Bələdiyyələrin statusu haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bu qanun yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirir.

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Yerli özünüidarə anlayışı

Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər.

Maddə 2. Əsas anlayışlar

1. Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

2. Bələdiyyə orqanları bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmayan seçkili və başqa orqanlardır.

3. Yerli əhəmiyyətli məsələlər - bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələlərdir.

4. Yerli rəy sorğusu - yerli əhəmiyyətli məsələlər barəsində vətəndaşların rəyinin öyrənilməsidir.

5. Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsi - əhalinin bilavasitə və ya nümayəndəli yerli özünüidarə orqanının öz tərkibindən seçdiyi, bələdiyyənin nizamnaməsinə uyğun yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilmiş vəzifəli şəxsdir.

6. Bələdiyyə orqanlarının vəzifəli şəxsi - yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir.

7. Bələdiyyə mülkiyyəti - bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır.

8. Yerli vergilər və ödənişlər - ərazisində yaşayan əhalinin rəyi nəzərə alınmaqla bələdiyyənin müstəqil surətdə müəyyənləşdirdiyi vergilər və ödənişlərdir.

9. Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir.

10. "Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfindən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.

Maddə 3. Azərbaycan Respublikası vətəndaşlarının yerli özünüidarəni həyata keçirmək hüququ

1. Azərbaycan Respublikasının vətəndaşları yaşadıqları ərazilərdə yerli özünüidarə hüququnu bələdiyyələrə seçkilər, öz iradəsini birbaşa ifadə etmək, rəy sorğusu, müstəqil fikir söyləmək, təkliflər vermək vasitəsilə və digər formalarda həyata keçirirlər.

2. Vətəndaşlar irqindən, milliyyətindən , cinsindən, dilindən, mənşəyindən, əmlak və vəzifə mövqeyindən, dinə münasibətindən, əqidəsindən, peşəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə münasibətindən asılı olmayaraq, yerli özünüidarəni həm bilavasitə, həm də öz nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.

3. Azərbaycan Respublikası vətəndaşlarının yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüququ vardır.

4. Bələdiyyə qulluğu Azərbaycan Respublikasının vətəndaşları üçün eyni dərəcədə müyəssərdir.

5. Hər bir vətəndaşın bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciət etmək hüququ vardır.

6. Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla hər bir vətəndaşın tanış olmaq, habelə qanunla xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar.

Maddə 4. Yerli sosial müdafiə və sosial inkişaf proqramları

1. Yerli sosial müdafiə proqramları bələdiyyə tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar müəyyən edir. Həmin təminatlar mütəmadi və birdəfəlik ola bilər.

2. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar məktəbəqədər tərbiyə, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, yerli əhəmiyyətli yolların tikilməsi və saxlanılması, mərasim xidmətlərinin təşkili və qəbiristanların qorunması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər.

3. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirərkən bələdiyyələr bu maddənin 2-ci bəndində göstərilən məsələlər üzrə dövlət orqanlarının müvafiq proqramlarının həyata keçirilməsinə müdaxilə edə bilməzlər.

Maddə 5. Yerli iqtisadi inkişaf proqramları

1. Yerli iqtisadi inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli iqtisadi inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri əhatə edə bilər.

Yerli iqtisadi inkişaf proqramlarında bələdiyyə torpaqlarında və dövlətin bələdiyyələrə verdiyi əmlakdan səmərəli istifadə yolları göstərilir.

2. Yerli iqtisadi inkişaf proqramlarını həyata keçirərkən bələdiyyələr dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsinə müdaxilə edə bilməzlər.

Maddə 6. Yerli ekoloji proqramlar

1. Yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının toplanması və emalı, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər.

2. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.

Maddə 7. Yerli özünüidarəyə dair qanunvericilik

Yerli özünüidarəyə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından və qanunlarından Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarından (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından və qanunlarından, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarından) ibarətdir.

Maddə 8. Bələdiyyənin nizamnaməsi

1. Bələdiyyənin nizamnaməsi bələdiyyənin iclasları və ya vətəndaşların yığıncaqları tərəfindən qəbul edilir.

2. Bələdiyyənin nizamnaməsində aşağıdakılar göstərilir:

1) qanunla müəyyən edilmiş bələdiyyə ərazisinin hüdudları və tərkibi;

2) bələdiyyə orqanlarının adları, strukturu, səlahiyyətləri və formalaşdırılması qaydası;

3) bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin səlahiyyət müddəti;

4) bələdiyyə aktlarının qəbul edilməsi və qüvvəyə minməsi qaydası;

5) bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyətinin əsasları və növləri;

6) bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin statusu və sosial təminatları, onların səlahiyyətlərinə xitam verilməsi əsasları və qaydası;

7) bələdiyyə orqanlarının vəzifəli şəxslərinin hüquqları üçün təminatlar;

8) bələdiyyə qulluğu təşkilinin şərtləri və qaydası;

9) yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin ümumi qaydası;

10) Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yerli özünüidarənin təşkilinə, bələdiyyələrin və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin səlahiyyətinə və fəaliyyət qaydasına dair digər müddəalar.

3. Bələdiyyənin nizamnaməsi Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyə nizamnamələrinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

4. Bələdiyyənin nizamnaməsini dövlət qeydiyyatına almaqdan imtina edilməsinə ancaq onun Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarına) zidd olması əsas verə bilər. Dövlət qeydiyyatına almaqdan imtina edilməsi barədə vətəndaşlar və bələdiyyələr məhkəmə qaydasında şikayət verə bilərlər.

5. Bələdiyyənin nizamnaməsi qeydiyyata alındığı gündən qüvvəyə minir.

Maddə 9. Bələdiyyələrə dövlət himayəsi

Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları bələdiyyələrin təşəkkülü və inkişafı üçün zəruri, hüquqi, təşkilati və maddi-maliyyə şəraiti yaradır və yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə kömək göstərirlər.

Maddə 10. Bələdiyyələrin ittifaqları

1. Bələdiyyələr öz fəaliyyətini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə ittifaqlar yarada bilərlər. Həmin ittifaqlar qanunvericiliyə uyğun qaydada qeydiyyata alınmalıdır.

2. Bələdiyyə ittifaqlarına bələdiyyələrin səlahiyyətləri verilə bilməz.

Maddə 11. Bələdiyyələrin möhürü, ştampı, bank hesabı

Bələdiyyələr hüquqi şəxsdirlər, onların öz möhürü, ştampı və bankda hesabı olur.

II fəsil

Bələdİyyələrİn ərazİ əsaslarI

Maddə 12. Bələdiyyələrin əraziləri

1. Yerli özünüidarəni Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ərazilərdə yaradılan bələdiyyələr həyata keçirirlər.

2. Müəyyən ərazidə əhalinin sayına görə vətəndaşlar yerli özünüidarəni həyata keçirmək hüququndan məhrum edilə bilməzlər.

Maddə 13. Bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi

Bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, o cümlədən bələdiyyələr təşkil edilərkən, birləşdirilərkən, yenidən təşkil edilərkən və ya ləğv olunarkən onların hüdudlarının müəyyənləşdirilməsi və dəyişdirilməsi tarixi və digər yerli xüsusiyyətləri, müvafiq ərazi əhalisinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

III fəsil

Bələdİyyələr, bələdİyyə orqanlarI və onlarIn vəzİfəlİ şəxslərİ

Maddə 14. Bələdiyyələr və bələdiyyə orqanları

1. Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.

2. Bələdiyyələrin say tərkibi "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir.

3. Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyətlər verilir.

4. Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.

5. Bələdiyyələrin və onların orqanlarının strukturu bu Qanuna və bələdiyyələrin nizamnamələrinə uyğun müəyyənləşdirilir.

Maddə 15. Bələdiyyə üzvü

1. Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir.

Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır.

2. Əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur. Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyasının iclasları zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir.

3. Bələdiyyə üzvü bələdiyyənin, bələdiyyənin iclasları arasındakı dövrdə isə bələdiyyə sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə müdiriyyətin təşəbbüsü ilə işdən çıxarıla bilməz, yaxud intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz.

4. Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.

5. Bələdiyyə üzvü daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara köçdükdə və ya başqa səbəblərdən öz bələdiyyə ərazisində bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə bələdiyyə üzvlüyü səlahiyyətlərini öhdəsindən götürməsi haqqında bələdiyyəyə ərizə verir.

Bələdiyyənin növbəti yığıncağı bələdiyyə üzvünün ərizəsinə baxıb müvafiq qərar qəbul edir və bu qərarı həmin dairənin seçicilərinin nəzərinə çatdırır.

6. Bələdiyyə üzvü səlahiyyət müddəti ərzində hər hansı səbəbdən bələdiyyə tərkibindən çıxdıqda müvafiq bələdiyyə ərazisində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq seçkilər keçirilir.

Maddə 16. Bələdiyyənin iclası

1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır.

Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

2. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan əhalinin azı on faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

3. Bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin və digər iştirakçıların məsuliyyəti bələdiyyənin nizamnaməsi ilə tənzimlənir.

4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.

5. Bələdiyyənin bütün iclasları protokollaşdırılır.

Maddə 17. Bələdiyyənin daimi və başqa komissiyaları

1. Bələdiyyə öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər.

2. Daimi və başqa komissiyalar səlahiyyətləri daxilində fəaliyyətlərinin təşkili məqsədilə öz işinə ekspertlər cəlb edə bilər.

3. Daimi və başqa komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınır və onlar "Bələdiyyənin daimi və başqa komissiyaları haqqında" əsasnamə, bələdiyyənin nizamnaməsi əsasında fəaliyyət göstərir.

4. Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

1) yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb, bələdiyyənin iclasına və ya yerli əhalinin müzakirəsinə çıxarmaq;

2) yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;

3) bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;

4) seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.

5. Daimi və başqa komissiyalar onları seçmiş bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona hesabat verir.

Maddə 18. Bələdiyyənin icra orqanı

Bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin sədrindən və onun bu Qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada formalaşdırdığı struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə müvafiq surətdə yaradılan digər icra strukturlarından ibarətdir.

Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir.

Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini Bələdiyyə Şurasının qərarına əsasən bələdiyyənin sədri təyin edir.

Maddə 19. Bələdiyyənin sədri və sədr müavini

1. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

2. Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

3. Bələdiyyənin sədri və onun müavinləri bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər.

4. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır.

5. Bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirir.

Maddə 20. Bələdiyyə üzvlərinin və bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin statusu

1. Bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir.

2. Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.

3. Bələdiyyə üzvünün səlahiyyətləri onun seçildiyi gündən başlanır və bələdiyyənin yeni tərkibinin işə başladığı gün qurtarır. Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsinin səlahiyyətləri onun vəzifəyə seçildiyi gündən başlanır və yeni vəzifəli şəxsin seçildiyi gün qurtarır.

4. Bələdiyyə üzvləri, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsləri bələdiyyənin nizamnaməsinə uyğun olaraq öz səlahiyyətlərini daimi əsasda icra edə bilərlər.

5. Öz səlahiyyətlərini daimi əsasda icra edən bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin bu vəzifələrdə çalışmaqla bağlı sosial təminatları Azərbaycan Respublikasının qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilir.

Maddə 21. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi əsasları

Bələdiyyə üzvlərinin səlahiyyətləri aşağıdakı hallarda itirilmiş hesab edilir:

1) barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

2) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

3) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;

4) vəfat etdikdə;

5) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

Maddə 22. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi əsasları

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir.

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər:

1) bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;

2) öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

3) bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

4) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda;

5) dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;

6) bələdiyyənin nizamnaməsində göstərilən müddətdə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda.

Maddə 23. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi qaydası

Bu Qanunun 21-ci və 22-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir.

Bu Qanunun 21-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 5-ci bəndlərində və 22-ci maddəsinin 1-ci, 3-cü, 5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyənin qərarı məhkəmənin qüvvəyə minmiş qərarından sonra qəbul edilir.

Maddə 24. Bələdiyyələrin digər orqanları və vəzifəli şəxsləri

Bələdiyyənin nizamnaməsində digər orqanların yaradılması və müvafiq vəzifəli şəxslərin təyin olunması nəzərdə tutula bilər.

Maddə 25. Bələdiyyə qulluğu

1. Bələdiyyə orqanlarında vəzifə tutan şəxslər bələdiyyə qulluqçularıdır.

2. Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.

3. Bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir.

IV fəsil

VətəndaşlarIn öz İradəsİnİ bİrbaşa İfadə etməsİ və yerlİ özünüİdarənİn həyata keçİrİlməsİnİn dİgər formalarI

Maddə 26. Yerli rəy sorğusu

1. Yerli əhəmiyyətli məsələlərə dair yerli rəy sorğusu təyin edilə bilər.

2. Yerli rəy sorğusunun keçirilməsi haqqında qərarı bələdiyyə nizamnaməsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya əhalinin tələbi əsasında qəbul edir.

3. Bələdiyyə ərazisində yaşayan və seçki hüququ olan bütün vətəndaşların yerli rəy sorğusunda iştirak etmək hüququ vardır. Yerli rəy sorğusunda vətəndaşlar bilavasitə və könüllülük əsasında iştirak edirlər.

4. Yerli rəy sorğusunda səsvermə gizli və ya açıq keçirilir, vətəndaşların öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir.

5. Yerli rəy sorğusunun təyin edilməsi və keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

Maddə 27. Bələdiyyələrə seçkilər

1. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.

2. Bələdiyyələrə seçkilər "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçirilir.

3. Azərbaycan Respublikasının dövlət orqanları bələdiyyələrə seçkilərin demokratik əsasda keçirilməsinə təminat verirlər.

Maddə 28. Vətəndaşların yığıncaqları

1. Əhalisi 500 nəfərdən az olan bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə həmin bələdiyyə ərazilərində vətəndaşlar öz yığıncaqlarını keçirə bilərlər.

2. Vətəndaşların yığıncaqlarında həmin bələdiyyə ərazisində yaşayan 18 yaşı tamam olmuş vətəndaşların iştirak etmək hüququ vardır.

3. Vətəndaşların yığıncaqlarında bələdiyyənin nizamnaməsi və başqa qərarlar qəbul edilir, dəyişdirilir və ləğv olunur.

4. Vətəndaşların yığıncaqları bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 25 faizi iştirak etdikdə səlahiyyətlidir.

Maddə 29. Əhalinin bələdiyyə aktları yaratmaq təşəbbüsü

Bələdiyyənin nizamnaməsinə uyğun olaraq, əhalinin yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Yerli əhəmiyyətli məsələlər barəsində əhalinin bələdiyyələrə verdiyi bələdiyyə aktlarının layihələri hökmən əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı, nəticələri rəsmən elan edilməlidir.

Maddə 30. Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciəti

1. Vətəndaşların bələdiyyələrə bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə fərdi və kollektiv surətdə müraciət etmək hüququ vardır.

2. Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər.

3. Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciətlərinə cavab verilməsi müddətlərinin və qaydasının pozulması bu Qanuna, Azərbaycan Respublikasının digər qanunlarına əsasən müvafiq məsuliyyətə səbəb olur.

Maddə 31. Yerli özünüidarənin həyata keçirilməsində əhalinin iştirakının digər formaları

Yerli özünüidarənin həyata keçirilməsində vətəndaşlar bu qanunla nəzərdə tutulmuş formalarla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, başqa qanunlara və bələdiyyənin nizamnaməsinə zidd olmayan digər formalarda da (məhəllə komitələri, assosiasiyalar, xeyriyyə təşkilatları və s.) iştirak edə bilərlər.

V fəsil

Yerlİ özünüİdarənİn İqtİsadİ əsaslarI

Maddə 32. Yerli özünüidarənin iqtisadi əsasları

1. Yerli özünüidarənin iqtisadi əsaslarını bələdiyyə mülkiyyəti, yerli maliyyə, dövlət mülkiyyətində olan və bələdiyyələrin istifadəsinə verilmiş bələdiyyə əhalisinin tələbatının ödənilməsinə xidmət edən əmlak təşkil edir.

2. Bələdiyyə öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir.

Maddə 33. Bələdiyyə mülkiyyəti

1. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

2. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.

3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

4. Qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər.

5. Bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur.

6. Bələdiyyə mülkiyyətindən yalnız Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş bələdiyyə vəzifələri üçün istifadə oluna bilər.

7. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun artmasına imkan yaradır.

Maddə 34. Bələdiyyələrin hüquqi şəxs yaratmaq hüququ

Qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər.

Maddə 35. Bələdiyyələrin yaratdıqları hüquqi şəxslərlə münasibətləri

1. Bələdiyyələr yaratdıqları hüquqi şəxslərin fəaliyyət məqsədlərini, şərtlərini və qaydasını müəyyənləşdirir, onların məhsulunun (xidmətlərinin) qiymətlərini və tariflərini tənzimləyir, nizamnamələrini təsdiq edir, rəhbərlərini təyin və azad edir, fəaliyyətinə dair hesabatlarını dinləyirlər.

2. Bələdiyyələrin yaratdıqları hüquqi şəxslərin rəhbərləri ilə münasibətləri mülki və əmək qanunvericiliyinə uyğun olaraq qurulur.

Maddə 36. Bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri

1. Bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri müqavilələr əsasında qurulur.

2. Qanuna uyğun olaraq bələdiyyə orqanları bələdiyyə ərazisinin kompleks sosial-iqtisadi inkişafında hüquqi və fiziki şəxslərin iştirakını əlaqələndirə bilərlər.

3. Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, bələdiyyələr hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyəti üçün məhdudiyyətlər müəyyənləşdirə bilməzlər.

Maddə 37. Bələdiyyə sifarişi

Bələdiyyələr öz maddi və maliyyə vəsaitlərindən istifadə edilməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, sosial infrastruktur obyektlərinin tikintisi və təmiri, müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi çıxış edə bilərlər.

Maddə 38. Bələdiyyələrin xarici iqtisadi fəaliyyəti

Bələdiyyələr yerli əhalinin mənafeyi üçün qanunla müəyyənləşdirilmiş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilər.

Maddə 39. Yerli büdcələr

1. Yerli büdcələr bələdiyyə büdcələrindən ibarətdir.

2. Yerli büdcələrin formalaşdırılmasını, təsdiqini və istifadə olunmasını, onların icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər.

Maddə 40. Yerli büdcənin mədaxili və məxarici

1. Yerli vergilər və ödənişlər, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsində və 144-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş əsaslarla qanunvericilik və icra hakimiyyətləri tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə ayrılmış müvafiq zəruri maliyyə vəsaiti, bələdiyyə əmlakının özəlləşdirilməsindən, bələdiyyə əmlakının icarəyə verilməsindən, yerli lotereyalardan, reklamlardan daxil olan vəsait, bələdiyyə müəssisə, idarə və təşkilatlarının mənfəətindən tutulan vergi, dotasiyalar, subvensiyalar, transfert, ödənişləri, qanuna və bələdiyyələrin qərarlarına müvafiq surətdə digər mədaxil, habelə bələdiyyələrin fəaliyyəti nəticəsində yaranan başqa vəsait yerli büdcələrin mədaxilini təşkil edir.

2. Bələdiyyələr yerli büdcələrin vəsaiti barəsində müstəqil sərəncam verirlər.

3. Yerli büdcələrin mədaxil və məxaric hissələrində yerli əhəmiyyətli məsələlərin həllinin və bələdiyyələrə icra hakimiyyəti tərəfindən verilən səlahiyyətlərin həyata keçirilməsinin maliyyələşdirilməsi ayrılıqda nəzərdə tutulur.

Maddə 41. Yerli büdcələrin təmin edilməsi

1. Qanuna uyğun olaraq Azərbaycan Respublikasının dövlət orqanları bələdiyyələrə verilmiş səlahiyyətlərin normal yerinə yetirilməsi kifayət edən yerli büdcələrin zəruri xərclərinin ödənilməsi üçün gəlir mənbələrini təsbit etmək yolu ilə bələdiyyələrin büdcələrini formalaşdırırlar.

2. Yerli büdcələrin mədaxil hissəsi Azərbaycan Respublikasının Dövlət büdcəsi qəbul edilərkən müvafiq bələdiyyələr üzrə hər il nəzərdə tutulur. Əgər minimum yerli büdcənin mədaxil hissəsi göstərilən gəlir mənbələri hesabına təmin edilə bilmirsə, onda Azərbaycan Respublikasının dövlət orqanları Azərbaycan Respublikası Dövlət büdcəsinin digər gəlir mənbələrini bələdiyyələrə verə bilərlər və bu zaman yerli büdcələrin əvvəlki ildən keçən sərbəst qalıqları hesaba alınmır.

3. Bələdiyyələr onların məşğuliyyət dairəsinə aid edilmiş sahələrdə əhalinin əsas yaşayış tələbatının ödənilməsini dövlət sosial standartlarından aşağı səviyyədə təmin edə bilməzlər. Bu standartların yerinə yetirilməsində dövlət Azərbaycan Respublikası vergilərinin və ayırmalarının müəyyən hissəsini yerli büdcələrin mədaxilinə təsbit etmək yolu ilə bələdiyyələrə kömək göstərə bilər.

4. Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 42. Ayrı-ayrı dövlət səlahiyyətlərinin həyata keçirilməsinin maliyyələşdirilməsi və bələdiyyə orqanının əlavə xərclərinin kompensasiyası

1. Bələdiyyələr tərəfindən ayrı-ayrı dövlət səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti hər il Azərbaycan Respublikasının Dövlət büdcəsində nəzərdə tutulur.

2. Azərbaycan Respublikası dövlət orqanlarının qəbul etdikləri qərarlar nəticəsində bələdiyyənin məxarici artıb mədaxili azalarsa, qərar qəbul etmiş orqanlar kompensasiya ödəyirlər. Kompensasiyanın məbləği müvafiq qərarın qəbul olunması ilə bir vaxtda müəyyənləşdirilir. Bələdiyyələrin əlavə xərclərinə səbəb olan dövlət orqanlarının qərarlarını bələdiyyələr onlara kompensasiya kimi verilmiş vəsait həddində həyata keçirirlər.

Maddə 43. Yerli vergilər və ödənişlər

1. Yerli vergiləri, ödənişləri, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının qanunlarına uyğun müəyyənləşdirirlər.

2. Əhali bilavasitə yerli rəy sorğusu yolu ilə, vətəndaşların yığıncaqlarında və ya bələdiyyələrin rəyini nəzərə almaqla, yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi üçün sakinlərin könüllü surətdə birdəfəlik vəsait verməsini nəzərdə tuta bilər.

3. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Maddə 44. Bələdiyyələrin təbii ehtiyatlardan istifadə üçün ödənişlər almaq hüququ

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bələdiyyələr öz ərazisində hasil edilən təbii ehtiyatların istifadəçilərindən haqq (o cümlədən natura şəklində) alırlar.

Maddə 45. Bələdiyyələrin büdcədənkənar fondları

Bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə məqsədli büdcədənkənar fondlar yarada bilərlər.

Maddə 46. Bələdiyyələrin kredit münasibətlərində iştirakı

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bələdiyyələr bələdiyyə lotereyaları buraxa bilər, kreditlər alıb-verə bilər, bələdiyyə bankları və digər maliyyə-kredit idarələri yarada bilərlər.

VI fəsil

Yerlİ özünüİdarənİn hüquqİ təmİnatlarI

Maddə 47. Yerli özünüidarənin hüquqlarını məhdudlaşdırmağın qadağan olunması

Yerli özünüidarənin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş hüquqlarının məhdudlaşdırılması qadağandır.

Konstitusiya quruluşunun qorunması, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə vətəndaşların yerli özünüidarəni həyata keçirmək hüquqları yalnız qanuna əsasən və qanunda müəyyənləşdirilmiş müddətə məhdudlaşdırıla bilər.

Maddə 48. Bələdiyyə qərarlarının məcburiliyi

1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

2. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.

3. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.

4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.

5. Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur.

Maddə 49. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin müraciətlərinə baxılması

Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin müraciətlərinə dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, digər şəxslər və onların vəzifəli şəxsləri bir ay müddətində baxmalıdırlar.

Maddə 50. Yerli özünüidarənin məhkəmə müdafiəsi

Bələdiyyənin ərazisində yaşayan vətəndaşlar, bələdiyyələr, bələdiyyə orqanları və bələdiyyə orqanlarının vəzifəli şəxsləri dövlət hakimiyyəti orqanlarının və dövlətin vəzifəli şəxslərinin, bələdiyyələrin, bələdiyyə orqanlarının və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin, bələdiyyənin yaratdığı hüquqi şəxslərin, habelə ictimai birliklərin yerli özünüidarənin hüquqlarını pozan aktlarının etibarsız sayılması barədə məhkəməyə iddia verə bilərlər.

VII fəsil

Bələdİyyələrİn, bələdİyyə orqanlarInIn və onlarIn vəzİfəlİ şəxslərİnİn məsulİyyətİ, onlarIn fəalİyyətİnə nəzarət

Maddə 51. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti

Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə və hərəkətsizliyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

Maddə 52. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətinə inzibati nəzarət

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir.

Maddə 53. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən məhkəməyə şikayət verilməsi

Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər.

VIII fəsil

Yekun və keçİd müddəalarI

Maddə 54. Bələdiyyə mülkiyyətinin formalaşması

1. Dövlət yerli əhəmiyyətli məsələlərin həlli üçün zəruri olan torpaq payı və dövlət mülkiyyəti obyektlərini bələdiyyələrin mülkiyyətinə verir.

2. Dövlət mülkiyyəti obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi ilə bağlı yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.

3. Bələdiyyə ərazisində bələdiyyə mülkiyyətinin olmaması bələdiyyə yaratmaqdan imtina edilməsinə əsas vermir.

Maddə 55. Vətəndaşların ilk yığıncağının çağırılması

Vətəndaşların ilk yığıncağını təşəbbüs qrupu çağırır. Təşəbbüs qrupunun yaradılması, vətəndaşların yığıncaqlarının çağırılması, keçirilməsi qaydaları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatı ilə tənzimlənir.

Maddə 56. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 2 iyul 1999-cu il
№ 698-IQ