"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 1999-cu ilin iyulun 1-dək:

qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

əmək qanunvericiliyin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 314-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş həmin Məcəllənin ayrı-ayrı müddəalarının tətbiqini təmin etmək məqsədi ilə zəruri olan normativ-hüquqi aktların qəbul edilməsi qaydası barədə təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Məcəllənin 48-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş ağır, zərərli və təhlükəli əmək şəraiti peşələrin (vəzifələrin) və iş yerlərinin siyahısını təsdiq etsin;

həmin Məcəllənin 50-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş vəzifələrin müsabiqə yolu ilə tutulması qaydası və müsabiqənin keçirilməsi şərtlərini müəyyən etsin.

həmin Məcəllənin 64-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 139-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısını, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasını təsdiq etsin;

həmin Məcəllənin 217-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydasını təsdiq etsin;

həmin Məcəllənin 241-ci maddəsinin altıncı hissəsində və 251-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş qadın və yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahılarını təsdiq etsin;

bu fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair digər normativ-hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki,

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 6-cı hissəsində, 314-cü maddəsinin ikinci hissəsində (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Məcəllənin 15-ci maddəsinin üçüncü hissəsində, 36-cı maddəsinin birinci hissəsinin "a" bəndində, 48-ci maddəsinin beşinci hissəsində, 50-ci maddəsinin dördüncü hissəsində, 64-cü maddəsinin üçüncü hissəsində, 65-ci maddəsinin səkkizinci hissəsində, 87-ci maddəsinin dördüncü hissəsində, 90-cı maddəsinin ikinci hissəsində, 92-ci maddəsinin birinci hissəsində, 93-cü maddəsində, 105-ci maddəsinin ikinci və üçüncü hissələrində, 115-ci maddəsinin ikinci hissəsində, 139-cu maddəsinin ikinci hissəsində, 148-ci maddəsinin beşinci hissəsində (birinci halda) 158-ci maddəsinin ikinci hissəsində, 159-cu maddədə, 166-cı maddəsinin birinci hissəsində, 184-cü maddəsinin üçüncü hissəsində, 211-ci maddəsinin birinci hissəsində, 217-ci maddəsinin beşinci hissəsində, 221-ci maddəsinin birinci və dördüncü hissələrində, 225-ci maddəsinin üçüncü hissəsində, 239-cu maddəsinin üçüncü hissəsində, 241-ci maddəsinin altıncı hissəsində, 251-ci maddəsinin beşinci hissəsində və 257-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Məcəllənin 14-cü maddəsinin üçüncü hissəsində, 30-cu maddəsinin yeddinci hissəsində, 34-cü maddəsinin birinci hissəsində, 37-ci maddəsinin altıncı hissəsində, 41-ci maddəsinin birinci hissəsində, 57-ci maddəsinin ikinci hissəsində, 141-ci maddəsinin ikinci hissəsində, 212-ci maddəsinin birinci və ikinci hissələrində, 215-ci maddəsinin on birinci abzasında, 263-cü maddəsinin ikinci hissəsində, 281-ci maddəsinin ikinci hissəsində, 284-cü maddəsinin birinci hissəsində və 314-cü maddəsinin ikinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

aşağıda göstərilən səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı orqanları vasitəsilə həyata keçirir:

a) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin birinci hissəsində və 308-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini - Dövlət Əmək Müfəttişliyi;

b) həmin Məcəllənin 15-ci maddəsinin ikinci, üçüncü, dördüncü, beşinci, altıncı hissələrində, 217-ci maddəsinin birinci və ikinci hissəsində, 218-ci maddəsinin beşinci, altıncı, yeddinci hissələrində, 223-cü maddəsinin beşinci hissəsində, 235-ci maddəsinin birinci və ikinci hissələrində və 237-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanı"nın səlahiyyətlərini - Dövlət Əmək Müfəttişliyi;

c) həmin Məcəllənin 47-ci maddəsinin "e" bəndində, 56-cı maddəsinin dördüncü hissəsində və 77-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini - Baş Məşğulluq idarəsi və onun yerli orqanları;

ç) həmin Məcəllənin 74-cü maddəsinin Qeydində, 98-ci maddəsinin ikinci hissəsində və 232-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini - Tibbi sosial Ekspert Komissiyaları;

Azərbaycan Respublikası Əmək Məsələsinin 36-cı maddəsinin birinci hissəsinin "b" bəndinə, 186-cı maddəsinin dördüncü hissəsində, 148-ci maddəsinin beşinci hissəsində (ikinci halda) və 212-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri həyata keçirirlər;

həmin Məcəllənin 36-cı maddəsinin birinci hissəsinin "c" bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanların həyata keçirirlər;

həmin Məcəllənin 196-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərinin Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyi vasitəsilə həyata keçirirlər;

həmin Məcəllənin 213-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri həyata keçirirlər;

həmin Məcəllənin 218-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqalrarı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyi vasitəsilə), Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi və digər mərkəzi icra hakimiyyəti orqanları qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində həyata keçirirlər;

həmin Məcəllənin 261-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

a) baş kollektiv sazişlə bağlı mübahisələr üzrə - Azərbaycan Respublikasının Nazirlər Kabineti;

b) sahə (tarif) kollektiv sazişləri ilə bağlı mübahisələr üzrə - Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri; c) ərazi (rayon) kollektiv sazişləri ilə bağlı mübahisələr üzrə - yerli icra hakimiyyəti orqanları;

həmin Məcəllənin 270-ci maddəsinin səkkizinci hissəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirlikləri, dövlət komitələri və digər mərkəzi icra hakimiyyəti orqanları, habelə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

həmin Məcəllənin 275-ci maddəsinin dördüncü hissəsində, nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri, idarələri və yerli icra hakimiyyəti orqanları həyata keçirilər.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 15 aprel 1999-cu il
№ 122