“Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü Qaydaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 28 oktyabr 2016-cı il

     № 422

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 28 oktyabr tarixli 422 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 3.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyasını, tədavülünü və ödənilməsini tənzimləyir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. dövlət istiqrazı – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi məqsədi ilə buraxılan istiqraz;

1.2.2. bələdiyyə istiqrazı – bələdiyyə tərəfindən buraxılan istiqraz;

1.2.3. emitent – dövlət istiqrazlarının emissiyası zamanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, bələdiyyə istiqrazlarının emissiyası zamanı isə bələdiyyə;

1.2.4. qısamüddətli istiqraz – tədavül müddəti bir ilədək olan istiqraz;

1.2.5. ortamüddətli istiqraz – tədavül müddəti bir ildən beş ilədək olan istiqraz;

1.2.6. uzunmüddətli istiqraz – tədavül müddəti beş ildən artıq olan istiqraz;

1.2.7. istiqraz buraxılışlarının məcmusu – bir il ərzində buraxılması nəzərdə tutulan və yerləşdirilməsi hissələrlə aparılan istiqraz buraxılışlarının məcmu nominal dəyəri;

1.2.8. ticarət iştirakçısı – fond birjasının üzvləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı;

1.2.9. rəqabətli sifariş – alınacaq istiqrazların qiymətini və miqdarını özündə əks etdirən emitentə ünvanlanmış sifariş;

1.2.10. qeyri-rəqabətli sifariş – alınacaq istiqrazların məbləğini özündə əks etdirən emitentə ünvanlanmış sifariş;

1.2.11. buraxılış şərtləri – emitent və emissiya edilən investisiya qiymətli kağızları ilə təsbit edilmiş hüquqlar barədə məlumatı əks etdirən sənəd;

1.2.12. buraxılışın beynəlxalq eyniləşdirmə kodu – Milli Nömrələyici Agentliklər Assosiasiyasının üzvü olan Milli Depozit Mərkəzi (bundan sonra - Mərkəzi Depozitar) tərəfindən qiymətli kağızların buraxılışına verilən onikiişarəli hərf-rəqəmli kod.

1.3. Dövlət və bələdiyyə istiqrazları Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri tərəfindən əldə olunur.

 

2. Dövlət və bələdiyyə istiqrazlarının buraxılışı

 

2.1. Bir təqvim ili ərzində buraxılacaq dövlət istiqrazlarının buraxılışlarının məcmusu və bələdiyyə istiqrazlarının hər bir buraxılışı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Palata) tərəfindən qeydiyyata alınır.

2.2. Dövlət və ya bələdiyyə istiqrazlarının buraxılışları buraxılış şərtləri ilə müşayiət olunur.

2.3. Emitent dövlət və ya bələdiyyə istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatına alınması üçün ərizə ilə Palataya müraciət edir. Ərizə poçt və ya Palatanın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsilə göndərilə bilər.

2.4. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.4.1. dövlət və bələdiyyə istiqrazlarının buraxılışı haqqında qərar;

2.4.2. dövlət və bələdiyyə istiqrazlarının buraxılış şərtləri;

2.4.3. bələdiyyə istiqrazlarının buraxılışına dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılıq məktubu.

2.5. Dövlət istiqrazlarının buraxılış şərtlərində aşağıdakılar öz əksini tapmalıdır:

2.5.1. emitentin tam adı və hüquqi ünvanı;

2.5.2. dövlət istiqrazlarının növü (faizli və ya diskontlu istiqrazlar), dövriyyə müddəti (qısamüddətli, ortamüddətli və ya uzunmüddətli);

2.5.3. dövlət istiqrazlarının buraxılacağı təqvim ili;

2.5.4. dövlət istiqrazlarının yerləşdirilməsi, onlar üzrə gəlirliliyin hesablanması və ödənilməsi qaydası;

2.5.5. dövlət istiqraz mülkiyyətçisinin bir qiymətli kağızla təsbit edilmiş hüquqları;

2.5.6. dövlət istiqrazının nominal dəyəri və sayı;

2.5.7. təqvim ili ərzində buraxılacaq dövlət istiqrazlarının emissiyasının ümumi məbləği;

2.5.8. kütləvi təklif üsulu ilə yerləşdirildiyi halda dövlət istiqrazlarının yerləşdirildiyi fond birjasının adı, ünvanı, fond birjasına fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi (kütləvi təklif üsulu ilə yerləşdirilən dövlət istiqrazları üçün);

2.5.9. klirinq təşkilatının adı, ünvanı, klirinq fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;

2.5.10. dövlət istiqrazlarının saxlanılmasını və uçotunu aparan Mərkəzi Depozitarın olduğu yer.

2.6. Bələdiyyə istiqrazlarının buraxılış şərtlərində aşağıdakılar əks olunmalıdır:

2.6.1. bələdiyyənin tam adı;

2.6.2. bələdiyyənin əhatə etdiyi ərazi və yerləşdiyi ünvan, elektron poçt ünvanı, internet səhifəsinin ünvanı və əlaqə telefonları;

2.6.3. bələdiyyənin tarixində mühüm hadisələr;

2.6.4. bələdiyyənin iqtisadi proqramları haqqında məlumat;

2.6.5. bələdiyyənin tədavüldə olan qiymətli kağızları haqqında məlumat (qiymətli kağızların dövlət qeydiyyat tarixi, nömrəsi, sayı və nominal dəyəri) və həmin qiymətli kağızların ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat;

2.6.6. bələdiyyə tərəfindən təsis edilən hüquqi şəxslərin adı, ünvanı və fəaliyyət istiqamətləri;

2.6.7. bələdiyyənin fəaliyyətinə cari maliyyə ili dövründə təsiretmə ehtimalı olan məlum tendensiyalar, öhdəliklər və ya hadisələr barədə məlumat;

2.6.8. bələdiyyənin üzvləri və icra orqanlarının hər bir üzvü barədə aşağıdakı məlumatlar:

2.6.8.1. adı, soyadı, atasının adı;

2.6.8.2. funksiyaları;

2.6.8.3. digər peşə fəaliyyəti olduqda, bu barədə məlumat;

2.6.8.4. xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, maraqların toqquşması barədə hesabat;

2.6.9. bələdiyyənin daimi və digər komissiyaları barədə məlumat;

2.6.10. bələdiyyənin beynəlxalq əməkdaşlığının qısa təsviri;

2.6.11. bələdiyyənin fəaliyyət dövründə keçirilmiş vətəndaş yığıncaqları barədə məlumat;

2.6.12. bələdiyyənin fəaliyyəti dövründə ona göstərilmiş maliyyə yardımı barədə məlumat;

2.6.13. istiqraz təklifinin səbəbləri və istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlərin istifadə istiqamətləri barədə məlumat;

2.6.14. bələdiyyə istiqrazları barədə aşağıdakı məlumatlar:

2.6.14.1. istiqrazların növü (faizli və ya diskontlu istiqrazlar), dövriyyə müddəti (qısamüddətli, ortamüddətli və ya uzunmüddətli);

2.6.14.2. istiqrazların sayı və nominal dəyəri;

2.6.14.3. istiqrazların valyutası;

2.6.14.4. istiqrazların saxlanılmasını və uçotunu aparan Mərkəzi Depozitarın olduğu yer;

2.6.14.5. istiqrazlarla təsbit olunan hüquqlar, onların həyata keçirilmə qaydası və onlara dair məhdudiyyətlər;

2.6.14.6. istiqrazların və faizlərin ödənilməsi tarixi və müddəti;

2.6.14.7. faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti;

2.6.14.8. faiz dərəcəsi müəyyən olunmadığı halda, istiqrazın faiz dərəcəsinin nəyin əsasında hesablanması üsulu, həmin əsas barədə məlumat və onun müəyyən olunmasının mənbələri;

2.6.14.9. ödənişlər üzrə hesablaşma agentinin adı;

2.6.14.10. təmin edilmiş istiqrazlar buraxıldıqda, təminatın dəyərinin istiqrazların və onlar üzrə faizlərin ödənişinə təsiri barədə aydın və ətraflı məlumat (olduqda);

2.6.14.11. istiqrazların geri satın alınmasının şərtləri (olduqda);

2.6.14.12. istiqrazların gəlirlilik dərəcəsi və onun hesablanması qaydası;

2.6.14.13. investorları təmsil edən təşkilat barədə məlumat (olduqda);

2.6.14.14. istiqrazların emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı qəbul etmiş bələdiyyənin idarəetmə orqanının adı;

2.6.14.15. istiqrazların əldə edilməsi üçün məhdudiyyətlər (olduqda);

2.6.14.16. istiqraz üzrə gəlirlərdən verginin tutulması barədə məlumat;

2.6.14.17. istiqraz üzrə gəlirlərdən verginin tutulması barədə emitentin öhdəliyi;

2.6.14.18. istiqrazların yerləşdirilməsinin başlanma və başaçatma tarixləri;

2.6.14.19. istiqrazların yerləşdirilmə qaydası, o cümlədən istiqrazların dəyərinin ödənilməsi və investorların istiqrazlarla təchizatı şərtləri və qaydası;

2.6.14.20.istiqrazların təklif qiyməti;

2.6.14.21. istiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği;

2.6.14.22. istiqrazları öhdəlik götürməklə və ya öhdəlik götürmədən yerləşdirən anderrayter barədə məlumat (adı, lisenziyası və ünvanı). Anderraytinq və yerləşdirmə komisyonlarının bütün məbləğinin göstəricisi;

2.6.14.23. market meyker(lər) barədə məlumat.

2.7. Bələdiyyə istiqrazları kütləvi təklif üsulu ilə yerləşdirildikdə, bu Qaydaların 2.6-cı bəndində göstərilən məlumatlarla yanaşı, buraxılış şərtlərinə aşağıdakılar əlavə olunmalıdır:

2.7.1. son üç maliyyə ili ərzində bələdiyyənin auditorlarının adı, ünvanı və hər hansı təşkilata üzvlüyü barədə məlumat;

2.7.2. son üç maliyyə ili ərzində auditorların əvəzlənməsi və ya dəyişdirilməsi barədə məlumat (səbəbləri göstərilməklə);

2.7.3. bələdiyyənin başa çatmış son iki maliyyə ili üzrə maliyyə hesabatları və hər ilə dair audit hesabatı;

2.7.4. bələdiyyə bir ildən az müddətdə fəaliyyət göstərdiyi təqdirdə, həmin dövrü əhatə edən audit edilmiş maliyyə hesabatları;

2.7.5. bələdiyyənin maliyyə vəziyyətinə və ya fəaliyyətinə təsir edən son bir il ərzində hüquqi proseslər barədə məlumat (həllini gözləyən proseslər də daxil olmaqla);

2.7.6. emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların münaqişəsi barədə ətraflı məlumat.

2.8. Bələdiyyə istiqrazlarının buraxılış şərtlərinə yarımillik və rüblük maliyyə hesabatları əlavə edildikdə, onlar buraxılış şərtləri qüvvədə olduğu müddət ərzində yenilənməlidir.

2.9. Dövlət və bələdiyyə istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 20 (iyirmi) iş günü müddətində baxılır və imtina üçün əsas olmadıqda, həmin dövlət və bələdiyyə istiqrazlarının buraxılışları Palata tərəfindən dövlət qeydiyyatına alınır və bu barədə emitentə onların buraxılışının (buraxılışlarının) dövlət qeydiyyatına alınması barədə qiymətli kağızların dövlət reyestrindən çıxarış verilir.

2.10. Palata dövlət və bələdiyyə istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edir:

2.10.1. dövlət və bələdiyyə istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər bu Qaydaların tələblərinə cavab vermədikdə;

2.10.2. dövlət və bələdiyyə istiqrazlarının buraxılış şərtlərinə və ya onların buraxılışı haqqında qərara qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatların daxil edildiyi müəyyən olunduqda.

2.11. Bu Qaydaların 2.10-cu bəndində göstərilən hallar müəyyən edildikdə, Palata dövlət və bələdiyyə istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatına alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul edir və bu barədə iki iş günü ərzində emitentə məlumat göndərir.

2.12. Dövlət və bələdiyyə istiqrazları dövlət qeydiyyatına alındığı tarixdən bir il müddətində investisiya qiymətli kağızları tənzimlənən bazarda ticarətə buraxılmadıqda və ya onların kütləvi təklifi həyata keçirilmədikdə, buraxılış şərtləri qüvvədən düşmüş hesab edilir.

2.13. Kütləvi təklif olunan dövlət və bələdiyyə istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra buraxılan qiymətli kağızların emitenti, qiymətli kağızların nominal dəyəri, miqdarı və yerləşdirilmə üsulu haqqında məlumat “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, fond birjasının və emitentin internet səhifəsində (olduqda) açıqlanmalıdır.

2.14. Kütləvi təklif olunan dövlət və bələdiyyə istiqrazlarının buraxılış şərtləri emitentin ünvanında, qiymətli kağızlarının satış yerlərində olmalıdır və yerləşdirməni həyata keçirən investisiya şirkəti tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir.

 

3. Dövlət və bələdiyyə istiqrazlarının yerləşdirilməsi

 

3.1. Dövlət və bələdiyyə istiqrazlarının buraxılışları dövlət qeydiyyatına alındıqdan və istiqrazların buraxılış şərtlərində olan məlumatlar açıqlandıqdan (kütləvi təklif zamanı) sonra emitent istiqrazların yerləşdirilməsi hüququnu əldə edir.

3.2. Dövlət və bələdiyyə istiqrazlarının kütləvi təklif üsulu ilə yerləşdirilməsi onların fond birjası vasitəsilə hərraca çıxarılması yolu ilə həyata keçirilir.

3.3. Dövlət istiqrazları buraxılışlarla yerləşdirilir. Dövlət istiqrazlarının emitenti hər bir buraxılışa beynəlxalq eyniləşdirmə kodunun əldə edilməsi məqsədi ilə Mərkəzi Depozitara müraciət edir. Mərkəzi Depozitar tərəfindən buraxılışa bir iş günü müddətində beynəlxalq eyniləşdirmə kodu verilir.

3.4. Emitent buraxılışa beynəlxalq eyniləşdirmə kodu aldıqdan sonra dövlət istiqrazlarının hər buraxılışı üzrə istiqrazların beynəlxalq eyniləşdirmə kodunun nömrəsi, nominal dəyəri, sayı, məcmu nominal dəyəri və qeyri-rəqabətli sifarişlərin həcminə dair maksimum limit haqqında məlumatı hərraca ən geci 2 (iki) iş günü qalmış fond birjasına təqdim edir.

3.5. Fond birjası bu Qaydaların 3.4-cü bəndində göstərilən məlumatları aldıqdan sonra hərraca ən geci 1 (bir) iş günü qalmış həmin məlumatları, hərracın keçirilməsi vaxtını və tarixini hərrac iştirakçılarına açıqlayır və internet səhifəsində yerləşdirir.

3.6. Hərrac emitentin müəyyən etdiyi tarixdə fond birjasının daxili qaydalarına uyğun olaraq keçirilir.

3.7. Hərraclar iki mərhələdə təşkil olunur: sifarişlərin qəbul edilməsi və əqdlərin bağlanılması (sifarişlərin təmin edilməsi).

3.8. Sifarişlərin qəbulu mərhələsində investorlar birja üzvləri vasitəsilə birjanın ticarət qaydalarına əsasən rəqabətli və/və ya qeyri-rəqabətli sifarişlər təqdim edirlər.

3.9. Sifarişlərin təqdimedilmə müddətində hərrac iştirakçısı sifarişinin şərtlərini dəyişdirə və ya sifarişi ləğv edə bilər. Təqdimedilmə müddəti bitdikdən sonra sifarişlərin təqdim ediliməsinə, dəyişdirilməsinə və ləğv edilməsinə yol verilmir.

3.10. Sifarişlərin qəbul edilməsi müddətinin sonunda fond birjası təqdim olunmuş sifarişlərin reyestrini tərtib edir. Fond birjasının səlahiyyətli nümayəndəsi həmin reyestri imzalayır və emitentə təqdim edir. Emitentin birjanın ticarət sisteminə çıxışı olduqda, emitent təqdim olunmuş sifarişlərin reyestrini elektron şəkildə birbaşa olaraq ticarət sistemindən əldə edir.

3.11. Əqdlərin bağlanılması (sifarişlərin təmin edilməsi) mərhələsində emitent bu Qaydaların 3.8-ci bəndinə əsasən təqdim edilmiş sifarişlərin reyestri əsasında 1 (bir) iş günü ərzində istiqrazların minimum qiymətini (bundan sonra – kəsmə qiymət) və hərrac zamanı yerinə yetiriləcək rəqabətli sifarişlərin ortaçəkili qiymətini müəyyən edir.

3.12. Rəqabətli sifarişdə qeyd olunan qiymət kəsmə qiymətdən az olmadıqda həmin sifariş yerinə yetirilir.

3.13. Qeyri-rəqabətli sifariş emitent tərəfindən ortaçəkili qiymətlə yerinə yetirilir. Bu halda qeyri-rəqabətli sifarişlərlə alınan istiqrazların sayı sifarişdə göstərilən pul vəsaitinin məbləğinin ortaçəkili qiymətinə bölünməsi yolu ilə hesablanır (tam ədədlə).

3.14. Hərrac zamanı təqdim edilmiş rəqabətli və qeyri-rəqabətli sifarişlərin ümumi həcmi emitent tərəfindən müəyyən edilmiş limitdən artıq olduqda, eyni qiymətlə təqdim edilmiş sifarişlər mütənasiblik qaydasında icra edilir.

3.15. Hərrac bitdikdən sonra hərrac iştirakçıları ilə istiqrazlar üzrə bağlanılmış əqdlərin reyestri fond birjası tərəfindən emitentə və Mərkəzi Depozitara, əqdlər reyestrindən çıxarışlar isə hərrac iştirakçılarına təqdim olunur. Emitentin birjanın ticarət sisteminə çıxışı olduqda, emitent təqdim olunmuş əqdlərin reyestrini elektron şəkildə birbaşa olaraq ticarət sistemindən əldə edir.

3.16. Fond birjasında bağlanılmış əqdlər reyestrindən çıxarış hərrac iştirakçısı və emitent arasında dövlət və bələdiyyə istiqrazları üzrə alqı-satqı müqaviləsinin bağlanmasının təsdiqidir.

3.17. Dövlət və bələdiyyə istiqrazlarının qapalı yerləşdirilməsi investisiya şirkəti vasitəsilə həyata keçirilir.        

3.18. Emitent bələdiyyə istiqrazlarının yerləşdirilməsi başa çatdığı tarixdən 10 (on) gün müddətində Palataya onların emissiyasının yekunları haqqında hesabat təqdim etməlidir.

3.19. Bələdiyyə istiqrazlarının emissiyasının yekunları haqqında hesabatda aşağıdakılar əks olunmalıdır:

3.19.1. istiqrazların yerləşdirilməsinin başlandığı və başa çatdığı tarixlər;

3.19.2. istiqrazların yerləşdirilməsi qiyməti;

3.19.3. yerləşdirilmiş istiqrazların sayı.

 

4. Dövlət və bələdiyyə istiqrazlarının tədavülü

 

4.1. Dövlət və bələdiyyə istiqrazları ilə alqı-satqı əqdləri investisiya şirkəti vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf-müqabili investisiya şirkəti olmadıqda, həmin əqdlər notariat qaydasında təsdiq edilməlidir.

4.2. Dövlət və bələdiyyə istiqrazlarının fond birjasında alqı-satqısı ticarət iştirakçılarının öz adından və öz hesabına və ya öz adından investorun hesabına və onun tapşırığı ilə almaq və ya satmaq üçün sifarişlərin təqdim edilməsi ilə həyata keçirilir.

4.3. Sifarişlər aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

4.3.1. sifarişin təqdim olunduğu daha sərfəli qiymətlə (alqı zamanı ən yüksək, satqı zamanı ən aşağı) verilmiş sifariş;

4.3.2. qiymətlər bərabər olacağı təqdirdə, daha əvvəl təqdim olunmuş sifariş.

4.4. Sifarişin icra növbəliliyi onun həcmindən asılı deyildir.

4.5. Əqdin bağlanılması zamanı sifarişin müəyyən hissəsi yerinə yetirildikdə, onun qalan hissəsi ayrıca sifariş kimi çıxış edir.

4.6. Ticarət iştirakçısı sifariş icra edilənə qədər onu ləğv edə bilər.

 

5. Dövlət və bələdiyyə istiqrazlarının ödənilməsi

 

5.1. Dövlət və bələdiyyə istiqrazlarının və onlar üzrə faizlərin (faizli istiqrazlar üçün) ödənilməsi emitent tərəfindən klirinq təşkilatı vasitəsilə həyata keçirilir.

5.2. Dövlət və bələdiyyə istiqrazlarının dəyəri və onlar üzrə ödənilməli olan faizlər (faizli istiqrazlar üçün) emitent tərəfindən ödənildikdən sonra istiqrazlar Mərkəzi Depozitar tərəfindən dövriyyədən çıxarılır.