Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qaydasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qaydası təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 12 may 2017-ci il

203

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 12 may tarixli 203 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən hazırlanmışdır və təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması hallarını və qaydasını müəyyən edir.

1.2. Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması akvakulturanın tərkib hissəsidir və balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması, balıqçılıq su obyektlərində endemik balıq növlərinin mühafizəsi, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi məqsədini daşıyır.

 

2. Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları

 

2.1. Balıq və digər su bioresurslarının yeni növləri təbii balıqçılıq su obyektlərinə aşağıdakı hallarda buraxılır:

2.1.1. balıqçılıq su obyektində məskunlaşmış balıq və digər su bioresurslarının növlərinin sayı azaldıqda və su obyektinin balıqçılıq təsərrüfatı əhəmiyyəti itirildikdə;

2.1.2. balıqçılıq su obyektində əvvəllər məskunlaşmış, sonradan təbii və antropogen proseslər nəticəsində yoxa çıxmış balıq və digər su bioresurslarının ehtiyatlarının bərpası məqsədi ilə;

2.1.3. balıqçılıq su obyektində əvvəllər məskunlaşmış, lakin təbii şəraitinə görə endemik növlərin bərpa edilməsi mümkün olduqda;

2.1.4. balıqçılıq su obyektində balıq və digər su bioresurslarının iqlimləşdirilməsi məqsədi ilə;

2.1.5. balıq və digər su bioresurslarının məskunlaşdığı, qidalandığı, nəsil artırdığı, yetişdiyi və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılması məqsədi ilə;

2.1.6. balıqçılıq su obyektində balıq və digər su bioresurslarının yem bazasının artırılması məqsədi ilə.

2.2. Balıq və digər su bioresurslarının hibrid formaları təbii balıqçılıq su obyektlərinə aşağıdakı hallarda buraxılır:

2.2.1. balıqçılıq su obyektinin axar yerüstü sularla əlaqəsi olmadıqda;

2.2.2. balıqçılıq su obyektindən yalnız əmtəə, rekreasiya və elmi tədqiqat məqsədi ilə qapalı şəraitli akvakultura üçün istifadə edilməsi nəzərdə tutulduqda.

 

3. Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması qaydası

 

3.1. Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, qorunması, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan və bu işlərin aparılması üçün müvafiq texniki imkanlara malik hüquqi və fiziki şəxslər (bundan sonra - balıqçılıq subyektləri) tərəfindən Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırma çərçivəsində həyata keçirilir.

3.2. Bioloji və texnoloji əsaslandırmada balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının bioloji xüsusiyyətləri və əldə olunma mənbəyi, onların təbii balıqçılıq su obyektlərinə buraxılmasının məqsədi (halı), tətbiq olunacaq texnologiyalar və balıqçılıq meliorasiyası işləri, balıq məhsulu istehsalının həcmi, istifadə ediləcək su obyekti barədə məlumat, obyektdəki suyun həcmi və balıq tutumu, istifadə ediləcək yem növləri, buraxılan balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının su obyektlərinə daşınması üsulları, habelə tullantıların növləri və miqdarı əks etdirilməlidir.

3.3. Balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının təbii balıqçılıq su obyektlərinə buraxılmasını əhatə edən bioloji və texnoloji əsaslandırmanın bu Qaydanın 3.1-ci bəndinə uğun olaraq qeydiyyatı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən və tərkibində bu Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini, Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən nümayəndələrindən ibarət Elmi-Texniki Şurasının qərarı əsasında aparılır. [1]

3.4. Balıq və digər su bioresursları genofondunun mühafizəsini təmin etmək məqsədi ilə təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması balıq və digər su bioresurslarının aborigen növlərinın populyasiyasının vəziyyətinə və onların məskunlaşdığı mühitin, miqrasiya və çoxalma şəraitinə mənfi təsir göstərməməlidir.

3.5. Xəzər dənizinə balıq və digər su bioresurslarının yeni növlərinin buraxılmasının həyata keçirilməsi ilə əlaqədar bu Qaydanın 3.1-ci və 3.3-cü bəndlərinə əsasən bioloji və texnoloji əsaslandırma qeydiyyata alınarkən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmalıdır.

3.6. Xəzər dənizinə nərə cinsli və digər qiymətli balıqların yeni növlərinin buraxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir.

3.7. Dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının təbii balıqçılıq su obyektlərinə buraxılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə balıqçılıq subyektləri arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

3.8. Balıqçılıq subyektləri tərəfindən balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının iqlimləşdirilməsinin səmərəliliyinin təmin edilməsi məqsədi ilə, onların buraxılması nəzərdə tutulan balıqçılıq su obyektlərində hidroloji və hidrokimyəvi rejimlərinin optimallaşdırılması, süni kürüləmə yerlərinin salınması və qurulması, ötürücü kanalların və balıq buraxılışı qurğularının tikilməsi, əhəmiyyətsiz balıq növlərinin sayının azaldılması, eləcə də balıq və digər su bioresurslarının xammal bazasının formalaşdırılmasında əlverişli şəraitin təmin edilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın qəbul etdiyi texniki normativ hüquqi aktlara uyğun olaraq və bu Nazirliyin nəzarəti altında balıqçılıq təsərrüfatı meliorasiyası işləri aparılmalıdır.

3.9. Balıqçılıq subyektləri təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması işlərini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın balıq mühafizə qurumlarının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirirlər. [2]

3.10. Balıq və digər su bioresurslarının yeni növ və hibrid formalarının alınması, bioloji və texnoloji əsaslandırmada nəzərdə tutulmuş təbii su obyektlərinə buraxılması balıq və digər su bioresurslarının buraxılışı aktı ilə rəsmiləşdirilir. Təhvil-təslim aktı iki nüsxədə tərtib edilir və onun bir nüsxəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinın balıq mühafizə qurumlarında saxlanılır, digər nüsxəsi isə balıqçılıq subyektinə verilir.

3.11. Balıq və digər su bioresurslarının buraxılışı aktında balıq və digər su bioresurslarının yeni növ və hibrid formalarının təbii balıqçılıq su obyektlərinə buraxılmasının məqsədi (halı), buraxıldığı tarix və yer, növ tərkibi və miqdarı, habelə sənaye qayıdışının (yetişdirilən məhsulun) həcmi göstərilir.

3.12. Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aşağıdakılar təmin edilməlidir:

3.12.1. balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılmasının nəticəsi barədə məlumatın toplanması və təhlili;

3.12.2. ətraf mühitə və insan sağlamlığına təhlükə yaradan balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılmasının dayandırılması ilə bağlı məsələlərin həlli;

3.12.3. iqlimləşdirilən balıq və digər su bioresurslarının yeni növlərinin sənaye ovu obyektinə keçirilməsi.

3.13. Balıqçılıq subyektləri tərəfindən təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması zamanı Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan qaydalara, Baytarlıq haqqında Azərbaycan Respublikası Qanununun və Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə riayət olunmalıdır.

3.14. Bu Qaydanı pozan balıqçılıq subyektləri Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 6 dekabr 2018-ci il, 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2722)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 6 dekabr 2018-ci il, 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2722) ilə Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qaydasının 3.3-cü bəndində Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətini sözləri Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini sözləri ilə əvəz edilmişdir.

 

[2] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 6 dekabr 2018-ci il, 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2722) ilə Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qaydasının 3.9-cu bəndində Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözləri Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sözləri ilə əvəz edilmişdir.