Azərbaycan Respublikasının Mülki aviasiya sahəsində xidmətlərə görə medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, 23, maddə 996; 1993, 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, 5, maddə 251; 2003, 12, I kitab, maddə 677; 2005, 4, maddə 291; 2006, 10, maddə 846; 2007, 3, maddə 213; 2008, 6, maddələr 452, 472; 2009, 1, maddə 4, 5, maddə 312, 7, maddələr 514, 515, 12, maddə 974; 2010, 3, maddə 174, 11, maddə 960; 2011, 11, maddə 992; 2012, 7, maddə 664, 11, maddələr 1036, 1048, 1061; 2013, 5, maddələr 460, 478, 10, maddə 1143, 12, maddə 1477; 2014, 6, maddələr 612, 623; 2015, 12, maddə 1447; 2016, 12, maddələr 1979, 2040; 2017, 1, maddələr 16, 27, 7, maddə 1311) 2-ci maddəsində Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013) Azərbaycan Respublikasının yubiley medalı hissəsindən əvvəl aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

Mülki aviasiya sahəsində xidmətlərə görə medalı;.

Maddə 2. Mülki aviasiya sahəsində xidmətlərə görə Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

Maddə 3. Mülki aviasiya sahəsində xidmətlərə görə Azərbaycan Respublikası medalının təsviri təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2017-ci il

809-VQD

 


 

 

Azərbaycan Respublikasının

2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli

Qanunu ilə təsdiq edilmişdir

 

 

Mülki aviasiya sahəsində xidmətlərə görə Azərbaycan Respublikasının medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

 

Mülki aviasiya sahəsində xidmətlərə görə Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

 

Mülki aviasiya sahəsində xidmətlərə görə Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

Mülki aviasiya sahəsində xidmətlərə görə Azərbaycan Respublikası medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

 


 

 

Azərbaycan Respublikasının

2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli

Qanunu ilə təsdiq edilmişdir

 

 

Mülki aviasiya sahəsində xidmətlərə görə Azərbaycan Respublikası medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

 

Mülki aviasiya sahəsində xidmətlərə görə Azərbaycan Respublikasının medalı (bundan sonra medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Medalın ön tərəfində qızılı burulmuş qaytan formasında dekorativ elementlərlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində yerləşən səkkizguşəli ulduzun daxilində təyyarə və qlobusdan ibarət kompozisiya təsvir olunur. Ulduzun ətrafında qövs boyunca Azərbaycan Respublikası sözləri həkk edilir.

2.2. Dekorativ cilalama, səkkizguşəli ulduz, dairənin daxilində qeyd olunan sözlər qızıl suyuna, dairə, qlobus və təyyarə isə gümüş suyuna çəkilir. Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfində qızılı burulmuş qaytan formasında dekorativ elementlərlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində Mülki aviasiya sahəsində xidmətlərə görə sözləri həkk edilir.

3.2. Dekorativ cilalama və sözlər qızıl suyuna, dairə isə gümüş suyuna çəkilir. Dekorativ cilalama və dairədə olan yazılar qabarıqdır.

3.3. Medalın arxa tərəfində seriyası və nömrəsi həkk olunur.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal 42 mm x 60 mm ölçülü beşbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli eyni ölçülü zolaqlara bölünmüş xara lentdən üz çəkilir.

4.2. Lövhənin ön tərəfinin yuxarı hissəsinə eni 5 mm olan təbəqə bərkidilir. Lövhənin arxa tərəfinin yuxarı hissəsində geyimin yaxasına bərkidilmək üçün element vardır.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 42 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.