Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 3.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

 

Bakı şəhəri, 18 iyul 2018-ci il

311

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra AzMKÇ) milli kvalifikasiyaların sistemləşdirilməsi üçün bir vasitə olmaqla bütün təhsilalanlar, təhsilverənlər və işəgötürənlər üçün hazırlanmışdır və milli kvalifikasiyaların beynəlxalq kvalifikasiyalarla uyğunluğuna xidmət edir.

1.2. AzMKÇ konseptual baxımdan Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi (AATMKÇ) və Ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsinin (ÖTAKÇ) meyarlarına uyğun hazırlanmışdır.

1.3. AzMKÇ-nin hazırlanmasında aşağıdakı prinsiplər əsas götürülmüşdür:

1.3.1. AzMKÇ-yə daxil edilmiş kvalifikasiyalar Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş təhsil pillələri və səviyyələrinə uyğun müəyyənləşdirilmişdir;

1.3.2. kvalifikasiyalar təhsilalanlardan tələb olunan təlim nəticələrinin minimum səviyyəsini əks etdirməklə təsvir edilir;

1.3.3. kvalifikasiyalar əmək bazarının tələblərinə və peşə standartlarına uyğun müəyyən edilir;

1.3.4. ali və orta ixtisas (subbakalavr) təhsili üzrə kvalifikasiyalar Avropa Kredit Transferi və Toplanması Sisteminə (AKTTS) uyğun olan kreditlərlə uzlaşdırılır;[1]

1.3.5. bütün kvalifikasiyalar bilik, bacarıq və müstəqillik/məsuliyyət baxımından təsvir edilir və AzMKÇ-nin səviyyələri ilə əlaqələndirilir;

1.3.6. bütün kvalifikasiyaların keyfiyyəti təmin olunur və keyfiyyətin təmin edilməsi bütün müvafiq prosesləri - gözlənilən təlim nəticələrinin təsvirini, hər bir şəxsin təlim nailiyyətlərinin qiymətləndirilməsini və təsdiq olunmasını özündə ehtiva edir;

1.3.7. kvalifikasiyaları verən təhsil müəssisələrində (qurumlarda) təhsilin keyfiyyətinin təmin olunması Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Fəlsəfə doktoru və elmlər doktoru üzrə kvalifikasiyaları verən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təhsilin və elmi tədqiqatların keyfiyyətinin təmin olunması Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə ilə tənzimlənir;[2]

1.3.8. AzMKÇ-nin tərkib hissəsi olan hər bir kvalifikasiya Milli Kvalifikasiyalar Reyestrində (MKR) qeydə alınır, onun milli və beynəlxalq səviyyədə tanınması təmin edilir;

1.3.9. MKR-in daim yeniləşdirilməsi və internet səhifəsində yerləşdirilməsi təmin edilir.

1.4. AzMKÇ ömürboyu təhsilin tanınması məqsədi ilə hazırlanmışdır və bura aşağıdakı kvalifikasiyalar daxildir:

1.4.1. ümumi təhsil üzrə kvalifikasiyalar;

1.4.2. peşə təhsili üzrə kvalifikasiyalar;[3]

1.4.3. orta ixtisas təhsili üzrə kvalifikasiyalar (subbakalavr təhsili);[4]

1.4.4. ali təhsil üzrə kvalifikasiyalar;

1.4.5. əlavə təhsil üzrə kvalifikasiyalar.

1.5. Kvalifikasiyalar Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq formal, qeyri-formal və informal təhsil nəticəsində əldə olunur.

1.6. AzMKÇ digər ölkələr, beynəlxalq təşkilatlar və qurumlar qarşısında heç bir öhdəlik yaratmır.

 

2. Əsas anlayışlar

 

2.1. Sənəddə aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:

2.1.1. Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təmin olunması üzrə Avropa Standartları və Tövsiyələri (AST) üç istiqaməti - ali təhsil müəssisələrinin keyfiyyətinin daxili qiymətləndirilməsini, keyfiyyətin xarici qiymətləndirilməsini və keyfiyyətin xarici agentliklər tərəfindən qiymətləndirilməsini əhatə edir;

2.1.2. akkreditasiya təşkilatı milli təhsil sistemi çərçivəsində hər hansı bir təhsil müəssisəsinin, proqramın və ya modulun akkreditasiyasını həyata keçirmək hüququna malik olan səlahiyyətli qurumdur (müəssisə, agentlik);

2.1.3. ali təhsil müəssisəsi konkret ixtisaslar üzrə yüksəkitisaslı mütəxəssis hazırlığını həyata keçirən müxtəlif tipli təhsil müəssisəsidir (institut, universitet, akademiya, konservatoriya);

2.1.4. Keyfiyyətin Təmin olunması üzrə Avropa Çərçivəsi (KTOAÇ) peşə təhsili və təlimi üzrə milli sistemlərin davamlı inkişafının təşviq edilməsini və monitorinqinin həyata keçirilməsini təmin edir;

2.1.5. Avropa Kredit Transferi və Toplanması Sistemi (AKTTS) Avropa İttifaqı və digər tərəfdaş Avropa ölkələrində ali təhsilli məzunların təhsil nailiyyətləri və fəaliyyətlərinin müqayisəsi məqsədi ilə istifadə olunan standartdır. Təhsilini uğurla başa çatdırmış tələbənin topladığı kreditlər AKTTS-ə daxildir. Standartdan və ya peşə-ixtisas növündən asılı olmayaraq, bütün ölkələrdə bir tədris ili 1500-1800 tədris saatına və 60 AKTTS kreditinə bərabərdir. Bu kreditlərdən Avropa İttifaqı ölkələrində tələbələrin mobilliyi və təhsillərini növbəti səviyyədə davam etdirmələrinə dəstək olmaq məqsədi ilə istifadə olunur. AKTTS-ə əlavə olaraq Peşə Təhsili üzrə Avropa Kredit Transferi Sistemi (PTAKTS) işlənilib hazırlanır;

2.1.6. Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi (AATMKÇ) Avropa regionunda milli (və ya sahələr üzrə) kvalifikasiya çərçivələri və onlara daxil olan kvalifikasiyalar arasında əlaqələrin şəffaflığını təmin edən ümumi çərçivədir. Bu çərçivə ayrı-ayrı çərçivələr arasında əlaqə mexanizmi rolunu oynayır. AATMKÇ-də ali təhsil səviyyələri üzrə deskriptorlar verilir. Hər bir səviyyə ilə bağlı deskriptor həmin səviyyənin başa çatdığını göstərən kvalifikasiyaların əldə olunması üçün tələb olunan nailiyyət və qabiliyyətlərlə bağlı konkret gözləntiləri ümumi formada təsvir edir. Bolonya prosesinə üzv olan 47 ölkə tərəfindən qəbul edilmiş AATMKÇ aşağıdakı məqsədlərə xidmət edən bir sistemdir:

2.1.6.1. təhsilalanlara (vətəndaşlar, işçilər və s.) Avropa regionunda mövcud olan müxtəlif milli, yerli və regional kvalifikasiyaların müqayisə edilməsi üçün imkanların yaradılması;

2.1.6.2. Avropanın ali təhsil sistemləri daxilində və bu sistemlər arasında təhsil almaq imkanlarının (mobillik, şəffaflıq, təhsil sənədlərinin qarşılıqlı tanınması) asanlaşdırılması;

2.1.6.3. təhsil proqramlarının məzmununun və müxtəlifliyinin, eləcə də milli, yerli, regional və institusional akademik müstəqilliyinin təmin edilməsi;

2.1.6.4. Avropada ali təhsilin rəqabətqabiliyyətliliyinin və səmərəliliyinin inkişaf etdirilməsi;

2.1.7. bacarıqlar tapşırıqların yerinə yetirilməsi və problemlərin həll edilməsi üçün biliklərin tətbiqini və təcrübənin istifadəsini özündə birləşdirir. Avropa Kvalifikasiyalar Çərçivəsi baxımından bacarıqlar koqnitiv (məntiqi, tənqidi və yaradıcı düşünmə qabiliyyəti) və praktiki (fiziki qabiliyyət və müvafiq metod, material, vasitə və avadanlıqlardan istifadə bacarığı) olur. Bacarıq minimal vaxt və enerji (və ya hər ikisini) sərf etməklə, əvvəlcədən müəyyən edilmiş nəticələrin əldə olunmasına yönəldilmiş xüsusiyyətdir. Bacarıqlar, adətən, ümumi və konkret sahəyə yönəldilmiş növlərə bölünür;

2.1.8. beynəlxalq tanınma xaricdə əldə olunmuş kvalifikasiyaların təhsildə və ya gələcək iş fəaliyyəti kontekstində uyğunluğunun təmin olunması üçün istifadə edilən metodologiya və prosedurlardır. Təhsil və ya peşə fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici kvalifikasiyanın müvafiq səlahiyyətli qurum tərəfindən rəsmi olaraq tanınmasıdır;

2.1.9. bilik təlim (öyrənmə) prosesi vasitəsilə informasiyanın mənimsənilməsinin nəticəsidir. Bilik fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, prinsip, nəzəriyyə və praktikanın əsasını təşkil edir. Avropa Kvalifikasiyalar Çərçivəsi baxımından bilik nəzəri və (və ya) faktlara əsaslanan kimi təsvir edilir;

2.1.10. Bolonya prosesi Avropalı tələbə və işçilər, həmçinin dünyanın digər ölkələrindən olan tələbə və işçilər üçün cəlbedici olan, beynəlxalq əməkdaşlıq və akademik mübadiləyə əsaslanan Avropa Ali Təhsil Məkanının yaradılması məqsədini daşıyan prosesdir. Həmin proses tələbə, məzun və ali təhsil işçilərinin mobilliyini, tələbələrin gələcək karyeralarına və demokratik cəmiyyətlərdə fəal vətəndaşlar kimi hazırlanmasını, onlara inkişaf və demokratik prinsiplər və akademik azadlığa əsaslanan yüksəkkeyfiyyətli ali təhsil almaq üçün geniş imkanların yaradılmasını təmin etməlidir;

2.1.11. diplom müəyyən təhsil proqramının uğurla başa çatdırıldığını və müvafiq kvalifikasiyanın verilməsini təsdiq edən təhsil haqqında sənəddir;

2.1.12. diploma əlavə kvalifikasiya haqqında sənədə əlavə olunan, bu dərəcəyə/kvalifikasiyaya malik olan şəxsin uğurla başa çatdırdığı təhsilin forması, səviyyəsi, məzmunu və statusunu təsvir edən sənəddir. Bu sənəd Avropa Komissiyası, Avropa Şurası və UNESKO/CEPEC tərəfindən təqdim olunmuş nümunə əsasında işlənilib hazırlanmışdır. Diploma əlavə kvalifikasiyaların şəffaflığını və akademik/peşəkar mühitdə tanınmasını asanlaşdırır;

2.1.13. deskriptor təlim (öyrənmə) nəticələrinin xarakterik xüsusiyyətlərini, bilik və bacarıqları təsvir edir;

2.1.14. informal və qeyri-formal təhsil vasitəsilə əldə olunmuş səriştələrin tanınması informal və qeyri-formal təhsil vasitəsilə əldə edilən bilik və bacarıqların müvafiq standarta uyğunluğunun akkreditasiyadan keçmiş qurum tərəfindən müəyyənləşdirilməsi, sənədləşdirilməsi, qiymətləndirilməsi və sertifikatlaşdırılması prosesidir;

2.1.15. keyfiyyət hər hansı bir obyektin (məhsulun və ya xidmətin) konkret müəyyən olunan və nəzərdə tutulan ehtiyaclara, standartlara cavab vermə qabiliyyətini özündə ehtiva edən xüsusiyyət və əlamətlərin cəmidir;

2.1.16. keyfiyyətin təmin olunması milli və ya institusional səviyyədə qəbul olunmuş proses, yaxud bir sıra proseslərdir;

2.1.17. kompetensiya (səriştə) şəxsin hər hansı bir işi düzgün icraetmə bacarığı; hər hansı bir fəaliyyət və ya tədqiqat sahəsində, eləcə də peşəkarlıq və şəxsi inkişaf prosesində bilik, bacarıq, sosial və ya metodoloji qabiliyyətlərdən istifadəetmə bacarığı; müvafiq bilik, bacarıq və yanaşmadan istifadə edərək, fəaliyyəti peşəkar mühitdə tələb olunan standartlara uyğun icraetmə bacarığıdır;

2.1.18. kredit konkret təlim nəticələrinin əldə olunması üçün zəruri olan vaxt çərçivəsində təhsilalanın dərs yükünün ölçülməsi məqsədi ilə istifadə olunan vahiddir. Kredit təlim nəticələrinin əldə olunması prosesinə sərf edilən vaxt baxımından ölçülən dərs yükünə əsaslanaraq, müəllim və təhsilalanlara təlimin həcmi və səviyyəsini qiymətləndirmək imkanı yaradır. Təhsilalana iş təcrübəsi, əvvəlki təhsili və ya kurs işinin tanınması əsasında təlim nəticələrinə görə kredit verilə bilər. Bir qayda olaraq, təhsilalanın əldə etdiyi krediti itirilmir. Buna baxmayaraq, müəyyən hallarda ali təhsil müəssisəsi tədris proqramının tərkib hissəsi kimi, kreditin konkret vaxt çərçivəsində əldə olunması tələbini qoya bilər. Belə hallar bilik və bacarıqlar sürətlə dəyişən sahələrə (məsələn, informatika, tibb və s.) aid ola bilər;

2.1.19. kredit sistemi təhsilalanın tədris (akademik) nəticələrinin qiymətləndirilmə ölçüsüdür;

2.1.20. kvalifikasiya şəxsin müvafiq standartlara uyğun olan təlim nəticələrinin əldə edilməsi haqqında səlahiyyətli qurum tərəfindən aparılan qiymətləndirmə və təsdiqetmə prosesinin rəsmi nəticəsidir;

2.1.21. kvalifikasiya üzrə deskriptorlar milli səviyyələrə istinad olunmaqla, kvalifikasiyaları və gözlənilən təlim nəticələrini təsvir edən ümumi müddəalardır;

2.1.22. kvalifikasiya sistemi təhsili vətəndaş cəmiyyəti və əmək bazarı ilə əlaqələndirilən, eləcə də təlim nəticələrinin tanınmasına yönəldilən bütün fəaliyyət növləridir. Bu fəaliyyət növlərinə kvalifikasiyalar üzrə siyasətin müəyyənləşdirilməsi, təlim prosesinin təşkili və həyata keçirilməsi, institusional dəyişikliklər, maliyyələşdirmə, keyfiyyətin təmin olunması, qiymətləndirmə, təlim nəticələrinin təsdiqlənməsi və sertifikatlaşdırılması aiddir;

2.1.23. kvalifikasiya standartı müxtəlif səviyyələrdə kvalifikasiyaların verilməsi üçün tələb olunan kompetensiyaları (səriştələri), təlim (öyrənmə) nəticələrini və qiymətləndirmə meyarlarını təsvir edən sənəddir;

2.1.24. qabiliyyət hər hansı bir şəxsə müəyyən fəaliyyət, iş və ya tapşırığı uğurla həyata keçirmək imkanı verən qazanılmış və ya təbii bacarıq, kompetensiya (səriştə), təcrübə, istedaddır;

2.1.25. qiymətləndirmə təhsilalanların bilik, bacarıq, yanaşma və fikirlərinin konkret şərtlər çərçivəsində rəsmi sənədləşdirilməsi prosedurudur. Qiymətləndirmə konkret olaraq təhsilalana, təhsil alan bir qrup şəxslərə (sinif, seminar iştirakçıları və ya digər təhsilalanlar), müəssisə və ya bütövlükdə təhsil sisteminə yönəldilə bilər. Qiymətləndirmə prosesinin məqsədlərinin müxtəlifliyi nəzərə alınmaqla qiymətləndirmə, bir qayda olaraq, diaqnostik, formativ və summativ kateqoriyalara bölünür;

2.1.26. qiymətləndirmə meyarları tədris kursu və ya modulu çərçivəsində nəzərdə tutulan təlim nəticələrini təhsilalan tərəfindən hansı səviyyədə mənimsənilməsini müəyyən etmək məqsədi ilə qiymətləndirən tərəfindən istifadə olunan ölçü vahidləridir;

2.1.27. qiymətləndirmə standartı müəyyən bir kvalifikasiyanın qiymətləndirilməsi ilə bağlı meyar və metodları təsvir edən sənəddir;

2.1.28. Milli Kvalifikasiyalar Çərçivəsi (MKÇ) əmək bazarı və vətəndaş cəmiyyəti ilə münasibətdə milli kvalifikasiya alt sistemlərinin bir-biri ilə əlaqələndirilməsi və inteqrasiyası, eləcə də kvalifikasiyaların şəffaflığı, əldə olunması imkanı, ardıcıllığı və keyfiyyətinin inkişaf etdirilməsi məqsədini daşıyan və əldə olunan təlimin konkret səviyyələri üzrə müəyyən edilən meyarlar əsasında kvalifikasiyaların təsnifat vasitəsidir;

2.1.29. Milli kvalifikasiyalar sistemi təhsil və təlimi əmək bazarı və vətəndaş cəmiyyəti ilə əlaqələndirən təlim və digər mexanizmlərin tanınması ilə bağlı fəaliyyətin bütün aspektləridir. Bura kvalifikasiyaların keyfiyyətinin təmin olunması, qiymətləndirilməsi və verilməsi ilə bağlı institusional tədbir və prosedurların hazırlanması və həyata keçirilməsi daxildir. Milli kvalifikasiyalar sistemi bir neçə alt sistemdən ibarət ola və özündə milli kvalifikasiyalar çərçivəsini birləşdirə bilər;

2.1.30. Milli Kvalifikasiyalar Reyestri (MKR) dövlət tərəfindən tanınan təhsil proqramı/müəssisə/kvalifikasiya/peşələrin rəsmi milli siyahısıdır;

2.1.31. dövlət təhsil standartları ayrı-ayrı şəxslərin, cəmiyyətin və dövlətin tələblərinə cavab verən, elmi və pedaqoji prinsiplərə uyğun hazırlanmış qaydalar toplusudur. Milli təhsil standartları müəyyən müddət üçün (5 ildən az olmayaraq) hazırlanır və dövlət tərəfindən müəyyən edilmiş ümumi tələbləri əks etdirir;

2.1.32. müstəqillik və məsuliyyət kompetensiyalar (səriştələr) üzrə deskriptorlardan biridir;

2.1.33. ömürboyu təhsil bilik, bacarıq, kompetensiya (səriştə) və ya kvalifikasiyaların təkmilləşdirilməsi ilə nəticələnən ömürboyu təlimin (öyrənmənin) bütün növləridir;

2.1.34. ömürboyu təhsil üzrə əsas kompetensiyalar (səriştələr) hər bir şəxsə fərdi inkişaf, cəmiyyətə inteqrasiya olunma və məşğulluq üçün zəruri olan bilik, bacarıq, dəyər, yanaşma, fikir və xarakterik cəhət kimi xüsusiyyətləri özündə birləşdirən, dəyişə bilən çoxfunksiyalı sistemi əks etdirir. Bu kompetensiyalar (səriştələr) təhsilalana tədris olunan bütün fənlər çərçivəsində icbari təhsil və ya təlimin sonunda kompleks şəkildə qazanılmalı və ömürboyu təhsil prosesinin tərkib hissəsi olaraq gələcək təhsil üçün əsas rolunu oynamalıdır. Ümumilikdə isə əsas kompetensiyalar (səriştələr) dedikdə, məzunun, müəyyən bir təhsil proqramının bitirilməsi nəticəsində əldə olunmalı ən vacib kompetensiyalar (səriştələr) nəzərdə tutulur. Əsas kompetensiyalar (səriştələr) bir təlim kontekstindən digərinə ötürülə bilir;

2.1.35. ömürboyu təlim üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi (ÖTAKÇ) ayrı-ayrı ölkələrin kvalifikasiya sistemlərini bir-biri ilə əlaqələndirən, Avropanın müxtəlif ölkə və sistemləri çərçivəsində kvalifikasiyaların daha aydın və anlaşıqlı olması məqsədi ilə onların müqayisəsi üçün vasitə rolunu oynayan, Avropada istinad məqsədi ilə istifadə olunan vahid çərçivə sənədidir. Sənədin iki əsas məqsədi vardır: a) ölkələr arasında vətəndaşların mobilliyinin və b) insanların ömürboyu təliminin təşviq edilməsi. ÖTAKÇ Avropa regionunda milli (və ya sahələr üzrə) kvalifikasiya çərçivələri və onlara daxil olan kvalifikasiyalar arasında əlaqələrin şəffaflığını təmin edir. Bu çərçivə ayrı-ayrı çərçivələr arasında əlaqə mexanizmi rolunu oynayır. Hazırda Avropa Kvalifikasiyalar Çərçivəsinin iki növü mövcuddur. Onlardan biri bilavasitə ali təhsillə bağlıdır və Bolonya prosesi çərçivəsində hazırlanmışdır. Digəri isə bütövlükdə təhsilin bütün mərhələlərini əhatə edir və Avropa Komissiyası tərəfindən hazırlanmışdır. Bunlardan birincisi təhsilin aşağı səviyyələrini əhatə etməklə AATM-nin İDÇ, digəri isə təhsilin bütün səviyyələrini, o cümlədən ali təhsil səviyyəsini əhatə etməklə ÖTAKÇ adlanır;

2.1.36. peşə assosiasiyası (həmçinin, peşə qurumu, peşə təşkilatı və ya peşə cəmiyyəti də adlanır) adətən, müəyyən peşənin inkişafına, həmin peşə sahiblərinin və ictimai maraqların təmin olunmasına xidmət edən qeyri-kommersiya təşkilatıdır;

2.1.37. peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur;

2.1.38. Peşə Standartlarının Beynəlxalq Təsnifatı (PSBT-08) Beynəlxalq Əmək Təşkilatının (BƏT) əmək və peşələr barədə informasiyanın toplanılması məqsədi ilə istifadə edilən təsnifat strukturudur. Bu struktur Birləşmiş Millətlər Təşkilatının beynəlxalq iqtisadi və sosial təsnifat sisteminin bir hissəsidir. Təsnifatın PSBT-08 adlanan sonuncu versiyası 2008-ci ildə dərc olunmuşdur və PSBT-58, PSBT-68 və PSBT-88 versiyalarından sonra sayca dördüncüdür. BƏT-ə əsasən PSBT-nin məqsədi peşələrin əmək fəaliyyəti çərçivəsində icra edilən tapşırıq və vəzifələrə uyğun olaraq müəyyən edilmiş konkret qruplar şəklində təsnif olunmasıdır. Bu təsnifat statistik və digər məqsədlərlə (o cümlədən, iş axtaranlara uyğun vakant yerlərin tapılması, ölkələr arasında işçilərin qısa və uzunmüddətli miqrasiyasının idarə olunması, eləcə də peşə təlimi proqramları və təlimatlarının hazırlanması) istifadə oluna bilər. PSBT-08-in yeni versiyasının növbəti onillikdə bütün dünyada əmək bazarı ilə bağlı informasiya standartları olaraq qəbul ediləcəyi nəzərdə tutulur;

2.1.39. proqram üzrə təlimin nəticələri hər hansı bir dərəcə proqramı üzrə təhsilini başa vuran təhsilalanın nəyi bilməli, anlamalı və etməli olduğunu təsvir edən 15-20 ifadəlik sistemdir;

2.1.40. sektor əsas iqtisadi funksiyası, fəaliyyət istiqaməti, xidmət və ya fəaliyyət metodikası əsasında peşə fəaliyyətlərinin qruplaşmasıdır;

2.1.41. sertifikat müəyyən istiqamət üzrə təlim nəticələrinin əldə edilməsini təsdiq edən sənəd;

2.1.42. səlahiyyətli qurum (şəxs) öz vəzifələrini icra etmək üçün hüquqi səlahiyyət, imkan və ya gücə malik hər hansı təşkilat və ya insan. Həmin quruma (şəxsə) müəyyən fəaliyyət növünün icra edilməsi məqsədi ilə səlahiyyət verildikdə o, müvafiq məsuliyyət daşıyır;

2.1.43. səviyyələr səviyyələr təhsilalan tərəfindən (inkişaf prosesi çərçivəsində) həyata keçirilən ardıcıl tədbirlər sistemi kimi başa düşülür və konkret proqram çərçivəsində ümumi nəticələr baxımından təsvir olunur;

2.1.44. səviyyə (pillə) üzrə deskriptorlar hər bir səviyyədə nəzərdə tutulan təlimin xarakterik xüsusiyyət və məzmununu təsvir edən və bunun əsasında təlimin nəticələrini və qiymətləndirilmə meyarlarını müəyyən etmək imkanı yaradan ümumi göstəricilərdir;

2.1.45. standart müvafiq razılıq əsasında hazırlanmış və rəsmi qurum tərəfindən təsdiq edilmiş ümumi və təkrar istifadə məqsədi ilə fəaliyyət və ya onun nəticələri ilə bağlı qayda, təlimat, xarakteristikadır. Konkret şəraitdə optimal ardıcıllıq dərəcəsinə nail olmaq məqsədini daşıyan sənəddir;

2.1.46. təhsilalan müxtəlif növ informasiyaların sintezini özündə birləşdirən yeni bilik, davranış, bacarıq, dəyər və ya anlayışları əldə edən şəxsdir;

2.1.47. Təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə (ENİC/NARİC) Avropa Regionu üzrə İnformasiya Mərkəzləri Şəbəkəsi (ARİMŞ)/Təhsil Sənədlərinin Tanınması üzrə İnformasiya Mərkəzləri Şəbəkəsidir (TSİMŞ). Bu Şəbəkəyə xaricdə əldə olunmuş kvalifikasiyalarla bağlı informasiya və məsləhət xidmətləri göstərən, bu kvalifikasiyaların qiymətləndirilməsini həyata keçirən və beynəlxalq təhsil sənədlərinin tanınmasına yardımçı olmaqla milli təhsil sistemləri arasında inteqrasiyanı təmin edən milli mərkəzlər daxildir. Avropa İttifaqında diplomların, diploma əlavələrin, kredit transferi sistemlərinin tanınması haqqında məlumatların verilməsini təmin edir;

2.1.48. təlimin nəticələri təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir;

2.1.49. təlimin nəticələrinin qiymətləndirilməsi müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur.

 

3. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin məqsədləri

 

3.1. AzMKÇ-nin məqsədləri aşağıdakılardır:

3.1.1. kvalifikasiyaların keyfiyyətinin və şəffaflığının artırılması;

3.1.2. kvalifikasiyalar üzrə təhsil standartlarının və təlim nəticələrinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün vahid tələblərin təmin edilməsi;

3.1.3. kvalifikasiyaları müəyyən edərkən, cəmiyyətin və əmək bazarının mövcud ehtiyaclarının nəzərə alınması və bununla da milli iqtisadi fəaliyyətin gücləndirilməsi, təhsil və təlim sahələri ilə əmək bazarı arasında əlaqələrin təşviq edilməsi;

3.1.4. milli kvalifikasiyaların və kvalifikasiya səviyyələrinin AATMKÇ və ÖTAKÇ ilə uyğunlaşdırılması;

3.1.5. ömürboyu təhsilin dəstəklənməsi, qeyri-formal və informal təhsil vasitəsilə əldə edilmiş səriştələrin tanınmasının təmin edilməsi;

3.1.6. Azərbaycan Respublikasında verilən kvalifikasiyaların keyfiyyətinin və beynəlxalq kvalifikasiyalarla müqayisə oluna bilmə aspektinin xaricdə daha geniş tanınması, insan resurslarının rəqabətqabiliyyətliliyinin və mobilliyinin artırılması yolu ilə təhsilalanların və işçilərin milli və beynəlxalq mobilliyinin dəstəklənməsi;

3.1.7. təhsil və təlim sahələrində həyata keçirilən islahatların ardıcıllığının təmin edilməsi.

 

4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin səviyyələri və onları təsdiq edən sənədlər

 

4.1. AzMKÇ-nin səviyyələri əldə olunan təlim nəticələrinin nisbi mürəkkəblik dərəcəsini müəyyənləşdirir. Səviyyə deskriptorları bilik, anlama, müstəqillik/məsuliyyət anlayışlarında əks olunan meyarlarla müəyyən edilir. Səviyyə deskriptorları təlim nəticələrinə əsasən kvalifikasiyaların təsnifatlaşdırılması üçün meyar kimi istifadə edilir.

4.2. AzMKÇ 8 səviyyədən ibarətdir, burada 1-ci ən aşağı, 8-ci ən yuxarı səviyyə hesab olunur. Səviyyə deskriptorları bu Sənədin əlavəsində əks olunmuşdur.

4.3. Kvalifikasiyaların səviyyələri aşağıdakı kimi müəyyənləşdirilir:

1-ci səviyyə ibtidai təhsil haqqında sənəd; ibtidai təhsildən aşağı olmayan ümumi təhsil almaqla iş yerində təcrübə, qısamüddətli təlim və yaxud kurslar barədə sertifikat;

2-ci səviyyə ümumi orta təhsil haqqında attestat; ümumi orta təhsil almaqla, təcrübə və (və ya) peşə hazırlığı (təhsil müəssisəsi bazasında qısamüddətli kurslar) barədə sertifikat;

3-cü səviyyə peşə təhsili haqqında diplom/sertifikat (yalnız peşə təhsilini verən kvalifikasiyalar); ümumi orta təhsil almaqla, təcrübə və (və ya) peşə hazırlığı (1 ilə qədər peşə hazırlığı proqramları əsasında tədris müəssisəsi bazasında kurslar) nəticəsi haqqında sertifikat;[5]

4-cü səviyyə tam orta təhsil haqqında attestat; peşə təhsili haqqında diplom/sertifikat (tam orta təhsili və peşə təhsilini verən kvalifikasiyalar); tam orta təhsil bazasında peşə haqqında diplom (sertifikat); təcrübə və ya peşə hazırlığı (1 ilə qədər peşə hazırlığı proqramları əsasında təhsil müəssisəsi bazasında kurslar və əlavə peşə təhsili kursları) haqqında sertifikat;

5-ci səviyyə orta ixtisas (subbakalavr) təhsili haqqında diplom (tam orta təhsil və ya peşə təhsili bazasında); təcrübə;

6-cı səviyyə bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə;[6]

7-ci səviyyə magistr diplomu; rezidentura təhsili diplomu; əlavə təhsil; təcrübə;

8-ci səviyyə müvafiq olaraq fəlsəfə doktoru və elmlər doktoru diplomları; əlavə təhsil; təcrübə.

4.4. Əlavə təhsil üzrə kvalifikasiyalar 3-8-ci səviyyələri əhatə edir. Əlavə təhsil peşə, orta ixtisas təhsili (subbakalavr) və ali təhsil pillələrində qazanılmış kompetensiyaların (səriştələrin) yeniləşdirilməsini, təkmilləşdirilməsini və şaxələndirilməsini təmin edir. Əlavə təhsili təsdiq edən sənədlərdə AzMKÇ-nin səviyyəsi və qazanılan kompetensiyalar (səriştələr) göstərilir.[7]

4.5. 3-7-ci səviyyələrdə əks olunan kvalifikasiyalar əmək bazarında konkret peşə və ixtisaslar ilə bağlıdır və bu kvalifikasiyalar peşə standartlarına əsaslanır. Bura peşə təhsili, orta ixtisas (subbakalavr) təhsili, bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura təhsili və rezidentura üzrə kvalifikasiyalar, həmçinin əlavə təhsil üzrə müvafiq kvalifikasiyalar daxildir.

4.6. AzMKÇ-də səviyyə deskriptorlarının AKÇ-nin müvafiq səviyyə deskriptorlarına uyğunluğu nəzərə alınmışdır.

4.7. Orta ixtisas (subbakalavr) təhsili kvalifikasiyaları üzrə ümumi deskriptorlar AATMKÇ-nin qısamüddətli ali təhsil səviyyəsi üzrə deskriptorlarına, bakalavr və əsas (baza ali) tibb təhsili kvalifikasiyaları üzrə ümumi deskriptorlar AATMKÇ-nin 1-ci səviyyə üzrə deskriptorlarına, magistr və rezidentura təhsili (həkim-mütəxəssis) kvalifikasiyaları üzrə ümumi deskriptorlar AATMKÇ-nin 2-ci səviyyə üzrə deskriptorlarına, doktorantura kvalifikasiyaları üzrə ümumi deskriptorlar isə AATMKÇ-nin 3-cü səviyyə üzrə deskriptorlarına uyğundur.

 

5. Qurumların öhdəlikləri

 

5.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi aşağıdakıları həyata keçirir:

5.1.1. təhsil standartlarının, nümunəvi kurikulumların, qiymətləndirmə və akkreditasiya standartlarının hazırlanmasını;

5.1.2. kvalifikasiyaların keyfiyyətinin təmin olunmasını;

5.1.3. Milli kvalifikasiyalar reyestrinin hazırlanması və yeniləşdirilməsini.

5.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları həyata keçirir:

5.2.1. əmək bazarının monitorinqi və təhlilini;

5.2.2. Milli Məşğulluq Təsnifatının təkmilləşdirilməsinə dair təkliflərin verilməsini;

5.2.3. peşə və kvalifikasiya standartlarının hazırlanmasının və tətbiqinin əlaqələndirilməsini.

5.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş kompetensiyaların (səriştələrin) tanınmasını təmin edir.

5.4. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri üzrə dissertasiyaların və sənədlərin, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatəti əsasında dosent və professor elmi adları almaq üçün təqdim edilmiş sənədlərin, eləcə də xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin ekspertizasını həyata keçirir və ekspertiza nəticələrinin təsdiqlənməsi əsasında fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi həmin elmi dərəcələri təsdiq edən diplom, elmi adların iddiaçılarına isə müvafiq olaraq vahid formalı dövlət sənədi həmin elmi adları təsdiq edən attestat, habelə xarici ölkədə verilmiş elmi ad və elmi dərəcə haqqında sənədin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) barədə şəhadətnamə və təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə verir. [8]

5.5. Tabeliyində təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanları təhsil və peşə standartlarına dair təkliflər verir, kvalifikasiyaların keyfiyyətinin təmin olunmasında iştirak edirlər.

 

6. Təhsilin keyfiyyətinin təmin olunması

 

6.1. AzMKÇ kvalifikasiyalar üçün keyfiyyət çərçivəsidir.

6.2. Təhsilin hər bir pilləsi (ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil) və əlavə təhsilin istiqamətləri üzrə təhsilin keyfiyyətinin təmin olunmasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.

6.3. AzMKÇ-də keyfiyyətin təmin olunması aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:

6.3.1. AzMKÇ-nin müntəzəm olaraq təhlil edilməsi;

6.3.2. təhsil və təlim müəssisələrində, təhsil fəaliyyəti ilə məşğul olan elmi müəssisələrdə keyfiyyətin daxili təminatı sisteminin yaradılması, keyfiyyətin qiymətləndirilməsi meyarlarının mövcud olması;

6.3.3. kvalifikasiyaların müvafiq dövlət təhsil standartlarına əsaslanması;

6.3.4. kvalifikasiyaların akkreditasiyadan keçmiş (dövlət tərəfindən tanınan) təhsil müəssisələri və təhsil fəaliyyəti ilə məşğul olan elmi müəssisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilməsi;

6.3.5. keyfiyyətin xarici qiymətləndirilməsinin müvafiq olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilməsi;

6.3.6. kvalifikasiyaların əmək bazarının təhlili və proqnozlaşdırılması, peşə və ixtisaslara, eyni zamanda səriştələrə olan ehtiyac əsasında müəyyənləşdirilməsi;

6.3.7. təhsil proqramlarının (kurikulumların) hazırlanması, qiymətləndirilməsi və təsdiq olunması proseslərinin təlim (öyrənmə) nəticələrinə əsaslanması;

6.3.8. təlim nəticələrinin kvalifikasiya verən müəssisələr tərəfindən qiymətləndirilməsi və təsdiqlənməsi;

6.3.9. ümumi təhsil proqramı üzrə təlim nəticələrinin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirilməsi;

6.3.10. kvalifikasiyaların AzMKÇ-nin müvafiq səviyyəsinə uyğunlaşdırılması və kvalifikasiyaları təsdiq edən sənədlərin əlavələrində təlim nəticələrinin göstərilməsi;

6.3.11. ali təhsil üzrə kvalifikasiyaların Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təmin Olunması üzrə Standart və Tövsiyələrə (AST) uyğun olaraq verilməsi;

6.3.12. peşə təhsili üzrə kvalifikasiyaların Peşə Təhsili və Təlimi üzrə Avropa Keyfiyyətin Təmin olunması Çərçivəsinə (PTTAKTÇ), Peşə Standartlarının Beynəlxalq Təsnifatına uyğun olaraq verilməsi.

6.4. MKR-ə AzMKÇ ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:

6.4.1. dövlət tərəfindən tanınan kvalifikasiya verən təhsil və təlim müəssisələri, təhsil fəaliyyəti ilə məşğul olan elmi müəssisələr və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası;

6.4.2. akkreditasiyadan keçmiş təhsil proqramları;

6.4.3. verilən kvalifikasiyalar.

 

 


 

 

Azərbaycan Respublikasının ömürboyu

təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinə

 

əlavə

 

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində səviyyə deskriptorları (təsviri)

 

AzMKÇ üzrə səviyyə

Bilik və anlama

Bacarıqlar

Müstəqillik və məsuliyyət

1

2

3

4

1-ci səviyyə

Azərbaycan Respublikasının dövlət dili, xalqımızın milli, mənəvi və dini dəyərləri, adət və ənənələri, tarixi, mədəniyyəti və incəsənəti barədə ilkin biliklərə malikdir;

 

 

ünsiyyət yaratmaq üsulları, özünüifadə formaları və qrup daxili əlaqələr haqqında ümumi təsəvvürə malikdir

 

bir xarici dildə sadə ünsiyyət bacarıqlarını nümayiş etdirir;

 

 

 

 

təcrübədə elementar riyazi biliklərdən istifadə edir, sadə hesablamalar aparır və kompüterdən istifadə edir;

 

 

müəyyən edilmiş metod və təlimatlara riayət etməklə sadə standart tapşırıqları yerinə yetirir;

 

sadə əmək bacarıqlarını nümayiş etdirir

sadə praktiki bacarıqlardan istifadə edərək, nəzarət altında və məhdud şəraitdə fəaliyyət göstərir və təhsil alır;

 

 

verilmiş elementar tapşırıqların icra edilməsində məsuliyyətlə yanaşır;

 

 

insanlara, təbiətə və əməyə, həmçinin şəxsi və ictimai mülkiyyətə ədalətlə, diqqətlə və tolerant şəkildə yanaşır, reallığı olduğu kimi qavramağı öyrənir;

özünün və digər insanların hüquqlarına hörmət edir;

öz sağlamlığının qorunması və möhkəmləndirilməsi məsuliyyətini dərk edir, bu istiqamətdə fəaliyyət göstərir

2-ci səviyyə

Cəmiyyət və ətraf mühit ilə bağlı sadə biliklərə malikdir;

 

 

 

 

əmək bazarı ilə bağlı əsas anlayış və prinsipləri başa düşür;

 

 

 

 

 

 

 

 

 

müvafiq şərait və şəxsləri nəzərə alaraq, şifahi və yazılı ünsiyyət yaratmaq üsullarını bilir

müəyyən edilmiş metod və təlimatlara riayət etməklə, tapşırıqları yerinə yetirir, müvafiq üsul və metodları seçir və onlardan istifadə edir;

 

fəaliyyəti və ya təhsil prosesi çərçivəsində cari problemləri həll etmək məqsədi ilə verilmiş informativ materiallardan istifadə edə bilir;

təhsilini davam etdirməyin mümkün yollarını öyrənib tapa bilir, bunun üçün lazım gəldiyi təqdirdə tövsiyələrdən istifadə edir;

 

ən azı bir xarici dildə yazılı və şifahi ünsiyyət yaratmağı bacarır, xarici dildə yazılan və bacarıq səviyyəsinə uyğun olan mətnləri oxuyub anlayır;

 

gündəlik həyatda və ya gündəlik fəaliyyəti zamanı müxtəlif sahələrdə yaranan problemləri riyazi metodlardan (tənliklər, modellər, sxemlər, diaqramlar) istifadə etməklə həll edə bilir

öyrənmə prosesində müəllim nəzarəti ilə müəyyən olunmuş tövsiyələrdən istifadə edir;

 

 

ona verilmiş vəzifələrin icrasına məsuliyyətlə yanaşır;

 

 

 

 

 

 

 

 

 

müxtəlif sosial şəraitlərə uyğunlaşa və bu şəraitlərdə fəaliyyət göstərə bilir;

 

 

işinin nəticələrini qiymətləndirə bilir;

 

 

müasir texnologiyalardan istifadə olunan şəraitdə fəaliyyət göstərə bilir, onlardan məqsədyönlü və mümkün qədər minimal risklə istifadə edə bilir

3-cü səviyyə

Sahəsi və peşəsi ilə bağlı qaydalarla, texnologiyalarla, proseslərlə, üsullarla, materiallarla, metod və metodikalarla, həmçinin onlardan istifadə üsulları ilə tanışdır;

 

iş şəraiti ilə bağlı sadə fakt və qaydaları başa düşür;

 

əsas fəaliyyət metodlarından xəbərdardır

 

sadə praktiki tapşırıqları yerinə yetirir;

 

ümumi informasiya mənbələrindən istifadə edərək, sahəsi ilə bağlı problemləri həll edə bilir;

 

müvafiq üsul və praktiki metodları, texnoloji prosesləri seçir və onlardan istifadə edir;

 

müvafiq plana uyğun olaraq, işi səmərəli şəkildə icra edir;

 

müxtəlif şəraitlərdə həm şifahi, həm də yazılı formada özünü ifadə edə və fikirlərini əsaslandıra bilir;

 

qrup işində səmərəli şəkildə iştirak edir

konkret şəraitdə müstəqil şəkildə fəaliyyət göstərir və təhsil alır;

müxtəlif xidməti tapşırıqları müstəqil şəkildə icra edə bilir və fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürür;

 

öz fəaliyyətini təşkil edir və müvafiq şəraitə uyğunlaşdırır;

 

 

müstəqil şəkildə öyrənir və biliklərini zənginləşdirir

 

4-cü səviyyə

Peşəsi ilə bağlı nəzəri bilik və məlumata malikdir; mənimsənilmiş biliklərin yeni şəraitdə necə istifadə ediləcəyini dərk edir

biliyin səviyyəsini təhlil etmək və qiymətləndirmək iqtidarındadır və yeni şəraitdə ondan

istifadə edə bilir;

 

istifadə olunan informasiyanın etibarlılığını və doğruluğunu qiymətləndirmək qabiliyyətinə malikdir;

 

müəyyən olunmuş vaxt çərçivəsində əsas praktiki tapşırıqları yerinə yetirir;

 

iş şəraitində müvafiq dəyişiklikləri təklif edir, hazırlayır və şəraitə uyğunlaşdırır;

 

müvafiq planlara uyğun olaraq işi səmərəli şəkildə təşkil edir;

 

ümumi və yeni praktiki tapşırıqları yerinə yetirmək üçün üsul və metodları seçir və onlardan istifadə edir;

 

müstəqil istifadəçi səviyyəsində ən azı bir xarici dildə danışa bilir;

 

gündəlik və əmək fəaliyyətində müxtəlif sahələrdə riyazi bilik və metodlardan istifadə edir;

 

müxtəlif qrupların işində iştirak edir və zəruri hallarda bu işə nəzarət edə bilir

gözlənilən, lakin müəyyən yeni vəziyyətlərin də ortaya çıxa biləcəyini istisna etməyən mürəkkəb və müxtəlif praktiki tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir;

 

şəxsi seçimləri və üzərinə götürdüyü öhdəlikləri ilə bağlı məsuliyyət daşıyır,

 

özünün və digər insanların hüquqlarına hörmətlə yanaşır, müstəqil şəxsiyyət kimi fəaliyyət göstərir;

 

müasir texnologiyalardan məqsədyönlü və məsuliyyətli şəkildə istifadə edir, texnologiyanın gündəlik həyata təsirini dəyərləndirir;

 

digərlərinin işinə nəzarət edir və onların inkişafı ilə bağlı müəyyən məsuliyyəti öz üzərinə götürür;

müstəqil şəkildə öyrənmə qabiliyyətinə malikdir;

 

yaşadığı cəmiyyətdə öz rolunu dərk edir, fiziki hazırlığını artırmaq üçün fəaliyyət göstərir

5-ci səviyyə

Təhsil və ya fəaliyyət sahəsi ilə bağlı əsas anlayışlar, nəzəri prinsip və metodlar haqqında ümumi təsəvvürə malikdir

təhsil və ya fəaliyyət sahəsi ilə bağlı informasiya və yanaşmaları təhlil edir;

 

fəaliyyət çərçivəsində çətin problemlərin yaradıcı şəkildə həlli üçün biliklərdən istifadə edir;

 

müxtəlif tapşırıqları icra edir, müvafiq dəyişiklikləri planlaşdırır və tətbiqini təşkil edir;

 

yeni həll metodlarının əldə edilməsi məqsədi ilə texnologiya, metod və üsulları seçir və şəxsi davranışını şəraitə uyğunlaşdırır;

 

kollektivin işində səmərəli şəkildə iştirak edir və qrup fəaliyyətini istiqamətləndirir

gözlənilməz şəraitlərdə müstəqil fəaliyyət göstərir;

 

kiçik kollektivin fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə, kollektiv üzvlərinin inkişafına dəstək verməyə qadirdir

 

6-cı səviyyə

Təhsil və ya fəaliyyət sahəsi ilə bağlı əsas anlayışlar, qaydalar, nəzəri prinsip və tədqiqat metodları haqqında sistemli təsəvvürə malikdir

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, nəzəriyyə, qayda və metodları təhlil edir;

bir-biri ilə əlaqəli olan sahələrdə çətin tapşırıqların yaradıcı şəkildə

həlli üçün biliklərdən istifadə edir;

yeni yanaşma tətbiq etməklə, mürəkkəb tapşırıqları yerinə yetirir;

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı yeni problemləri aşkar edir və onların müxtəlif həll yollarını təhlil edə və qiymətləndirə bilir;

konkret çərçivədə fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələlərin həlli üçün müvafiq informasiya, texnologiya və metodları seçə və onlardan istifadə edə bilir, həmçinin verilən informasiya əsasında gözlənilən nəticələri müəyyənləşdirir və qiymətləndirir;

 

layihələrin təklif olunması və həyata keçirilməsi zamanı təşəbbüskarlıq, məsuliyyət, liderlik və komandada işləmək bacarıqlarını nümayiş etdirir;

 

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah edir, həmçinin peşəkar müzakirələrdə iştirak edə bilir

mürəkkəb və gözlənilməyən şəraitlərdə müstəqil şəkildə fəaliyyət göstərir;

 

sosial və etik aspektləri nəzərə alaraq, peşəkar fəaliyyətlərinin ictimai

 

həyatda rolunu və nəticələrini qiymətləndirir;

qazanılmış bilik və bacarıqları təcrübədə peşəkarlıqla tətbiq edə bilir və peşəkarlığının artırılmasını müstəqil şəkildə həyata keçirir;

kollektiv üzvlərinin əmək fəaliyyətini və təhsilini istiqamətləndirir

 

7-ci səviyyə

Təhsil və ya fəaliyyət sahəsi ilə bağlı əsas anlayışlar, nəzəri prinsip və tədqiqat metodları haqqında sistemli ümumi təsəvvürə və geniş biliyə malikdir;

 

konkret (ixtisaslaşmış) təhsil və ya fəaliyyət sahəsində dərin biliklərə malikdir.

peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll edir;

 

 

 

müvafiq fəaliyyət və metodları təklif edir, planlaşdırır, onların cari və perspektiv nəticələrini təhlil edir;

 

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri yaradıcı şəkildə müəyyənləşdirir və ortaya qoya bilir, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilir;

 

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq texnologiya və metodları seçə və onlardan istifadə edə bilir, həmçinin gözlənilən nəticələri müəyyənləşdirə və qiymətləndirə bilir;

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı öz hərəkətlərini tənqidi şəkildə qiymətləndirə bilir;

 

fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim edə, əsaslandıra, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak edə bilir

innovativ yanaşma tələb edən mürəkkəb və gözlənilməz şəraitlərdə müstəqil şəkildə fəaliyyət göstərir;

 

təşkilat və ya qrupların strateji fəaliyyəti ilə bağlı məsuliyyət daşıyır;

tədris, təlim və ya digər üsullarla öz biliklərini başqalarına ötürə bilir;

 

mürəkkəb şəraitlərdə etik davranış qaydalarına uyğun şəkildə fəaliyyət göstərə bilir, şəxsi davranışlarının etik aspekt və imkanlarını, məhdudiyyətlərini və sosial rolunu anlayır;

 

davamlı öyrənmə və peşəkar inkişafla bağlı şəxsi və digərlərinin ehtiyaclarını qiymətləndirir, həmçinin müstəqil təhsil üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilir

8-ci səviyyə

Peşə sahəsi ilə bağlı mövcud bilik və elmi metodların mənası və əhatə dairəsini anlayır, onların müvafiq qaydada genişləndirilməsi, yenidən qiymətləndirilməsi və formalaşdırılması ehtiyacını dərk edir;

 

ixtisaslaşmış peşəkar fəaliyyətlər çərçivəsində dərin və müasir biliklərə, sistemli təsəvvürə malikdir;

mövcud elmi metodologiyanı dərindən mənimsəyir və tədqiqatlarında istifadə yollarını dərk edir;

fundamental və tətbiqi xarakterli elmi biliklərin yaradılmasına və sintez edilməsinə öz töhfəsini verə bilir

 

müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həllini təklif edə bilir;

 

böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhini verə bilir;

yeni biliklər formalaşdırmaqla, peşəkar sahədə aktual problemləri həll edir;

elmi və akademik biliklərin inkişafına öz töhfəsini verir;

yeni biliklərin və metodiki həll üsullarının əldə olunması ilə nəticələnən tədqiqat və inkişaf layihələrini müstəqil hazırlaya, həyata keçirə və tənqidi şəkildə qiymətləndirə bilir;

elm və bilik sahəsini genişləndirən və ya mühüm dəyişikliklərə səbəb olan strateji tədqiqatları və inkişafla bağlı tədbirləri təklif edir, planlaşdırır və həyata keçirir;

peşəkar müzakirələrdə şifahi və yazılı şəkildə iştirak edə, eləcə də beynəlxalq akademik

nəşrlərdə orijinal tədqiqat nəticələrini dərc etdirə və ya beynəlxalq ictimaiyyət qarşısında təqdim edə bilir;

mürəkkəb elmi layihələrin ölkə daxilində, habelə beynəlxalq səviyyədə həyata keçirilməsində müstəqil fəaliyyət göstərə bilir;

apardığı elmi tədqiqatlar və araşdırmalar nəticəsində mühüm sosial-mədəni və ya iqtisadi əhəmiyyət kəsb edən yeni və böyük elmi problemin həllini təmin edə bilir;

müvafiq elm sahəsinin perspektiv inkişafı üçün böyük nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar işləyib hazırlayır;

 

elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, elmi cəhətdən əsaslandırılmış iqtisadi, texniki və texnoloji işləmələri həll edir;

liderlik, komandada iş, innovativ düşüncə və strateji qərar qəbul etmək bacarıqlarının olmasını tələb edən elm və təhsil mühitində fəaliyyət göstərə bilir;

 

informasiya axınlarının məzmununu idarə etməyi bacarır;

 

məşğul olduğu elm sahəsində yeni elmi istiqamət yarada bilir

fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini almaq üçün dissertasiya işini hazırlayır və müdafiə edir;

 

mükəmməl bilik və bacarıqlar, həmçinin yeni strateji yanaşma tələb edən mürəkkəb və qeyri-müəyyən şəraitlərdə müstəqil şəkildə fəaliyyət göstərir;

peşə sahəsinin planlaşdırılmasına və inkişafına görə məsuliyyət daşıyır;

peşə sahəsində innovativ və mürəkkəb ideyaları müstəqil qiymətləndirir;

elmdə etik qiymətləndirməyə, insanların elmi nailiyyətlərdən istifadəsi ilə bağlı imkan və məhdudiyyətlərə həssaslıqla yanaşır;

yeni kompetensiyaların (səriştələrin) qazanılması ilə bağlı şəxsi ehtiyaclarını müəyyən etmək qabiliyyətinə malikdir;

təhsil və təlim kontekstində, həmçinin daha geniş sosial səviyyədə digərlərinin təhsilinə dəstək verir;

elmi tədqiqatların planlaşdırılması və aparılması sahəsində strategiyanı müstəqil müəyyənləşdirə bilir;

mürəkkəb sosial, istehsalat və elmi proseslərin idarə edilməsində iştirak edir;

təşkilatın və ya böyük kollektivin strateji fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə qadirdir;

sahə, ölkə, habelə beynəlxalq səviyyədə nəşr olunan elmi nəticəyə görə məsuliyyət daşıyır

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 noyabr 2018-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 14 noyabr 2018-ci il, 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 11, maddə 2433)

2.       19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2741)

3.       14 yanvar 2020-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 yanvar 2020-ci il, 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 1, maddə 67)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2741) ilə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 1.3.4-cü yarımbəndindən və 4.7-ci bəndindən (subbakalavr) sözü çıxarılmışdır.

 

[2] 14 yanvar 2020-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 yanvar 2020-ci il, 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 1, maddə 67) ilə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 1.3.7-ci yarımbəndin ikinci cümləsində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə sözləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2741) ilə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 1.4.2-ci yarımbəndində və 6.2-ci bəndində ilk peşə-ixtisas sözləri peşə sözü ilə əvəz edilmişdir.

 

[4] 19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2741) ilə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 1.4.3-cü yarımbəndindən (subbakalavr təhsili) sözləri çıxarılmışdır.

 

[5] 19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2741) ilə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 4.3-cü bəndin dördüncü abzasında və beşinci abzasında hər iki halda ilk peşə-ixtisas sözləri peşə sözü ilə əvəz edilmişdir və altıncı abzasından (subbakalavr) sözü çıxarılmışdır və həmin abzasda ilk peşə-ixtisas sözləri peşə sözü ilə əvəz edilmişdir.

 

[6] 8 noyabr 2018-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 14 noyabr 2018-ci il, 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 11, maddə 2433) ilə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 4.3-cü bəndinin yeddinci abzasında, 4.5-ci bəndinin ikinci cümləsində və 4.7-ci bəndində baza ali sözləri əsas (baza ali) sözləri ilə əvəz edilmişdir.

 

[7] 19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2741) ilə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 4.4-cü və 4.5-ci bəndlərinin ikinci cümlələrində ilk peşə-ixtisas sözləri peşə sözü ilə əvəz edilmişdir və həmin cümlələrdən (subbakalavr) sözü çıxarılmışdır.

 

[8] 14 yanvar 2020-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 yanvar 2020-ci il, 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 1, maddə 67) ilə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 5.4-cü bəndində elmi müəssisənin və ali təhsil müəssisəsinin sözləri elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının sözləri ilə, diplom sözü həmin elmi dərəcələri təsdiq edən diplom sözləri ilə və attestat sözü həmin elmi adları təsdiq edən attestat, habelə xarici ölkədə verilmiş elmi ad və elmi dərəcə haqqında sənədin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) barədə şəhadətnamə və təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə sözləri ilə əvəz edilmişdir.