Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 12 may 2017-ci il

204

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 12 may tarixli 204 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən hazırlanmışdır, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması qaydalarını müəyyən edir.

1.2. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi balıq və digər su bioresurslarının bu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılmasını nəzərdə tutur.

1.3. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi akvakulturanın tərkib hissəsidir və balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədini daşıyır.

1.4. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi işləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəbul etdiyi texniki normativ hüquqi aktlara uyğun olaraq aparılır.

 

2. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi

 

2.1. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, qorunması, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan və bu işlərin aparılması üçün müvafiq texniki imkanlara malik hüquqi və fiziki şəxslər (bundan sonra - balıqçılıq subyektləri) tərəfindən Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırma çərçivəsində həyata keçirilir.

2.2. Bioloji və texnoloji əsaslandırmada balıq və digər su bioresurslarının iqlimləşdirilməsi nəzərdə tutulmuş obyektlərin bioloji xüsusiyyətləri və əldə olunma mənbəyi, tətbiq olunacaq texnologiyalar və balıqçılıq meliorasiyası işləri, balıq məhsulu istehsalının həcmi, istifadə ediləcək su obyekti barədə məlumat, obyektdəki suyun həcmi və balıq tutumu, istifadə ediləcək yem növləri, iqlimləşdirilən balıq və digər su bioresurslarının su obyektinə daşınması üsulları, habelə tullantıların növləri və miqdarı əks etdirilməlidir.

2.3. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi işlərini əhatə edən bioloji və texnoloji əsaslandırmanın bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq qeydiyyatı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən və tərkibində bu Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini, Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən nümayəndələrindən ibarət Elmi-Texniki Şurasının qərarı əsasında aparılır. [1]

2.4. Təbii balıqçılıq su obyektlərinə onların çıxışının maneələrlə məhdudlaşdırılmadığı şəraitdə (açıq şəraitli akvakultura) balıq və digər su bioresurslarının iqlimləşdirilməsinin həyata keçirilməsinə yol verilmir.

2.5. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi balıq və digər su bioresurslarının təbii balıqçılıq su obyektlərində olan aborigen növlərinın populyasiyasının vəziyyətinə və onların məskunlaşdığı mühitə, miqrasiya və çoxalma şəraitinə mənfi təsir göstərməməlidir.

2.6. Xəzər dənizində balıq və digər su bioresurslarının iqlimləşdirilmənin həyata keçirilməsi ilə əlaqədar bu Qaydaların 2.1-ci və 2.3-cü bəndlərinə əsasən bioloji və texnoloji əsaslandırma qeydiyyata alınarkən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmalıdır.

2.7. Xəzər dənizində iqlimləşdirilmə məqsədi ilə nərə cinsli və digər qiymətli balıqların yeni növlərinin buraxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir.

2.8. Dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının iqlimləşdirilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə balıqçılıq subyektləri arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

2.9. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıq və digər su bioresurslarından istifadəyə yol verilmir.

2.10. Balıqçılıq subyektləri tərəfindən balıq və digər su bioresurslarının iqlimləşdirilməsinin səmərəliliyinin təmin edilməsi, onların buraxılması üçün nəzərdə tutulan balıqçılıq su obyektlərində hidroloji və hidrokimyəvi rejimlərinin optimallaşdırılması, süni kürüləmə yerlərinin salınması və qurulması, ötürücü kanalların və balıq buraxılışı qurğularının tikilməsi, əhəmiyyətsiz balıq növlərinin sayının azaldılması, eləcə də balıq və digər su bioresurslarının xammal bazasının formalaşdırılmasında əlverişli şəraitin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın qəbul etdiyi texniki normativ hüquqi aktlara uyğun olaraq və bu Nazirliyin nəzarəti altında balıqçılıq təsərrüfatı meliorasiyası işləri aparılmalıdır.

2.11. Balıqçılıq təsərrüfatı meliorasiyası balıqçılıq subyektinin vəsaiti hesabına aparılır.

2.12. İqlimləşdirilmə məqsədi ilə törədici balıq və digər su bioresurslarının tədarükü və onların sürülərinin yaradılması, saxlanması, istifadəsi və uçotu Balıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun aparılır.

2.13. Balıqçılıq subyektləri balıq və digər su bioresurslarının iqlimləşdirilmə məqsədi ilə su obyektlərinə buraxılması tədbirlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinın balıq mühafizə qurumlarının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirirlər. [2]

2.14. İqlimləşdirilmə məqsədi ilə balıq və digər su bioresurslarının bioloji və texnoloji əsaslandırmada nəzərdə tutulmuş su obyektlərinə buraxılması balıq və digər su bioresurslarının buraxılışı aktı ilə rəsmiləşdirilir. Təhvil-təslim aktı iki nüsxədə tərtib edilir və onun bir nüsxəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın balıq mühafizə qurumlarında saxlanılır, digər nüsxəsi isə balıqçılıq subyektinə verilir.

2.15. Balıq və digər su bioresurslarının buraxılışı aktında balıq və digər su bioresurslarının növ tərkibi və miqdarı, su obyektlərinə buraxılmasının məqsədi, buraxıldığı tarix və yer, habelə onların sənaye qayıdışının (yetişdirilən məhsulun) həcmi göstərilir.

2.16. Balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının iqlimləşdirilməsi zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aşağıdakılar təmin edilir:

2.16.1. iqlimləşdirilmənin nəticəsi barədə məlumatın toplanması və təhlili;

2.16.2. iqlimləşdirilən balıq və digər su bioresursları növlərinin balıq və digər su bioresurslarının sənaye ovu obyektinə keçirilməsi.

2.17. Balıqçılıq subyektləri tərəfindən iqlimləşdirilmə məqsədi ilə yetişdirilmiş və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq idxal edilmiş canlı balıq, mayalanmış kürü və digər su bioresursları bu Qaydaların 2.1-ci və 2.3-cü bəndlərinə əsasən qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırmada müəyyən olunmuş karantin balıqçılıq təsərrüfatı təcridxanalarında (hovuzlarında, qurğularında və digər uyğunlaşdırılmış yerlərdə) saxlanılmalıdır və balıqçılıq subyektinin karantin balıqçılıq təsərrüfatı təcridxanalarından digər balıqçılıq su obyektlərinə (onların bir hissəsinə) köçürülməsi Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq baytarlıq-sanitariya nəzarəti altında həyata keçirilir.

2.18. İqlimləşdirilmə məqsədi ilə Azərbaycan Respublikasına idxal edilmiş balıq və digər su bioresursları karantin təcridxanalarında bioloji tələbatları və biotexnoloji xüsusiyyətləri nəzərə alınmaqla saxlanılır.

2.19. Müxtəlif növdən və yaşdan, müxtəlif vaxtlarda müxtəlif ölkələrdən gətirilmiş balıq və digər su bioresurslarının karantin balıqçılıq təsərrüfatı təcridxanalarında birlikdə saxlanmasına yol verilmir.

2.20. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi öz səlahiyyət istiqamətlərinə uyğun balıqçılıq subyektlərinin balıq və digər su bioresurslarının iqlimləşdirilməsini aşağıdakı hallarda məhdudlaşdırırlar: [3]

2.20.1. bu Qaydaların 2.1-ci bəndində göstərilmiş bioloji və texnoloji əsaslandırma və ekoloji təhlükəsizlik üzrə tələblər pozulmaqla balıq və digər su bioresurslarının iqlimləşdirilməsi həyata keçirildikdə;

2.20.2. iqlimləşdirilmə obyektlərinin baytarlıq-sanitariya və sanitar-epidemioloji norma və qaydalarının pozulması ilə daşınması müəyyən edildikdə və onları bu Qaydaların 2.1-ci bəndində göstərilmiş bioloji və texnoloji əsaslandırmada müəyyən olunmamış balıqçılıq su obyektlərinə buraxıldıqda;

2.20.3. bioloji və texnoloji əsaslandırmada müəyyən olunmayan təbii su obyektlərinə balıq və digər su bioresurslarının iqlimləşdirilmiş növlərin düşməsi təhlükəsi yaradıldıqda;

2.20.4. balıq və digər su bioresurslarının iqlimləşdirilməsi nəticəsində su obyektinin vəziyyəti təbii mühitə və insan sağlamlığına təhlükə doğurduqda;

2.20.5. balıq və digər su bioresurslarının iqlimləşdirilməsi çərçivəsində təbii su obyektlərinə axıdılan suyun ekoloji və sanitariya normalarına uyğun olmadığı müəyyən edildikdə;

2.20.6. balıqçılıq subyektlərinin fəaliyyəti nəticəsində iqlimləşdirilən balıq və digər su bioresursları kütləvi məhv olunduqda.

2.21. Balıqçılıq subyektlərinin fəaliyyətinin məhdudlaşdırılması əsası olmuş hallar aradan qaldırıldıqdan sonra onların fəaliyyəti davam etdirilir.

2.22. Balıqçılıq subyektlərinin fəaliyyətinin məhdudlaşdırılmasına əsas olmuş hallar aradan qaldırılmadıqda, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən balıqçılıq subyektlərinin balıq və digər su bioresurslarının iqlimləşdirilməsi dayandırılır, bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırma ləğv edilir və balıqçılıq subyektinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılır.

2.23. Balıqçılıq subyektləri balıq və digər su bioresurslarının iqlimləşdirilmə fəaliyyətinin məhdudlaşdırılması və dayandırılması barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

 

3. İqlimləşdirilmə obyektlərinin daşınması

 

3.1. İqlimləşdirilən balıq və digər su bioresurslarının (diri balıq, mayalanmış kürü və s.) daşınması Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu və Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.

3.2. İqlimləşdirilən balıq və digər su bioresurslarının su obyektlərinə daşınması bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırmada göstərilmiş və bu obyektlərin ətraf mühitə düşməsinin qarşısını alan üsul və vasitələrlə həyata keçirilməlidir.

3.3. İqlimləşdirilən balıq və digər su bioresurslarının su obyektlərinə daşınması zamanı istifadə edilən qablardakı su balıqçılıq su obyektləri ilə əlaqəsi olmayan yerlərə boşaldılmalıdır.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 6 dekabr 2018-ci il, 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2722)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 6 dekabr 2018-ci il, 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2722) ilə Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydalarının 2.3-cü bəndində Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətini sözləri Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini sözləri ilə əvəz edilmişdir.

 

[2] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 6 dekabr 2018-ci il, 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2722) ilə Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydalarının 2.13-cü bəndində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözləri Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sözləri ilə əvəz edilmişdir.

 

[3] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 6 dekabr 2018-ci il, 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2722) ilə Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydalarının 2.20-ci bəndində Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti sözləri Qida Təhlükəsizliyi Agentliyi sözləri ilə əvəz edilmişdir.