənzimlənməsi şöbəsinə (A.Xudaverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. Adlı investisiya qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması Qaydalarının təsdiq edilməsi barədə 2011-ci il 26 avqust tarixli 02 nömrəli Qərarın 1-ci hissəsi ləğv edilsin.

6. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

 

Sədr Rüfət Aslanlı

 

 


 

 

Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar 02

21 yanvar 2016-cı il

Sədr

_______________

R. Aslanlı

 

 

İnvestisiya qiymətli kağızları ilə alğı-satqı əqdlərinin bağlanması Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1078-20.5-ci maddəsinə müvafiq olaraq hazırlanmış və investisiya qiymətli kağızları ilə alğı-satqı əqdlərinin (bundan sonra - qiymətli kağızlarla alğı-satqı əqdləri) bağlanması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar aşağıdakılara şamil edilmir:

1.2.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya digər dövlət orqanları tərəfindən pul, dövlət borc və valyuta tənzimi siyasətinin həyata keçirilməsi məqsədi ilə keçirdiyi əməliyyatlara;

1.2.2. marja ticarətinə;

1.2.3. qiymətli kağızlar ilə repo əməliyyatlarının keçirilməsinə.

 

2. İnvestisiya şirkəti vasitəsi ilə qiymətli kağızlarla alğı-satqı əqdlərinin bağlanması

 

2.1. İnvestisiya şirkəti vasitəsi ilə qiymətli kağızlarla alğı-satqı əqdləri Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fond birjasında (bundan sonra - fond birjası) və birjadankənar bazarda bağlanılır.

2.2. Fond birjasında qiymətli kağızlarla alğı-satqı əqdləri yalnız qiymətli kağızların fond birjasının daxili qaydalarına əsasən kütləvi ticarətə qəbulundan sonra həyata keçirilir.

2.3. Ünvanlı satış istisna olmaqla, səhmdarların sayı 50-dən artıq olan səhmdar cəmiyyətlərinin yerləşdirilmiş səhmləri ilə alğı-satqı əqdləri fond birjası vasitəsi ilə bağlanılır.

2.4. Tərəfləri bir-birinə məlum olan, qabaqcadan razılaşdırılmış qiymətlə və şərtlərlə bağlanan qiymətli kağızların alğı-satqı müqaviləsi ünvanlı satış əqdidir.

2.5. Səhmdarların sayı 50-dən artıq olan səhmdar cəmiyyətlərinin siyahısı mərkəzi depozitar (bundan sonra - depozitar) tərəfindən mütəmadi olaraq, fond birjasına təqdim olunur. Həmin siyahıda dəyişikliklər baş verdikdə depozitar bu barədə dərhal fond birjasını məlumatlandırır. Fond birjası depozitardan alınmış məlumatları vahid siyahıda cəmləşdirərək, hamının tanış ola bilməsi üçün öz internet səhifəsində açıqlanmasını təmin edir.

2.6. Fond birjasında ünvanlı satış əqdinin bağlanılması fond birjasının daxili qaydalarına uyğun olaraq həyata keçirilir.

2.7. Qiymətli kağızların investisiya şirkəti vasitəsi ilə alğı-satqısı investisiya şirkəti ilə müştəri arasında bağlanılan müqavilə (bundan sonra müqavilə) əsasında həyata keçirilir.

2.8. Müqavilədə nəzərdə tutulan xidmətlər müştərinin tapşırığı əsasında həyata keçirilir.

2.9. Müştəri tərəfindən hesab üzrə sərəncam verildiyi andan investisiya şirkəti müştərinin depo hesabında mövcud olan və həmin sərəncamda göstərilən qiymətli kağızlar barədə məlumat almaq hüququna malikdir.

2.10. İnvestisiya şirkəti tərəfindən müştərilərin tapşırıqlarının icrası birbaşa elektron əlaqə vasitəsi ilə depozitar sistemində həyata keçirilir.

2.11. Birjadankənar bazarda investisiya şirkəti tərəfindən öz adından və öz hesabına qiymətli kağızların alğı-satqısı, investisiya şirkəti ilə müştəri arasında bağlanılan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir.

2.12. İnvestisiya şirkəti əvvəlcədən elan etdiyi şərtlərə uyğun gələn alğı-satqı əqdlərinin bağlanılmasından, həmin şərtləri dəyişdirmək yolu ilə birtərəfli qaydada imtina edə bilməz.

 

3. Qiymətli kağızlarla alğı-satqı əqdlərinin notariat qaydasında təsdiq edilməsi

 

3.1. Qiymətli kağızlarla alğı-satqı əqdləri investisiya şirkəti vasitəsi ilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf müqabili investisiya şirkəti olmadıqda, əqdlərin bağlanması notariat qaydasında təsdiq edilən alğı-satqı müqaviləsinin imzalanması ilə həyata keçirilir.

3.2. Notariat qaydasında təsdiq edilən alğı-satqı müqaviləsində aşağıdakılar öz əksini tapmalıdır:

3.2.1. tərəflərin adları və rekvizitləri;

3.2.2. qiymətli kağızların növü və dövlət qeydiyyat nömrəsi;

3.2.3. qiymətli kağızların sayı;

3.2.4. bir qiymətli kağızın nominal dəyəri və alğı-satqı qiyməti;

3.2.5. bağlanılan əqd üzrə tərəflərin öhdəlikləri və onların icrası qaydası;

3.2.6. mübahisələrin həll olunması qaydası;

3.2.7. bağlanılan əqd üzrə tərəflərin hüquq və vəzifələri.

3.3. Qiymətli kağızların alğı-satqısı müqaviləsinin notariat qaydasında təsdiq edilməsi notarius tərəfindən qiymətli kağızlara dair sərəncamverənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə depozitar sistemində qeydiyyata alınmış qiymətli kağızların və onların yüklənməsi barədə məlumatın depozitar sistemindən real vaxt rejimində əldə edilməsindən sonra baş verir.

3.4. Notarius tərəfindən depozitar sistemdə qeydiyyata alınmış qiymətli kağızların və onların yüklənməsi barədə məlumatın real vaxt rejimində əldə edilməsi qiymətli kağızlara sərəncamverən (satıcı) tərəfindən notariusa təqdim edilən qiymətli kağızlara mülkiyyət hüququnun ötürülməsinə dair ərizəsi əsasında həyata keçirilir.

3.5. Bu Qaydaların 3.4-cü bəndində müəyyən edilən məlumatın depozitar tərəfindən notariusa ötürülməsi qiymətli kağızların mülkiyyətçisinin bu barədə depozitara təqdim etdiyi razılığı əsasında baş verir.

3.6. Notarius tərəfindən real vaxt rejimində qiymətli kağızlar üzrə sərəncamvermə hüquqları, depozitar sistemində qeydiyyata alınmış qiymətli kağızlar və onların yüklənməsi barədə məlumatların əldə etməsi və bu Qaydaların 3.8-ci bəndində müəyyən edilən sənədlərin depozitar sisteminə ötürülməsi qaydası Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası ilə müəyyən edilir.

3.7. Notariat qaydasında təsdiqlənmiş alğı-satqı müqavilələri üzrə ödənişlər müqavilə üzrə alıcı tərəfindən notariusun bankdakı depozit hesabı vasitəsi ilə həyata keçirilir.

3.8. Alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildikdən sonra notarius tərəfindən aşağıdakı sənədlər dərhal elektron qaydada depozitar sistemə ötürülür:

3.8.1. notarius tərəfindən təsdiq edilmiş alğı-satqı müqaviləsi;

3.8.2. müqavilə üzrə ödənişlərin hüquq əldə edən (alıcı) tərəfindən notariusun bankdakı depozit hesabına həyata keçirildiyini təsdiq edən sənəd;

3.8.3. depozitarın müvafiq xidmət haqqının ödənildiyini təsdiq edən sənəd.

 

4. Qiymətli kağızla təsdiqlənmiş hüquqların ötürülməsi

 

4.1. Qiymətli kağızların alğı-satqısı üzrə əqd, əqdin predmeti olan qiymətli kağızlar üzrə mülkiyyət hüquqlarının ötürülməsi depozitarda həyata keçirildikdən sonra tamamlanmış hesab olunur.

4.2. Sənədsiz qiymətli kağızı əldə edən şəxsin mülkiyyət hüquqları həmin kağızların ötürülməsinin depozitarda qeydiyyatı ilə, sənədli qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları isə müvafiq əqdin bağlanması ilə yaranır.

4.3. Qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar əldə edən şəxsə həmin kağızlara mülkiyyət hüququ keçən andan keçir.

4.4. Sənədsiz qiymətli kağızlar üzrə depo hesabından çıxarış, həmin qiymətli kağızlara mülkiyyət hüququnu təsdiqləyən yeganə hüquqi sənəddir.

4.5. Sənədsiz qiymətli kağızlar üzrə depo hesabından çıxarış depo hesabı sahibinin sorğusu əsasında investisiya şirkəti və ya depozitar tərəfindən verilir.