Avropa Şurasının Nizamnaməsinə Azərbaycan Respublikasının qoşulması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası 1949-cu il mayın 5-də London şəhərində imzalanmış Avropa Şurasının Nizamnaməsinə qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 10 yanvar 2001-ci il
¹ 54-IIQ

 

 

Avropa Şurası                                                                                                                            Avropa müqaviləsi ¹ 1

 

 Avropa Şurasının

Nİzamnaməsİ

London, 5.V.1949

 

 Belçika Krallığının, Danimarka Krallığının, Fransa Respublikasının, İrlandiya Respublikasının, İtaliya Respublikasının, Lüksemburq  Böyük Hersoqluğunun, Niderlandiya Krallığının, Norveç Krallığının, İsveç Krallığının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş  Krallığının hökumətləri,

 Ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati  əhəmiyyət daşıdığına inanaraq;

 Xalqlarının ümumi sərvəti və hər hansı həqiqi demokratiyanın əsaslarını təşkil edən şəxsiyyət azadlığı, siyasi azadlıq və qanunun aliliyi  prinsiplərinin əsl mənbəyi olan mənəvi və əxlaqi dəyərlərə öz bağlılıqlarını yenidən təsdiq edərək;

 İqtisadi və sosial tərəqqinin maraqları baxımından həmin idealların qorunması və bundan sonra da həyata keçirilməsi üçün bu fikirlərə şərik  bütün Avropa ölkələrinin daha sıx birliyinə ehtiyac duyulduğuna əmin olaraq,

 Bununla əlaqədar, öz xalqlarının ehtiyaclarına və aydın ifadə olunmuş istəklərinə cavab vermək üçün Avropa Dövlətlərinin daha sıx  ittifaqda yaxınlaşdıra biləcək təşkilatın təxirə salınmadan yaradılmasının vacibliyini nəzərə alaraq;

 Nəticədə, hökumətlərin nümayəndələri komitəsindən və Məşvərət Məclisindən ibarət olan Avropa Şurasının təsis edilməsini qərara almış və  bu məqsədlə aşağıdakı Nizamnaməni qəbul etmişlər:

I fəsil

 Avropa Şurasının məqsədİ

Maddə 1

 a. Avropa Şurasının məqsədi öz Üzvləri arasında onların ümumi mirası olan, iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan ideal və  prinsiplərin qorunması və həyata keçirilməsi məqsədilə daha çox birliyə nail olunmasıdır.

 b. Bu məqsədə Şuranın orqanları vasitəsilə ümumi marağı əks etdirən problemlərin müzakirəsində, iqtisadi, sosial, mədəni, elmi, hüquqi və  inzibati məsələlərdə, insan hüquqları və əsas azadlıqlarının qorunması və gələcəkdə də həyata keçirilməsində razılaşmalar və ümumi fəaliyyət  əsasında nail oluna bilər.

 c. Avropa Şurasında iştirak üzv-dövlətlərin Birləşmiş Millətlər Təşkilatında və daxil olduqları digər beynəlxalq təşkilat və birliklərdə  iştirakına mənfi təsir göstərməyəcəkdir.

 d. Milli müdafiə ilə əlaqədar məsələlər Avropa Şurasının səlahiyyətinə daxil deyildir.

II fəsil

 Üzvlük

Maddə 2

 Avropa Şurasının üzvləri bu Nizamnamənin İştirakçılarıdır.

Maddə 3

 Avropa Şurasının hər bir üzvü qanunun aliliyi və onun yurisdiksiyası çərçivəsində insan hüquqları və əsas azadlıqlarından bütün şəxslərin  bəhrələnməsi prinsiplərini qəbul etməli və 1 fəsildə müəyyənləşdirildiyi kimi, Şuranın məqsədinin səmimi və səmərəli şəkildə həyata  keçirilməsi sahəsində əməkdaşlıq etməlidir.

Maddə 4

 Maddə 3-ün müddəalarını yerinə yetirməyə can atan və buna qadir hesab edilən hər hansı Avropa Dövləti Nazirlər Komitəsi tərəfindən  Avropa Şurasının üzvü olmaq üçün dəvət edilə bilər. Bu şəkildə dəvət olunmuş hər hansı Dövlət mövcud Nizamnaməyə qoşulma haqqında  sənədi öz adından Baş Katibə təqdim etdiyi andan üzv olacaqdır.

Maddə 5

 a. Xüsusi hallarda, maddə 3-ün müddəalarını yerinə yetirməyə can atan və buna qadir hesab edilən Avropa Dövləti Nazirlər Komitəsi  tərəfindən Avropa Şurasının assosiativ üzvü olmağa dəvət edilə bilər. Bu şəkildə dəvət olunmuş hər hansı Dövlət mövcud Nizamnaməni  qəbul etməsi haqqında sənədi öz adından Baş Katibə təqdim etdiyi andan assosiativ üzv olacaqdır. Assosiativ üzv yalnız Məşvərət  Məclisində təmsil olunmaq hüququna malikdir.

 b. «Üzv» ifadəsi bu Nizamnamədə, Nazirlər Komitəsində təmsilçiliklə əlaqədar istifadəsi istisna olmaqla, assosiativ üzvü ehtiva edir.

Maddə 6

 Yuxarıdakı 4-cü və 5-ci maddələrdə nəzərdə tutulan dəvətlər göndərilənə qədər, Nazirlər Komitəsi, təklif olunacaq üzvün iştirak etmək  hüququ qazanacağı Məşvərət Məclisində nümayəndələrinin sayını və onun maliyyə öhdəliyinin miqdarını müəyyən edəcəkdir.

Maddə 7

 Avropa Şurasının hər bir Üzvü, özünün üzvlükdən çıxmaq barədə niyyətini formal olaraq Baş Katibə bildirdikdən sonra üzvlükdən çıxa  bilər. Əgər bildiriş maliyyə ilinin birinci doqquz ayı ərzində edilibsə, üzvlükdən çıxma bu barədə bildirişin edildiyi maliyyə ilinin sonunda baş  verir. Əgər bildiriş maliyyə ilinin son üç ayı ərzində edilibsə, üzvlükdən çıxma növbəti maliyyə ilinin sonunda həyata keçirilir.

Maddə 8

 Maddə 3-ün müddəalarını ciddi şəkildə pozan hər bir Avropa Şurası Üzvünün təmsilçilik hüququ dayandırıla bilər və Nazirlər Komitəsi  tərəfindən maddə 7-də nəzərdə tutulmuş şərtlərlə Şuranın tərkibindən çıxmaq tələb oluna bilər. Əgər belə üzv bu tələblərə əməl etməzsə,  Komitə tərəfindən müəyyən oluna bilən tarixdən etibarən onun Şuradakı üzvlüyü Komitənin qərarı ilə dayandırılır.

Maddə 9

 Nazirlər Komitəsi, öhdəlik yerinə yetirilməmiş qaldığı müddət ərzində öz maliyyə öhdəliyini yerinə yetirmək imkanında olmayan üzvün  Komitədə və Məşvərət Məclisində təmsilçilik hüququnu dayandıra bilər.

III fəsil

 Ümümİ müddəalar

Maddə 10

 Avropa Şurasının orqanları bunlardır:

 I. Nazirlər Komitəsi;

 II. Məşvərət Məclisi1

 Bu orqanların hər ikisinin fəaliyyətini Avropa Şurasının Katibliyi təmin edəcəkdir.

Maddə 11

 Avropa Şurasının yerləşmə yeri Strasburq şəhəridir.

Maddə 12

 Avropa Şurasının rəsmi dilləri ingilis və fransız dilləridir. Nazirlər Komitəsinin və Məşvərət Məclisinin prosedur qaydaları başqa dillərin  istifadə edilməsinə yol verilən halları və şəraiti müəyyən edir.

IV fəsil

 Nazİrlər Komİtəsİ

Maddə 13

 Nazirlər Komitəsi Avropa Şurası adından 15 və 16-cı maddələrə uyğun olaraq fəaliyyət göstərən orqandır.

Maddə 14

 Hər bir üzv Nazirlər Komitəsində bir nümayəndə ilə təmsil olunacaqdır və hər bir nümayəndə bir səsə malik olacaqdır. Komitədə  nümayəndələr xarici işlər nazirləri olacaqdır. Xarici işlər nazirinin iştirak etmək imkanı olmadıqda və ya məqsədəuyğun hesab olunan hər  hansı digər hallarda, Komitənin işində iştirak üçün Nazirin yerinə onu əvəz edəcək və imkan daxilində öz ölkəsinin hökumət statusuna  malik başqa bir şəxs təyin oluna bilər.

Maddə 15

 a. Nazirlər Komitəsi, Məşvərətçi Məclisin tövsiyəsi əsasında və ya öz təşəbbüsü ilə, konvensiya və sazişlərin yekunları və xüsusi məsələlərə  münasibətdə hökumətlər tərəfindən ümumi siyasətin qəbul edilməsi də daxil olmaqla, Avropa Şurasının məqsədinin həyata keçirilməsi üçün  tələb olunan fəaliyyəti nəzərdən keçirəcəkdir. Onun nəticələri Baş Katib tərəfindən üzvlərə bildiriləcəkdir.

 b. Nazirlər Komitəsinin qərarları lazımi hallarda üzvlərin Hökumətlərinə tövsiyə formasında çıxarıla bilər, eləcə də Nazirlər Komitəsi həmin  tövsiyələrin yerinə yetirilməsi barəsində Hökumətlərə sorğu ilə müraciət edə bilər.

Maddə 16

 Məşvərət Məclisinin maddə 24, 28, 30, 32, 33 və 35-də göstərilmiş səlahiyyətlərini nəzərə almaqla, Nazirlər Komitəsi Avropa Şurasının daxili  təşkilatlanma və iş qaydası ilə əlaqədar bütün məsələlərə dair məcburi xarakterli qərarlar qəbul edir. Bu məqsədlə Nazirlər Komitəsi zəruri  maliyyə və inzibati qaydalar qəbul edir.

Maddə 17

 Nazirlər Komitəsi, məqsədəuyğun hesab etdiyi təqdirdə, konkret məqsədlərə nail olmaq üçün məsləhətçi və texniki xarakterli komitə və  komissiyalar təsis edə bilər.

Maddə 18

 Nazirlər Komitəsi tərkibində xüsusilə aşağıdakıların müəyyən edildiyi öz Prosedur qaydalarını qəbul edir:

 I. Kvorum;

 II. Sədrin təyin edilmə qaydası və onun səlahiyyət müddəti;

 III. Qətnamələrə dair təkliflərlə əlaqədar qeydlərin verilməsi də daxil olmaqla, bəndlərin gündəliyə daxil edilmə qaydası; və

 IV. Maddə 14-ə uyğun olaraq, müavinlərin təyin edilməsi barədə bildirişin verilmə qaydası.

Maddə 19

 Məşvərət Məclisinin iclasları keçirilən zaman, Nazirlər Komitəsi öz fəaliyyəti haqqında hesabatı, müvafiq sənədləri əlavə edərək ona təqdim  edir.

Maddə 20

 a. Nazirlər Komitəsinin aşağıdakı vacib məsələlər üzrə qətnamələri:

 I. Maddə 15-in «b» bəndinə uyğun tövsiyələr;

 II. Maddə 19-a aid olan məsələlər;

 III. Maddə 21-in «a» bəndinin «i» yarımbəndinə və «b» bəndinə aid məsələlər;

 IV. Maddə 33-ə aid məsələlər;

 V. Maddə 1-in «d» yarımbəndi və maddə 7, 15, 20 və 22-yə aid düzəlişlərlə əlaqədar tövsiyələr;

 VI. Aşağıdakı «d» bəndi əsasında qəbul edilmiş qətnamə vasitəsilə onların əhəmiyyətlilik dərəcəsi nəzərə alınmaqla, Komitənin  yekdilliklə qərar qəbul edə biləcəyi hər hansı digər məsələlər,

 səsvermədə iştirak edən namizədlərin yekdilliyi və Komitənin işində iştirak etmək hüququ olan nümayəndələrin əksər səs çoxluğu ilə  qəbul edilməsini tələb edir.

 b. Prosedur qaydaları və ya maliyyə və inzibati qaydalara aid olan məsələlər Komitənin işində iştirak etmək hüququ olan nümayəndələrin  sadə səs çoxluğu ilə qəbul edilir.

 c. Maddə 4 və 5-in icrasına dair Komitənin qətnamələri Komitənin işində iştirak etmək hüququ olan nümayəndələrin ümumi sayının 2/3 səs  çoxluğu ilə qəbul edilir.

 d. Büdcənin qəbul edilməsi, prosedur qaydaları, maliyyə və inzibati qaydalar, yuxarıda qeyd olunmuş «a» bəndinin V yarımbəndindəkilər  istisna olmaqla Nizamnamənin maddələrinə düzəlişlərlə əlaqədar tövsiyələr və şübhə yarandığı təqdirdə bu maddənin hansı bəndinin tətbiq  olunmasına dair qərar səsvermədə iştirak edən nümayəndələrin 2/3 səs çoxluğu və Komitənin işində iştirak etmək hüququ olan  nümayəndələrin əksər səs çoxluğu ilə qəbul edilir.

Maddə 21

 a. Nazirlər Komitəsi, əgər başqa qərar qəbul olunmayıbsa öz iclaslarını:

 I. Bağlı qapılar arxasında və

 II. Şuranın yerləşdiyi yerdə keçirir.

 b. Komitə bağlı qapılar arxasında keçirilmiş iclasın yekun və müzakirələrinə dair hansı məlumatların dərc olunmasını müəyyənləşdirəcəkdir.

 c. Komitə Məşvərət Məclisinin hər bir sessiyasının açılışından əvvəl və açılışın başlanğıcında məcburi qaydada iclaslarını keçirir. Komitə  lazımlı hesab etdiyi istənilən digər vaxtda da iclaslarını keçirə bilər.

V fəsil

 Məşvərət Məclİsİ

Maddə 22

 Məşvərət Məclisi Avropa Şurasının məsləhətçi orqanıdır. O, hazırki Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlərinə aid olan məsələləri  müzakirə edir və öz rəyini tövsiyə şəklində Nazirlər Komitəsinə təqdim edir.

Maddə 232

 a. Məşvərət Məclisi, I fəsildə müəyyən olunduğu kimi, Avropa Şurasının məqsəd və səlahiyyətinə aid olan istənilən məsələni müzakirə edə və  ona dair tövsiyələr verə bilər. O, həmçinin Nazirlər Komitəsi tərəfindən rəy üçün ona verilmiş istənilən məsələni müzakirə edə və ona dair  tövsiyələr verə bilər.

 b. Məclis yuxarıdakı «a» bəndinin müddəalarına uyğun olaraq öz gündəliyini müəyyən edir. Bu zaman o, Avropa Şurasının bütün  Üzvlərinin və ya onlardan bəzilərinin iştirakçısı olduğu digər Avropa Hökumətlərarası təşkilatlarının iş qrafikini nəzərə alır.

 c. Məclisin Sədri, şübhə yarandığı təqdirdə iclas zamanı qaldırılmış məsələnin Məclisin gündəliyinə aid olub-olmamasını həll edir.

Maddə 24

 Məşvərət Məclisi maddə 38-in «d» bəndini lazımi qaydada nəzərə alaraq, maddə 23-də müəyyən olunduğu kimi öz səlahiyyətinə aid edilmiş  istənilən məsələlərin baxılması, müvafiq məruzələr təqdim edilməsi, gündəliyə daxil edilmiş məsələlərin öyrənilməsi və bütün prosedur  məsələləri üzrə rəylərin hazırlanması üçün komitə və komissiyalar təsis edə bilər.

Maddə 253

 a. Məşvərət Məclisi, hər bir üzv-Dövlətin özünün müəyyən etdiyi proseduraya uyğun surətdə, Parlamentlərinin tərkibindən seçilmiş və ya bu  Parlament üzvlərinin sırasından təyin edilmiş Nümayəndələrdən ibarətdir. Bununla yanaşı əgər Parlament bu müddət ərzində iclas  keçirmirsə və bu hal üçün zəruri prosedura müəyyən etməyibsə, hər bir Üzv-Dövlətin hökuməti əlavə təyinatlar edə bilər. Hər bir  nümayəndə təmsil etdiyi Üzv-Dövlətin vətəndaşı olmalıdır, lakin eyni zamanda Nazirlər Komitəsinin üzvü ola bilməz.

 Bu qayda ilə təyin olunmuş nümayəndələrin səlahiyyət müddəti onların təyin olunmasından sonrakı iclasın açılış günü başlayır;

 öz  parlamentlərinə seçkilərdən sonra Üzv-Dövlətlərin yeni təyinatlar etməli olduğu hallar istisna olmaqla, səlahiyyət müddəti növbəti iclasın və  ya növbəti iclaslardan hər hansı birinin açıldığı gün başa çatır.

 Əgər Üzv-Dövlət ölüm və ya istefa ilə əlaqədar boşalmış yerlərə təyinatı həyata keçirirsə, həmçinin əgər o, Parlament seçkiləri keçirməsi ilə  əlaqədar yeni təyinatlar həyata keçirirsə, bu zaman yeni nümayəndələrin səlahiyyət müddəti onların təyin olunduğu tarixdən sonrakı  Məclisin iclasının açılış günü başlayır.

 b. Nümayəndələrin heç biri onun razılığı olmadan Məclisin iclas müddəti ərzində mandatından məhrum edilə bilməz.

 c. Hər bir Nümayəndə, özünün olmadığı müddətdə, onun əvəzinə iclasın işində iştirak edə, çıxış edə və səs verə biləcək Müavininə malik ola  bilər. Yuxarıdakı «a» bəndinin müddəaları eynilə Müavinin təyin olunması qaydasına da şamil edilir.

Maddə 264

 Avropa Şurası üzvləri aşağıdakı sayda Nümayəndə hüququna malikdir:

 

Albaniya 4

Andorra 2

Avstriya 6

Belçika 7

Bolqarıstan 6

Xorvatiya 5

Kipr 3

Çexiya Respublikası 7

Danimarka 5

Estoniya 3

Finlandiya 5

Fransa 18

Gürcüstan 5

Norveç 5

Polşa 12

Portuqaliya 7

Rumıniya 10

Rusiya 18

San-Marino 2

Slovakiya Respublikası 5

Sloveniya 3

İspaniya 12

 

Almaniya 18

Yunanıstan 7

Macarıstan 7

İslandiya 3

İrlandiya 4

İtaliya 18

Latviya 3

Lixtenşteyn 2

Litva 4

Lüksemburq 3

Malta  3

Moldova 5

Niderlandiya 7

İsveç 6

İsveçrə 6

Keçmiş Yuqoslaviya Respublikası

Makedoniya 3

Türkiyə 12

Ukrayna 12

Böyük Britaniya və

Şimali İrlandiya

Birləşmiş Krallığı 18

 

Maddə 275

 Məşvərət Məclisində müzakirələr zamanı Nazirlər Komitəsinin kollektiv orqan kimi təmsil oluna bildiyi və ya Komitədəki nümayəndələrin  və onların müavinlərinin Məclis qarşısında şəxsən çıxış edə bildikləri şərtlər, Məclis ilə məsləhətləşmədən sonra Komitə tərəfindən tərtib  edilən prosedur qaydalara uyğun surətdə müəyyən olunur.

Maddə 28

 a. Məşvərət Məclisi öz prosedur qaydalarını qəbul edir. O, öz üzvləri sırasından növbəti iclasadək bu vəzifədə qalan Sədri seçir.

 b. Sədr iclaslara başçılıq edir, lakin nə müzakirələrdə, nə də səsvermədə iştirak edir. Sədr seçilmiş Nümayəndəni əvəz edən şəxsin iclaslarda  iştirak etmək, çıxış etmək və öz yerində səs vermək hüququ var.

 c. Prosedur Qaydaları o cümlədən aşağıdakıları müəyyən edir:

 I. Kvorum;

 II. Sədr və digər vəzifəli şəxslərin seçilmə qaydası və səlahiyyət müddəti;

 III. Gündəliyin hazırlanması və onun haqqında Nümayəndələrə məlumat verilmə qaydası;

 

 IV. Nümayəndələrin və onları əvəz edən şəxslərin adları barədə məlumatlandırmanın müddəti və qaydası.

Maddə 29

 Maddə 30-un müddəalarına riayət olunması şərtilə, Məşvərət Məclisi bütün qətnamələri, o cümlədən:

 I. Nazirlər Komitəsinə tövsiyələrin əhatə olunduğu;

 II. Məclisdə müzakirə edilmək üçün Komitəyə məsələlərin təklif olunduğu;

 III. Komitə və komissiyaların yaradılmasının nəzərdə tutulduğu;

 IV. İclasın açılış tarixi müəyyən edildiyi;

 V. Yuxarıdakı I-IV yarımbəndlərdə əhatə olunmayan hallarla əlaqədar qətnamələr üçün lazım olan səslərin sayını və ya şübhə  yarandığı təqdirdə qərar qəbul etmək üçün səslərin sayını müəyyənləşdirən qətnamələr səsvermədə iştirak edən Nümayəndələrin 2/3 səs  çoxluğu ilə qəbul olunur.

Maddə 30

 Məşvərət Məclisinin onun iş qaydasına, xüsusilə də vəzifəli şəxslərin seçilməsinə, komitə və komissiyaların üzvlərinin təyin olunmasına və  prosedur qaydalarının təsdiqinə dair qətnamələri maddə 29-un V yarımbəndinə uyğun şəkildə Məclis tərəfindən müəyyən olunan əksər səs  çoxluğu ilə qəbul edilir.

Maddə 31

 Məşvərət Məclisinin gündəliyinə hər hansı bir məsələnin salınmasına aid müzakirələr (Nazirlər Komitəsinə təqdim edilməli olan təkliflər  üzrə) yalnız baxılan məsələnin mahiyyəti üzrə və baxılan məsələnin gündəliyə daxil edilməsinin «lehinə» və ya «əleyhinə» motivlərinin  müəyyənləşdirilməsi üçün keçirilməlidir.

Maddə 32

 Məşvərət Məclisi hər il növbəti iclasını bu iclasın açılış tarixinin və keçirilmə müddətinin Məclis tərəfindan elə müəyyənləşdirilməsinə nail  olur ki, onlar mümkün olan qədər Üzv-Dövlətlərin Parlamentlərinin iclasları və BMT Baş Məclisinin iclasları ilə eyni vaxta düşməsin. Əgər  Məclis və Nazirlər Komitəsi ümumi razılıqla başqa qərar qəbul etməmişlərsə, növbəti iclasların müddəti heç bir halda bir aydan artıq ola  bilməz.

Maddə 33

 Məclis və Nazirlər Komitəsi ümumi razılıqla başqa qərar qəbul etməmişlərsə, Məşvərət Məclisinin növbəti iclasları Şuranın yerləşdiyi yerdə  keçirilir.

Maddə 34

 İclasın keçirilmə tarixi və yeri də daxil olmaqla öz aralarında razılığa gəlməklə Nazirlər Komitəsinin və ya Məclis Sədrinin təşəbbüsü ilə  Məşvərət Məclisinin fövqəladə iclası çağırıla bilər.

Maddə 35

 Məşvərətçi Məclisin iclasları, əgər o başqa qərar qəbul etməyibsə, açıq keçirilir.

VI fəsil

 Katİblİk

Maddə 36

 a. Katiblik Baş Katibdən, Baş Katibin Müavinindən və lazımi heyətdən ibarətdir.

 b. Baş Katib və Baş Katibin Müavini Nazirlər Komitəsinin tövsiyəsi ilə Məşvərət Məclisi tərəfindən təyin edilir.

 c. Katibliyin digər əməkdaşları inzibati qaydalara uyğun olaraq Baş Katib tərəfindən təyin edilir.

 d. Katibliyin əməkdaşlarından heç kəs Hökumət tərəfindən haqqı ödənilən vəzifə tuta bilməz, Məşvərət Məclisinin və ya istənilən milli  qanunverici orqanın üzvü ola bilməz, ya da onun vəzifələri ilə bir araya sığmayan hər hansı bir işlə məşğul ola bilməz.

 e. Katibliyin heyətinin hər bir üzvü təntənəli surətdə elan etmə yolu ilə Avropa Şurasına münasibətdə öz vəzifələrini və milli qəbildən olan  mülahizələrdən asılı olmayaraq xidməti vəzifələrini vicdanla yerinə yetirmək, eyni zamanda hər hansı bir Hökumət və ya Avropa Şurasına  yad olan hakimiyyətdən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar heç bir göstərişin soruşulmaması və qəbul olunmaması, müstəsna  olaraq Avropa Şurası qarşısında məsuliyyət daşıyan beynəlxalq məmur statusuna sığmayan hər hansı bir hərəkəti etməkdən çəkinmək  qətiyyətini təsdiq etməlidir. Baş Katib və Baş Katibin Müavini belə bəyanatı Nazirlər Komitəsi qarşısında, heyətin digər üzvləri isə Baş Katib  qarşısında verirlər. Hər bir Üzv-Dövlət Baş Katibin və Katibliyin heyətinin vəzifələrinin beynəlxalq xarakterinə ciddi hörmət etməli və öz  vəzifələrinin icra olunması zamanı onlara təsir göstərməkdən çəkinməlidir.

Maddə 37

 a. Katiblik Şuranın olduğu yerdə yerləşir.

 b. Baş Katib Katibliyin fəaliyyətinə görə Nazirlər Komitəsi qarşısında məsuliyyət daşıyır. O, xüsusilə də maddə 38-in «d» bəndinin  müddəalarını nəzərə alaraq Məşvərət Məclisinə onun ehtiyac duyduğu inzibati və digər yardımları göstərir.

VII fəsil

 Malİyyələşdİrmə

Maddə 386

 a. Hər bir üzv Nazirlər Komitəsində və Məşvərət Məclisindəki nümayəndəliyi ilə bağlı xərcləri ödəyir.

 b. Katibliyin xərcləri və bütün digər birgə xərclər hər bir üzvün əhalisinin sayı əsasında Nazirlər Komitəsi tərəfindən müəyyən edilmiş  nisbətdə bütün üzvlər arasında bölünür. İstənilən Assosiativ üzvün üzvlük haqqı Nazirlər Komitəsi tərəfindən müəyyən edilir.

 c. Baş Katib maliyyə qaydalarına uyğun olaraq hər il Komitə tərəfindən bəyənilməsi üçün Avropa Şurasının büdcəsini təqdim edir.

 d. Baş Katib Məclisin və onun fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş büdcə xərclərinə daxil olan məbləğdən artıq olan  xərclərlə əlaqədar Məclisin sorğularını Komitəyə təqdim edir.

 e. Baş Katib Komitəyə təqdim edilən tövsiyələrin hər birinin icrası üçün zəruri olan xərclərin smeta layihəsini eyni şəkildə Nazirlər  Komitəsinə təqdim edir. İcrası əlavə xərclər tələb edən istənilən qətnamə Nazirlər Komitəsi tərəfindən yalnız o zaman qəbul edilmiş sayılır ki,  bu cür əlavə xərclərin müvafiq smeta dəyəri sonuncu tərəfindən bəyənilsin.

Maddə 39

 Baş Katib hər il hər bir üzvün Hökumətini onun üzvlük haqqının məbləği barədə məlumatlandırır;

 hər bir üzv ona məlumat verildiyi gün  ödənməli hesab olunan üzvlük haqqı məbləğini Baş Katibə ödəyir. Lakin bu ödəmə bildirişin verildiyi tarixdən sonrakı altı aylıq müddətdən  gec həyata keçirilə bilməz.

VIII fəsil

 İmtİyazlar və İmmunİtetlər

Maddə 40

 a. Avropa Şurası, Üzvlərin nümayəndələri və Katiblik Üzvlərin ərazisində öz vəzifələrini yerinə yetirmək üçün məqsədəuyğun hesab olunan  zəruri imtiyaz və immunitetlərdən istifadə edirlər. Bu immunitetlərə bütün Üzvlərin ərazisində Məşvərət Məclisindəki nümayəndələrin  Məclisin, onun komitə və komissiyalarının işinin gedişində söylədikləri və səsvermələri ilə əlaqədar həbs və digər hüquqi prosedurlardan irəli  gələn immunitetlər daxildir.

 b. Avropa Şurasının Üzvləri mümkün qədər tez bir zamanda yuxarıdakı «a» bəndində nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi  məqsədilə imzalanmış sazişlərin iştirakçısı olmağa öhdəlik daşıyırlar. Bu məqsədlə Nazirlər Komitəsi Üzvlərin Hökumətlərinə bütün üzvlərin  ərazisində təqdim olunan imtiyaz və immunitetləri müəyyən edən sazişi bəyənməyi tövsiyə edir. Bundan başqa, Fransa Respublikasının  Hökuməti ilə Avropa Şurasının yerləşdiyi yerdə istifadə etdiyi imtiyaz və immunitetləri müəyyən edən xüsusi bir saziş imzalanır.

IX fəsil

 Düzəlİşlər

Maddə 41

 a. Bu Nizamnaməyə aid olan düzəlişlər barədə təkliflər Nazirlər Komitəsinə və ya maddə 23-də nəzərdə tutulmuş şərtlərə uyğun olaraq  Məşvərət Məclisinə təqdim oluna bilər.

 b. Komitə məqsədə müvafiq hesab etdiyi təqdirdə Nizamnaməyə Protokol şəklində tövsiyələr verir və dəyişiklikləri rəsmiləşdirir.

 c. Düzəlişlərə dair Protokol imzalandıqdan və üzvlərin 2/3-si tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcəkdir.

 d. Bu maddənin əvvəlki bəndlərinin müddəalarından asılı olmayaraq, Komitə və Məclis tərəfindən bəyənilmiş maddə 23-35, 38 və 39-a  düzəlişlər Baş Katib Üzv-hökumətlərə həmin düzəlişlərin bəyənilməsini təsdiq edən xüsusi Şəhadətnamə verdiyi tarixdən qüvvəyə minir. Bu  bəndin müddəaları yalnız Məclisin ikinci növbəti iclası başa çatdıqdan sonra tətbiq edilə bilər.

X fəsil

 Yekun müddəaları

Maddə 42

 a. Bu nizamnamə ratifikasiya edilməlidir. Ratifikasiya şəhadətnamələri saxlanmaq üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş  Krallığının Hökumətinə təqdim edilir.

 b. Bu Nizamnamə yeddi ratifikasiya şəhadətnaməsi saxlanmağa verildikdən sonra qüvvəyə minir. Birləşmiş Krallığın Hökuməti  Nizamnaməni imzalamış bütün hökumətlərə Nizamnamənin qüvvəyə minməsi haqqında şəhadətnaməni göndərir və həmin tarix üçün  Avropa Şurası Nizamnaməsinin üzvü olan dövlətlərin siyahısını təqdim edir.

 c. Sonradan Nizamnaməni imzalamış istənilən digər hökumət öz ratifikasiya şəhadətnaməsinin saxlanmağa verildiyi tarixdən bu  Nizamnamənin İştirakçısı olur.

 Bunu təsdiq edərək lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Nizamnaməni imzaladılar.

 1949-cu il mayın 5-ci günü Londonda ingilis və fransız dillərində bir nüsxədə icra edildi, həm də hər iki mətn eyni qüvvəyə malikdir. Əsl  nüsxə Birləşmiş Krallığın Hökumət arxivində saxlanır, sonuncu lazımi qaydada təsdiq edilmiş surətləri Nizamnaməni imzalamış digər  Hökumətlərə göndərir.

 

 1 1994-cü ilin fevralında Nazirlər Komitəsi gələcəkdə Avropa Şurasının bütün sənədlərində «Məşvərət Məclisi» əvəzinə «Parlament  Assambleyası» adından istifadə olunmasını qərara almışdır.

 2 1951-ci ilin may ayında edilmiş düzəlişdə olduğu kimi verilir.

 3 «a» bəndinin birinci cümləsi mart 1951-ci il tarixində edilmiş düzəlişdə olduğu kimi, «a» bəndinin son iki yarımbəndi may 1953-cü il tarixində  əlavə edilmişdir: «a» bəndinin I yarımbəndinə oktyabr 1970-ci il tarixində düzəliş edilmişdir.

 4 Dekabr 1951, may 1958, noyabr 1961, may 1963, may 1965, fevral 1971, dekabr 1974, oktyabr 1976, yanvar 1978, noyabr 1978, noyabr  1988, may 1989, noyabr 1990, noyabr 1991, may 1992, may 1993, iyun 1993, oktyabr 1993, noyabr 1994, fevral 1995, noyabr 1995, fevral 1996,  noyabr 1996, aprel 1999-cü il tarixində düzəliş edildiyi kimi verilir.

 5 May 1951-ci il tarixində düzəliş edildiyi kimi verilir.

 6 Maddə 38-in «e» bəndi 1951-ci ilin mayında əlavə edilmişdir.