Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların  təqdim edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Yüksək səviyyəli nümayəndə heyətlərinin xarici dövlətlərə və Azərbaycan Respublikasına səfərlərinin təşkili və həyata keçirilməsi işini təkmilləşdirmək məqsədilə qərara alıram:

1.       Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin nazirliklərinin və ya eyni statuslu dövlət orqanları rəhbərlərinin müavinləri və ya daha yüksək vəzifəli şəxsləri, habelə beynəlxalq təşkilatların rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin Azərbaycan Respublikasına etdiyi səfərlər (səfərin proqramı, nümayəndə heyətinin üzvləri və səfərin nəticələri) barədə Azərbaycan Respublikasının Prezidentinə rəsmi hesabat təqdim edilməlidir.

2.       Xarici dövlətə edilən səfər barədə hesabat nümayəndə heyətinə rəhbərlik edən şəxs tərəfindən təqdim edilir.

3.       Xarici dövlətin nümayəndə heyətinin, habelə beynəlxalq təşkilatın rəhbəri və ya onun müavini tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin səfəri barədə hesabat səfəri təşkil edən və onun həyata keçirilməsi üçün ilk növbədə cavabdeh olan şəxs tərəfindən təqdim edilir.

4.       Səfərin proqramı və nümayəndə heyətinin üzvləri barədə məlumat, bir qayda olaraq, səfərin başlanmasına ən geci on beş gün qalmış təqdim edilir. Məlumatı bu müddət ərzində üzürlü səbəblərə görə təqdim etmək mümkün olmadıqda, həmin məlumat, üzürlü səbəblər əsaslandırılmaqla, daha qısa müddətdə təqdim edilməlidir.

5.       Xarici dövlətin nümayəndə heyətinin, beynəlxalq təşkilatın rəhbəri və ya onun müavini tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul olunacağı təqdirdə, səfəri təşkil edən və onun həyata keçirilməsi üçün ilk növbədə cavabdeh olan şəxs tərəfindən səfərin məqsədi barədə məlumat və görüşlə bağlı müvafiq sənədlər əvvəlcədən təqdim edilir.

6.       Səfərin nəticələri barədə hesabat səfər başa çatdıqdan sonra ən geci beş gün müddətində təqdim edilməlidir.

7.       Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2004-cü il

                    144