Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Ərzaq məhsullarının tədarükü və təchizati Açıq Səhmdar Cəmiyyəti yaradılsın (bundan sonra Cəmiyyət).[2]

2. Müəyyən edilsin ki, Cəmiyyətin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir.

3. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:[3]

3.1.0. Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi.

3.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə:

3.2.1. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;[4]

3.2.4. bu Sərəncamın 4.2-ci bəndi nəzərə alınmaqla, Cəmiyyətin İdarə Heyətinin sədrinin təqdimatı əsasında müşahidə şurasının və idarə heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;[5]

3.2.5. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;[6]

3.2.6. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

3.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

3.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

4. Müəyyən edilsin ki: [7]

4.1. Cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır;

4.2. Cəmiyyətin İdarə Heyətinin sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

4.3. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:[8]

5.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görülməsini təmin etsin;

5.2. Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə bir ay müddətində onun müvafiq yerlərlə təmin edilməsi üçün tədbirlər görsün.

6. Cəmiyyətə tapşırılsın ki:

6.1. dövlət qeydiyyatına alındıqdan sonra səhmlərinin 49 faizinin fond birjasında digər investorlara təklif edilməsi və bununla əlaqədar olaraq zəruri sənədlərin, o cümlədən emissiya prospektinin hazırlanması üçün tədbirlər görsün;

6.2. Cəmiyyətin səhmlərinin investorlara təqdim edilməsindən əldə olunan vəsaitin cəmiyyətin nizamnamə kapitalının 49 faizi həcmində olan hissəsinin dövlət büdcəsinə ödənilməsini təmin etsin.

6.3. Nizamnaməsi təsdiq edildikdən sonra Cəmiyyətin strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin.[9]

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;[10]

7.2. Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması üçün bir ay müddətində dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılması məsələsini həll etsin;

7.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 aprel 2016-cı il

1944

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 2 sentyabr 2016-cı il tarixli 2298 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan qəzeti, 3 sentyabr 2016-cı il, 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1495)
  2. 30 sentyabr 2016-cı il tarixli 2357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1552)
  3. 10 aprel 2019-cu il tarixli 1108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Xalq qəzeti, 11 aprel 2019-cu il, 77215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 698)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 aprel 2019-cu il tarixli 1108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Xalq qəzeti, 11 aprel 2019-cu il, 77, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 4, maddə 698) ilə ləğv edilmişdir.

 

[2] 30 sentyabr 2016-cı il tarixli 2357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1552) ilə 1-ci hissədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində sözləri çıxarılmışdır.

 

[3] 30 sentyabr 2016-cı il tarixli 2357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1552) ilə 3.1-ci bənd yeni redaksiyada verilmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.1.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

3.1.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

 

[4] 30 sentyabr 2016-cı il tarixli 2357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1552) ilə 3.2.2-ci və 3.2.3-cü yarımbəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.2.2. müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

3.2.3. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;

 

[5] 2 sentyabr 2016-cı il tarixli 2298 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan qəzeti, 3 sentyabr 2016-cı il, 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1495) ilə 3.2.4-cü yarımbənddən müşahidə şurasının sözləri çıxarılmışdır.

30 sentyabr 2016-cı il tarixli 2357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1552) ilə 3.2.4-cü yarımbənddə Cəmiyyətin sözündən sonra İdarə Heyətinin sədrinin təqdimatı əsasında sözləri əlavə edilmişdir.

 

[6] 30 sentyabr 2016-cı il tarixli 2357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1552) ilə 3.2.5-ci yarımbənd ləğv edilmişdir.

 

[7] 2 sentyabr 2016-cı il tarixli 2298 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan qəzeti, 3 sentyabr 2016-cı il, 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1495) ilə 4-cü hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4. Müəyyən edilsin ki:

4.1. Cəmiyyətdə müşahidə şurası və idarə heyəti yaradılır;

4.2. Cəmiyyətin müşahidə şurasının və idarə heyəti sədrlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

4.3. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 

[8] 30 sentyabr 2016-cı il tarixli 2357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1552) ilə 5-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsünlər.

 

[9] 30 sentyabr 2016-cı il tarixli 2357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1552) ilə yeni məzmunda 6.3-cü bənd əlavə edilmişdir.

 

[10] 30 sentyabr 2016-cı il tarixli 2357 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Respublika qəzeti, 1 oktyabr 2016-cı il, 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1552) ilə 7.1-ci bənd ləğv edilmişdir.