"Energetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Energetika haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Energetika haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində və 30-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 8-ci maddəsinin 2-ci bəndində, 9-cu maddəsinin 3-cü və 4-cü bəndlərində, 10-cu maddəsinin 1-ci, 2-ci, 3-cü bəndlərində və 7-ci bəndində (həmin bəndin ikinci abzasında göstərilən səlahiyyət istisna olmaqla), 11-ci maddəsinin 5-ci bəndində, 12-ci maddəsinin 2-ci bəndində, 13-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 14-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 15-ci maddəsinin 1-ci bəndinin üçüncü, dördüncü, beşinci və altıncı abzaslarında, 16-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında, 17-ci maddəsinin 3-cü bəndində, 19-cu maddəsinin 1-ci bəndində, 20-ci maddəsinin 2-ci və 3-cü bəndlərində, 21-ci maddəsinin 1-ci və 3-cü bəndlərində, 22-ci maddəsinin 2-ci bəndində, 23-cü maddəsinin 1-ci bəndində, 24-cü maddəsinin 2-ci bəndinin birinci və üçüncü abzaslarında, 25-ci maddəsinin 2-ci bəndinin ikinci abzasında, 26-cı maddəsinin 2-ci bəndində, 27-ci maddəsinin 3-cü və 5-ci bəndlərində, 31-ci maddəsinin 1-ci bəndində və 32-ci maddəsinin 2-ci bəndində səlahiyyətləri nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın yaradılması haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

"Energetika haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

"Energetika haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 8-ci maddəsinin 3-cü bəndinin dördüncü abzasında, 10-cu maddəsinin 7-ci bəndində (həmin bəndin üçüncü, dördüncü və beşinci abzaslarında göstərilən səlahiyyətlər istisna olmaqla), 27-ci maddəsinin 6-cı, 7-ci bəndlərində və 28-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 1 fevral 1999-cu il
№ 85