Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, 4, maddə 326, 2008, 2, maddə 50, 4, maddə 260, 6, maddə 508; 2009, 9, maddə 687, 12, maddə 983; 2010, 2, maddələr 83, 85; 2011, 2, maddələr 85, 93; 2012, 10, maddə 955; 2014, 5, maddə 469, 10, maddə 1181, 12, maddə 1575; 2016, 11, maddə 1796) ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməyə aşağıdakı məzmunda 8.31-1 8.31-3-cü və 8.61-1-ci yarımbəndlər əlavə edilsin:

8.31-1. icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, mülki müdafiə üzrə xüsusi əhəmiyyətli obyektlərdə kompleks mülki müdafiə təlimlərinin keçirilməsini təşkil etmək;

8.31-2. mülki müdafiə qüvvələrinin təlim və məşqlərini planlaşdırmaq, onların hazırlanmasına və həyata keçirilməsinə nəzarət etmək, təyinatı üzrə tətbiqini təşkil etmək;

8.31-3. əhalinin fövqəladə hadisələrdən qorunma qaydaları və üsullarını, eyni zamanda mülki müdafiə tədbirləri barədə maarifləndirilməsini təşkil etmək;

8.61-1. insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barədə əhalinin vaxtında xəbərdar edilməsini aidiyyəti dövlət orqanları ilə birgə həyata keçirmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə məlumat vermək;.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 yanvar 2017-ci il

1215