"İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın   müəyyənləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 1031-15 sər. nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İxrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsinə dair" Kompleks Tədbirlər Planının 11-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.        "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2.       Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri    A.RASİZADƏ

 

Bakı şəhəri, 2 noyabr 2004-cü il

                           № 167

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

İstismar olunan ixrac neft boru kəmərlərinin

"Mühafizə Zonası"nın müəyyənləşdirilməsi

 

QAYDALARI

 

1.              ÜMUMİ MÜDDƏALAR

 

1.1.        Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi- Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır.

1.2.        İxrac neft boru kəmərləri (bundan sonra - İNBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır.

1.3.        Bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir.

2. İXRAC NEFT BORU KƏMƏRLƏRİNİN TƏRKİBİ

2.1. Bu Qaydaların tətbiq olunduğu İNBK-nın tərkibinə aşağıdakılar daxildir:

şaxələnmiş və lupinqli, bağlayıcı armaturlu, təbii və süni maneələrdən keçidləri və nasos stansiyalarının birləşdirilməsi nöqtələri olan, buraxılış və qəbuletmə hissələri ilə təchiz olunmuş təmizləyici avadanlıqlar;

boru kəmərlərinin korroziyadan elektrik-kimyəvi üsulla mühafizəsi qurğuları, texnoloji rabitə xətləri və tikililəri, boru kəmərlərinin telemexanika vasitələri, elektrik ötürücü xətləri və elektrik təchizatı qurğuları, bağlayıcı armaturu məsafədən idarə edən qurğular;

yanğından mühafizə vasitələri, boru kəmərlərinin eroziyadan qoruma və mühafizə tikililəri;

fövqəladə hallarda neft və neft məhsullarının buraxılışı üçün xüsusi anbarlar;

İNBK-nın istismarmı həyata keçirmək üçün xidməti tikililər; İNBK-nın marşrutu boyunca yerləşən yollar, vertolyot meydançaları və onlara giriş yolları, boru kəmərlərinin tanınma nişanları və siqnal işarələri; əsas və aralıqvurma, doldurma stansiyaları, rezervuar parkları; doldurma və boşaltma estakadaları və körpüləri; neft və neft məhsullarını qızdırma məntəqələri.

3. İXRAC NEFT BORU KƏMƏRLƏRİNİN MARŞRUT BOYU

YERLƏRDƏ NİŞANLANMASI

3.1.         İNBK marşrut boyunca yer səthindən 1,5-2,0 metr hündürlükdə quraşdırılmış dəmir-beton və ya metal konstruksiyalı tanınma işarələri ilə nişanlanmalıdır.

3.2.         İNBK marşrut boyunca çay və kanallarla kəsişdikdə, sahillərdə xəbərdarlıq nişanlan qoyulmalıdır. Nişanlar istismarçı tərəfindən respublikanın su təchizatı ilə məşğul olan orqanları ilə razılaşdırılmalıdır.

3.3.   İNBK-nın avtomobil yolları ilə kəsişdiyi yerlərdə nəqliyyatın dayanmasını qadağan edən müvafiq yol hərəkəti nişanları qoyulmalıdır.

4. İXRAC NEFT BORU KƏMƏRLƏRİNİN "MÜHAFİZƏ ZONASI"

4.1. İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir:

İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;

çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;

su altından keçən boru kəmərinin oxu boyunca - sahilin hər iki tərəfindən 25 metr, çoxxətli boru kəmərləri boyunca kənar kəmərlərinin oxlarından hər tərəfə 100 metrlik məsafədə, su səthindən suyun dibinə qədər mühafizə sahəsi təşkil edilir;

fövqəladə hallarda içərisinə neftin, neft məhsullarının buraxılması üçün xüsusi anbarların ətrafı - bu obyektlərin sərhədlərindən hər tərəfə 50 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır;

əsas və aralıqvurma, doldurma stansiyalarının, rezervuar parklarının, doldurma və boşaltma estakadalarının və körpülərinin, neftin və neft məhsullarının qızdırılması məntəqələrinin ətrafında göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır.

 

5. İXRAC NEFT BORU KƏMƏRLƏRİNİN "MÜHAFİZƏ ZONASI”NDA İŞLƏRİN APARILMASINA İCAZƏ VERİLMƏSİ

5.1.     "Mühafizə Zonası"nda Yanacaq və Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan aşağıdakıların edilməsi qadağandır:

bina və qurğuların tikintisi;

ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi;

boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi;

meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi;

hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi.

5.2.     "Mühafizə Zonası"nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması Dövlət Tikinti və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Nəqliyyat Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xaritəçəkmə Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi tərəfindən müəyyən edilir.

"Mühafizə Zonası"nda partlayış işləri Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.

5.3.     "Mühafizə Zonası"nda boru kəmərlərinin istismarına xələl gətirəcək aşağıdakı işlərin həyata keçirilməsi qadağan olunur:

tanınma və siqnal işarələrinin, nəzarət-ölçü cihazlarının yerini dəyişmək, sındırmaq və ya onların üstünü torpaqla örtmək;

xidmət edilməyən gücləndirici kabel rabitəsi məntəqələrinin, xətti armatur avadanlıqları qovşaqlarının, katod və drenaj mühafizəsi stansiyalarının, xətti və baxış quyularının və başqa xətti qurğuların lyuklarını, qapılarını, çəpərlərini açmaq, rabitə və enerji təchizatı vasitələrini və boru kəmərlərinin telemexanika vasitələrini işə salmaq və ya söndürmək;

zibilxanaların yaradılması, turşu, duz və qələvi maddələrinin tökülməsi;

boru kəmərlərini zədələnmədən, neftin ətraf mühitə yayılmasından qoruyan sahilbərkitmə tikililərini sıradan çıxarmaq;

lövbər atmaq, lövbər, zəncir, lot, tor və tral salaraq keçmək, dibdərinləşdirmə və yerqazma işləri görmək;

od yandırmaq və hər hansı açıq və bağlı od mənbələri yerləşdirmək.

5.4.     İNBK-nı istismar edən müəssisələrə (təşkilatlara) icazə verilir:
torpaq mülkiyyətçiləri, istifadəçiləri və ya yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış giriş yolları sxeminə uyğun olaraq, xidmət və təmir işləri aparmaq üçün avtomobil nəqliyyatı və digər texniki vasitələrin boru kəmərlərinə və onların obyektlərinə yaxınlaşmasına (əgər boru kəmərləri qadağan olunmuş və ya xüsusi obyektlərin ərazisindən keçirsə, müvafiq təşkilatlar boru kəmərlərinə xidmət edən işçilərə sutkanın istənilən vaxtında baxış keçirmək və təmir işləri aparmaq üçün buraxılış vərəqəsi verməlidirlər);

boru kəmərlərini istismar etmək məqsədilə həmin boru kəmərlərinin izolyasiyasının keyfiyyətinin və onların elektro-kimyəvi mühafizə vasitələrinin vəziyyətinin yoxlanılması üçün bu barədə torpaq istifadəçilərinə qabaqcadan bildirməklə (işlərin başlanmasına ən azı 5 gün qalmış), mühafizə zonası daxilində şurfların açılmasına və digər torpaq işlərinin aparılmasına;

meşə massivlərindən keçən boru kəmərlərində qəza baş verdikdə, ağacların kəsilməsinə; 1 ay müddətində müəyyən olunmuş qaydada meşəqırma biletləri rəsmiləşdirilməli və qırma yerləri ağac qalıqlarından təmizlənməli, sonra meşəbərpa işləri aparılmalıdır.

5.5.   Boru kəmərində qəza hadisəsinin baş verməsi ilə əlaqədar lazımi işlərin həyata keçirilməsi halları istisna olmaqla, balıqçılıq təsərrüfatı hövzələrindən keçən boru kəmərlərində təmir işlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmalıdır.

5.6.   "Mühafizə Zonası"nın dəmir yolları və ya avtomobil yollan üçün ayrılmış dəhlizlərlə, yüksək gərginlikli elektrik xətlərinin və başqa obyektlərin mühafizə zonaları ilə üst-üstə düşdüyü hallarda həmin ortaq sahələrdə bu obyektlərin istismarı ilə əlaqədar işlər müvafiq tərəflərin qarşılıqlı razılaşması əsasında həyata keçirilir.

5.7.   Bu Qaydaların 5.1-ci və 5.4-cü bəndlərində göstərilən işlərin aparılması Xüsusi Dövlət Mühafizə Xidmətini 2 gün qabaq, fövqəladə hallarda isə dərhal məlumatlandırdıqdan sonra həyata keçirilir.

5.8.   Bu Qaydalarla nəzərdə tutulmamış hallar müvafiq qanunvericiliklə tənzimlənir.

6. MƏSULİYYƏT

Bu Qaydaların tələblərini pozan vəzifəli şəxslər, habelə fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.