Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 20 oktyabr 2017-ci il

467

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 20 oktyabr tarixli 467 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri olan dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər (bundan sonra - fiziki və hüquqi şəxslər) tərəfindən Azərbaycan Respublikasının ərazisinə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının gətirilməsi və onun hüdudlarından kənara aparılması qaydasını müəyyən edir.

1.2. Bu Qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində əkilməsi, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması nəzərdə tutulan bitkilərə şamil edilmir.

 

2. Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması

 

2.1. Ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş fitosanitar sertifikatları əsasında həyata keçirilir.[1]

2.2. Ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması üçün idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi Qaydaları ilə müəyyən edilir. [2]

2.3. Karantin tətbiq edilən zərərli orqanizmləri yaya bilən ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə idxal karantin icazəsi olmadan gətirilməsinə yol verilmir.

2.4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi üçün fiziki və hüquqi şəxslərə bu Qaydanın 2.2-ci bəndində göstərilmiş qaydalara uyğun olaraq idxal karantin icazəsinin verilməsi barədə 2 (iki) gün müddətində müvafiq dövlət sərhədinin buraxılış məntəqələrinə məlumat verilməlidir.

2.5. Fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından ixrac olunan ağac, kol, gül-çiçək və ot bitkiləri və onların genetik materialları sərhədə çatdırıldıqda, bu Qaydanın 2.2-ci bəndində göstərilmiş qaydalara uyğun olaraq, verilmiş təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatları gömrük orqanlarına təqdim edilməlidir.

2.6. Yaşıllıqların mühafizəsi məqsədi ilə genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsinə və onun hüdudlarından kənara aparılmasına yol verilmir.

2.7. Genetik modifikasiya olunmuş, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış bitkilərin elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasına idxalı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun qərarı nəzərə alınmaqla, Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada aparılır.

2.8. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, mədəni bitkilərin milli genefonduna aid edilən ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmiş (6 nömrəli əlavə) Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri nəzərə alınmaqla aparılır.

2.9. Azərbaycan üçün xarakterik, nadir və kökünün kəsilməsi təhlükəsi olan, həmçinin mühafizəsinin gücləndirilməsi tələb olunan ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının (yabanı flora növlərinin) beynəlxalq ticarəti Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyaya (CITES) uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən icazə/sertifikat əsasında həyata keçırilir.

2.10. Bu Qaydanın 2.9-cu bəndində göstərilən icazə/sertifikatın verilməsi qaydaları və şərtləri Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları ilə müəyyən edilir.

2.11. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kökünün kəsilməsi təhlükəsi olan, həmçinin mühafizəsinin gücləndirilməsi tələb olunan yabanı flora növlərinə bu Qaydanın 2.10-cu bəndinə uyğun olaraq verilmiş icazə/sertifikat kağız və elektron formada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir.

2.12. Kökünün kəsilməsi təhlükəsi olan ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının (yabanı flora növlərinin) siyahısı xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası (XİF MN) üzrə kodları göstərilməklə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kağız və elektron formada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir. Siyahıda dəyişikliklər olduğu halda, yenilənmiş siyahı eyni qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir.

2.13. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq, karantin obyektlərinin mühafizəsini təmin etmək məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirir: [3]

2.13.1. ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının saxlanılan anbarlarda, onların əkildiyi sahələrdə, karantin nəzarətində olan digər obyektlərdə müntəzəm olaraq müşahidələri və müayinələri aparmaq;

2.13.2. karantin nəzarətində olan materiallara baxış keçirmək və ekspertiza aparılmasını həyata keçirmək;

2.13.3. fitosanitar nəzarətində olan zərərli orqanizmlərin Azərbaycan Respublikasının ərazisinə daxil olması təhlükəsini yaradan halları müəyyən etmək və müvafiq ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq;

2.13.4. fitosanitar nəzarətində olan karantin obyektlərində və karantin nəzarətində olan ağac, kol, gül-çiçək və ot bitkilərində və onların genetik materiallarında zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarını müvafiq qaydada götürmək, saxlamaq, zərərsizləşdirmək, təkrar emal etmək və ya məhv etmək üçün müvafiq tədbirlər görmək;

2.13.5. hüquqi və fiziki şəxslər tərəfindən ağac, kol, gül-çiçək və ot bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı aparılan kimyəvi, bioloji və digər bitki mühafizə tədbirlərinin elmi əsaslarla aparılmasına nəzarət etmək;

2.13.6. bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr və elmi-praktiki dəstəyi vermək;

2.13.7. Azərbaycan Respublikasının ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və onların mənbələrinin ləğvi üçün müvafiq məhdudiyyətlər qoymaq;

2.13.8. Azərbaycan Respublikasının ərazisində bitkilərin zərərli orqanizmlərlə sirayətlənmə dərəcəsini, onların əmələgəlmə səbəblərini müəyyənləşdirmək, kütləvi çoxalması və yayılması barədə məlumatları əldə etmək;

2.13.9. fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək və qanunvericiliklə müəyyən olunmuş qaydada xarici ölkələrin müvafiq qurumları ilə və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurmaq.

2.14. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun vəzifəli şəxslərinin ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılmasına yaşıllıqların mühafizəsinə dövlət nəzarəti çərçivəsində aşağıdakı hüquqları vardır:

2.14.1. fiziki və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində müvafiq tədbirlərin yerinə yetirilməsini, Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasını yoxlamaq;

2.14.2. yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək;

2.14.3. yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, fiziki və hüquqi şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə, onları aidiyyəti üzrə göndərmək;

2.14.4. yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək).

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydasının 2.1-ci bəndində Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası Qanununun 10.0.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən verilmiş idxal karantin icazəsi, təkrar ixracat fitosanitar sertifikatının və sözləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydasının 2.2-2.5-ci bəndləri ləğv edilmişdir.

 

[3] 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 19 oktyabr 2018-ci il, 235) ilə Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydasının 2.13-cü bəndində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti sözləri Qida Təhlükəsizliyi Agentliyi sözləri ilə əvəz edilmişdir.