Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısını Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1341-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, 4, maddə 326; 2008, 6, maddə 495, 11, maddələr 969, 980; 2013, 6, maddə 656; 2014, 10, maddə 1176; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 779 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısının Qeydiyyata alınan əmlak növləri sütununda aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri.

2. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

Texnoloji nəqliyyat vasitələri, habelə Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələri.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 mart 2016-cı il

836