Azərbaycan Respublikasında dövlət
idarəçiliyinin təkmilləşdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikasında dövlət idarəçiliyini
daha da təkmilləşdirmək, dövlət
orqanlarının və qurumlarının fəaliyyətini
optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən
səmərəli istifadəni təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun və
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri
özünümaliyyələşdirmə prinsipi əsasında
həyata keçirilməklə yenidən təşkil
edilsin.
2. Azərbaycan Respublikasının
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi, Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu və Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzi ləğv edilsin, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Sirrinin
Mühafizəsi üzrə İdarələrarası
Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən
İşçi Qrupu, Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının
İşçi Qrupu, habelə Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurasının
Katibliyi ləğv edilsin və onun
fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə
yenidən təşkil edilsin.[1]
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
3.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.4. Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsi ilə birlikdə bu Fərmanın
2-ci hissəsində nəzərdə tutulan dövlət
orqanlarının və qurumlarının balanslarında olan
dövlət əmlakına münasibətdə “Dövlət
əmlakının qorunub saxlanılması və səmərəli
istifadə edilməsinin təkmilləşdirilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586
nömrəli Fərmanına uyğun olaraq tədbirlər
görüb üç ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Fərmanın 1-ci hissəsinə
uyğun olaraq təkliflərini və müvafiq normativ
hüquqi aktların layihələrini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.6. bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin.
4. Bu Fərmanın 2-ci hissəsində
nəzərdə tutulan komissiyalara və Tarif (qiymət)
Şurasına tapşırılsın ki, müvafiq
işçi qrup və katiblikləri həmin komissiyaların
və Tarif (qiymət) Şurasının üzvlərinin təmsil
etdikləri dövlət orqanlarının (qurumlarının)
nümayəndələrindən ibarət tərkibdə
formalaşdırsın, onların əsasnamələrini təsdiq
etsin və bu barədə bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin.
5. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2019-cu il
№ 464
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 may 2019-cu il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 5, maddə 861)
2.
12 fevral 2021-ci il tarixli 1286 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 fevral 2021-ci il, № 33)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 23 may
2019-cu il tarixli 709 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 5, maddə 861) ilə 2-ci hissəsindən
“Azərbaycan
Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyasının daimi fəaliyyət
göstərən İşçi Qrupu,” sözləri
çıxarılmışdır.
12 fevral 2021-ci il tarixli 1286 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 13 fevral 2021-ci il, №
33) ilə 2-ci hissəsindən “Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Sirrinin
Mühafizəsi üzrə İdarələrarası
Komissiyanın Katibliyi, Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının
İşçi Qrupu, habelə” sözləri çıxarılmışdır
və həmin hissədə “onların”
sözü “onun” sözü
ilə əvəz edilmişdir.