Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228,1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 may tarixli 214 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1. 12-1-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 221.5-ci maddəsinə uyğun olaraq, sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edildiyi halda, bu hesablamanı təsdiq edən məlumat Ədliyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş formada və qaydada Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə notariusun verdiyi sorğu əsasında əldə edilir.”.

2. 17-ci hissəyə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:

“Notariat hərəkətlərinin aparılması üçün əsas olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair sənədlər barədə məlumat “Vətəndaşlıq Vəziyyəti Aktları” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə əldə edildiyi halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsdən tələb edilmir.”.

3. 41-ci hissənin birinci abzasına aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə barədə məlumat “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə edildiyi halda (etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldüyü hal istisna olmaqla), həmin etibarnamənin nümayəndə tərəfindən təqdim edilməsi tələb olunmur.”.

4. 48-ci hissənin birinci cümləsinə “arayışı” sözündən sonra “, habelə “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi”nə daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar)” sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini  Əli Əhmədov

 

Bakı şəhəri, 14 iyun 2018-ci il

   № 268