Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi", "Azərbaycan Respublikasının dövlət təbiət yasaqlıqlarının ümumi Əsasnaməsi" və "Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 4 yanvar 2001-ci il
№ 2

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının təbiət parklarının Ümumi

Əsasnaməsİ

1. Ümumİ müddəalar

1.1. Təbiət parkları xüsusi ekoloji və estetik dəyərə malik olan, təbiəti mühafizə və istirahət (rekreasiya) məqsədləri üçün ayrılmış təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə idarələri statuslu ərazilərdir.

1.2. Təbiət parklarının ərazisindəki torpaq sahələri onların daimi istifadəsinə verilir.

1.3. Digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaqları ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada təbiət parklarının istifadəsinə verilə bilər.

1.4. Təbiət parkları respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər.

1.5. Yerli əhəmiyyətli təbiət parkları bütövlüklə və ya qismən, məqsədli təyinatı üzrə, qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilə bilər.

2. Təbİət parklarının yaradılması

2.1. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanına uyğun olaraq respublika və bölgə əhəmiyyətli təbiət parkları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır.

2.2. Yerli əhəmiyyətli təbiət parkları elmi təşkilatlarının və Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin rəyləri nəzərə alınmaqla bələdiyyə orqanlarının qərarı ilə yaradılır və ləğv edilir.

2.3. Təbiət parklarının hər biri üçün hər 10 ildən bir pasport hazırlanır və bu ərazilərin pasportu Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində dövlət qeydiyyatına alınır.

2.4. Hər bir təbiət parkının Əsasnaməsi Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən təsdiq edilir.

2.5. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi mühafizə olunan təbiət ərazilərinin sxemləri əsasında onların yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur.

3. Təbİət parklarının yaradılmasında məqsəd

3.1. təbii mühiti, təbii landşaftları və rekreasiya resurslarını mühafizə etmək;

3.2. istirahət (rekreasiya) üçün şərait yaratmaq;

3.3. təbiəti mühafizənin effektli metodlarını hazırlamaq və tətbiq etmək;

3.4. rekreasiya istifadəsi şəraitində ekoloji tarazlığı qoruyub saxlamaq;

3.5. nəzərdə tutulmuş müddətlərdə ekosistemlərin monitorinqini aparmaq.

4. Təbİət parklarının xüsusİ mühafİzə rejİmİnİn xüsusİyyətlərİ

4.1. Təbiət parklarının ərazilərində təbii sahələrin ekoloji və rekreasiya əhəmiyyətindən asılı olaraq xüsusi mühafizənin və istifadənin ayrı-ayrı rejimi müəyyən edilir.

4.2. Təbiət parklarının ərazilərində rejim xüsusiyyətlərini nəzərə alaraq aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:

xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

istirahət (rekreasiya) zonaları;

tarix-mədəniyyət komplekslərinin və obyektlərinin mühafizə zonaları;

rekreasiya xidmət göstərilən zonalar;

təbiət parkının fəaliyyətinin təmin edən zonalar.
4.3. Təbiət parklarının ərazilərində onun məqsədli təyinatına zidd olmayan digər fəaliyyət zonaları müəyyən edilə bilər.

4.4. Vətəndaşların təbiət parklarının ərazisinə daxil olma limitləri həmin ərazinin rekreasiya məqsədilə istifadə olunmasını elmi cəhətdən əsaslandıran normalar əsasında parkın rəhbərliyi tərəfindən müəyyən edilir.

4.5. Təbiət parkının ərazisində aşağıdakılar qadağan edilir:

parkların ekoloji, istirahət (rekreasiya) və estetik keyfiyyətinə mənfi təsir göstərən, tarixi-mədəniyyət abidələrinin, relikt-nadir ağac və kolların abidə kimi qorunub saxlanılması rejimini pozan və həmin abidələrin varlığına təhlükə yaradan hər bir fəaliyyət;

geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

təbiət parkının fəaliyyəti ilə bağlı olmayan bina və qurğuların, yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi;

bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;

vəhşi fauna növlərinin təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması;

müəyyən olunmuş yerlərdən kənar kütləvi idman və tamaşa tədbirlərinin keçirilməsi, dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması;

müəyyən olunmuş yerlərdən və yollardan kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı.

4.6. Təbiət parklarının sərhədlərində onların ekoloji, mədəni, istirahət (rekreasiya) və estetik əhəmiyyətini aşağı salan digər fəaliyyətlər qadağan edilə və ya məhdudlaşdırıla bilər.

4.7. Üstündə təbiət parkları yerləşən torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmadan, onların razılığı və ya məhkəmənin qərarı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur.

1.8. Təbiət parklarının mühafizəsi onun mühafizə işçiləri tərəfindən həyata keçirilir, bu işə direktor və direktor müavini rəhbərlik edirlər.

4.9. Təbiət parklarının mühafizə işçiləri aşağıdakı hüquqlara malikdir:

təbiət parkının ərazisində mövcud qanunçuluğu pozanların sənədlərini yoxlamaq nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini və gəmiləri, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək və qanunu pozan şəxslərdən izahat almaq;

təbiət parkının ərazisində mövcud qanunvericiliyə və mühafizə rejiminə zidd olan fiziki və hüquqi şəxslərin fəaliyyətini dayandırmaq;

təbiət parkının ərazisində qanunvericiliyi pozmuş, cinayət və ya inzibati hüquqpozma törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarının sərəncamına vermək;

təbiət parkının ərazisində öz səlahiyyətləri daxilində inzibati hüquqpozma haqqında protokollar (aktlar) tərtib etmək;

təbiət parkının ərazisində mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək.

4.10. Təbiət parkının rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulmasın nəticəsində təbiət parklarına vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

4.11. Təbiət parkının mühafizə rejiminin həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

4.12. Təbiət parklarının idarəetmə tədbirlərində bələdiyyələrin, ictimai birliklərin və əhalinin iştirak etmək hüququ vardır.

5. Təbİət parklarının təsərrüfat fəalİyyətİ

5.1. Təbiət parklarının təsərrüfat fəaliyyəti təbiət və tarixi-mədəniyyət obyektlərinin tələb olunan səviyyədə mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin keçirilməsindən, təbiətdə idarə olunan istirahət tədbirlərinin təşkilindən ibarətdir.

5.2. Təbiətdə istirahətin (rekreasiyanın) inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında yerli əhəmiyyətli təbiət parkının ərazisində yerləşən torpaq sahələrinin, təbiət obyektlərinin, binaların və qurğuların ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə (istifadəyə) verilməsi yolu ilə həyata keçirilə bilər.

5.3. Təbiət parkının ərazisində mehmanxanaların, kempinglərin, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, insanların istirahəti məqsədilə digər şəraitlərin yaradılması təbiət parkının fiziki və hüquqi şəxslərlə bağladığı müqavilələr əsasında həyata keçirilə bilər.

5.4. Təbiət parklarında obyektlərin məqsədli təyinatı və təbiət komplekslərinin və obyektlərinin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında həyata keçirilir.

5.5. Təbiət parklarının ərazilərindən və obyektlərindən istifadəsi qanunda nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.

6. Təbİət parklarının mühafİzəsİnə, qorunmasına və İstİfadəsİnə dövlət nəzarətİ

"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 336 nömrəli Fərmanına əsasən təbiət parkının vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə nəzarət Komitəsi həyata keçirir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının dövlət təbiət yasaqlıqlarının Ümumi

Əsasnaməsİ

1. Ümumİ müddəalar

1.1. Dövlət təbiət yasaqlıqları - təbiət komplekslərinin və ya komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir.

1.2. Dövlət təbiət yasaqlıqları torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil edilə bilər.

1.3. Dövlət təbiət yasaqlıqları müxtəlif profilli, o cümlədən kompleks, bioloji, paleontoloji, hidroloji və geoloji profilli ola bilər.

1.4. Dövlət təbiət yasaqlıqları respublika və ya bölgə əhəmiyyətli ola bilər.

2. Dövlət təbİət yasaqlıqlarının yaradılması

2.1. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanına uyğun olaraq dövlət təbiət yasaqlıqları Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanına uyğun olaraq dövlət təbiət yasaqlıqları Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır.

2.2. Dövlət təbiət yasaqlıqlarının hər biri üçün pasport hazırlanır və bu ərazilərin pasportu Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiət İstifadəyə Nəzarət Komitəsində dövlət qeydiyyatına alınmaqla dövlət təbiət yasaqlıqlarında saxlanılır.

2.3. Hər bir dövlət təbiət yasaqlıqlarının Əsasnaməsi Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən təsdiq edilir.

2.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi mühafizə olunan təbiət ərazilərinin sxemləri əsasında onların yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur.

3. Dövlət təbİət yasaqlıqlarının yaradılmasında məqsəd

3.1. təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və bərpası;

3.2. ekoloji tarazlığın saxlanılması;

3.3. yaranma profilindən (məqsədindən) asılı olaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təsərrüfat fəaliyyətində müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməsini təmin etmək;

3.4. elmi, mədəni, tədris və məhdud təsərrüfat fəaliyyətlərini həyata keçirmək.

4. Dövlət təbİət yasaqlıqlarının xüsusİ mühafİzə rejİmİnİn xüsusİyyətlərİ

4.1. Dövlət təbiət yasaqlıqlarının ərazilərində mühafizə rejiminin xüsusiyyətləri onların hər biri haqqında Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilir.

4.2. Dövlət təbiət yasaqlıqlarında təbiət komplekslərinə və onların komponentlərinə zərər vura bilən hər hansı fəaliyyət qadağan edilir.

4.3. Üstündə dövlət təbiət yasaqlıqları yerləşən torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmadan, onların razılığı və ya məhkəmənin qərarı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur.

4.4. Dövlət təbiət yasaqlıqlarının ərazilərində təbiət komplekslərinin və ya komponentlərinin qorunmasını və ya bərpasını, habelə ekoloji tarazlığın saxlanmasını təmin etmək məqsədilə torpaq mülkiyyətçiləri və istifadəçiləri təsərrüfat fəaliyyətlərini müəyyən edilmiş məhdudiyyətlərə əməl etməklə həyata keçirməlidirlər.

4.5. Dövlət təbiət yasaqlıqlarının ərazilərindən və obyektlərindən istifadəsi qanunda nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.

4.6. Dövlət təbiət yasaqlıqlarının ərazisində yaranma profilindən (məqsədindən) asılı olaraq aşağıdakılar qadağan və yaxud məhdudlaşdırıla bilər:

geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

su, bataqlıq, ərazilərinin qurudulması və meliorativ işlərinin aparılması;

bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;

ov və balıq ovu (balıqartırma və elmi-tədqiqat məqsədləri ilə balıq ovu istisna olmaqla), vəhşi fauna növlərinin təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması;

ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;

kütləvi idman və tamaşa tədbirlərinin keçirilməsi, çadırların qurulması və tonqalların yandırılması;

tikintilərin aparılması, torpaqların şumlanması, yabanı bitkilərin yığılması;

yasaqlıqların ekoloji keyfiyyətinə mənfi təsir göstərən, mühafizə olunan obyektlərin qorunub saxlanması rejimini pozan və varlığına təhlükə yaradan hər bir digər fəaliyyət.

4.7. Dövlət təbiət yasaqlıqlarının mühafizəsi onun mühafizə işçiləri tərəfindən həyata keçirilir, bu işə direktor və direktor müavini rəhbərlik edirlər.

4.8. Dövlət təbiət yasaqlıqlarının mühafizə xidməti aşağıdakı hüquqlara malikdir:

dövlət təbiət yasaqlığının ərazisində mövcud qanunçuluğu pozanların sənədlərini yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini və gəmiləri, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək və qanunu pozan şəxslərdən izahat almaq;

dövlət təbiət yasaqlığının ərazisində mövcud qanunvericiliyə və mühafizə rejiminə zidd olan fiziki və hüquqi şəxslərin fəaliyyətini dayandırmaq;

dövlət təbiət yasaqlığının ərazisində qanunvericiliyi pozmuş, cinayət və ya inzibati hüquqpozma törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquqi-mühafizə orqanlarının sərəncamına vermək;

dövlət təbiət yasaqlığının ərazisində öz səlahiyyətləri daxilində inzibati hüquqpozma haqqında protokollar (aktlar) tərtib etmək;

dövlət təbiət yasaqlığının ərazisində mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırması haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək.

4.9. Dövlət təbiət yasaqlığının rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində dövlət təbiət yasaqlığına vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

4.10. Dövlət təbiət yasaqlığının mühafizə rejimini həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

4.11. Dövlət təbiət yasaqlığının idarəetmə tədbirlərində bələdiyyələrin, ictimai birliklərin və əhalinin iştirak etmək hüququ vardır.

5. Dövlət təbİət yasaqlığının mühafİzəsİnə, qorunmasına və İstİfadəsİnə Dövlət nəzarətİ

5.1. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 336 nömrəli Fərmanına əsasən dövlət təbiət yasaqlığının vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına Dövlət nəzarətini Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirir.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması
QAYDALARI

1. Ümumİ müddəalar

1.1. Bu Qaydalar "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanunu (2000-ci il 24 mart tarixli 840-IQ nömrəli), "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (2000-ci il 15 iyul tarixli 366 nömrəli) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı (2000-ci il 1 avqust tarixli 142s nömrəli) əsasında hazırlanmışdır.

1.2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı bu ərazilərin statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin xüsusi mühafizə rejimi, təbiət istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur.

1.3. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş beynəlxalq, respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin kateqoriyaları barədə məlumatları cəmləşdirən rəsmi sənəddir.

1.4. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı təbii sərvətlərinə aid digər kadastrlara uyğun və əlaqələndirmə prinsipi əsasında formalaşır və aparılır.

1.5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı həmin ərazilərdə və onların mühafizə zonalarında aparılan monitorinq məlumatları əsasında tərtib edilir.

2. Xüsusİ mühafİzə olunan təbİət ərazİlərİnİn və obyektlərİnİn dövlət kadastrının aparılmasının məqsədİ

2.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı dövlət təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazilərin perspektiv və inkişafı şəbəkəsinin müəyyən edilməsi mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə aparılır.

2.2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı məlumatları ətraf mühitin mühafizəsi və təbiətdən istifadəsi sahəsində idarəetmə və digər məsələlərin qəbul edilməsinin əsasını təşkil edir, ərazilərin iqtisadi və sosial inkişafı planlarının hazırlanmasında, yerquruluşu, şəhərsalma işlərinin və dövlət ekoloji ekspertizasının aparılmasında, təbii sərvətlərdən ətraf mühitə təsir edə bilən digər məsələlərin həllində mütləq nəzərə alınmalıdır.

2.3. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının aparılmasının məqsədi:

mövcud və yaradılması planlaşdırılan xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında dövlətdə olan məlumatların yığılması və sistemləşdirilməsi;

müxtəlif kateqoriyalara aid xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mövcud vəziyyətinin və fəaliyyətinin səmərəliyinin analizi;

respublika, bölgə və yerli hakimiyyət orqanlarını, nazirlikləri, təşkilatları və digər hüquqi və fiziki şəxsləri xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında məlumatlarla təmin etmək.

3. Xüsusİ mühafİzə olunan təbİət ərazİlərİnİn və obyektlərİnİn dövlət kadastrının tərkİbİ və strukturu

3.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına aşağıdakı məlumatlar daxil edilir:

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin hüquqi statusu və normativ-hüquqi bazası haqqında;

coğrafi vəziyyəti, sərhədləri və ərazisi haqqında:

inzibati və idarə tabeçiliyi haqqında;

mühafizə üsulu və rejimi haqqında;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin ətrafındakı mühafizə zonaları (ərazisi, sərhədi və rejimi) haqqında;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin ekoloji, maarifçilik, rekreasiya, iqtisadi, tarix və mədəni əhəmiyyəti barədə;

mühafizə olunan təbiət komplekslərinin və onların komponentlərinin kəmiyyət və keyfiyyət xüsusiyyətləri, öyrənilmə dərəcəsi və bu məlumatların saxlanılma yerləri barədə;

xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, onların ətrafındakı mühafizə zonalarında torpaqların və digər sərvətlərin sahibkarları, istifadəçiləri və icarəçiləri barədə;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin qorunma vəziyyəti, antropogen təsirin dərəcəsi və təhlükə foktorları haqqında;

heyvan və bitki aləminin bərpasını və təbii artmasını təmin edən tədbirlər haqqında;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin işçi ştatları və struktur bölmələri haqqında;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsini öhdəsinə götürmüş hüquqi və fiziki şəxslər (ünvanı, öhdəlik müddəti və ştatı) barədə;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin maddi-texniki bazası və maliyyələşdirilməsi haqqında;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin ərazilərində aparılan son müavinələr (aparılan işlərin mövzusu və müddəti) haqqında;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin vəziyyətinin qiymətləndirilməsi üçün ekspert kimi cəlb edilməsi məsləhət görülən hüquqi və fiziki şəxslər barədə;

xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə məlumatları olan digər mənbələr haqqında.

3.2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı 4 bölmədən ibarətdir və bölmələrdə müvafiq olaraq beynəlxalq, respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə məlumatlar cəmləşir.

3.3. Beynəlxalq əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına aşağıdakı məlumatlar aid edilir:

biosfer təbiət qoruqları haqqında;

təbiət abidələri haqqında;

beynəlxalq əhəmiyyətli kateqoriyaya aid edilmiş digər xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə.

3.4. Respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına aşağıdakı məlumatlar aid edilir:

dövlət təbiət qoruqları haqqında;

milli parklar haqqında;

dövlət təbiət yasaqlıqları haqqında;

təbiət parkları haqqında;

təbiət abidələri haqqında;

zooloji parklar haqqında;

nəbatat bağları və dendroloji parklar barədə;

müalicə sağlamlaşdırma yerləri və kurortlar barədə;

3.5. Bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına aşağıdakı məlumatlar aid edilir:

dövlət təbiət yasaqlıqları haqqında;

təbiət parkları haqqında;

təbiət abidələri haqqında;

zooloji parklar haqqında;

nəbatat bağları və dendroloji parklar haqqında;

müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında;

3.6. Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına aşağıdakı məlumatlar aid edilir:

təbiət parkları haqqında;

zooloji parklar haqqında;

müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında.

3.7. Kadastrın uçot vahidinə ayrı-ayrı xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri aid edilir.

3.8. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastr məlumatları Azərbaycan Respublikasının və Naxçıvan MR-nın dövlət və bələdiyyə orqanlarının normativ sənədlərinə, elmi-tədqiqatların, layihə-axtarışlarının və inventarlaşmanın materiallarına, xüsusi tədqiqatların nəticələrinə, monitorinq məlumatlarına və respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə dəqiq məmulatları olan digər mənbələrə əsasən hazırlanır və təzələnir.

3.9. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastr məlumatlarına daimi nəzarət edilir. Kadastr məlumatlarının dəyişdirildiyi və yeni məlumatların daxil olduğu hallarda köhnə məlumatlar arxivləşdirilərək daimi saxlanılır. Kadastrda yeni məlumatların daxil olunması və dəyişikliklərin aparılması tarixi göstərilir və qabaqkı (köhnə) məlumatlar barədə qeydiyyat aparılır.

4. Xüsusİ mühafİzə olunan təbİət ərazİlərİnİn və obyektlərİnİn dövlət kadastrının aparılması qaydaları

4.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aşağıdakı qaydada aparılır:

beynəlxalq və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzrə - Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və tabeliyində respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan təşkilatlar tərəfindən;

bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzrə - Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və tabeliyində bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan təşkilatlar tərəfindən;

yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzrə - Bələdiyyə orqanları və tabeliyində yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan təşkilatlar tərəfindən.

4.2. Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən tabeliyində respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan təşkilatların, bələdiyyə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrını aparan orqanların təqdim etdikləri kadastr sənədlərinə əsasən Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı hazırlanır.

4.3. Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi:

beynəlxalq və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına daxil edilən əsas məlumatların toplanmasını və saxlanmasını təşkil edir və bu məlumatları təhlil edərək respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin vəziyyətini qiymətləndirir;

bütün növlərə və kateqoriyalara aid xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə əsas məlumatları ümumiləşdirərək kadastra daxil edir;

kadastrın aparılmasına dair məsələlərlə bağlı metodik sənədləri hazırlayır;

maraqlı nazirliklərin və təşkilatların iştirakları ilə hər bir xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin növlərinə və kateqoriyalarına aid məlumatların əsas göstəricilərini, kadastrın aparılması üçün tələb olunan digər məlumatları müəyyən edir və onların təqdim olunma müddətlərini təyin edir;

komitənin tərkibində beynəlxalq və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının aparılması, onun tərtibatı və nəşri, respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə illik hesabatların hazırlanması məqsədilə qurum təyin edir;

bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə oluna təbiət ərazilərinin və obyektlərinin kadastrlarının aparılmasına dair əsas məlumatları razılaşdırır;

müasir texniki-proqramlaşdırma üsullarından və kompyüter texnologiyasında kadastrın aparılmasında istifadəni təmin etmək üçün lazımi tədbirlər görür.

4.4. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi:

bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrlarını belə ərazilərin tabeliyində olan hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır;

bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrlarının aparılması üçün tələb olunan məlumatları, kadastr göstəricilərini və uçot sənədlərini hazırlayır və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi ilə razılaşdırır;

respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrlarının aparılmasına dair əsas məlumatlarını təsdiq edilmiş forma əsasında və müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə təqdim edir;

kadastr məlumatlarını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə və bələdiyyə orqanlarına təqdim edir;

bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrlarının nəşrini təşkil edir.

4.5. Respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri mülkiyyətində (idarəetmədə), istifadəsində və icarəsində olan nazirliklər, idarələr və digər hüquqi və fiziki şəxslər:

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrının aparılması üçün lazımi məlumatların yığılmasını, təzələnməsini, saxlanılmasını, ümumiləşdirilməsini və təhlilini təşkil edir;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrlarının aparılmasına dair əsas məlumatlarını təsdiq edilmiş forma əsasında və müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə bilavasitə və yaxud onun yerli təşkilatları vasitəsi ilə təqdim edir.

4.6. Hər bir xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastr məlumatı 5 ildən bir Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən təsdiq edilmiş hesabat forması əsasında yerli hakimiyyət orqanlarında təsdiq edildikdən sonra təqdim edilir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastr göstəricilərində il ərzində baş vermiş dəyişikliklər və əlavələr barədə məlumatlar hər il yanvarın 25-nə kimi Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə təqdim edilir.

5. Xüsusİ mühafİzə olunan təbİət ərazİlərİnİn və obyektlərİnİn monİtorİnq qaydaları

5.1. Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, bələdiyyə orqanları və tabeliyində yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan fiziki və hüquqi şəxslər həmin ərazilərdə və onların mühafizə zonalarında monitorinqin aparılması məqsədilə təbiət komplekslərinin və onların komponentlərinin kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin dəyişməsini öyrənmək üçün daimi müşahidələrin aparılmasını təşkil edir.

5.2. Xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində aparılan monitorinqə aşağıdakılar daxil edilir:

heyvan və bitkilərin ümumi vəziyyəti, sayı, yayılma əraziləri və bərpası;

təbiət komplekslərinin qorunma vəziyyəti, bərpası, antropogen təsirlər;

təbiət komplekslərinin və komponentlərinin təhlükə faktorları;

dövlət təbiət qoruqlarında aparılan "Təbiət səlnamə"sinin məlumatları.

5.3. Monitorinq məlumatları hər il ümumiləşdirilir və dekabrın 5-nə kimi xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrını aparan (maddə 4.1) təşkilatlara təqdim olunur.