Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 may 2016-cı il

219-VQ


Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında

 

SAZİŞ

 

Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti (bundan sonra Tərəflər adlandırılacaq),

iki ölkə arasında xüsusilə yüksək səviyyəli anlaşmanı nəzərə alaraq; və

diplomatik münasibətlərini gücləndirmək üçün yeni mexanizmlər yaratmaq məqsədilə,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

1. Tərəflərdən birinin diplomatik nümayəndəliyinin, konsulluğunun üzvü və ya Qəbul edən dövlət tərəfindən tanınmış və burada qərargahları olan beynəlxalq təşkilatlar yanında Göndərən dövlətin daimi nümayəndəliyinin üzvü kimi rəsmi qaydada digər Tərəfə akkreditə edilmiş əməkdaşlarının ailə üzvlərinə bu Sazişə uyğun olaraq və qarşılıq əsasında Qəbul edən dövlətdə iş icazəsi verilir.

2. Bu Sazişin məqsədləri üçün diplomatik nümayəndəlik, konsulluq və ya beynəlxalq təşkilat yanında daimi nümayəndəliyin üzvü ifadəsi Göndərən dövlətin Qəbul edən dövlətdə diplomatik nümayəndəlik, konsulluq və ya beynəlxalq təşkilat yanında daimi nümayəndəliyində rəsmi vəzifəyə təyin edilmiş və Qəbul edən dövlətin vətəndaşı olmayan əməkdaşına şamil edilir.

3. Bu Sazişin məqsədləri üçün ailə üzvləri ifadəsi aşağıdakı şəxslərə şamil edilir:

a) Qəbul edən dövlətin qanunlarına uyğun olaraq ər və ya arvad;

b) 21 yaşına çatmamış subay övladlar;

c) hər iki dövlət tərəfindən tanınan universitet və ya ali təhsil mərkəzində qeydiyyatda olan 25 yaşına çatmamış subay övladlar;

d) fiziki və ya əqli əlilliyi olan subay övladlar.

4. İş icazəsinin verilməsi qaydasına, şərtlərinə və qüvvədəolma qaydalarına dair bu Sazişdə nəzərdə tutulmayan məsələlər Qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

 

Maddə 2

 

1. Ailə üzvü Qəbul edən dövlətdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmazdan əvvəl Göndərən dövlətin səfirliyi ailə üzvünün adından Qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə rəsmi sorğu göndərir.

2. Sorğu müraciət edilən şəxsin ailə üzvü olması haqqında məlumatı və nəzərdə tutulan əmək fəaliyyəti barədə qısa izahatı ehtiva etməlidir.

3. Müraciət edilən şəxsin bu Sazişdə qeyd olunan kateqoriyalara aid olması yoxlanıldıqdan və müvafiq daxili prosedurlara riayət edildikdən sonra Qəbul edən dövlətin Xarici İşlər Nazirliyi Qəbul edən dövlətin müvafiq qanunvericiliyinə uyğun olaraq ailə üzvünə iş icazəsinin verilməsi barədə Göndərən dövlətin səfirliyini rəsmi olaraq dərhal məlumatlandırır.

4. Oxşar şəkildə, Göndərən dövlətin səfirliyi ailə üzvünün məşğul olduğu haqqı ödənilən əmək fəaliyyətinin bitməsi barədə Qəbul edən dövlətin Xarici İşlər Nazirliyini məlumatlandırmalı və ailə üzvü hər hansı yeni əmək fəaliyyəti ilə məşğul olmaq istədiyi halda, bu barədə yeni sorğu təqdim etməlidir.

 

Maddə 3

 

1. İş icazəsi Tərəflərin razılaşdırdığı fəaliyyət sahələri üçün diplomatik notalar mübadiləsi vasitəsilə hər bir hal üçün ayrıca olaraq verilir.

2. Bu Sazişə uyğun olaraq iş icazəsi benefisiarın himayəsində olduğu əməkdaşın təyinatının bitməsindən sonra Qəbul edən dövlətdə işləməyi və ya qalmağı davam etdirmək hüququ vermir.

3. Hər bir Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, milli təhlükəsizlik səbəbləri ilə əlaqədar və ya sorğu edilən işin müstəsna olaraq Qəbul edən dövlətin öz vətəndaşları üçün nəzərdə tutulduğu halda hər iki Tərəf bu Sazişdə istinad edilən iş icazəsinin verilməsindən imtina etmək hüququnu özündə saxlayır.

 

Maddə 4

 

1. Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ olan ailə üzvü 1961-ci il 18 aprel tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına və 1963-cü il 24 aprel tarixli Konsul əlaqələri haqqında Vyana Konvensiyasına və ya digər tətbiq edilə bilən beynəlxalq sazişə əsasən Qəbul edən dövlətin yurisdiksiyasından immunitetə malik olduğu halda:

a) bu ailə üzvü bu cür haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hərəkətlərə münasibətdə Qəbul edən dövlətdə mülki və ya inzibati yurisdiksiyadan immunitetə malik olmur; və

b) Göndərən dövlət bu cür haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi zamanı cinayət əməli törətməkdə təqsirləndirilən ailə üzvünün cinayət yurisdiksiyasından immunitetinin ləğv edilməsinə dair Qəbul edən dövlətin istənilən sorğusuna ciddi diqqət yetirir. İmmunitet ləğv edilmədiyi və Qəbul edən dövlətin fikrincə, məsələ ciddi olduğu halda, Qəbul edən dövlət ailə üzvünün ölkədən geri çağırılmasını sorğu edə bilər.

 

Maddə 5

 

1. Qəbul edən dövlətin vergi və sosial sığorta qanunvericiliyinə uyğun olaraq, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan ailə üzvləri fəaliyyətləri müqabilində əldə etdikləri və mənbəyi bu dövlətdə olan gəlirdən bütün vergiləri və sosial sığorta haqqını ödəməlidirlər.

2. Bu Sazişə əsasən haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan ailə üzvlərinə Qəbul edən dövlətin sosial sığorta qanunvericiliyi tətbiq olunur.

 

Maddə 6

 

Bu Saziş xaricdə əldə edilmiş titulların və ya dərəcələrin avtomatik tanınmasını nəzərdə tutmur. Bu cür tanınma Qəbul edən dövlətdə bu məsələləri tənzimləyən qüvvədə olan qaydalara uyğun olaraq təmin edilə bilər. İcazə şəxsin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olarkən nümayiş etdirməli olduğu şəxsi keyfiyyətlərlə, peşəkar və ya digər hazırlıqla bağlı hər hansı hüquqi və ya digər tələblərdən azadetməni nəzərdə tutmur.

 

Maddə 7

 

1. İş icazəsi bu icazənin benefisiarının ailə üzvü statusu başa çatan kimi və ya müqavilə öhdəliklərinin bitməsi tarixində və ya istənilən halda benefisiarın ailə üzvü olduğu əməkdaşın təyinatı başa çatdığı halda ləğv edilir.

2. Ailə üzvünün bağladığı istənilən əmək müqaviləsinə iş icazəsinin dayandırılması ilə bağlı olaraq müqavilənin ləğv edilməsi barədə müddəa daxil edilir.

 

Maddə 8

 

Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı istənilən fikir ayrılığı Tərəflər arasında diplomatik vasitələrlə həll edilir.

 

Maddə 9

 

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə hər hansı əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və Sazişin 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.

 

Maddə 10

 

1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili hüquqi prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonra otuzuncu (30-cu) gün qüvvəyə minir.

2. Bu Saziş qeyri-müəyyən müddətə qüvvədə qalır.

3. Tərəflərdən hər biri bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə istənilən zaman diplomatik kanallar vasitəsilə yazılı bildiriş verə bilər. Ləğvedilmə bu cür bildiriş alındıqdan doxsan (90) gün sonra qüvvəyə minir.

Ankara şəhərində 15 mart 2016-cı il tarixində, Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.

 

Azərbaycan Respublikası

Türkiyə Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)