AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

 

QƏRAR 22-N

 

Bakı şəhəri 31 oktyabr 2017-ci il

 

Ədliyyə Nazirliyinə elektron müraciət üzrə inzibati reqlamentin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 29-N nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydasının təsdiq edilməsi haqqında 950 nömrəli, Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında 951 nömrəli və 2017-ci il 16 may tarixli Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 1399 nömrəli fərmanlarının 3-cü hissələrinin icrasını təmin etmək məqsədilə ölkə başçısının 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

 

QƏRARA ALIR:

 

1. Ədliyyə Nazirliyinə elektron müraciət üzrə inzibati reqlamentin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 29-N nömrəli qərarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

Azərbaycan Respublikasının

 

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli 22-N nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Ədliyyə Nazirliyinə elektron müraciət üzrə inzibati reqlamentin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 29-N nömrəli qərarında edilmiş dəyişikliklər:

 

1. Həmin Qərarla təsdiq edilmiş Ədliyyə Nazirliyinə elektron müraciət üzrə inzibati reqlament üzrə:

1.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

Vətəndaşların ərizə, şikayət və təkliflərinin elektron qaydada qəbulundan ibarətdir.

1.2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Vətəndaşların müraciətləri haqqında 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Azərbaycan Respublikası Qanunun;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 9.56-cı bəndi;

1.3.3. Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

1.3.4. Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları və Elektron xidmət növlərinin Siyahısının 3.17-ci bəndi;

1.3.5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydasının 2-ci və 3-cü hissələri;

1.3.6. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 951 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydasının 2-ci hissəsi.

1.3. 1.7-ci bənddə istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun sözləri istifadəçi tərəfindən tələb olunan məlumatların sözləri ilə əvəz olunsun.

1.4. 1.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

Vətəndaşların ərizə, şikayət və təkliflərinin elektron qaydada qəbulundan ibarətdir.

1.5. 3.3.1-ci yarımbənddə İstifadəçi, sözü Müraciət anonim olduqda, habelə istifadəçi sözləri ilə əvəz olunsun.

1.6. 3.4.3-cü yarımbənddə dövlət orqanları sözləri dövlət qurumları sözləri ilə əvəz edilsin.

1.7. 3.6.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer, müraciət edən hüquqi şəxs olduqda adı, hüquqi ünvanı (mövcud olduqda elektron poçt ünvanı) göstərilməlidir.