Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə [1]

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. bir ay müddətində:

2.1.1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunun sistemi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. iki ay müddətində Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müasir tələblərə uyğun olaraq inkişafını təmin etmək məqsədi ilə Dövlət Proqramının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" (2003-2012-ci illər) üzrə işlərin koordinasiyası Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilsin.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2004-cü il
¹ 111

Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında
ƏSASNAMƏ

I. Ümumİ müddəalar

1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli 94 nömrəli Sərəncamı ilə yaradılmışdır.

2. Nazirlik Azərbaycan Respublikasında rabitə (telekommunikasiya, poçt) və informasiya texnologiyaları sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən, normativ huquqi tənzimlənməni, rabitənin və informasiya texnologiyalarının inkişafını təmin edən, bu sahələrdə digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır.

3. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

4. Nazirlik öz fəaliyyətini bilavasitə və tabeliyində olan qurumları vasitəsi ilə həyata keçirir. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sisteminə Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi daxildir.

5. Nazirlik bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaları yerinə yetirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə qarşılıqlı fəaliyyət göstərir.

6. Nazirlik müstəqil balansa, qanunvericiliyə müvafiq olaraq sərəncamında olan dövlət əmlakına, bank idarələrində müvafiq hesablara, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

7. Nazirliyin mərkəzi aparatının saxlanılması xərcləri Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

8. Nazirlik Bakı şəhərində yerləşir.

II. Nazİrlİyİn əsas vəzİfələrİ

9. Nazirliyin əsas vəzifələri aşağıdakılardır:

9.1. rabitə və informasiya texnologiyaları sahəsində vahid dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

9.2. rabitə və informasiya texnologiyaları sahəsində dövlət tənzimlənməsini həyata keçirmək;

9.3. informasiya texnologiyalarının kütləvi istifadə edilməsi yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranmasını, informasiyanın əmtəəyə çevrilməsini, informasiya bazarının formalaşdırılmasını təmin edən tədbirlər görmək;

9.4. rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən fəaliyyət, o cümlədən radiotezliklər spektrinin istifadəsi, habelə yerüstü peyk rabitə avadanlıqlarının istismarı və fəaliyyəti üzərində dövlət nəzarətini təmin etmək;

9.4-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;[2]

9.5. dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin rabitə və informasiya texnologiyaları xidmətlərinə olan tələbatlarının ödənilməsi üçün zəruri olan tədbirləri hazırlamaq və həyata keçirilməsində iştirak etmək;

9.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

III. Nazİrlİyİn funksİyaları

10. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

10.1. rabitə vasitələrinin və xidmətlərinin, informasiya texnologiyalarının inkişafının proqnozları əsasında rabitə və informasiya texnologiyalarının inkişaf konsepsiyalarını hazırlayır və həyata keçirilməsini təşkil edir;

10.2. rabitə və informasiya texnologiyaları sahəsində dövlət proqramlarını hazırlayır və onların yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;

10.3. rabitə və informasiya texnologiyaları sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;

10.4. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə normativ hüquqi aktları və sahə standartlarını hazırlayıb təsdiq edir;

10.5. tabeliyində olan qurumlar vasitəsi ilə Azərbaycan Respublikasının bütün ərazisində keyfiyyətli və etibarlı rabitə xidmətləri göstərilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;

10.6. qanunvericiliyə uyğun olaraq Nazirliyin fəaliyyət sahəsinə aid olan məsələlərə dair tarif siyasətinin formalaşdırılmasında iştirak edir, bu sahədə dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər verir və bununla bağlı səlahiyyətləri daxilində zəruri tədbirlər görür;

10.7. rabitə və informasiya texnologiyaları sahəsində qanunvericiliyə müvafiq olaraq səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirir;

10.8. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı məqsədi ilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elmi-texniki siyasəti işləyib hazırlayır və həyata keçirir;

10.9. yeni texnologiyaların tətbiq edilməsi, rabitə və informasiya xidmətlərinin göstərilməsi üçün müxtəlif təyinatlı sistemlərin yaradılması, rabitə və informasiya texnologiyaları sahəsində yeni növ xidmətlərin göstərilməsi işlərinin təşkilini və koordinasiyasını həyata keçirir;

10.10. qanunvericiliklə müəyyən edilmiş qaydada rabitə və informasiya texnologiyaları sahəsi ilə əlaqədar beynəlxalq konvensiyalara və sazişlərə Azərbaycan Respublikasının qoşulması barədə təkliflər verir;

10.11. öz səlahiyyətləri daxilində rabitə və informasiya texnologiyaları sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar və sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür;

10.12. müəyyən edilmiş hallarda və qaydada rabitə və informasiya texnologiyaları sahəsində beynəlxalq təşkilatlarda təmsilçiliyi və onlarla əməkdaşlığı həyata keçirir;

10.13. Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinin müəyyən edilmiş qaydada müvafiq fəaliyyət sahəsində nəzərə alınması üçün tədbirlər görür;

10.14. rabitə sahəsində baza magistral və lokal qoşulma şəbəkəsindən digər operatorların istifadəsi və qarşılıqlı hesablaşma prinsipləri ilə bağlı təkliflər işləyib hazırlayır;

10.15. qanunvericiliklə müəyyən edilmiş qaydada rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müəssisələrlə qarşılıqlı münasibətlər qurur;

10.16. nazirlik və tabeliyində olan qurumlar üzrə sosial-iqtisadi inkişaf proqnozlarını hazırlayır və icrasını təmin edir;

10.17. dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin telekommunikasiya və poçt rabitə xidmətlərinə, eləcə də informasiya texnologiyalarına olan tələbatının ödənilməsi üçün səlahiyyətləri daxilində tədbirlər görür;

10.18. rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlətin maraqlarını təmsil edir və öz səlahiyyətləri daxilində onların fəaliyyətinə nəzarəti həyata keçirir;

10.18-1. poçt xidməti göstərən müəssisələrə münasibətdə qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirir;[3]

10.19. dövlət büdcəsi, kreditlər, qrantlar, texniki yardımlar və digər mənbələr hesabına Nazirliyin sərəncamına daxil olan vəsaitlərin təyinatı üzrə istifadə edilməsini, investisiya layihələri üzrə müsabiqə sənədlərinin hazırlanmasını təşkil edir və qanunvericiliyə uyğun olaraq müsabiqələrin keçirilməsini təmin edir;

10.20. rabitə və informasiya texnologiyaları sahəsində dövlət əhəmiyyətli obyektlərin tikintisi barədə aidiyyatı dövlət orqanlarına təkliflər verir;

10.21. telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi üçün tədbirlər görür;

10.22. nazirliyin obyektlərinin inşası, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsi məqsədilə hazırlanmış texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinə rəy verir, həmin obyektlərdə və digər dövlət əhəmiyyətli rabitə və informasiya-kommunikasiya obyektlərində tikinti və əsaslı təmir işlərinin aparılması, obyektlərin istismara qəbulu üçün işçi qrupların və dövlət qəbul komissiyalarının yaradılması barədə təkliflər verir və onların işində iştirak edir;

10.23. öz səlahiyyətləri daxilində rabitə obyektlərində qanunvericiliklə müəyyən edilmiş qaydada məxfilik rejiminin qorunmasına və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə nəzarət edir;

10.24. öz səlahiyyətləri daxilində qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsində informasiya təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirir;

10.25. öz səlahiyyətləri daxilində rabitə obyektlərinin mühafizəsini təşkil edir və fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasında iştirak edir;

10.26. fövqəladə hallar şəraitində qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsinin dayanıqlı işinin təmin olunması üçün material ehtiyatlarının yığılması planlarını hazırlayır və həyata keçirilməsində iştirak edir;

10.27. ümumi istifadəli rabitə şəbəkələrində yükün (trafikin) buraxılması qaydalarını, eləcə də mülkiyyət formasından asılı olmayaraq bütün rabitə operatorları arasında buraxılan yükə görə qarşılıqlı hesablaşma prinsiplərini müəyyən edir;

10.28. beynəlxalq yükün (trafikin) mübadiləsi üzrə xarici dövlətlərin rabitə operatorları ilə qarşılıqlı hesablaşmaların aparılmasına nəzarət edir;

10.29. rabitə operatorlarının Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsinə qoşulma prinsiplərini və qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edir;

10.30. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və qaydada öz səlahiyyətləri daxilində qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsinin mərkəzləşmiş şəkildə idarə olunmasını həyata keçirir;

10.31. Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsinə qoşulmuş operatorların qarşılıqlı fəaliyyətinə nəzarət edir və şəbəkəyə qoşulma ilə əlaqədar yaranan mübahisələrin öz səlahiyyətləri daxilində həlli üçün tədbirlər görür;

10.32. Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan rabitə şəbəkəsində tətbiq olunan rabitə və informasiya avadanlığı üçün texniki tələbləri müəyyən edir və yeni texnologiyaların tətbiqi üçün tədbirlər görür;

10.33. istehlakçıların hüquqlarının qorunması məqsədi ilə rabitə və informasiya texnologiyaları sahəsində xidmət göstərən müəssisələr tərəfindən qüvvədə olan normativlərə uyğun olaraq əhalinin tələbatının ödənilməsini təhlil edir və öz səlahiyyətləri daxilində tədbirlər görür;

10.34. rabitə və informasiya texnologiyaları sahəsində sahibkarlığın inkişafına kömək göstərir və sağlam rəqabətə lazımi şəraitin yaradılması üçün öz səlahiyyətləri daxilində tədbirlər görür, nazirliyin fəaliyyət sahəsində sahibkarlığın inkişaf etdirilməsi ilə əlaqədar təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;

10.35. Azərbaycan Respublikasının ərazisində rabitə və informasiya texnologiyaları ilə əlaqədar nəzərdə tutulmuş layihə sənədlərinin dövlət ekspertizasını təşkil edir;

10.36. informasiya texnologiyaları sahəsində elmi-texniki və istehsalat potensialının yüksəldilməsi üçün lazım olan tədbirlərin hazırlanmasında və tətbiq edilməsində iştirak edir;

10.37. elektron hökumətin formalaşdırılması və inkişaf etdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;

10.37-1. “Elektron hökumət” portalının yaradılmasını, idarə olunmasını, fəaliyyətini və inkişafını təmin edir; [4]

10.38. elektron iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;

10.39. milli informasiya resurslarının formalaşdırılması və inkişaf etdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;

10.40. informasiya texnologiyalarını istifadə etməklə sosial yönümlü sahələrin inkişaf etdirilməsinə dair tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

10.41. ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi və qanunvericiliyə müvafiq olaraq məlumatların qorunması sahəsində səlahiyyətləri daxilində tədbirlər görür;

10.42. rabitə və informasiya texnologiyaları sistemlərinin dayanıqlı işinin təmin olunması üçün təşkilati-metodiki işləri həyata keçirir;

10.43. rabitə və informasiya texnologiyaları sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;[5]

10.44. informasiya cəmiyyətinə keçid üçün qanunvericilik bazasının formalaşdırılmasında və təkmilləşdirilməsində iştirak edir;

10.45. dövlət informasiya sistemlərinin, informasiya resurslarının formalaşdırılmasında iştirak edir və zəruri olan tədbirləri görür;

10.46. Azərbaycan Respublikasının ərazisində İNTERNET-in inkişafı üçün zəruri olan tədbirləri görür və bu sahədə fəaliyyət göstərən qurumlara köməklik göstərir;

10.47. regional və yerli informasiya mərkəzlərinin yaradılması və fəaliyyətinin səmərəli təşkili üçün köməklik göstərir;

10.48. informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının inkişaf etdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;

10.49. Azərbaycan Respublikasının ərazisində dövlət radio və televiziya proqramlarının yayımını qanunvericiliyə uyğun olaraq təşkil edir;

10.50. Azərbaycan Respublikasının daxili şəbəkəsinin və beynəlxalq şəbəkənin Azərbaycan seqmentinin poçt, rabitə və informasiya şəbəkələri üçün nömrələnmə planını, nömrələnmə ehtiyatlarından istifadə olunma, paylanma qaydalarını müəyyən edir, ölkə kodu yüksək səviyyəli domen adlarının qeydiyyatı qaydalarını əlaqəli qurumları cəlb etməklə müəyyən edir və onunla bağlı məsələlərin tənzimlənməsini öz səlahiyyətləri daxilində həyata keçirir;

10.51. səlahiyyətləri daxilində Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsində və mühafizəsinin həyata keçirilməsində iştirak edir;

10.52. qanunvericiliyə müvafiq olaraq rabitə vasitələrinin sertifikatlaşdırma işlərinin təşkilini təmin edir;

10.53. rabitə və informasiya texnologiyaları vasitələri istehsal edən müəssisə və təşkilatlara qabaqcıl texnologiyaların tətbiqi sahəsində, xarici istehsalçılarla və investorlarla əlaqələrinin qurulmasında səlahiyyətləri daxilində köməklik göstərir;

10.54. kabel şəbəkəsinin yaradılmasını, inkişafını, təkmilləşdirilməsini, kabel yayım siqnalları sisteminin istismarını, tezlik və kanalların istifadəyə verilməsini digər dövlət orqanları ilə qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir;

10.55. ölkə daxilində poçt rabitəsi təşkilatları arasında qanunvericiliklə müəyyən edilmiş qaydada qarşılıqlı hesablaşma (həmçinin köçürmə əməliyyatları) prinsiplərini müəyyən edir;

10.56. ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq, beynəlxalq poçt mübadiləsi üzrə xarici dövlətlərin poçt müdiriyyətləri ilə hesablaşmaların aparılmasına nəzarət edir;

10.57. dövlət poçt ödəniş nişanələrinin (poçt markalarının) nümunələrini, nominalını və tirajını müəyyən edir, onların nəşrini və yayılmasını təşkil edir;

10.58. Azərbaycan Respublikasının ərazisində poçt rabitəsi obyektləri üçün poçt indekslərini müəyyən edir;

10.59. beynəlxalq poçt göndərişlərinin işlənməsi və çatdırılması üzrə proseduru müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə müəyyən edir;

10.60. müəyyən edilmiş qaydada poçt göndərişlərində reklamın yerləşdirilməsinə icazə (razılıq) verir;

10.61. rabitə və informasiya texnologiyaları sahəsi ilə bağlı tabeliyində olan qurumların fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində tədbirlər həyata keçirir;

10.62. tabeliyində olan qurumların istismar və maliyyə vəziyyətini təhlil edir, onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər verir və səlahiyyətləri daxilində tədbirlər görür;

10.63. öz səlahiyyətləri daxilində fəaliyyət sahəsində əməyin mühafizəsi haqqında qaydalar və əmək şəraitinin yaxşılaşdırılması üzrə məqsədli proqramlar hazırlayır və həyata keçirir;

10.64. nazirliyin işçilərinin sosial vəziyyətinin və mədəni-məişət şəraitinin yaxşılaşdırılmasının təmin edilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;

10.65. qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

IV. Nazİrlİyİn hüquqları

11. Nazirliyin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

11.1. Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi ilə bağlı normativ hüquqi aktlarının hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflərlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmək, rabitə və informasiya texnologiyaları sahəsinin vəziyyəti və inkişafı ilə əlaqədar analitik materiallar və təkliflər təqdim etmək;

11.2. səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyə orqanlarından, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada zəruri məlumatlar və arayışlar tələb etmək;

11.3. fövqəladə hallarda səlahiyyətlərinə aid edilmiş məsələlərin həlli üçün müəyyən edilmiş qaydada mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün operatorların rabitə və informasiya texnologiyalarından istifadə etmək;

11.4. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada rabitə fəaliyyəti növləri və informasiya texnologiyaları sahəsi üzrə xidmətlərin göstərilməsinə xüsusi razılıq (lisenziya) vermək, lisenziya almış hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət etmək, qanunvericiliklə müəyyən edilmiş digər tədbirlər görmək;

11.5. qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq əməkdaşlığı həyata keçirərək, səlahiyyətlərinə aid edilən məsələlər barəsində xarici ölkələrin dövlət orqanları və hüquqi şəxsləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, beynəlxalq müqavilələrin (sazişlərin) layihələrini hazırlamaq, beynəlxalq müqavilələr (sazişlər) bağlamaq;

11.6. Nazirliyin səlahiyyətlərinə aid məsələlərə dair metodik materiallar və tövsiyyələr hazırlamaq;

11.7. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

11.8. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlərin tədqiqi və həlli üçün, elmi-tədqiqat və təcrübi-mühəndis işlərinin görülməsi, texniki ekspertizaların aparılması və məsləhət xidmətlərinin göstərilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada elmi-tədqiqat və təhsil müəssisələrini, şirkətləri, mütəxəssisləri cəlb etmək;

11.9. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə qəbul olunmuş normativ hüquqi aktların və sahə standartlarının icrasına, o cümlədən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq rabitə və informasiya texnologiyaları müəssisələrində öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada texniki istismar fəaliyyətinə nəzarət etmək;

11.10. rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçiləri dövlət mükafatlarına və digər təltiflərə təqdim etmək, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

11.11. öz səlahiyyətləri daxilində rabitə və informasiya texnologiyaları sahəsində normativ hüquqi aktları qəbul etmək;

11.12. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Nazİrlİyİn fəalİyyətİnİn təşkİlİ

12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən nazir rəhbərlik edir.

13. Rabitə və informasiya texnologiyaları naziri Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. [6]

14. Rabitə və informasiya texnologiyaları nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır. Nazir müavinləri onların arasında nazir tərəfindən aparılmış vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

15. Rabitə və informasiya texnologiyaları naziri:

15.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

15.2. Nazirliyin səlahiyyətlərinə daxil olan məsələlər üzrə hazırlanmış qanunvericilik aktlarının layihələrini müəyyən edilmiş qaydada baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

15.3. Nazirliyin fəaliyyət dairəsinə daxil olan məsələlərlə əlaqədar səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin dövlət orqanları və hüquqi şəxsləri ilə, beynəlxalq təşkilatlarla danışıqlar aparır, rabitə və informasiya texnologiyaları sahəsi üzrə beynəlxalq müqavilələri (sazişləri) imzalayır;

15.4. nazir müavinləri arasında vəzifə bölgüsü aparır;

15.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

15.6. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;[7]

15.7. Nazirliyin mərkəzi aparatının işçilərini, tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, rabitə və informasiya texnologiyaları sahəsində xüsusi fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş fəxri adlarla təltif edir;

15.8. səlahiyyətləri daxilində Nazirliyin mərkəzi aparatının, habelə nazirliyin tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir.

16. Nazirlikdə nazirdən (kollegiyanın sədri), nazir müavinlərindən, Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları nazirindən, nazirliyin mərkəzi aparatının, tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər. [8]

17. Nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

18. Nazirliyin kollegiyası öz iclaslarında nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

19. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

20. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir və bir qayda olaraq nazirin əmrləri və sərəncamları ilə həyata keçirilir.

21. Nazirliyin kollegiyasının qərarının qəbul edilməsində kollegiyanın sədri ilə üzvləri arasında fikir ayrılığı yarandıqda, sədr öz qərarını həyata keçirir və yaranan fikir ayrılığı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

22. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda baxılan məsələlərə bilavasitə aidiyyəti olduqda iştirak etmək üçün digər icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların nümayəndələri dəvət edilə bilərlər. [9]

23. Nazirliyə həvalə edilmiş vəzifələrin həlli məqsədilə, rabitənin inkişafına və işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmək üçün onun tabeliyində olan dövlət müəssisələrinin xalis mənfəətindən könüllü ayırmalar hesabına xəzinə nəzarətinə cəlb olunmaqla mərkəzləşdirilmiş fond yaradıla bilər. [10]

24. Rabitə və informasiya texnologiyaları sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirməsi üçün Nazirlikdə ictimai əsaslarla Elmi-Texniki Şura yaradılır. Elmi-Texniki Şura haqqında Əsasnamə nazir tərəfindən təsdiq edilir.


 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970)

2.       20 iyul 2009-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 iyul 2009-cu il, ¹ 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 7, maddə 53)

3.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289)

4.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85)

5.       25 fevral 2014-cü il tarixli 114 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 fevral 2014-cü il, ¹ 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 2, maddə 121)

6.       19 iyun 2014-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 iyun 2014-cü il, ¹ 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 635)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 19 iyun 2014-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 iyun 2014-cü il, ¹ 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 635) ilə ləğv edilmişdir.

 

[2] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə«Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə»yə 9.4-1-ci bənd əlavə edilmişdir.

 

[3] 20 iyul 2009-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 iyul 2009-cu il, ¹ 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 7, maddə 533) ilə “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”yə 10.18-1-ci bənd əlavə edilmişdir.

 

[4] 25 fevral 2014-cü il tarixli 114 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 fevral 2014-cü il, ¹ 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 2, maddə 121) ilə yeni məzmunda 10.37-1-ci bənd əlavə verilmişdir.

 

[5] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə«Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə»nin 10.43-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

10.43. rabitə və informasiya texnologiyaları sahəsində kadr hazırlığı ilə bağlı təkliflər verir;

 

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə 10.43-cü bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[6] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə»yə yeni məzmunda 13-1-ci bənd əlavə edilmişdir.

 

[7] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə«Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə»nin 15.5-ci və 15.6-cı bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15.5. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin son say həddi daxilində Nazirliyin mərkəzi aparatının, habelə tabeliyində olan büdcədən maliyyələşən qurumların strukturunu və ştat cədvəlini təsdiq edir;

15.6. Nazirliyin aparatının və struktur bölmələrinin əsasnamələrini, tabeliyində olan qurumların əsasnamə və nizamnamələrini təsdiq edir;

 

[8] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə«Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə»nin 15.7-ci, 15.8-ci bəndlərdən və 16-cı bəndin birinci cümləsindən «mərkəzi» sözü çıxarılmışdır.

 

[9] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289) ilə«Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə»nin 22-ci bənddən «rəhbərləri» sözü çıxarılmışdır.

 

[10] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə»yə 23-cü bənddə «strukturuna daxil» sözləri «tabeliyində» sözü ilə əvəz edilmişdir.