Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın fəaliyyətini təşkil etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın aşağıdakı tərkibi təsdiq edilsin: [1]

 

Komissiyanın sədri[2]

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikasının müdafiə naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 9 dekabr 1999-cu il

224

 


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında

 

Əsasnamə

 

1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya (bundan sonra İdarələrarası Komissiya) Azərbaycan Respublikası Prezidentinin Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanı ilə yaradılmışdır.

2. İdarələrarası Komissiya dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin həyata keçirilməsini təmin edən, dövlət proqramlarının, normativ hüquqi aktlarının və metodik sənədlərinin işlənib hazırlanması və yerinə yetirilməsi naminə dövlət sirrinin mühafizəsi sahəsində dövlət hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirən kollegial orqandır.

3. İdarələrarası Komissiyanın əsas vəzifəsi dövlət sirrinin mühafizəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə olunmuş funksiyalara müvafiq təşkil və təmin etməkdən ibarətdir.

4. İdarələrarası Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

5. İdarələrarası Komissiya öz vəzifəsini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikası və ya mərkəzi icra hakimiyyəti orqanı üzrə dövlətin təhlükəsizliyinə ziyan vurulmaqla nəticələndiyi hallarda məlumatların yayılması faktı üzrə materiallara baxır və rəy verir; [3]

qanunla müəyyən olunmuş dövlət sirri təşkil edən məlumatlar siyahısına və məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsi prinsipinə uyğun olaraq, habelə dövlət hakimiyyəti orqanlarının təklifləri nəzərə alınmaqla, dövlət sirrinə aid edilən məlumatların siyahısını tərtib edir və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; [4]

Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanununun həyata keçirilməsini təmin edən dövlət proqramlarını, normativ hüquqi və metodiki sənədləri işləyib hazırlayır və ya müəyyən edilmiş qaydada təsdiq edilmək üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir;

Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi və hüquqi tənzimlənməsi barədə təklifləri Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

fondyaradıcı təşkilat ləğv edildikdə və onun hüquqi varisi olmadıqda, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyinin açılması qaydasına dair qərarı qəbul edir; [5]

dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə, təşkilatların və vətəndaşların dövlət sirrinə aid edilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada baxır; [6]

dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsinin mümkünlüyü haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə ekspert rəyi verir; [7]

Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda dövlət sirri təşkil edən məlumat daşıyıcılarını başqa dövlət hakimiyyət orqanı, müəssisə, idarə və ya təşkilatına verilməsi barədə göstəriş verir; [8]

hərbi və fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən dövlət sirri təşkil edən məlumatların birgə mühafizəsi və istifadəsi haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin layihələrinə baxır, müvafiq təkliflər və ekspert rəyləri hazırlayır və bu məsələlərlə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;

dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumat siyahılarının dəyişdirilməsinə dair qərarlara (bu qərarlar dövlət sirrinə aid edilən məlumatlar siyahısına dəyişiklik edilməsi ilə bağlı olduqda) razılıq verir, bu qərarları dayandırır və onlara etiraz edir; [9]

dövlət sirrini təşkil edən məlumatların məxfilik müddətinin uzadılması məsələsinə dair rəy verir; [10]

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll edir.

6. İdarələrarası Komissiyaya sədr başçılıq edir. İdarələrarası Komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin və azad edilir.

İdarələrarası Komissiyanın tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

7. İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün İdarələrarası Komissiyanın Katibliyi (bundan sonra - Katiblik) yaradılır. [11]

Katiblik dövlət orqanıdır və onun işçiləri dövlət qulluqçularıdır.

Katibliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

Katiblik:

İdarələrarası Komissiyanın qərarlarının icrasına nəzarət edir;

dövlət sirri haqqında qanunvericiliyin həyata keçirilməsi sahəsində dövlət qurumlarının fəaliyyətini əlaqələndirir;

Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İdarələrarası Komissiyaya verdikləri tapşırıqların icrasını təmin edir;

dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə dövlət sirri haqqında qanunvericiliyin yerinə yetirilməsi sahəsində dövlət qurumlarının fəaliyyətini öyrənir;

dövlət sirrinin mühafizəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müvafiq təşkilatlarla əməkdaşlıq edir;

dövlət sirrinin mühafizəsi ilə bağlı məsələlərin həll edilməsi məqsədi ilə idarələrarası işçi və ekspert qruplarının yaradılmasına, habelə ayrı-ayrı təşkilatların, o cümlədən mütəxəssislərin işə cəlb edilməsinə dair təkliflər hazırlayır və baxılmaq üçün İdarələrarası Komissiyaya təqdim edir;

İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı İdarələrarası Komissiyanın ona həvalə etdiyi digər funksiyaları həyata keçirir.

8. İdarələrarası Komissiyanın sədri:

müəyyən olunmuş qaydada mərkəzi icra hakimiyyəti orqanlarından, yerli özünüidarəetmə orqanlarından, müəssisə, idarə və təşkilatlardan İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı zəruri məlumatları, sənədləri və materialları ala bilər;

İdarələrarası Komissiyanın fəaliyyətini təmin edən idarələrarası ekspert qrupları yaradır;

müqavilə əsasında dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatları və ayrı-ayrı mütəxəssisləri ekspert, tədqiqat və analitik işlərin aparılması üçün cəlb edir;

Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Katibliyin rəhbərini vəzifəyə təyin və vəzifədən azad edir, işçi qrupu rəhbərinin təqdimatı əsasında işçi qrupunun işçilərini qəbul və azad edir. [12]

9. İdarələrarası Komissiyanın iclasları İdarələrarası Komissiyanın sədri tərəfindən təsdiq olunmuş plan əsasında keçirilir. Zəruri hallarda İdarələrarası Komissiya sədrinin təşəbbüsünə əsasən növbədənkənar iclaslar keçirilə bilər.

İdarələrarası Komissiyanın iclaslarında Komissiya üzvlərinin iştirakı vacibdir. Onlar öz səlahiyyətlərini başqa vəzifəli şəxslərə verə bilməzlər. İdarələrarası Komissiyanın üzvünün iclasda iştirak etməsi mümkün olmadıqda müzakirə edilən məsələlər barədə onun fikri yazılı surətdə təqdim olunur.

10. İdarələrarası Komissiyanın öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlarının icrası dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar, vəzifəli şəxslər üçün məcburidir.

11. İdarələrarası Komissiyanın üzvləri qərar qəbul edilməsində eyni hüquqlara malikdirlər.

İdarələrarası Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda onun xüsusi rəyi mütləq iclas protokoluna əlavə edilir.

12. İdarələrarası Komissiyanın üzvləri ictimai əsaslar əsasında fəaliyyət göstərirlər.

13. İdarələrarası Komissiyanın və Katibliyinin maddi-texniki təchizatı dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.         15 yanvar 2002-ci il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 1, maddə 22)

2.         25 iyun 2004-cü il tarixli 79 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 6, maddə 436)

3.         28 iyul 2004-cü il tarixli 95 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 7, maddə 534)

4.         10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 25 oktyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 910)

5.         3 iyul 2006-cı il tarixli 424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 7, maddə 588)

6.         12 mart 2007-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 3, maddə 229)

7.         2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 1027)

8.         29 sentyabr 2015-ci il tarixli 628 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 30 sentyabr 2015-ci il, 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 9, maddə 1015)

9.         1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 11, maddə 1301)

10.     16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 17 avqust 2016-cı il, 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1384)

11.     8 may 2017-ci il tarixli 1368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 772)

12.     7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 avqust 2017-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1521)

13.     5 fevral 2018-ci il tarixli 1811 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 6 fevral 2018-ci il, 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 2, maddə 175)

14.     2 sentyabr 2019-cu il tarixli 828 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 3 sentyabr 2019-cu il, 192)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 iyul 2004-cü il tarixli 95 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 7, maddə 534) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibindən Namiq Abbasov çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

 

Namiq Abbasov

- Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

 

3 iyul 2006-cı il tarixli 424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 7, maddə 588) ilə 2-ci bəndində Əvəz Ələkbərov - Azərbaycan Respublikasının maliyyə naziri sözləri Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri sözləri ilə əvəz edilmişdir.

 

25 iyun 2004-cü il tarixli 79 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 6, maddə 436) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibindən Vilayət Quliyev çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

Vilayət Quliyev

- Azərbaycan Respublikasının xarici işlər naziri

 

15 yanvar 2002-ci il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 1, maddə 22) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibindən Namiq Nəsrullayev çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

Namiq Nəsrullayev

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

25 iyun 2004-cü il tarixli 79 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 6, maddə 436) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibindən Nadir Əhmədov çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Nadir Əhmədov

- Azərbaycan Respublikasının rabitə naziri

 

15 yanvar 2002-ci il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 1, maddə 22) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibindən Siruz Təbrizli, Südabə Həsənova, Azad Mirzəcanzadə, Surxay Tağıyev, Adil Sultanov çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

Siruz Təbrizli

- Azərbaycan Respublikasının mətbuat və informasiya naziri

Südabə Həsənova

- Azərbaycan Respublikasının ədliyyə naziri

Azad Mirzəcanzadə

- Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin sədri

Surxay Tağıyev

- Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi sədrinin müavini

Adil Sultanov

- Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin sədri

 

25 iyun 2004-cü il tarixli 79 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 6, maddə 436) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibindən Elman Qənbərov çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

Elman Qənbərov

- Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəisi

 

15 yanvar 2002-ci il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 1, maddə 22) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibinə aşağıdakı şəxslər daxil edilmişdir:

 

Hüseynqulu Bağırov

- Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Fərhad Əliyev

- Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Fikrət Məmmədov

- Azərbaycan Respublikasının ədliyyə naziri

Qərib Məmmədov

- Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Arif Vəliyev

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Mahmud Kərimov

- Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

25 iyun 2004-cü il tarixli 79 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 6, maddə 436) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibinə aşağıdakı şəxslər daxil edilmişdir:

 

Əli Abbasov

- Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Elmar Məmmədyarov

- Azərbaycan Respublikasının xarici işlər naziri

 

28 iyul 2004-cü il tarixli 95 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 7, maddə 534) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibinə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov daxil edilmişdir.

 

29 sentyabr 2015-ci il tarixli 628 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 30 sentyabr 2015-ci il, 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 9, maddə 1015) ilə 2-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın sədri:

Yaqub Eyyubov

- Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

(Çıxarılıb)

 

Səfər Əbiyev

- Azərbaycan Respublikasının müdafiə naziri

Samir Şərifov

- Azərbaycan Respublikasının maliyyə naziri[1]

(Çıxarılıb)

 

(Çıxarılıb)

 

(Çıxarılıb)

 

(Çıxarılıb)

 

Fərəməz Maqsudov

- Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti

Natiq Əliyev

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

(Çıxarılıb)

 

Hüseynqulu Bağırov

- Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Fərhad Əliyev

- Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Fikrət Məmmədov

- Azərbaycan Respublikasının ədliyyə naziri

Qərib Məmmədov

- Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Arif Vəliyev

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Mahmud Kərimov

- Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əli Abbasov

- Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Elmar Məmmədyarov

- Azərbaycan Respublikasının xarici işlər naziri

Eldar Mahmudov

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 11, maddə 1301) ilə 2-ci hissəsində Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri sözləri Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini sözləri ilə əvəz edilmişdir.

 

8 may 2017-ci il tarixli 1368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 772) ilə 2-ci hissəsində milli təhlükəsizlik nazirinin birinci müavini sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 17 avqust 2016-cı il, 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1384) ilə 2-ci hissədən və sənaye sözləri çıxarılmışdır.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 avqust 2017-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1521) ilə 2-ci hissədə Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri sözləri Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri sözləri ilə əvəz edilmişdir.

8 may 2017-ci il tarixli 1368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 772) ilə 2-ci hissəsinə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri sözlərindən sonra yeni məzmunda yeni abzas əlavə edilmişdir.

 

[2] 2 sentyabr 2019-cu il tarixli 828 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 3 sentyabr 2019-cu il, 192) ilə 2-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

Komissiyanın sədri

 

Yaqub Eyyubov

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.

 

Komissiyanın üzvləri:

 

Mədət Quliyev

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Zakir Həsənov

Azərbaycan Respublikasının müdafiə naziri

Fikrət Məmmədov

Azərbaycan Respublikasının ədliyyə naziri

Elmar Məmmədyarov

Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Samir Şərifov

Azərbaycan Respublikasının maliyyə naziri

Ramin Quluzadə

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Ramil Usubov

Azərbaycan Respublikasının daxili işlər naziri

Yavər Camalov

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Orxan Sultanov

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Vaqif Axundov

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Elçin Quliyev

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Akif Əlizadə

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Rövnəq Abdullayev

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.

 

[3] 10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 25 oktyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 910) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin 5-ci bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula bilən zərərin miqdarının müəyyənləşdirilməsi qaydasına və göstərilən məlumatların bu və ya başqa məxfilik dərəcəsinə aid edilməsi qaydalarına dair təkliflərini hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

 

[4] 10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 25 oktyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 910) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin 5-ci bəndinin üçüncü abzasında dövlət sirrinə aid edilən məlumatların və həmin məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyət orqanlarının sözləri qanunla müəyyən olunmuş dövlət sirri təşkil edən məlumatlar siyahısına və məlumatların dövlət sirrinə aid edilməsi və məxfiləşdirilməsi prinsipinə uyğun olaraq, habelə dövlət hakimiyyəti orqanlarının təklifləri nəzərə alınmaqla, dövlət sirrinə aid edilən məlumatların sözləri ilə əvəz edilmişdir.

 

[5] 10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 25 oktyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 910) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin 5-ci bəndinin altıncı abzasında qaydası haqqında məsələyə baxır sözləri qaydasına dair qərarı qəbul edir sözləri ilə əvəz edilmişdir.

 

[6] 10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 25 oktyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 910) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin 5-ci bəndinin yeddinci abzasında mərkəzi icra sözləri dövlət sözü ilə əvəz edilmişdir.

 

[7] 10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 25 oktyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 910) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin 5-ci bəndinin səkkizinci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının verilməsi mümkünlüyü haqqında ekspert rəyi verir;

 

12 mart 2007-ci il tarixli 550 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 3, maddə 229) ilə 5-ci bəndinin səkkizinci abzasında "dövlətlərə" sözü "dövlətlərə və beynəlxalq təşkilatlara" sözləri ilə əvəz edilmişdir.

 

[8] 10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 25 oktyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 910) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin 5-ci bəndinin doqquzuncu və onuncu abzasları çıxarılmışdır. Bəndin əvvəlki on birinci - on dördüncü abzasları müvafiq olaraq doqquzuncu - on ikinci abzaslar hesab edilmişdir. Doqquzuncu və onuncu abzasların əvvəlki redaksiyasında deyilirdi:

dövlət sirrini təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula bilən zərərin miqdarının müəyyənləşdirilməsi qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

dövlət sirrini təşkil edən məlumatların məxfilik dərəcəsinə aid edilməsi qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

 

[9] 10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 25 oktyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 910) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin 5-ci bəndinin on ikinci abzasına qərarlara sözündən sonra (bu qərarlar dövlət sirrinə aid edilən məlumatlar siyahısına dəyişiklik edilməsi ilə bağlı olduqda) sözləri əlavə edilmişdir.

 

[10] 10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 25 oktyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 910) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin 5-ci bəndinin on beşinci abzası çıxarılmışdır. Bəndin əvvəlki on altıncı və on yeddinci abzasları müvafiq olaraq on üçüncü və on dördüncü abzaslar hesab edilmişdir. On beşinci abzasın əvvəlki redaksiyasında deyilirdi:

 

məlumatın mühafizə vasitələrinin sertifikasiyası işlərini əlaqələndirir;

 

[11] 5 fevral 2018-ci il tarixli 1811 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 6 fevral 2018-ci il, 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 2, maddə 175) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin 7-ci hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

7. İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün onun nəzdində işçi qrupu yaradılır.

 

[12] 5 fevral 2018-ci il tarixli 1811 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 6 fevral 2018-ci il, 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 2, maddə 175) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin 8-ci hissənin beşinci abzasında və 13-cü hissədə ismin müvafiq hallarında işçi qrupu sözləri ismin müvafiq hallarında Katiblik sözü ilə əvəz edilmişdir.