Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti ilə bağlı tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Dövlət-din münasibətləri sahəsində fəaliyyətin tənzimlənməsi, mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun qarşısında başlıca vəzifə kimi müəyyənləşdirilmişdir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Mənəvi Dəyərlərin Təbliği Fonduna 6100,0 min (altı milyon yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 mart 2018-ci il

3833